MDB Parlamentlərarası
Assambleyasının Azərbaycanda prezident
seçkilərinin müşahidəsi üzrə
müşahidəçi missiyası aralıq hesabat
təqdim etmişdir
Müstəqil
Dövlətlər Birliyi Parlamentlərarası
Assambleyasının Azərbaycanda prezident
seçkilərinin müşahidəsi üzrə Rusiya Federasiyası Federal
Məclisi Dövlət Dumasının MDB İşləri və
Həmvətənlərlə Əlaqələr Komitəsinin
sədri Leonid Slutskinin
başçılıq etdiyi
müşahidə missiyası ölkəmizdə
seçkiqabağı vəziyyətin monitorinqinin
yekunlarına əsasən aralıq hesabat
təqdim etmişdir.
Hesabatda deyilir ki, 2013-cü il avqustun 15-də MDB üzvü olan dövlətlərin
Parlamentlərarası Assambleyasının (MDB PAA)
ünvanına Azərbaycan Respublikası Milli
Məclisinin Sədri O.S.Əsədovun adından Azərbaycan
Respublikasında növbəti prezident
seçkilərinə hazırlığın və
seçkilərin keçirilməsinin müşahidəsində iştirak etməyə dəvətnamə daxil olmuşdur.
MDB
PAA-dan olan beynəlxalq
müşahidəçilərin uğurlu
işinin təmin edilməsi üçün 2013-cü ilin
avqust ayında Sankt-Peterburqun
və Bakının bir sıra ali məktəblərinin yüksək
ixtisaslı alim və mütəxəssislərinin
daxil olduğu ekspert qrupu yaradılmış,
bu qrup Azərbaycan
Respublikası Prezidenti seçkilərində
MDB PAA-dan olan beynəlxalq
müşahidəçilər üçün
analitik və informasiya-sorğu
materialları hazırlamağa başlamışdır.
Aralıq
hesabatda qeyd edilir ki, ekspertlər Azərbaycan
Respublikası Prezidenti seçkilərini
tənzimləyən qanunvericiliyin təhlili
və onun beynəlxalq seçki
hüququ standartlarına müvafiqliyi;
Azərbaycanın siyasi sisteminin
və onun ən mühüm
təsisatlarının təhlili; Azərbaycan
Respublikası Prezidenti seçkiləri
keçirilməsinin tarixi; Azərbaycan
Respublikası seçki orqanları sistemi və onun
ayrı-ayrı elementlərinin fəaliyyəti; dövlət
hakimiyyəti orqanlarının seçkilərin təşkilati,
maddi-texniki və maliyyə təminatı
üzrə fəaliyyəti; Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının (MSK) Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilməsinə
hazırlıq üzrə fəaliyyəti (prezidentliyə
namizədlərin irəli sürülməsi və qeydə
alınması prosesi, seçicilərin
siyahılarının tərtib edilməsi, dairə və məntəqə
seçki komissiyalarının formalaşması) məsələləri
üzərində cəmləşdirmişlər.
MDB
PAA-nın Demokratiyanın, Parlamentarizmin
İnkişafı və Seçkilərin Monitorinqi
Beynəlxalq İnstitutunun ekspert qrupu aparılmış təhlil nəticəsində
bu qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası və digər dövlət
hakimiyyəti orqanları Azərbaycan Respublikasının elektoral qanunvericiliyində növbəti prezident seçkilərinin başlanğıc
mərhələsi üçün nəzərdə
tutulmuş prosedurları onların həyata
keçirilməsi müddətləri, habelə seçkilərdə
iştirak etmək arzusunu
bildirmiş bütün
şəxslərə bərabər və qərəzsiz
münasibət baxımından qüvvədə olan hüquq normalarına tam müvafiq şəkildə
keçirilmişdir.
Məruzədə
qeyd edilir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası müvəqqəti olaraq xaricdə yaşayan
Azərbaycan vətəndaşlarının seçki
hüquqlarının təmin edilməsi məsələsi
üzərində fəal iş
aparır.
Məsələn, Azərbaycan vətəndaşının
xaricdəki seçki məntəqələrində
seçkilərdə iştirak etməsi üçün onun Azərbaycan
səfirliklərinin saytlarında anket
doldurması kifayətdir. Bundan sonra ona xaricdəki seçki məntəqəsinin ərazisində
səs vermək imkanı almaq barəsində
elektron vasitələrlə bildiriş göndərilir.
Hesabatda kütləvi
informasiya vasitələri barəsində qeyd edilir ki,
monitorinqin başlanğıc
dövründə (1 avqust - 9 sentyabr 2013-cü il)
KİV-də seçkilər gününün
təyin edilməsinə, ictimai rəy
sorğularının nəticələrinin
işıqlandırılmasına, öyrədici və informasiya xarakterli seminarlar keçirilməsinə,
seçki komissiyalarının və
hakimiyyət orqanlarının səsvermənin keçirilməsinə
hazırlıq üzrə fəaliyyətinin, seçicilərin
siyahılarının dəqiqləşdirilməsi üzrə
fəaliyyətinə, Azərbaycanın bütün
səlahiyyətli qurumlarının namizədləri dəstəkləyən
imzalar toplanması üzrə fəaliyyətinə
həsr olunmuş materiallar
üstünlük təşkil etmişdir.
Hesabatda deyilir:
"Seçki məntəqələrində
quraşdırılmış veb-kameraların sayının
artırılması sayəsində arzu
edən hər kəs üçün seçki dairələrində baş verən hadisələri MSK-nın
saytından videomüşahidə etmək üçün
Azərbaycan Respublikasında gerçəkləşdirilən
imkan, xüsusən səsvermə
günündə, seçki prosesinin şəffaflığının daha yüksək dərəcəsinə şərait
yaradır. Azərbaycanda bundan
əvvəlki seçkilərdə (2010-cu il
noyabrın 7-də keçirilmiş parlament seçkilərində) seçki məntəqələrinin 10 faizində
(yəni 500 seçki məntəqəsində)
veb-kameralar
quraşdırılmışdı. 2013-cü il
oktyabrın 9-da keçiriləcək seçkilərdə isə
Prezident İlham
Əliyevin tapşırığına uyğun
olaraq, seçki məntəqələrində
səsvermə üçün
otaqların 20 faizində (Azərbaycanın bütün
rayonlarında yerləşən 1000 seçki
məntəqəsində) veb-kameralar
quraşdırılacaqdır".
MDB
PAA-dan olan beynəlxalq
müşahidəçilər qrupu
2013-cü il avqustun
1-dən sentyabrın 9-dək olan dövrdə
MDB PAA-nın Demokratiyanın, Parlamentarizmin
İnkişafı və Seçkilərin Monitorinqi
Beynəlxalq İnstitutunun və onun
Bakı filialının ekspert qrupunun köməyi ilə prezident
seçkilərinin keçirilməsinə
hazırlığın
monitorinqi əsasında bu qənaətə
gəlmişdir ki, seçkilərin
keçirilməsinə hazırlıq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul
edilmiş "Təqvim planı"nda nəzərdə
tutulmuş həcmdə və müvafiq müddətlərdə həyata keçirilir.
Beynəlxalq
müşahidəçilər qrupunun
fikrincə, bu mərhələdə Azərbaycan
Respublikasında seçkiqabağı kampaniya
seçkilərin keçirilməsinə dair
beynəlxalq standartlara və milli elektoral qanunvericiliyə
uyğun olaraq sakit və konstruktiv şəraitdə
keçir. Azərbaycan
Respublikasında seçki prosesinin
bütün
iştirakçılarının bərabərliyi, hakimiyyət
strukturlarının fəaliyyətinin transparentliyi,
seçkilərin kafi həcmdə maliyyələşdirilməsi,
seçkilərin keçirilməsinə hazırlıq
üzrə fəaliyyətin sistemli xarakteri təmin edilmişdir.
Azərbaycan
Respublikası Prezidenti seçkiləri
haqqında milli qanunvericiliyin
beynəlxalq seçki standartlarına müvafiqliyi barədə Rəydə Azərbaycan
Respublikasının seçki qanunvericiliyi hüquqi
baxımdan təhlil edilir,
vurğulanır ki, Azərbaycan
Respublikasının qüvvədə olan
qanunvericiliyində nəzərdə tutulmuş
aktiv və passiv seçki hüququnun məhdudlaşdırılması
halları beynəlxalq standartlara müvafiqdir və dünya
praktikasında hamılıqla qəbul edilmişdir.
Sənəddə
deyilir: "Beləliklə, milli qanunvericilik Azərbaycan
Respublikası Prezidenti seçkiləri
keçirilərkən ümumi seçki hüququ
prinsipinə riayət olunmasını əsasən təmin edir. Bu qanunvericilik bütövlükdə
1990-cı il Kopenhagen
sənədinin müddəalarına (7.3 bəndi) və MDB
Konvensiyasına (Maddə 2) uyğun olmaqla, həm aktiv, həm
də passiv seçki
hüququnun həyata keçirilməsi
zamanı ayrı-seçkilik xarakterli məhdudlaşdırma
və istisnalara yol vermir".
Beynəlxalq
müşahidəçilər xülasə kimi
qeyd edirlər ki,
aparılmış təhlildən göründüyü
kimi, milli seçki qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikası
Prezidenti seçkilərinə
hazırlığın və seçkilərin keçirilməsinin
hüquqi tənzimlənməsi
bütövlükdə beynəlxalq
seçki standartları ilə
uzlaşdırılmışdır. Bu qanunvericilik
Azərbaycan Respublikası Prezidenti
seçkilərinin bütün mərhələlərini
kifayət qədər dürüst və
tam tənzimləyir, ən mühüm beynəlxalq sənədlərin
seçkilərin müstəqil seçki
orqanları tərəfindən təşkil edilməsi şərti
ilə, habelə seçki hüquqlarının müdafiəsi və elektoral mübahisələrin həlli üçün hüququn
tətbiqi mexanizmlərindən istifadə edilməklə, ümumi və bərabər seçki
hüququ, gizli səsvermə
əsasında keçirilməsi barədə tələblərinə
riayət olunmasını təmin edir.
AzərTAc
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 10.