TALESİZ QƏZET

 

Deyirlər, insanlar alın yazısı ilə doğulurlar!

Kimin hansı tale sahibi olacağı, ömür yolunu necə keçəcəyi, həyatda nəyi qazanaraq nəyi itirəcəyi, nə vaxt, harada öləcəyi irəlicədən "yazılmış" olur.

Amma indiyə qədər uşaq doğulan kimi onun alın yazısını oxuyaraq valideynlərinə söyləyən, nədən necə qorunmağı göstərən olmayıb!

Sadəcə, faciəli hadisə baş verəndən sonra "alın yazısı belə imiş" - deyə təəssüfləniblər.

Sən demə təkcə insanların yox, cansız varlıqların da "alın yazısı" olurmuş!

Başqa sözlə, bəxti gətirəni və gətirməyəni də varmış. Məsələn, "Şadlıq saray"ları bəxtli binalar sayılır. Çünki mövcudluğu dövründə hamı gəlib orada xeyir işini yola verir, insanlar çalıb - oynayırlar.

Hərdən də elə ev olur ki, oraya köçənlər xeyir tapmırlar, müxtəlif itkilərə məruz qalırlar. Hətta bəzən insanlar belə evlərdə yaşamaqdan imtina etdiklərindən daim boş qalaraq xarabalığa çevrilirlər.

Bu mənada hazırda işğal altında qalmış rayonlarımızı da "bəxtsiz rayonlar" adlandırmaq mümkündür.

Xalqımızın taleyüklü, tariximizin şərəfli dövründə işıq üzü görən  "Azərbaycan" qəzeti isə "talesiz qəzet"adlandırıla bilər!

Bu bəxtsizliyi onun yaranışdan indiyədək keçdiyi yol, redaktor və müəlliflərinin başına gələn, yaxud gətirilən müsibətlər göstərir.

Bu barədə bir qədər ətraflı bəhs edəcəyik.

XX əsrin əvvəllərində tale Azərbaycan xalqına müstəqil dövlətini qurmaq imkanını verdi. Həmin dövrdə dövlət müstəqilliyini elan edəcək, dövlət quruculuğu kimi mürəkkəb məsələnin məsuliyyətini öhdəsinə götürəcək kifayət qədər kadr, siyasətçi və ziyalı insanlar var idi. 28 may 1918-ci ildə "İstiqlal Bəyannaməsi" qəbul edilərək xalqın  müstəqillik arzusu və iradəsi əsasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı bütün dünyaya bildirildi. Beləliklə, həm də müsəlman Şərqində ilk demokratik respublika meydana gəldi.

Təbii ki, istəyin bildirilməsi işin əzəli, məsələnin başlanğıc nöqtəsidir! İdarəetmə strukturları formalaşdırmaq, dövləti qurub yaşatmaq, dünya ölkələri, beynəlxalq qurum və təşkilatlarla əlaqəyə girərək münasibətləri nizama salmaq və digər həllivacib problemlər qarşıda dağ kimi dururdu. Belə qlobal işlərin görülməsində xalqla məsləhətləşmələrin, görülən işlərin göstərilməsinin, təbliğat-təşviqatın aparılmasının da əhəmiyyəti böyükdür. Bu məqsədlə 3 iyul 1918-ci ildə yeni formalaşan hökumət özünün orqanı kimi "Azərbaycan  Cümhuriyyəti hökumətinin xəbərləri" adlı nəşrini buraxmaq barədə qərar qəbul etdi. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşayacaq, onun bir növ, atributuna çevriləcək "Azərbaycan" qəzeti olacaqdı!

Şübhəsiz, kimisə, yaxud nəyisə talesiz saymaqdan ötrü müəyyən faktlara istinad olunmalıdır. "Azərbaycan" qəzetinin keçdiyi "həyat yolunda" isə belə faktlar çoxdur.

Birinci məqam.

"Azərbaycan" dünyaya "qonaq kimi" qədəm qoyub. Həmin dövrdə, yəni, 1918-ci ildə  Bakı şəhəri bolşevik-daşnak birləşmələri tərəfindən işğal olunmuşdu. Hətta müstəqil dövlətin yaranmasını onun qurucuları Tiflisdə elan etmiş, təşkil olunan yeni hökumət isə Gəncədə fəaliyyətə başlamışdı. Nuru Paşanın komandanlığı altında bir sıra döyüşlər aparan Qafqaz İslam Ordusu,  nəhayət, sentyabrın 14-ü gecə saat 2.00-da Bakını düşmən qüvvələrdən azad etdi. Beləliklə, sentyabrın 15-də türk və Azərbaycan generalları paytaxta  böyük bir şərəf və şanla daxil oldular.

"Azərbaycan"ın Gəncədə çıxan ilk nömrəsi də bu mühüm hadisəyə - Bakının işğaldan azad olunmasına həsr edilmişdi. Bütövlükdə qəzetin Gəncə dövrü fəaliyyətində 4 nömrəsi, həm də iki dildə - Azərbaycan və rus dillərində nəşr olunmuşdu. Bundan sonra isə redaksiya Bakıya  köçürülmüş və qəzetin sonrakı nömrələri, paytaxtda çap  edilmişdi.

"Azərbaycan"ın ilk nömrəsi sevinc və fərəhlə dolu idi. Mühüm şad xəbərə - Bakının daşnak birləşmələrindən azad edilməsinə həsr olunmuşdu. Ancaq qəzetin sonadək bəxti gətirmədi. 28 aprel 1920-ci ildə Bakının XI Qızıl Ordu tərəfindən alınması ilə əlaqədar nəşri dayandı.

Beləliklə, həm Azərbaycan Xalq Cümhuriyyətinin atributlarından birinə çevrilmiş oldu, həm də onun faciəvi taleyini yaşadı. Əslində, "ömrünün" birinci dövrünü bəd xəbərlə başa vurdu.

Bir neçə tarixi fakt:

15 sentyabr 1918-ci ildə Gəncə şəhərində Yelizavetpol qubernatorunun mətbəəsində "Azərbaycan" qəzetinin ilk nömrəsi çap olundu.

Gəncədə "Azərbaycan" qəzetinin cəmi dörd nömrəsi, həm də iki dildə - Azərbaycan və rus dillərində çap edilmişdir.

Altıncı nömrəyə qədər qəzet "heyəti-təhririyyə" (redaksiya heyəti) imzası ilə çıxmışdır.

Bakıda buraxılan ilk nömrələrində "Azərbaycan" adı altında "Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir" sözləri yazılıb.

Qəzet öz dövrünün ensiklopedik nəşri sayılırdı. Belə ki, onun toxunmadığı mövzu, yazmadığı məsələ qalmayıb.

Bunun da səbəbləri vardı.

Əvvəla, həmin dövrdə bütün proseslər, fikir mübarizəsi, dövlət quruculuğu məsələləri parlamentin məşğul olduğu daimi mövzular idi. Bir orqan olaraq "Azərbaycan" bütün bunlardan yazırdı. Digər tərəfdən, qəzetin redaktorları və daimi müəllifləri siyasi proseslərin mərkəzində duranlar, birbaşa iştirakçılar və bir qismi millət vəkili olduğundan mətbu sözün gücündən daim istifadə edirdilər.

Bəs  qəzetdə ən çox çıxış edənlər kimlər idi? İmzalara diqqət yetirək: C.Hacıbəyli, Ü.Hacıbəyli, Ş.Rüstəmbəyli, X.İbrahimli, M.Ə.Rəsulzadə, F.Ağazadə, M.Hadi, H.İ.Qasımov, M.Şahtaxtlı, A.Ziyadxanlı, Ə.Müznib, Ə.Cavad və başqaları.

Qəzetin rubrikaları da onun əhatə dairəsindən xəbər verir: "Azərbaycan Məclisi-Məbusanında", "Hökumət qərarları", "Rəsmi xəbərlər", "Xarici xəbərlər", "Azərbaycanda", " Türkiyədə", "Teleqraf xəbərləri" və s.

"Azərbaycan" qəzetinin fəaliyyətinə ən yüksək qiyməti ulu öndər Heydər Əliyev verib. Qəzetin 80 illiyi münasibətilə 15 sentyabr 1998-ci ildə redaksiya kollektivinə ünvanladığı məktubda deyilir: "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış "Azərbaycan" qəzeti yarandığı gündən milli-azadlıq mübarizəsinin ön sıralarında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideallarının formalaşması işinə önəmli töhfə vermişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra fəaliyyətini dayandıran "Azərbaycan" qəzeti xalqımızın 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etmiş, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal surətdə iştirak etmişdir".

Sovet dövründə "Azərbaycan" qəzetinin özü və fəaliyyəti xalqdan  gizlədilib. Hətta tarixçilər və mətbuat tədqiqatçıları üçün əlçatmaz edilib. BDU-nun jurnalistika fakültəsində tədris prosesi zamanı adı "yüngülcə" çəkilərdi. Odur ki, qəzet ən az tədqiq edilən mətbu orqanlardan sayılır. Müstəqillik dövründə "Azərbaycan"ı araşdırmağa cəhd edən bir neçə tədqiqatçı və alimin qəzet barədə fikirləri maraq doğurur. Buyurun taniş olun:

Şamil Vəliyev, BDU-nun jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor:

- "Azərbaycan" qəzeti dövrün ən populyar və oxunaqlı qəzeti idi. Rəsmi materialların nəşrinə, ciddi analitik yazılara, janr müxtəlifliyinə, habelə siyasi fikir rəngarəngliyinə meydan açan qəzet idi. Redaksiyada dövrün tanınmış ziyalılarının birləşməsi onun peşəkar səviyyəsini daha da mükəmmələşdirir, qəzetdə xəbər-informasiya işinin doğru-düzgün balansının həyata keçirilməsinə səbəb olurdu. Bütün bunlarla yanaşı, qəzetin müstəqil dövlətçilik, informasiyalı vətəndaş cəmiyyəti mövqeyində dayanması onun psixoloji xüsusiyyətlərini müəyyənləşdirirdi.

Qəzetin mövzu dairəsi də geniş idi. Burada Azərbaycan və dünya dövlətlərinin tarixinə, onların çağdaş ictimai-siyasi həyatı və mədəni-quruculuq işləri haqqında yazılara tez-tez rast gəlmək olurdu. Ümumtürk coğrafiyası, onun keçmişi və bu günü barədə məqalələr türkçülük dəyərlərinin təbliğinə meydan açırdı. Dünyada baş verən ictimai-siyasi inqilablar, parlamentarizm hərəkatı, konstitusiya quruculuğu məsələləri, dövlət quruculuğu, idarəçiliyi və inzibatçılığa dair yazılar qəzetdə əhəmiyyətli yer tuturdu.

Qəzet yeni peşəkar jurnalistlər nəslinin meydana gəlməsinə, özünü ifadə etməsinə şərait yaratdı. Habelə müstəqillik, demokratiya və informasiyalı cəmiyyət anlayışının yalnız ictimai şüurda izahına deyil, mövcud gerçəklikdə təbliğinə mühüm xidmətlər göstərdi. Azərbaycanda milli dövlət quruculuğunun möhkəmlənməsinə, ədəbi-mədəni islahatların gerçəkləşməsinə çalışan "Azərbaycan" qəzeti, eyni zamanda, azərbaycançılıq ideyasının formalaşması və yeni vətəndaş tipinin yaradılması baxımından da müstəsna xidmətlər göstərmişdir.

Alxan Bayramoğlu, filologiya üzrə elmlər doktoru, professor:

- "Azərbaycan" qəzeti 1918-ci ilə qədər milli ictimai-mədəni şüurda XIX əsrin ortalarında (bəlkə də daha əvvəl) formalaşıb gələn bütün mütərəqqi  keyfiyyətləri - milli mənlik duyğusunu, dövlətçilik  şüurunu, siyasi düşüncəni, mədəni, mənəvi dünyamızı, dövrün sosial-psixoloji proseslərini öz  səhifələrində peşəkarlıqla əks etdirən, geniş oxucu kütləsi tərəfindən sevilən və  tariximizin işıqlı səhifələrindən birinə çevrilən mətbu orqan idi.

Demək olar ki, bütün mövzularda - siyasi, iqtisadi, mədəni, beynəlxalq, ədəbi və s. mövzularda yazılar verərdi. Onun səhifələrində milli tariximizlə,  parlamentdə müzakirə edilən bütün məsələlərlə bağlı həm ciddi analitik, həm də publisistik və satirik yazılar verilir, fəhlə və kəndli həyatına, ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklərə, bolşevik təhlükəsinə, türklərin - Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasına, məktəb və maarif məsələlərinə və digər məsələlərə dair rəngin və zəngin çeşidli yazılar - məqalə, müsahibə, xəbər, şeir, felyeton dərc edilirdi.

"Azərbaycan"ın keçdiyi yol özündən sonrakı nəslə jurnalist sənətkarlığının bütün tərəfləri - peşəkarlıq və etik  normalar, dövlətçilik və vətəndaş təəssübkeşliyi baxımından əsl örnəkdir, məktəbdir".

Asif Rüstəmli, filologiya üzrə elmlər doktoru, ADMİU-nun professoru:

- "Azərbaycan" qəzeti ilk saylarından yarandığı ictimai-siyasi mühitin, fəaliyyət göstərdiyi dövrün salnaməsinə çevrildi, istiqlal məfkurəsinin intişarında, milli şüurun təkamülündə misilsiz xidmətlər göstərdi.

Mətbuat tariximizdə ilk rəsmi dövlət qəzeti olmaqla yanaşı, azad sözün, sərbəst düşüncənin, fikir plüralizminin  mötəbər tribunası idi. Dövlətçiliyə və qanunlara sədaqət nümayiş etdirməklə müstəqil mətbuat orqanı imicini qazandı. Qəzetin Bakıdakı fəaliyyətinin ilk gününü (3 oktyabr 1918-ci il - A.R) milli-demokratik mətbuatımızın intibah mərhələsinin başlanğıcı da adlandırmaq olar.

"Azərbaycan" qəzeti operativliyi, obyektivliyi, peşəkarlığı, qərəzsizliyi ilə Cümhuriyyət dövrünün jurnalistika universitetinə çevrildi.

Mübaliğəsiz və istisnasız demək olar ki, "Azərbaycan" qəzeti Xalq  Cümhuriyyətinin tarixi salnaməsi, mənəviyyat xəzinəsi, çağdaş dövlətçiliyimizin ensiklopediyasıdır".

Cümhuriyyət  dövründə "Azərbaycan" qəzetinin (Azərbaycan və rus dili variantlarının) dörd redaktoru olub. Nömrələr üzrə redaktorlar belə paylaşıb: 6-cı nömrədən "Azərbaycan", 5-ci nömrədən isə rus dilindəki "Azərbaycan"ın redaktorları Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəmbəyli, 50-ci nömrədə müdir göstərilmir, 51-ci nömrədən 1919-cu ilin 16 yanvarında çıxmış 89-cu nömrəyə qədər müdir və baş mühərrir Ceyhun bəy Hacıbəyli, 89-cu nömrədən 4 iyul 1919-cu il tarixli 216-cı nömrəyə qədər müvəqqəti müdir Üzeyir bəy Hacıbəyli, 4 iyul 216-cı nömrədən 1 sentyabr 265-ci nömrəyə qədər  müvəqqəti müdir Xəlil  İbrahim, 1 sentyabr 265-ci nömrədən 31 dekabr 1919-cu il tarixli 358-ci nömrəyə və 1 yanvardan 28 aprel 1920-ci il tarixli 85-ci nömrə də daxil olmaqla müdir Üzeyir bəy Hacıbəyli olmuşdur.

İkinci məqam.

ÜZEYİR BƏY HACIBƏYLİDƏN başqa "Azərbaycan"ın bütün redaktorlarının həyatı məşəqqətli və faciəli olmuşdur. Üzeyir bəy Hacıbəylini isə musiqi dühası həbs, sürgün və ya güllələnmədən xilas etmişdir! Sovet dövründə ona hücumlar olmuş, müsavatçı damğası vurmaqla həbsinə cəhdlər göstərilmişdir. Belələrinə cavab da vermişdi: "Danışırlar ki, "Azərbaycan" qəzeti guya "Müsavat" partiyasına məxsus firqəvi bir qəzet imiş. Bu fəqərə barəsində bunu bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir. "Azərbaycan" qəzetinin məsləki vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir".

Üzeyir bəy öz xoşu ilə heç bir partiyaya üzv olmamışdır. Lakin 1938-ci ildə Stalinin göstərişi ilə namizədlik stajı keçmədən birbaşa Sov.İKP sıralarına qəbul edilmiş və öz  əcəli ilə dünyasını dəyişmişdir.

CEYHUN BƏY HACIBƏYLİ "Azərbaycan" qəzetinin ilk redaktorlarından biri olub. 1891-ci ildə anadan olan Ceyhun bəy Üzeyir bəyin qardaşı idi. Dünyagörüşünün formalaşmasında və jurnalistika sahəsindəki  uğurlarında qardaşı Üzeyir bəyin böyük rolu və təsiri olmuşdur. 1910-1916-cı illərdə Peterburq Universitetində oxumuş, sonra isə Fransanın Sorbonna Universitetini bitirərək vətənə qayıtmış, "İrşad", "Tərəqqi", "İttihad", "Bakı", "Proqres", "Kaspi" və başqa mətbu orqanları ilə əməkdaşlıq edərək yüzlərlə məqalə  yazmışdır. Onun "Azərbaycan"a rəhbərliyi dövründə qəzetin ətrafına dövrün  tanınmış ziyalıları, ictimai-siyasi xadimləri, millət fədailəri toplaşmışlar.

1919-cu ildə Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Parisdə Versal Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin tərkibinə Məmmədhəsən Hacınski, Əhməd bəy Ağayev, Əkbərağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov və Miryaqub Mirmehdiyevlə bərabər, Ceyhun bəy Hacıbəyli də daxil edilir. Səfərdə əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyətini beynəlxalq aləmdə tanıtmağa nail olmaq idi. 1919-cu ilin yanvarından 1920-ci ilin yanvarına qədər fasilələrlə  davam edən həmin konfransda Antanta Azərbaycan Cümhuriyyətinin istiqlaliyyətini tanıdı. Bu, sovet Rusiyasının qəzəbinə səbəb oldu.

Ceyhun bəy Parisdə olarkən AXC süqut edir. Sovet hökumətinin  Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətini ona heç zaman bağışlamayacağını yaxşı bilən Ceyhun bəy vətənə qayıtmağa ehtiyat edirdi. Üzeyir bəyin də qardaşının bağışlanaraq geriyə dönməsi üçün dəfələrlə əlaqədar təşkilatlara müraciəti cavabsız qalır.

Ceyhun bəy Hacıbəyli xaricdə çox çətin durumda yaşayırdı. Üzeyir bəyin  öz ömrünün sonuna qədər göndərdiyi müəyyən məbləğ pul yardımı olmasaydı,  kim bilir, güzəranı necə keçərdi. Hələ bu azmış kimi, öz adını daşıyan oğlu Ceyhunun 1937-ci ildə Paris Hərbi Akademiyasını bitirəndən sonra alman faşizminə qarşı vuruşmaq üçün cəbhəyə gedərək döyüşdə həlak olması onun vətən həsrətinin üzərinə oğul dərdi də gətirir...

Xaricdə Azərbaycan ədəbiyyatını, incəsənətini, tarixini yetərincə təbliğ  edən Ceyhun bəy Hacıbəyli 1962-ci ildə Fransada vəfat edərək Parisin Sen-kulu qəbiristanlığında torpağa tapşırılıb.

ŞƏFİ BƏY RÜSTƏMBƏYLİ "Azərbaycan"ın rus variantının ilk redaktoru  olub. O, eyni zamanda, Azərbaycan Parlamentinin deputatı idi. 1893-cü ildə Ağdaş qəzasının Məmmədli kəndində doğulmuş, orta təhsilini Gəncədəki klassik gimnaziyada almışdı. 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1916-cı ildə oranı bitirmişdi. Kiyev həyatı onun ictimai-siyasi xadim kimi yetişməsində böyük rol oynamışdır. Universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən olmuşdur. 1917-ci ildə Bakıda keçirilən Azərbaycan müsəlmanlarının qurultayında, habelə həmin ilin may ayında  Moskvada baş tutan Rusiya müsəlmanlarının qurultayında iştirak etmişdir. Şəfi bəy Azərbaycan Milli Şurasının Tiflisdə və Gəncədə yaranmış bölmələrində çalışmış, dövlət qurumlarının yaradılmasında böyük əmək sərf etmişdir. O, "Azərbaycan" qəzetinin baş redaktoru və parlament üzvü olmaqla yanaşı, AXC-nin Daxili İşlər Nazirliyinin dəftərxana müdiri, 1920-ci il martın əvvəllərindən isə nazir müavini vəzifələrini icra etmişdir.

1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. 1921-ci ilin fevralında Gürcüstan da Qızıl Ordu tərəfindən işğal edildikdən sonra Türkiyəyə - İstanbula  köçür və ömrünün qalan hissəsini mühacirətdə sıxıntı içərisində keçirir.

...Şahidlər söyləyirlər ki, parlamentin son iclasında M.Ə.Rəsulzadə dərin bir kədər və hüznlə istilanın Azərbaycana yetişdiyini söyləyərkən arxadan hönkürtü ilə ağlamaq səsi eşidilir və hamı kədərlə geriyə dönür. Ağlayan "Azərbaycan" qəzetinin baş redaktoru Şəfi bəy Rüstəmbəyli idi! O, gənc bir dövlətin süqutuna və gələcəkdə yaşayacağı həsrət dolu kədərli ömrünə sanki irəlicədən yas tuturdu...

XƏLİL İBRAHİM ibtidai  təhsilini Şuşada almış, realnı məktəbini isə Bakıda bitirmişdi. Bədii və publisistik yaradıcılıqla məşğul olan Xəlil İbrahim mücadilə tariximizə ədəbiyyat, mədəniyyət xadimi, eyni zamanda, ictimai xadim, tənqidçi, teatrşünas və tərcüməçi kimi daxil olmuşdur. Xalq Cümhuriyyəti yıxıldıqdan sonra Xəlil İbrahim qürbətə üz tutmayaraq vətənində qalır, əbədi-bədii yaradıcılıqla məşğul olur.

1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nəzdində elmi terminologiyanın işlənib hazırlanması üzrə komissiya yaradılır. Xəlil İbrahim əvvəlcə bu komissiyanın üzvü, sonra isə məsul katibi olur. Müxtəlif sahələr üzrə terminologiyanın hazırlanmasında fəal iştirak edir və komissiyanın "Dilimizin silahı" adlı mətbu orqanının redaktoru olur. 1930-cu ildən başlayaraq "Azərnəşr"də bədii ədəbiyyat üzrə redaktor işləyən X.İbrahim ictimai-siyasi ədəbiyyatın, dünya ədəbiyyatı klassiklərinin (Şekspir, Şiller, A.Tolstoy və başqaları) ana dilimizə tərcüməsinə xüsusi əmək sərf edir. İctimai xadim Xəlil İbrahim ictimai-siyasi məsələlərlə bağlı, mədəni-maarif, teatr, dil və ədəbiyyat problemlərinə aid 200-dən çox məqalənin müəllifidir.

Heç kim unudulmur, heç nə yaddan çıxmır! Qırmızı hökumət Xəlil  İbrahimin bir zamanlar "Azərbaycan" qəzetinə redaktorluq etdiyini  unutmamışdı. 1938-ci ilin qaranlıq gecələrinin birində Xəlil İbrahimin də qapısı döyüldü. Bir neçə gün çəkən "ənənəvi" sorğu-sualdan sonra "Azərbaycan"a  redaktorluq etmiş bu insanı "xalq düşməni" ittihamı ilə güllələdilər!

Üçüncü  məqam.

"Azərbaycan"ın təkcə redaktorları repressiya qurbanlarına çevrilməmişlər. Qəzetin bir sıra müxbirləri, onunla əməkdaşlıq edənlər də kədərli və faciəli ömür yaşamış, həyatlarının bir hissəsini həbsxana divarları arasında keçirmiş, yaxud "isti qurğuşunla" həyatlarını sona çatdırmışlar. Onlardan yalnız üçü haqda qısaca söhbət açmaq istəyirik.

SALMAN MÜMTAZ 1883-cü ildə Şəkidə anadan olub. Atası Məhəmmədəmin Orta Asiyada ticarətlə məşğul olduğundan Salman ardıcıl  təhsil ala bilməyib. Lakin möhkəm hafizəsi, sözə, ədəbiyyata həvəsi, bir neçə  dil bilməsi gələcəkdə onun bir şəxsiyyət kimi formalaşmasına kömək edir. Ərəb, fars, urdu dillərini mükəmməl bilirdi. Daha çox ədəbiyyatşünas kimi  fəaliyyət göstərib, şifahi xalq ədəbiyyatı  nümunələrinin toplanılması və tədqiqi ilə məşğul olub.

"Azərbaycan" qəzetinin işıq üzü görməsini ürəkdən alqışlayan S.Mümtaz sevincini Üzeyir bəylə bölüşər, qəzetdə müxtəlif məqalə və şeirlərlə çıxış edərdi. Daim Xalq Cümhuriyyətini sevər və görülən işləri ürəkdən alqışlayardı.

Görkəmli ziyalı, vətənpərvər və ədəbiyyat tədqiqatçısı Salman Mümtaza öz əcəli ilə ölmək qismət olmadı. 1937-ci ildə həbs edilərək "ənənəvi ittihamla" güllələndi!

UMGÜLSÜM ƏBDÜLƏZİZ QIZI SADIQOVA 1918-1920-ci illərdə "Azərbaycan" qəzetinin azsaylı əməkdaşlarından olub. 1900-cü ildə Bakının Novxanı kəndində ruhani ailəsində doğulub. Ailədə fars və türk dillərini öyrənmiş, 9 yaşında ikən ilk şeirini yazmışdı. Qəzetin qadın yazarı olaraq öz məqalələrində qadınları, qızları elmə, təhsilə, maariflənməyə çağırırdı. Umgülsüm "Azərbaycan" qəzetinin əməkdaşı, dövrünün tanınmış ziyalısı və yazıçısı SEYİD HÜSEYNLƏ ailə qurmuş, dörd övlad  anası olmuşdu. Şimaldan əsən qırmızı taun, sonra isə amansız repressiya bu ziyalı ailəni tar-mar etdi. Gecələrin birində Seyid Hüseyni birbaşa Qum adasına apararaq sorğu-sualsız güllələdilər. Sonra növbə qəzetin digər əməkdaşına, Umgülsümə çatdı. Məşum gecələrin birində onu həbsxanaya atdılar. Səhərdən "ana" deyə fəryad edən dörd körpə "humanist sovet hökuməti" tərəfindən uşaq evinə verildi. Qadın  dustağın, gecə-gündüz göz yaşları qurumayan əlacsız ananın "ellər atası" Stalinə  ünvanladığı ürəkparçalayan məktubunu kövrəlmədən və həyəcansız oxumaq mümkün deyil: "Əziz İosif Vissarionoviç! İkinci dəfədir ki, mən öz dərdimi sizinlə bölüşdürürəm. Ümidvaram ki, siz mənə rəhm  edərsiniz. Mən Umgülsüm Əbdüləziz qızı Sadıqova Azərbaycan yazıçısı Seyid Hüseynin həyat yoldaşı kimi 8 il müddətinə azadlıqdan məhrum edilmişəm. Altı ay Bakı həbsxanasında qaldıqdan sonra Mordva vilayətinə sürgün olunmuşam. Mənim evdə dörd   uşağım qalıb. Onların böyüyünün 17, kiçiyinin 8 yaşı var. Əziz dahi rəhbərimiz, uşaqlarla ayrılığın necə dəhşətli olduğu sizə aydındır. Mənim heç bir günahım yoxdur! Bir Azərbaycan atalar sözü var: ətlə dırnağı ayırmaq olar, ana ilə övladı yox! Mən hər bir ağrıya, əzaba dözərəm, ancaq uşaqlarla ayrılığa yox!  Yalnız sovet hökuməti bizi əzizləyib və bizə bərabər hüquq vermişdir. Siz bizə doğmasınız. Bizi siz cəzalandırmısınız, siz də bağışlayacaqsınız, baxmayaraq ki, biz öz cəzamızın səbəbini bilmirik.

Əziz İosif Vissarionoviç, 8 aydır ki, mən göz yaşı  tökürəm. Sizdən gözüyaşlı xahiş edirəm, yalvarıram ki, mənə və uşaqlarıma rəhm edəsiniz. Məni onların yanına qaytarasınız, onları böyütməyimə imkan verəsiniz. 15.07.38".

Lakin "ellər atası"nın ürəyi yumşalmır. Umgülsüm yalnız 7 ildən sonra azadlığa buraxılır. Amma çəkdiyi övlad həsrəti və mənəvi əzablar onun gücünü tamam tükəndirmişdi. Azadlıqda cəmi 3 ay yaşadı, 44 yaşında Şamaxıda  dünyasını dəyişdi.

Dördüncü məqam.

"Azərbaycan" Xalq Cümhuriyyəti dövründə "Azərbaycan" qəzetinin cəmi 443 nömrəsi çıxıb!

Azərbaycan sovetləşəndən sonra bir nömrəsi də buraxılmayıb!

Azərbaycanın SSRİ-nin tərkibində olduğu müddətdə "Azərbaycan" qəzeti  "arzuolunmaz qəzet" hesab olunub. Onun ayrıca tədqiqinə və öyrənilməsinə, səhifələrindəki materialların təkrar dərcinə (istər başqa qəzetlərdə, istərsə də kitablarda) yol verilməyib!

Mərkəzi və digər kitabxanalarda bütün nömrələri xüsusi qaydada tikilərək saxlanılmayıb və oxucuların istifadəsinə verilməyib!

"Azərbaycan"ı Azərbaycan xalqına unutdurmağa çalışıblar!

İstəməyiblər ki, keçmişdən xəbərsiz olan yeni nəsil bu qəzeti oxuyaraq bilsin ki, Azərbaycan haçansa 23 ay müstəqil dövlət olub!

İstəməyiblər ki, Azərbaycan vətəndaşı onun dövlətinin müstəqil yaşamağa və fəaliyyət göstərməyə qadir olduğuna inansın!

İstəməyiblər ki, insanlar "Azərbaycan" qəzetinin səhifələrindən müstəqil dövlətin gördüyü işlər barəsində faktlar əsasında xəbər tutsunlar!

Ona görə də qəzetin nömrələri arxivlərin qaranlıq künclərində  "məxfi" qrifi altında gizlədilib.

Təəssüf ki, bu gizlədilmə qayğısızlıq və səhlənkarlıq halları ilə müşayiət edilib. İndiyə qədər bütün axtarış  cəhdlərimizə, müxtəlif instansiya və ünvanlara müraciət və xahişlərimizə baxmayaraq "Azərbaycan"ın 443 nömrəsinin ksero surətini əldə edə bilməmişik! Yalnız ayrı-ayrı fədakar  mətbuat tədqiqatçılarının və "525-ci qəzet"in fəaliyyəti sayəsində "Azərbaycan"ı olduğu kimi görmək, onunla görüşmək istəyən oxucularına qismət olub!

Azərbaycandakı bütün arxiv və kitabxanalarla dönə-dönə əlaqə saxlamışıq. Hər dəfə eyni sözləri eşitmişik: "Qəzetin bütün nömrələri bizdə qalmayıb!"

Əldə olan nömrələrin surətini istəyəndə də bənzər cavablar almışıq: "Köhnəlmiş nömrələrə əl vurmaq mümkün deyil, dərhal  ovulub tökülür!"

Şəklinin çəkilib verilməsini xahiş edəndə də cavab eyni olub:

"Şəkil çəkmək üçün müvafiq qurğumuz yoxdur!"

Elə bil, onlara sifarişçilər avadanlıq alıb verməlidirlər!

Bu gün də bizim ən böyük arzularımızdan biri Cümhuriyyət dövrü "Azərbaycan"nın 443 nömrəsinin ksero, yaxud foto surətini əldə etməkdir!

Allah  bizə səbir  versin!

Ən nəhayət.

Adətən, yoxsul insanlar uşaqlarına ad günü keçirmirlər, varlılar öz balalarını əzizləyirlər. "Azərbaycan" dövlət müstəqilliyinin (hər iki dövrdə) övladı olsa da, bir dəfə də ad günü qeyd olunmayıb - nə dövlətin kasıb vaxtlarında, nə də imkanlı çağlarında!

Əsas odur ki, Azərbaycan azad və suveren dövlətdir, ulu öndər Heydər Əliyev tərəfindən onun müstəqilliyi əbədiliyə və dönməzliyə çevrilib!

Əsas odur ki, Xalq Cümhuriyyəti dövrünün yadigarı və özünəməxsus  atributu olan "Azərbaycan" bu gün də çıxır!

Həm də həmin "Azərbaycan"ın  bu günkü "Azərbaycan" kimi çoxsəhifəli, rəngli, müasir davamçısı var. Ümummilli lider Heydər Əliyevin sözləridir: "Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan" qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulması, iqtisadi islahatların həyata  keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır".

Ölkəmizin adını daşıyan, milli dövlətçiliyimizin yaşıdı olan "Azərbaycan" qəzetinin 95 illiyi münasibətilə onu sevənləri, bütün oxucularını ürəkdən təbrik edirik!

Qoy bu qəzet daim uğur və nailiyyətlərdən, müstəqil Azərbaycanın dünyanı heyrətə salan xoş və xoşbəxt günlərindən fərəhlə yazsın!

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 4.