Təhsilin
inkişafında yeni mərhələ
başlayır
Payız təkcə
bolluq, bərəkət rəmzi deyil, həm də məktəb yaşlı
uşaqların və onlar üçün
darıxmış müəllimlərin intizarla
gözlədiyi fəsildir. Sentyabr isə ənənəvi
olaraq
"birincilər"lə "sonuncular"ın görüş ayıdır. Sülh rəmzi
daşıyan ağ göyərçinlərə
dönüb məktəb yollarında pərvazlananların
arasında, təəssüf ki, ata-baba yurdu Ermənistan tərəfindən
işğala məruz qaldığına
görə məcburi köçkün həyatı
yaşayan şagirdlər də az deyil.
Maraqlıdır,
bu gün həmin məktəblilər
yeni dərs ilini necə,
hansı əhval-ruhiyyə ilə qarşılayırlar? Bunu öyrənmək
üçün Bakı şəhərinin
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi
köçkünlər üçün
yeni salınan və ötən ilin dekabrında istifadəyə verilən qəsəbədəki
33 saylı Ağdam köçkün
tam orta məktəbində
olduq.
Adı çəkilən
təhsil ocağının yerləşdiyi qəsəbə
Bakı-Şamaxı yolunun 25 kilometrliyində
20 beşmərtəbəli binadan ibarətdir.
Buranın sakinləri əsasən Bakı
Dövlət Universitetinin tələbə
yataqxanalarında məskunlaşmış Ağdam,
Füzuli, Cəbrayıl, Zəngilan, bir sözlə, əraziləri Ermənistan tərəfindən
işğala məruz qalan
rayonların məcburi köçkünləridir.
Qəsəbədə
ikimərtəbəli, 40 yerlik uşaq bağçası körpələrə,
dördmərtəbəli 1296 yerlik, müasir tipli orta məktəb isə şagirdlərə
dövlət qayğısının bariz
nümunələrdəndir. Qəsəbənin su ilə təmin edilməsi üçün
8,56 kilometr məsafədən xətt
çəkilib və 2 ədəd 2000 kubmetrlik
anbar tikilib. Burada yaşıllıq zolaqlarının
salınması ilə yanaşı, kanalizasiya
və digər kommunikasiya (elektrik,
qaz, rabitə və s.)
xətləri çəkilib, modul tipli təmizləyici qurğu
tikilib. Bütün zəruri
infrastrukturla təmin olunan
qəsəbənin ümumi görünüşü göz
oxşayır.
Müşfiqabadda aparılan quruculuq və abadlıq işlərinin sürət
və keyfiyyəti bir-birini tamamlayıb. Qəsəbə
qısa müddətdə öz sakinlərini
qəbul edib. Bu da əlbəttə, dövlətin öz vətəndaşlarına, o cümlədən qaçqın və məcburi
köçkünlərə qayğısının bariz nümunəsidir. Bakı şəhərindən
bura əlavə olaraq
114 saylı marşrut xəttinin
açılması da bu
qayğının digər formada təzahürüdür.
Məktəbin
birinci mərtəbəsinin foyesində ulu öndər Heydər Əliyevin büstü yanında divarda
ümummilli liderin
"Təhsil millətin gələcəyidir" kəlamı
ilə yanaşı, aşağıdakı fikirləri də
öz əksini tapıb: "Bizim ali vəzifəmiz və
məqsədimiz işğal edilmiş torpaqları azad
etmək, Azərbaycanın ərazi bütövlüyünü
bərpa etmək və yerlərindən didərgin düşmüş
soydaşlarımızı öz yerlərinə
qaytarmaqdır".
Ulu öndərin
qaçqın və məcburi köçkünlərlə
müntəzəm keçirdiyi
görüşləri özündə əks etdirən fotostend isə ümummilli
liderin bu fikirləri
ilə tamamlanır: "Qaçqın və məcburi köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri
bizim üçün
və şəxsən mənim üçün
bir nömrəli problemdir".
Məktəbin
direktoru Nəsibə Hüseynova
pedaqoji və şagird
kollektivinin sevincinin həddi-hüdudu
olmadığını bildirir. Direktor illərdir
ki, Bakı Dövlət Universitetinin
tələbə yataqxanalarından birinə
sığınan, heç bir şəraiti olmayan,
yararsız otaqlarda dərs keçməyə
məcbur olan kollektivin
yaraşıqlı həyətə və işıqlı həyata
malik bir məktəbdə
yeni dərs ilini
qarşıladıqlarından məmnunluğunu ifadə
etdi:
- İstərdim
ki, xalqımızın ümummilli
lideri və xilaskarı olan
Heydər Əliyevin bir fikrini
xatırladım. Ulu öndər demişdi: "Qaçqın və məcburi
köçkünlərin yaşadığı yerlərdə
onların şəraitini daim
yaxşılaşdırmaq lazımdır. Bu,
bizim əsas vəzifəmizdir".
Ümummilli lider
Heydər Əliyevin bu fikri
hər bir məcburi köçkünə
diqqətinin, qayğısının və humanizm
prinsiplərinə daim sədaqətinin
ifadəsi olub. Biz də
pedaqoji kollektivlərdən biri kimi bu
qayğıya əməli fəaliyyətimizlə töhfəmizi
verməliyik.
Yeni dərs ilinə ciddi hazırlıq işləri artıq başa çatıb. Müəllim və şagird kollektivmizin sevincinin həddi-hüdudu yoxdur.
Ona görə ki, yeni dərs ilini belə bir yaraşıqlı və hər cür şəraitə malik
məktəb binasında qarşılayırıq. Bu ilin aprelindən köçdüyümüz 1296 yerlik, dördmərtəbəli məktəbimizdə
bütün ixtisaslar
üzrə müəllimlərimiz var. 50
nəfərlik pedaqoji kollektivin
bu məktəbdə ilk
uğurları artıq özünü
göstərib. Belə ki, builki
məzunlarımızın 85 faizi yüksək
göstəricilərlə respublikamızın ali və orta ixtisas müəssisələrinə qəbul olub.
Direktor bildirdi
ki, məktəbdə ilk
növbədə, əraziləri işğal
olunmuş rayonların şagirdləri oxuyurlar. Bu ilki
birinci sinfə qəbulda bu
fakt diqqət mərkəzində
saxlanıb: "Lakin Müşfiqabad
qəsəbəsindəki orta məktəblərdə
olan sıxlığa görə, valideynlər
buradakı yüksək şəraiti nəzərə
alıb, uşaqlarının bizim məktəbdə
oxumasını istəyirlər. Buna
görə də geniş və hər cür şəraitə malik
olan məktəbimizin qapıları
şagirdlərin üzünə açıqdır".
Həmsöhbətimiz
xüsusi olaraq
vurğuladı ki, bu il də Heydər Əliyev Fondu
ibtidai sinif şagirdlərini
zəruri dərs ləvazimatı və məktəbli geyimləri
ilə pulsuz təmin edib:
"Buna görə də
müəllim və şagird kollektivimiz adından UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımızı
bildirirəm. Əlbəttə, müasir
təhsil sisteminin tələbləri
baxımından da məktəbimizdə hər
cür şərait yaradılıb.
Ayrı-ayrı fənlərlə yanaşı, kompyuter kabinələri də fəaliyyət
göstərir ki, bu da məktəblilərimizin müasir informasiya və telekommunikasiya
texnologiyalarını öyrənməkdə olduqca
vacib məsələlərdəndir".
Məktəbin
idman
meydançası ilə yanaşı, geniş
və zəruri avadanlıqlarla təchiz edilmiş
zalı da şagirdlərin
ixtiyarındadır. Mədəni-kütləvi tədbirlərin
keçirilməsi üçün 270 yerlik akt zalı var ki, burada
da əlamətdar hadisələr və tarixi günlər qeyd edilir.
Uğurların
əldə edilməsində yaradılmış münbit şəraitlə bərabər, təcrübəli
müəllimlərin əməyi də vacib
faktlardandır. Burada 20-30 ildən
artıq pedaqoji təcrübəsi olanlar az deyil.
Ibtidai sinif müəllimi Sahilə Heydərova, dərs
hissə müdiri İlkin
Qəribov, məktəbin ictimai işlərində
təşkilatçılığı və fəallığı
ilə seçilən Şəhla Behbudova,
"İlin müəllimi"
adını qazananlardan Adilə Şabanova, Maarif Muradov... kimi öz peşəsinin şərəfini qoruyanlar dövlət
tərəfindən onlar üçün
yaradılmış şəraitə cavab
olaraq hər yeni dərs
ilini uğurlarla
qarşılayacaqlarına bir daha əmindirlər.
Məktəblilərin
yay istirahət tətilinin səmərəli
təşkili də diqqət mərkəzində olub. 7 şagird Şüvəlandakı
"Cırtdan" uşaq istirahət
düşərgəsində dincəlib. Onu
da qeyd edək ki, məktəbdə bir
sıra texniki və bədii özfəaliyyət
dərnəkləri də fəaliyyət göstərir. Ağdam şahmat və
Gülablı musiqi məktəblərinin
şagirdlərindən ibarət ayrı-ayrı dərnəklərdə
istedadı və qabiliyyəti ilə seçilənlər az deyil. VIII sinif şagirdi Oruc Bayramovun idmanda, IX sinif şagirdi Vüqar Məmmədovun
isə musiqidə qazandıqları uğurlar
məktəbin şərəf tarixinə yazılıb. Vüqar Məmmədov məktəblilər
arasında keçirilən muğam
müsabiqəsində II yerə layiq görülüb.
Onu da qeyd edək ki, məktəb
daha bir əlamətdar
siyasi kampaniyaya
hazırdır. 118 saylı Ağdam seçki dairəsinin 46 saylı seçki məntəqəsi də burada yerləşir. Seçkilərə tam hazır olan məntəqədə
azad, şəffaf və demokratik
şəkildə səs vermək üçün
hər cür şərait
yaradılıb.
Kollektiv, təbii ki, belə - həyəti yaraşıqlı,
həyatı isə işıqlı məktəbdə
çalışmağın şərəfini və məsuliyyətini
yaxşı hiss edir və
buna görə də növbəti dərs
ilində daha böyük
nailiyyətlər qazanmaq əzmi ilə
çalışır.
M.NƏRİMANOĞLU
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 6.