Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün lazımi hüquqi baza formalaşdırılmışdır

 

Azərbaycanda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyasının rəhbəri xanım Tana de Zuluetanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 12-də Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşmüşdür.

Ali Məhkəmənin mətbuat xidmətindən bildirmişlər ki, DTİHB-nin nümayəndələrinin Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi kimi iştiraklarından məmnunluğunu bildirən Ali Məhkəmənin sədri, ölkəmizdə seçki təcrübəsinin təkmilləşdirildiyini və respublikamızda demokratik seçkilərin keçirilməsi üçün lazımi hüquqi bazanın formalaşdırıldığını bildirmişdir.

Ali Məhkəmənin sədri R.Rzayev Azərbaycanda bu il oktyabrın 9-da keçiriləcək prezident seçkisi günü məhkəmələrə müraciət edən hər bir seçicinin irad və təklifinə, şikayətinə həssaslıqla yanaşılacağını vurğulamışdır. Ali Məhkəmənin sədri seçki hüquqlarının müdafiəsi, mübahisələrin məhkəmə aidiyyəti və bu sahədə məhkəmə təcrübəsi ilə əlaqədar fikirlərini açıqlamış, seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat, seçki hüquqlarının müdafiəsi haqqında ərizələrin verilməsi və onlara baxılması qaydaları barədə ətraflı məlumat vermişdir.

Görüşdə insan hüquqlarının təmin olunması və prezident seçkisi ilə bağlı faydalı müzakirələr aparılmış, nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 10.