Azərbaycanın
idarəçilik modeli yüksək demokratik nümunədir
Azərbaycan
Respublikası qısa müddət ərzində siyasi, sosial-iqtisadi və
digər sahələrdə nail olduğu sıçrayışlı yüksəlişlə,
o cümlədən yerləşdiyi məkanın
siyasi və iqtisadi
imkanlarından səmərəli formada yararlanmaqla Cənubi Qafqazın aparıcı
dövlətinə çevrilib. Hər ötən il Azərbaycanın artan gücünü və imkanlarını dünyaya nümayiş etdirir, ölkəmizin beynəlxalq imicini yüksəldən mühüm
hadisələr kimi tariximizə
qızıl hərflərlə yazılır.
Bu
uğurları şərtləndirən əsas səbəblərdən
biri Azərbaycanda mütərəqqi demokratik dəyərlərə sadiqlik, insan hüquq və azadlıqlarının
etibarlı müdafiəsi, o cümlədən
insanların seçmək və seçilmək hüququnun yüksək səviyyədə təmini və
qorunması, vətəndaş cəmiyyətinin
inkişafıdır. Bu sahədə dövlət siyasətinin mühüm tərkib hissəsi kimi ölkəmizdə söz,
fikir və mətbuat azadlığı tam bərqərar olub,
kütləvi informasiya vasitələrinin
fəaliyyəti və inkişafı üçün
münbit şərait mövcuddur.
İnternet tam
azaddır, jurnalistlər sərbəst şəkildə məlumat
əldə etmək və yaymaq
imkanına malikdirlər. Bugünədək 55 siyasi
partiya qeydiyyatdan keçib. Cəmiyyətin hər bir üzvünün birlik, ittifaq, dərnək
yaratmaq, ictimai həyatda
fəal iştirak etmək hüququ
ölkə Konstitusiyası və qanunları ilə
tanınır. Təbii ki, bütün
bunlar Azərbaycanın demokratik
dəyərlərə sadiqliyi ilə
yanaşı, həm də hüquq
dövləti olmasından irəli gəlir. Xalqın iradəsi
ilə Konstitusiyamızda təsbit olunmuş
bu prinsip
respublikamızın inkişafının əsas prinsiplərindən
biridir.
Olduqca əlverişli
coğrafi məkanda yerləşən,
sürətlə inkişaf edən, tam müstəqil siyasət yeridən Azərbaycanın
qazandığı uğurları müəyyən xarici dairələr həyəcansız
qarşılaya bilmir, bundan
narahatlıq keçirdiklərini hər addımda büruzə
verirlər.
Bəzi beynəlxalq təşkilatların və insan hüquqları üzrə
formalaşmış qeyri-hökumət təşkilatlarının
Azərbaycanla bağlı qərəzli hesabatlarının son illərdə çoxalması bunu təsdiq edir. Azərbaycanın demokratik inkişaf yolunda olduqca mühüm uğurlara imza atmasına baxmayaraq, bəzi təşkilatların
bunları görməzliyə vurması, hesabatlarındakı
mətnin hər il təkrarlanması
göstərir ki, onlar
ya erməni təəssübkeşliyindən
çıxış edir, yaxud
antiazərbaycançı şəbəkənin
tapşırıqlarını yerinə yetirirlər.
ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun
(DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə
Missiya Hesabatında Azərbaycanın demokratik uğurlarının görməzliyə
vurulması, reallığın təhrif olunması ölkəmizə
qarşı qərəzin növbəti nümayişidir. Azərbaycanın
hərtərəfli sürətli inkişafına, Avropaya inteqrasiyasına, insan
hüquqlarının qorunması sahəsində
atdığı mühüm addımlara qeyri-obektiv yanaşan
ATƏT DTİHB oktyabr ayında ölkəmizdə
keçiriləcək prezident seçkiləri
öncəsi vəziyyətin qiymətləndirilməsində
də qərəzli mövqe ortaya qoyub.
ATƏT DTİHB-a cavab özünü çox
gözlətməyib. Elə Avropanın
özündə Avropa Strateji
Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi
(ESİSC) tərəfindən ATƏT DTİHB-nun
hesabatında Azərbaycan əleyhinə qərəzli məqamlara
cavab olaraq "Azərbaycan
Respublikası: müsbət idarəçilik modeli"
sərlövhəli təhlili yazı hazırlanıb və həmin
material sentyabrın 9-da qurumun
saytında yerləşdirilib. Bu material müasir Azərbaycanın
uğurlarını və reallıqlarını tam dolğunluğu ilə
əks etdirir.
Məlum
olduğu kimi,
respublikamızın seçki qanunvericiliyi son dövrlərdə
daha da təkmilləşib,
elə Avropa təşkilatları ilə
məsləhətləşmələrdən sonra
Seçki Məcəlləsinə mütərəqqi
əlavələr və dəyişikliklər olunub.
Azərbaycanda seçkilər zamanı səsvermənin gedişinin internetdən izlənilməsi nəinki
regionda, bütün dünyada nadir nümunələrdən
biridir. Bu mənada ESİSC-in təhlilində yazılır:
"Azərbaycan hökuməti azad, ədalətli,
şəffaf və obyektiv seçkilərin
təşkilinə olan öhdəliyini dəfələrlə
bəyan etmişdir. Bu
müstəvidə ölkə hüquqi
çərçivəsini təkmilləşdirmiş və
beynəlxalq təşkilatlarla yaxın əməkdaşlığa
verdiyi əhəmiyyəti
vurğulamışdır. Bundan əlavə,
hakimiyyət qurumları şəffaflığı təmin
etmək məqsədilə mühüm səylər
göstərmişdir. Məsələn, internet
vasitəsilə müşahidə ediləcək səsvermə
məntəqələrinin sayı 10 faizdən 20 faizə
çatdırılacaq. Məntəqələrdə
quraşdırılacaq veb-kameraların sayı da artırılacaq. Əvvəlki seçkilərdə
500 kamera
quraşdırılmışdırsa, 2013-cü il prezident seçkilərində
1000-ə yaxın kameranın quraşdırılacağı bildirilir. Bütövlükdə seçki prosesi Azərbaycanda
seçkilərin Avropa standartlarına müvafiq və şəffaf keçiriləcəyini
sübut edir".
Materialda qeyd olunur ki,
bir sıra beynəlxalq müşahidəçilərin
Azərbaycanda seçkilərə hazırlıq prosesini və seçkiqabağı vəziyyəti
müsbət qiymətləndirdikləri halda
ATƏT DTİHB ölkəni qeyri-müvafiq
olaraq avtoritar rejim kimi təqdim edərək,
ötən iyirmi ildə Azərbaycan
demokratiyasının
qazandığı bütün nailiyyətləri
təkzib etməklə düşünülmüş
mənfi hesabat hazırlamaq qərarı verib. Ona görə ATƏT DTİHB-nun
tənqidi qiymətləndirmələrinin reallığa uyğun gəlmədyini bildirən müəlliflər
materialda Azərbaycan
demokratiyasına alternativ baxış təqdim
edərək ölkəmizdəki seçki
qanunvericiliyi ilə digər bir neçə seçki
məcəlləsini müqayisə ediblər. Beləliklə, həm ATƏT-in hesabatında
qaldırılmış məsələlərə tutarlı
cavab verilib, həm də
Azərbaycanın öz demokratik
prosesini möhkəmləndirmək məqsədilə
xaricdən dərs götürməyə ehtiyacının
olmadığı nümayiş etdirilib.
ESİSC-in təhlilində
ATƏT-in son hesabatı ilə Azərbaycanda
keçirilmiş prezident
seçkilərinə dair əvvəlki
hesabatları müqayisə edilib və məlum
olub ki, bu qurum əslində özü-özünü təkzib edir. Məsələn, 2008-ci ildə
keçirilən prezident seçkilərinə
dair ATƏT-in hesabatında deyilir: "ATƏT-in öhdəliklərinə
və digər beynəlxalq standartlara riayət
edilməsində əhəmiyyətli irəliləyiş qeydə
alınmışdır". 2008-ci ildən sonra
Azərbaycanın seçki sistemi çox inkişaf edib və bu mənada ATƏT DTİHB-nun
indi ölkəmizi tənqid etməsi onun qərəzli mövqeyindən xəbər
verir.
Materialda Azərbaycanın
ATƏT-in tövsiyələrinə cavab verdiyi bildirilərək qeyd
olunur: "Qərəzsiz müşahidəçilər
Azərbaycan hakimiyyətinin ATƏT-in tövsiyələrini
yerinə yetirməyə hazır olmasını şübhə
altına ala bilməz. ATƏT-in Seçki Müşahidə Missiyası 2008-ci
il prezident seçkiləri
ilə bağlı 27 tövsiyə vermiş
və onlardan 19-u artıq icra
edilmiş və ya faktiki olaraq tətbiq olunmuşdur". ATƏT-in
hesabatında suveren Azərbaycan
Respublikası tərəfindən guya icra edilmədiyi iddia edilən
9 tövsiyədən mətbuat azadlığı və mediaya çıxışın
asanlaşdırılmasına dair 3
tövsiyə Azərbaycan reallığı ilə
bağlı məlumatsızlığı göstərir.
Qəzet açmaq çox
asandır, yeganə hüquqi tələb
adının qeydiyyata
alınmasıdır. "Təəccüblüdür ki, ATƏT-in hesabatı Azərbaycanda mətbuat
azadlığı məsələsini az inkişaf etmiş ölkə
baxımından nəzərdən keçirir.
KİV-in keyfiyyətinin Avropa
İttifaqındakı kimi ən
yaxşı yeni informasiya
texnologiyaları ilə təmin edildiyini
bilavasitə görmək imkanımız oldu"
- deyə təhlili materialda
yazılıb.
Digər 5
tövsiyənin müstəqil dövlətdə tətbiqinin
qeyri-mümkün olduğunun
və bunun beynəlxalq hüquqi
izahının verildiyi materialda
ATƏT-in Azərbaycanın siyasi həyatı
ilə bağlı fikirləri də tənqid edilib.
Qeyd olunub ki, ölkədə 55 siyasi
partiya mövcuddur,
onların fəaliyyəti qanunlarla və
digər normativ-hüquqi aktlarla
tənzimlənir. "Siyasi partiyalar haqqında" qanuna
əsasən Milli Məclisə keçirilmiş son
seçkilərin nəticələrindən asılı olaraq siyasi partiyalar
Qərbi Avropada olduğu
kimi, dövlət büdcəsindən
maliyyə vəsaiti almaq hüququ
əldə edir. Bu məqsədlə
2013-cü ilin dövlət büdcəsində
2,5 milyon manat vəsait
nəzərdə tutulmuşdur.
Yazıda
ATƏT DTİHB tərəfindən Azərbaycanın Seçki Məcəlləsinin qərəzli
şəkildə tənqid olunduğu bildirilib. Həmçinin 2009-cu ilin martında keçirilmiş
referendumun Prezidentə əsl xalq dəstəyi olduğu,
dövlət başçısının iki
müddətə seçilməsi limitinin
ləğvinin əhalinin böyük əksəriyyəti
tərəfindən müsbət
qarşılandığı diqqətə
çatdırılmaqla bu məsələdə
də ATƏT-in qərəzli mövqe tutduğu yazılıb. Bundan
başqa ESİSC bildirir
ki, ATƏT-in hesabatlarında Ermənistana
münasibətdə Azərbaycana daim ikili standartlardan
yanaşıldığı bildirilir. Belə
ki, ATƏT-in missiya
nümayəndələrinin hesabatlarında Azərbaycanda
yalnız müxalifət təmsilçilərinin, Ermənistanda
isə hakimiyyət tərəfdarlarının fikirlərinə
yer verilir.
Materialda Azərbaycanın qərəzli
tənqid obyektinə çevrilməsinə səbəb kimi ölkəmizin enerji
resurslarına sahib olması və nadir geosiyasi mövqedə
yerləşməsi göstərilir. Bu
amillər Azərbaycanı dünyanın bir
sıra dairələrinin diqqət mərkəzinə çevirib. ESİSC-in təhlili bu fikirlərlə
tamamlanır: "İnkar etmək olmaz ki, Azərbaycan Cənubi
Qafqaz regionunda bir istisnadır, hətta bu
bölgə bir sıra ölkələrin
və hökumətlərin model kimi istifadə edə biləcəyi düzgün idarəçilik nümunəsidir.
Gəlin unutmayaq ki, demokratiyanın və vətəndaş
azadlığının bu əsas
göstəriciləri ərazisinin əhəmiyyətli hissəsini,
o cümlədən Dağlıq
Qarabağı Ermənistanın işğalı nəticəsində
itirmiş və 1 milyondan
artıq vətəndaşı qaçqın və məcburi
köçkün olan
bir ölkədə mövcuddur.
Xarici işğala məruz
qalmış digər dövlətləri narahat
etdiyi kimi, böyük narahatçılığa baxmayaraq, gənc Azərbaycan Respublikası sosial rifaha, vətəndaş
hüquqlarına və demokratiyaya hədəflənmiş
siyasi kursunu davam etdirir. Belə bir şücaətə ATƏT-in
aşağı dəyər verməsi və son
tövsiyələri ilə ölkənin heyrətamiz tərəqqisinin
üzərinə kölgə salmaq istəyi
insanı yalnız dəhşətə gətirə bilər".
Rəşad
CƏFƏRLİ
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 9.