Bakıda Avrasiya cərrah və
qastroenteroloqlarının XIII Beynəlxalq konqresi
keçirilir
Sentyabrın
12-də Səhiyyə Nazirliyinin dəstəyi
ilə Azərbaycan Tibb Universitetində
(ATU) Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin
XIII Beynəlxalq konqresi öz
işinə başlamışdır.
Tədbirin
iştirakçıları əvvəlcə
xalqımızın ümummilli lideri Heydər Əliyevin universitetin
foyesindəki büstü önünə
əklil və gül dəstələri qoymuş, xatirəsini ehtiramla
yad etmişlər.
Sonra universitetin akt zalında konqresin açılışı
olmuşdur. Cərrah və Qastroenteroloqların Beynəlxalq
Avrasiya Elmi Cəmiyyətinə üzv
olan 19 ölkədən
105 elm xadimi və tibb mütəxəssisinin,
eləcə də ölkəmizin tibb ictimaiyyətinin nümayəndələrinin
iştirak etdikləri
açılış mərasimində
Azərbaycan Respublikasının
Dövlət himni səsləndirilmişdir.
Açılış
mərasimində çıxış
edən ATU-nun rektoru,
Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanov bildirmişdir ki, bir çox beynəlxalq əhəmiyyətli
tədbirlərin ölkəmizdə
keçirilməsi artıq
ənənə halını
almışdır. Bu, Azərbaycanın bütün
sahələrdə, o cümlədən
səhiyyədə əldə
etdiyi uğurlarla bağlıdır.
Rektor demişdir ki, sentyabrın 15-dək davam
edəcək bu beynəlxalq tədbirdə
cərrahiyyə və
qastroenterologiya sahələrində
yeniliklərlə bağlı
məruzələr dinləniləcək
və müzakirələr
aparılacaqdır. Bu isə ölkələr arasında elmin qarşılıqlı tanınmasında
və əlaqələrin
qurulmasında böyük
əhəmiyyət daşıyır.
Ə.Əmiraslanov sözünə davam edərək demişdir ki, bu gün Azərbaycan
Tibb Universitetinin yeni cərrahiyyə klinikasının açılışı
gözlənilir. Universitetin 18
kafedrası ən müasir avadanlıqlarla təchiz edilmiş bu klinikada fəaliyyət
göstərəcəkdir. Burada, eyni zamanda, indiyədək
mövcud olmayan tədris mərkəzi də açılmışdır.
Tədbirdə çıxış
edən səhiyyə
nazirinin müavini Elsevər Ağayev son 10 ildə Azərbaycanın səhiyyə sahəsində
qazandığı uğurlardan
danışmışdır.
Bildirmişdir ki, təkcə bu il Azərbaycanda
300 min kvadratmetr sahədə
tibb müəssisələri
tikilmiş və ya əsaslı təmir edilmişdir. Yaxın günlərdə 50 min kvadratmetr
sahəsi olan Bakı Sağlamlıq Mərkəzinin açılışı
gözlənilir. Nazir müavini
son 10 gündə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin iştirakı ilə regionlarda yeni tibb müəssisələrinin
açılaraq əhalinin
ixtiyarına verildiyini
də qonaqların diqqətinə çatdırmışdır.
Konqresdə Cərrah və Qastroenteroloqların Beynəlxalq
Avrasiya Elmi Cəmiyyətinin sədri,
Ankara Universitetinin rektoru
professor Hasan Özkan çıxış edərək
dost və qardaş Azərbaycana xüsusi önəm verdiklərini diqqətə çatdırmışdır.
Qeyd etmişdir ki, Cərrah və Qastroenteroloqların Beynəlxalq
Avrasiya Elmi Cəmiyyətinin indiyədək
13 konqresi keçirilmişdir.
Bu beynəlxalq tədbirlərin 6-na Azərbaycan
ev sahibliyi etmişdir.
H.Özkan məlumat vermişdir ki, rəhbərlik etdiyi cəmiyyətin əsası
1996-cı ildə Antalyada
Avropa və Asiyanın türkdilli dövlətlərindən olan
alimlərinin milli konqresindəki görüşü
zamanı qoyulmuşdur.
Cərrah və qastroenteroloqların
ilk konqresi 1997-ci ildə
Bakıda keçirilmişdir.
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin dəstəyi ilə keçirilən həmin konqresdə 5 ölkədən 35-ə yaxın
alim iştirak etmişdir.
Sonra Cərrah və Qastroenteroloqların
Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin XIII Beynəlxalq konqresi işini Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyasının
sədri akademik Böyükkişi Ağayevin
sədrliyi ilə sessiyalarda davam etdirmişdir.
Sessiyalarda "Xroniki B hepatitinin müalicəsində immunoterapiyanın
perspektivi", "Xroniki
pankreatitin endoskopik müalicəsi", "Türkiyədə
qaraciyər transplantasiyası"
və s. mövzularda məruzələr dinlənilmiş,
cərrahiyyə və
qastroenterologiya
sahəsindəki son vəziyyət,
mövcud problemlər
və yeniliklər barədə müzakirələr
aparılmışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 11.