MƏRKƏZİ
SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI
KEÇİRİLMİŞDİR
Sentyabrın
12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
media və ictimai əlaqələr
şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə Cəmil Poladxan
oğlu Həsənlinin prezidentliyə
"Demokratik qüvvələrin Milli Şurası" təşəbbüs qrupu tərəfindən irəli sürülmüş namizədliyinin qeydə
alınması barədə
məsələyə baxılmışdır. Qeyd edilmişdir ki, namizədin müdafiəsi üçün toplanmış seçici
imzaları olan imza vərəqələri
və onlara əlavə edilməli olan sənədlər
namizədin səlahiyyətli nümayəndəsi tərəfindən
MSK-ya təqdim edilmişdir.
Qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparılmış,
namizədin qeydə alınması üçün
əsasların olması müəyyən edilmişdir.
Komissiya Cəmil Həsənlinin
2013-cü il oktyabrın 9-da keçiriləcək
prezident seçkilərində namizəd kimi qeydə alınması barədə qərar
qəbul etmişdir.
İclasda Əhməd Abdul oğlu Orucovun prezidentliyə Azadlıq Partiyası tərəfindən
irəli sürülmüş namizədliyinin
qeydə alınmasına dair məsələyə
baxılmışdır. Bildirilmişdir ki, namizədin müdafiəsi üçün 40 mindən az
olmayan sayda etibarlı
seçici imzaları toplanılmalı olduğu halda,
partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən
təqdim edilmiş imza
vərəqələrində olan
etibarlı imzaların sayı namizədin qeydə
alınması üçün qanunda nəzərdə tutulmuş
saydan az olmuşdur. Mərkəzi Seçki
Komissiyası Əhməd Orucovun namizədliyinin qeydə
alınmasından imtina barədə qərar
qəbul etmişdir.
Komissiya
Ədalət Partiyasının namizədi İlyas Abbas oğlu İsmayılovun da
namizədliyinin qeydə alınması barədə məsələyə
baxmışdır. MSK həmin şəxsin namizədliyinin
qeydə alınması barədə qərar qəbul etmişdir.
İclasda cari məsələlərə
də baxılmışdır.
Komissiyanın
iclasında beynəlxalq qurumların təmsilçiləri və
kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak
etmişlər.
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 10.