AZƏRBAYCAN MİLLİ İDEYASI:siyasi və iqtisadi müstəqillikdən modernləşməyə

 

Zəmanəsinin böyük mütəfəkkiri Viktor Hüqo yazırdı: "Dünyada bütün ordulardan daha güclü olan bir qüvvə var - bu, vaxtı, zamanı yetişən ideyadır". Sivilizasiyanın təkamülü və inkişafı, insan cəmiyyətinin təşəkkülü, dövlətlərin yaranması prosesində müsbət yüklü ideya və məramlar həqiqətən də, stəkanverici amil qismində çıxış etmişdir. Bütün dövrlərin böyük filosofları bəşər cəmiyyətinin intibahına, eləcə də sağlam mənəvi idealların kütləvi şüurda möhkəmlənməsinə xidmət edən çoxsaylı ideyalar irəli sürmüş, millətlərin formalaşması, bütövləşməsi prosesində milli ideyanın səfərbəredici rolunu önə çəkmişlər.

 

Milli inkişafın lokomotivi

 

Milli ideyanın gücü, ilk növbədə, konkret məram və məqsədləri cəlbedici formada irəli sürməsində və bütün bunlara nail olmaq üçün şüurlara hakim kəsilməsindədir. Müasir dövrdə hər bir xalqın milli ideyası onun gələcək inkişaf yolu, taktiki və strateji hədəfləri, habelə beynəlxalq münasibətlər sistemindəki yeri barədə aydın təsəvvür yaradır. Milli ideyanın hədəflədiyi, önə çəkdiyi məqsədlərin mahiyyətindən asılı olaraq xalqların və dövlətlərin beynəlxalq miqyasda imici formalaşır. Milli ideya dövlətlərin sosial-iqtisadi və intellektual resurslarını konkret siyasi məqsədlər naminə səfərbərliyə alır, milli ideologiya isə bu prosesdə bir növ vasitəçilik edir. Əgər fərdin fəaliyyətini stimullaşdıran əsas amil onun məqsəd və arzularıdırsa, dövlətlərin uğur və inkişafını təmin edən başlıca meyar məhz milli ideyadır.

Milli ideya dedikdə, söhbət yalnız kimin nə düşündüyündən ibarət olan subyektiv təsəvvürlər yığını deyil, əsrlərin sınağından çıxaraq milləti inkişaf etdirən, onun siyasi təşkilatlanma qabiliyyətinin əvəzsiz meyarına çevrilən fenomen başa düşülür. Hər hansı xalqın rifahı, inkişafı və tərəqqisinin strategiyası kimi milli ideya insanları sıx şəkildə birləşdirir, vahid tam kimi fəaliyyətinə şərait yaradır, cəmiyyətin mənafelərini ifadə edən davranış qaydaları, qanunlar və digər mühüm ictimai-siyasi qaydalar formalaşdırmağa kömək edir. Milli ideya etnosun (millətin), onun bənzərsiz mədəniyyətinin, təkrarsız "mən"inin qorunub saxlanmasına imkan yaradır. Tərkibinə görə polietnik sayılan cəmiyyətlərdə məhz milli ideya vasitəsilə ümumi dövlətçilik mənafeyinin dürüst dərki, ümummilli məsələlərdə həmrəyliyin təmini mümkün olur.

XXI əsrdə qloballaşma beynəlxalq hüququn getdikcə yeni-yeni subyektlərini özünə cəlb edərək milli iqtisadiyyatları vahid ümumdünya sisteminə - kapitalın yerdəyişməsinin əvvəllər ağlagəlməz asanlığına, dünyanın informasiya üçün indiyədək görünməmiş açıqlığına, kommunikasiya yaxınlığına, planetar elmi-texniki və innovasion inqilaba, təhsilin beynəlmiləlləşməsinə, multikulturalizmə və sair amillərə əsaslanan universal konsolidasiya formalaşdırır. Cəmiyyətin bu cür inkişafı özlüyündə son dərəcə dinamik proses olduğundan, təbii şəkildə mövcud ideallar da zaman-zaman dəyişir. Lakin qloballaşma proseslərinin geniş vüsət aldığı hazırkı dövrdə vahid ərazi hüdudları üçün səciyyəvi olan ideoloji qəlib və istehkamların nisbətən zəifləyəcəyi, texnogen proseslərin dinamik inkişafı ilə əlaqədar təkcə yeni dünya nizamının deyil, yeni həyat tərzinin formalaşacağı düşüncəsinin dominantlığı milli ideyanın rolunu azaltmır.

Azərbaycanın ən yeni ictimai-siyasi fikir tarixinin mahir tədqiqatçısı, görkəmli filosof, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Azərbaycan: qloballaşma dövrünün tələbləri" əsərində qloballaşmanın təsirlərinə rəğmən Azərbaycan xalqının ictimai şüurunda milli müstəqillik, dövlətçilik və tarixi şəxsiyyət amillərinin fəlsəfi-ideoloji məzmun yükünü hər zaman qoruyub saxlayacağını, belə demək mümkünsə, siyasi assimilyasiyaya uğramayacağını ustalıqla əsaslandırmışdır. Həmin əsərində akademik haqlı olaraq yazır: "İdeallar nə qədər dəyişsə də, Azərbaycan dövlətinin müstəqilliyinin təmin edilməsi Azərbaycan xalqının ali idealı olaraq qalacaqdır. Dövlətçiliyimizin təşəkkülü isə yalnız Heydər Əliyevin dahi şəxsiyyəti sayəsində mümkün olmuşdur. Onun liderlik təcrübəsi və intellektual potensialı nəinki çox mürəkkəb və keşməkeşli şəraitdə dövlətçiliyimizi yaratdı, həm də bizim hamımıza özümüzü dünya birliyinin bərabərhüquqlu üzvləri kimi hiss etməyə imkan verdi".

 

Milli ideya: tarixdən bugünədək

 

Milli ideya Azərbaycan xalqının qədim zamanlardan bugünədək keçdiyi yolun uğur və təbəddülatları ilə yanaşı, onun tarixi ənənələri, mental xüsusiyyətləri, psixologiyası barədə də dolğun təsəvvür yaradır. Bəşəri miqyasda özünütəsdiq imkanı qazanmış xalqımız, ilk növbədə, bu və digər məqsədlərini uğurla gerçəkləşdirmək üçün müxtəlif dövrlər üçün aktual olan milli ideyalara istinad etmişdir. Bu ideyalar tənasübü Azərbaycan xalqı ilə bağlı istənilən tarixi dövrün proseslərini, təfəkkür tərzini və etnoqrafik əlamətlərini müasirlik müstəvisində təqdim edərək milli siyasət üçün vacib arsenala çevrilmişdir. Əksərən uzunmüddətli hədəflər naminə səfərbər olunmuş bu arsenal, eyni zamanda, müasir cəmiyyət modelinin ideoloji-siyasi və mənəvi əsasını təşkil etmişdir.

Dünyanın ən qədim etnoslarından biri olan azərbaycanlıların milli ideyasının formalaşması prosesi XIX əsrdən ölkəmizin üzləşdiyi müxtəlif ictimai-siyasi proseslərlə bağlı olmuş, ümumən cəmiyyətdəki həlledici çoxluğun ülvi məqsəd və istəklərini özündə əks etdirmişdir. Həmin dövrdə yazıb-yaratmış mütəfəkkir şair və yazıçıların, ədiblərin əsərləri ilə tanışlıq ümumən milli ideyanın əsasını təşkil edən məqsədlərin nədən ibarət olduğu barədə müəyyən təsəvvür yaradır. Əgər XIX əsrdə daha çox milli özünüdərk, təhsil və maarifçilik hərəkatının genişlənməsi, mövhumata, cəhalətə, geriliyə qarşı mübarizə, xalqın milli sərvətləri üzərində sahiblik haqqını təmin etməsi, qadın azadlığı kimi məsələlər ön planda idisə, XX əsrin əvvəllərindən başlayaraq azərbaycançılıq, türkçülük, milli dövlətçilik, müstəqillik kimi fundamental ideyalar ictimai şüurda möhkəmlənmişdir.

Empirik təhlillər göstərir ki, milli - ideya əvvəlcə ictimai şüurun oyanması və müstəqillik uğrunda mübarizə ilə şərtlənən əqli nəticə, ictimai ideya kimi yaranır. Dövlətçilik yaranıb təkamül etdikcə, ölkənin sosial-iqtisadi mövqeyi möhkəmləndikcə, mədəniyyət inkişaf etdikcə milli ideya tədricən milli maraqlarla, dövlətin beynəlxalq birlikdə rolunun elmi dərki ilə qovuşur. Bu halda, milli ideya həm də müvafiq ideologiyanın formalaşması üçün bir növ etibarlı təmələ, bünövrəyə çevrilir. Tarix boyu milli ideya ətrafında sıx birləşən xalqlar qarşıya qoyduqları məqsədlərə doğru daha inamla irəliləmiş və uğurlu nəticələr əldə etmişlər. Bu mənada, dünya arenasında layiqli yer tutmaq istəyən hər bir millətin milli ideyasının - inkişafın məqsəd və prioritetlərinin olması son dərəcə vacibdir. Daha dəqiqi, istənilən ölkənin davamlı inkişafı, ilk növbədə, yaradılmasına cəhd göstərilən cəmiyyət modelinin ideoloji əsaslarının dəqiq müəyyənləşdirilməsindən, onun geniş ictimaiyyətə çatdırılması istiqamətində aparılan məqsədyönlü tədbirlərdən başlayır. Cəmiyyətdə mütləq çoxluğun qəbul etdiyi, bölüşdüyü müsbət yüklü ideya, məqsəd və dəyərlər məslək, əqidə, fikir və dünyagörüşü yaxınlığı yaratmaqla intibah baxımından son dərəcə zəruri məqsədlərin həyata keçirilməsinə kömək edir.

Əminliklə deyə bilərik ki, müxtəlif tarixi mərhələlərdə Azərbaycan xalqının tapındığı milli ideya ölkənin gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsində mühüm rol oynamışdır. Spesifik məzmunu olan, universallığı, humanistliyi, çevikliyi və təbiiliyi ilə fərqlənən Azərbaycan milli ideyası mürəkkəb təşəkkül yolu keçmişdir. Bu proses təxminən XIX əsrin əvvəllərində müşahidə olunan milli-mədəni intibah və maarifçilik hərəkatı ilə eyni dövrə təsadüf edir. İlkin mərhələdə müəyyən qədər teoloji-idealist səciyyəli milli ideya zaman keçdikcə təkmilləşmiş, türkçülük və milli dövlətçilik hədəflərini özündə əks etdirmişdir. Ümumilikdə, XIX-XX əsrlərdə Azərbaycanda ictimai fikrin təkamülü milli inkişafın "türkləşmə, islamlaşma, avropalaşma" prioritetlərini əks etdirən formulu yaratmışdır. Bu tarixi zaman kəsiyində C.Məmmədquluzadə, M.Ə.Sabir, Y.V.Çəmənzəminli, Ə.Topçubaşov, Ə.Ağayev, Ə.Hüseynzadə, H.Zərdabi, F.Xoyski, M.Ə.Rəsulzadə və digər milli klassiklər, görkəmli maarifçilər azərbaycanlıların mənlik şüurunun oyanışında və milli ideyanın formalaşmasında başlıca rol oynamışlar.

XX əsrin əvvəllərində Azərbaycanda sənaye cəmiyyətinin yaradılması yolunda atılan addımlar ölkədə milli - mədəni inkişaf prosesini və etnik-mədəni millətin formalaşması prosesini sürətləndirmişdir. Türkçülük ideyaları milli burjuaziyanın, yaradıcı və siyasi ziyalıların şüuruna hakim kəsilməyə başlayaraq, bu dövrdə yaradılmış siyasi təşkilatların əsas platformasına çevrilmiş, milli hərəkata güclü təkan vermişdir. Bu mərhələnin səciyyəvi cəhəti ondan ibarətdir ki, Azərbaycan elitası milli ideyanın son məqsədi kimi Rusiya imperiyasının tərkibində milli ərazi muxtariyyəti yaradılması uğrunda mübarizə yolunu seçmişdir. Lakin sonradan bir tərəfdən çar Rusiyasında baş verən proseslər, digər tərəfdən ictimai şüurda milli identikliyin güclənməsi müstəqillik istəyinin milli ideya səviyyəsinə yüksəlməsinə təkan vermişdir. Beləliklə, müsəlman Şərqində ilk demokratik və hüquqi dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli ideya, qısamüddətli də olsa, özünün strateji hədəfinə çatmışdır.

Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olaraq bugünkü müstəqil dövlətimizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırmışdır. Cümhuriyyətin kənar hərbi müdaxilə nəticəsində süqutundan sonra qırmızı imperiyanın sərt təzyiq və repressiyaları ilə üzləşən Azərbaycan xalqı qəlbində qubar salmış müstəqillik idealını qoruyub saxlamış, ən ağır dönəmlərdə belə, milli özünəməxsusluğunu qorumuşdur. Lakin yalnız ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin sovet Azərbaycanında hakimiyyətə gəlişindən sonra azərbaycanlıların qəlbində közərən müstəqillik dövlətçilik düşüncəsinin praktik reallaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Böyük strateq hələ 70-ci illərdə milli təfəkkürümüzü repressiya xofundan, təzyiq və təhdidlərdən xilas etmiş, milli şüurun yüksəlişinə xidmət edən ardıcıl tədbirlər həyata keçirmişdir.

Azərbaycan xalqı dahi liderinin rəhbərliyi altında yüksək iradə sərgiləməklə milli yaddaşını, mənəvi, əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini toparlaya bilmiş, dövlət müstəqilliyi üçün zəruri potensial formalaşdırmışdır. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görmüş, bu prosesi sürətləndirən mühüm addımlar atmışdır.

 

Müstəqillik dəyişməz milli hədəfdir

 

Ötən əsrin 80-ci illərində keçmiş İttifaqın iqtisadi və siyasi baxımdan iflasa sürüklənməsi, imperiya daxilində güclənən etnik-milli qarşıdurmalar, habelə milli özünüdərk proseslərinin güclənməsi digər respublikalarla yanaşı, Azərbaycana da təhtəlşüurda qorunub saxlanılmış milli ideyanı - milli müstəqilliyi bərpa etməyə imkan yaratmışdır. Həmin dövrdə səhv milli siyasətin nəticələri tezliklə etnik komponentin və separatçı əhval-ruhiyyənin kəskin ifadə olunduğu müxtəlif milli qrupların nümayəndələrinin üzdəniraq ictimai təşkilatlarının yaranmasında özünü göstərirdi. Buna görə də 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək hakimiyyətdə olan qruplar milləti birləşdirməyə, cəmiyyətdə sabitliyi və asayişi bərpa etməyə yönəlmiş fəaliyyət həyata keçirə bilmədilər. Oxlokratiyaya - kütlənin hakimiyyətinə doğru yuvarlanma, dövlətçiliyin tənəzzülü, ölkə ərazisinin bir hissəsinin işğalı, qeyri-sabitlik, iqtisadi tənəzzül və siyasi kataklizmlərlə səciyyələnən bu dövrü respublika üçün real müstəqillik mərhələsi kimi təsnif etmək çətindir. Xalqın tam azadlıq və müstəqillik yoluna qədəm qoyması, milli ideyanın de-fakto gerçəkləşməsi üçün dövlətçilik iradəsi və siyasi dəyişikliklər tələb olunurdu.

Bu proseslər təsdiqlədi ki, hər bir xalqın vahid məqsədlər naminə toparlanması üçün zəruri vasitə olan milli ideya yalnız böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında real təcəssümünü tapır. Bu mənada, hazırda ictimai fikirdə mütləqləşmiş qənaətlərdən biri də məhz budur ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə qayıdışı Azərbaycanı müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindən qorumuşdur. Məhz ümummilli liderin qətiyyətli addımları sayəsində respublikada ictimai-siyasi sabitlik, qanunçuluq təmin edilmiş, xaos və anarxiya burulğanından qurtulan cəmiyyət yeni ictimai-iqtisadi formasiyanın tələblərinə cavab verən mütərəqqi inkişaf yoluna qədəm qoymuşdur.

Bu mərhələdən iqtisadi, siyasi, hüquqi və digər sahələrdə kompleks islahatlar həyata keçirən ümummilli lider Heydər Əliyev dövlət müstəqilliyinin möhkəmləndirilməsini, Azərbaycanın davamlı inkişaf yoluna çıxarılmasını yeni dövrün başlıca milli ideyasına çevirmişdir. Bu ideya respublikanın demokratik, hüquqi, dünyəvi dövlətə çevrilməsi, ərazi bütövlüyü və suverenliyinin bərpası, beynəlxalq miqyasda mənafelərinin etibarlı şəkildə qorunması kimi ümdə məqsədləri özündə ehtiva etmişdir.

Milli ideyanın mahiyyətinin dərkində mühüm amillərdən biri də hər bir xalqın, millətin unikallığı və bənzərsiz identikliyə malik olması xüsusiyyətidir. Başqa sözlə, milli ideyanın həyata keçirilməsi prosesində heç də bütün xalqların, dövlətlərin təbii resursları, sərvətləri, intellektual potensialı bərabər deyildir. Bu reallığı nəzərə alan ulu öndər Heydər Əliyev Azərbaycanın yeni dövr üçün demokratik və iqtisadi inkişaf modelini irəli sürərkən heç bir dövlətin təcrübəsini olduğu kimi təkrarlamamış, eyni zamanda, bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Böyük öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olmuşdur. İcimai-siyasi sabitlik faktoru bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış etmişdir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir.

Siyasi təlimlər nəzəriyyəsinə görə, liberalizm fərdi hüquq və azadlıqların müstəsna prioritetinə əsaslandığı üçün dövlətçilik kursu ilə heç də həmişə və asanlıqla uzlaşmır. Dövlətçiliyin əlverişli geosiyasi və hətta hərbi-siyasi şərtlər çərçivəsində qurulması müstəqillik qazanmış bütün xalqların ən əsas arzularındandır. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlişinin ilk illərində liberal dəyərləri üstün tutan nüfuzlu beynəlxalq siyasi dairələrin "Daha çox demokratiya, daha az dövlət" çağırışlarına cavab olaraq Azərbaycanın yerləşdiyi coğrafi-siyasi regionda, həmçinin ictimai inkişafın mövcud pilləsində dövlətçilik prinsipinin dominant üstünlük qazanması zərurətini əsaslandırmalı olmuşdur. Aydın məsələdir ki, dövlət olmadan vətəndaşların demokratik hüquq və azadlıqlarını həyata keçirmək mümkün deyildir. Lakin o biri tərəfdən də, insanların hüquq və azadlıqlarını qoruya bilməyən dövlət son nəticədə cəmiyyətin inkişafı üçün təkanverici rolunu yox, buxov və əngəl rolunu oynamağa məhkumdur. Bütün bunları nəzərə alan ulu öndər hesab edirdi ki, Azərbaycan cəmiyyətinin demokratikləşməsi sonsuz prosesdir və milli xüsusiyyətlər gözlənilməklə, müstəqil dövlət quruculuğu və milli identikliyin qorunub saxlanması şərti ilə həyata keçirilməlidir.

2003-2013-cü illərdə Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olmuşdur. Ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, insan ləyaqətinə, şəxsiyyətinə hörmət prinsipi dayanmışdır.

Milli ideyanın ehtiva etdiyi məqsədlərin həyata keçirilməsi üçün iqtisadi inkişafın müəyyən bir mərhələyə gəlib çatması zəruridir. Böyük strateq Heydər Əliyev mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini müdrikliklə irəli sürmüş, onun mərhələlərlə həyata keçirilməsinə çalışmışdır. Bu istiqamətdə mühüm addımlardan biri də 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsində külli miqdarda investisiya yatırması olmuşdur. Böyük müdrikliklə gerçəkləşdirilən yeni neft strategiyası sonrakı mərhələdə milli iqtisadiyyatın hərtərəfli inkişafı üçün iqtisadi bazisə çevrilmişdir.

Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında milli iqtisadi inkişaf modelinin əsas prioritetləri hüquqi kontekstdən göstərilmiş, insanların firavan yaşayışının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyada mülkiyyətin çoxnövlülüyü, təbii sərvətlərin xalqa məxsusluğu, habelə hər bir vətəndaşın sosial təminat, əmək, azad sahibkarlıq, mülkiyyət, mənzil toxunulmazlığı və s. hüquqları, habelə dövlətin üzərinə götürdüyü iqtisadi öhdəliklər əksini tapmışdır.

 Böyük strateq Heydər Əliyev yaxşı bilirdi ki, keçmiş sovet dövründən miras qalmış iqtisadi münasibətlər sisteminin xarakterini dəyişmədən, torpaqları kəndlilərə paylamadan, dövlətsizləşdirmə - özəlləşdirmə proqramlarını gerçəkləşdirmədən, ən başlıcası, özəl sektorun inkişafı yolu ilə istehsal potensialı yaratmadan həqiqi demokratiyaya, iqtisadi azadlığa, səmərəli təşəbbüskarlığa, sabitliyə və əmin-amanlığa qovuşmaq mümkün deyildir. 1996-cı ildən etibarən dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi prosesinə başlanılması sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların şüurunda, həyat tərzində kardinal dəyişikliklərə imkan yaratmışdır. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesi hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət etmişdir. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə, dünya təsərrüfat sisteminə inteqrasiyasına etibarlı zəmin yaratmışdır.

Hər bir dövlətin müstəqilliyi, şübhəsiz, hansısa deklorativ bəyanatlarla deyil, onun müstəqil xarici siyasət yürütmək, beynəlxalq səviyyədə milli maraq və mənafelərini təmin etmək imkanları ilə ölçülür. Müstəqil Azərbaycan da son 22 ildə yürütdüyü tarazlaşdırılmış xarici siyasətlə bölgədə maraqları toqquşan bütün dövlətlərlə münasibətlərini bərabərhüquqlu tərəfdaş səviyyəsində quraraq hegemon dövlətləri özü ilə hesablaşmaq məcburiyyətində qoymuş, beynəlxalq miqyasda sülh və əməkdaşlıq mərkəzinə çevrilməyə nail olmuşdur.

 

Mənəvi dəyərlərə qayıdış fəlsəfəsi

 

Milli ideyaların uğurla həyata keçirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesində ən mühüm şərtlərdən biri də cəmiyyətin milli-mənəvi dəyərlər ruhunda səfərbər olunmasıdır. Bu mənada, 22 illik müddətdə dövlət müstəqilliyinin Azərbaycan üçün ən böyük töhfələrindən biri sovet dövründə basqılara, təzyiqlərə məruz qalan milli-mənəvi irsin tam bərpa edilməsi, yeni dövrün tələblərinə uyğun gənc nəslə təqdimatıdır. Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində də inamla davam etdirən ulu öndər Heydər Əliyev bu məqsədlə Azərbaycanın görkəmli şairlərinin, yazıçılarının, elm və incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyevin bu sahədəki mədəni quruculuq siyasəti nəticəsində mənəvi dəyərlərimiz qorunmuş, milli adət-ənənələrimiz yaşadılmış, klassiklərimizin yüz illərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün bütün zəruri addımlar atılmışdır.

Fəlsəfi dilçilik məktəbinin banisi, alman dilçisi V.Humboldt yazır ki, "Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir - bundan da güclü olan eynilik təsəvvür etmək çətindir". Ana dili hər bir xalqın, millətin varlığıdır. Hazırda hər bir xalq, etnos özünəməxsusluğunu, milli ruhunu və mənəvi irsini qorumağın ümdə şərtlərindən biri kimi ana dilini yad təsirlərdən, assimilyasiyadan qorumağa çalışır. 1995-ci ildə Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının qəbulu ərəfəsində udu öndərin ictimaiyyətin müxtəlif təbəqələrinin, dilçi alim və ziyalıların iştirakı ilə keçirdiyi genişmiqyaslı müzakirələr, diskussiyalar, nəhayət, yekdil qərarın qəbulu ilə nəticələnmişdir: xalqımız referendum yolu ilə öz prinsipial mövqeyini nümayiş etdirərək Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbitlənməsinə səs vermiş, bütövlükdə ana dilimizə qarşı edilmiş haqsızlıq, biganəlik aradan qaldırılmış, onun cəmiyyətdəki mövqeyi bərpa edilmişdir.

Ulu öndər müstəqillik illərində də xalqın milli-mənəvi dəyərlərini və düşüncə sistemini yaşadan, günümüzə gətirib çıxaran folklor nümunələrinə - qəhrəmanlıq eposlarına da daim xüsusi maraqla, diqqətlə yanaşmışdır. Heydər Əliyevin 1997-ci il aprelin 20-də imzaladığı "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi haqqında fərmanı, yubiley komissiyasını yaratması və ona sədrlik etməsi, bunu dövlət işinin tərkib hissəsinə çevirməsi milli-mənəvi irsin qorunması, yaşadılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması sahəsində olduqca əhəmiyyətli hadisə olmuşdur.

Ulu öndər milli-mədəni irslə yanaşı, mənəviyyatın, milli əxlaq və düşüncə modellərinin qorunub saxlanılması üçün də səylərini əsirgəməmişdir. Bu baxımdan Heydər Əliyevin 13 avqust 2001-ci il tarixli bəyanatı da milli-mənəvi dəyərlərin qorunması məqsədinə xidmət etməklə, gənc nəslin tərbiyəsinə mənfi təsir göstərən neqativ amillərin aradan qaldırılmasına xidmət etmişdir.

Çağdaş tariximizə möhürünü vurmuş Heydər Əliyev dühası müstəqillik illərində azərbaycançılığın ayrı-ayrı komponentlərini vahid sistem halına gətirərək milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideya dərin məzmun yükü ilə cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ümummilli liderə xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı yaratmışdır. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən təkmil konsepsiyadır. Eyni zamanda, bu ideya xaricdə yaşayan azərbaycanlıların da vahid ideya və məqsədlər ətrafında səfərbər olunması baxımından vacib əhəmiyyətə malikdir.

Böyük strateq Heydər Əliyev çıxışlarında xüsusi vurğulamışdır ki, yeni dünya nizamının, qarşısıalınmaz qloballaşma prosesinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini çağdaş zamanın ən aktual məsələlərindən birinə çevirmişdir. Heydər Əliyev dühasının Vətəninə, xalqına, milli irs və ənənələrə bağlılığı bu təhdidlər önündə əzəmətli sipərə çevrilmiş, bütövlükdə xalqın milli genefondunu qorumuşdur. Ulu öndər Heydər Əliyev öz düşüncələrində böyük ustalıqla milli və liberal dəyərlərin uğurlu ansamblını yarada bilmişdir. Ümummilli lider öz davranışları ilə xalqımıza kənar mədəniyyətlərlə təmas zamanı yabançı həyat tərzlərindən nələri əxz etməyi, nələri götürüb, nələri kənara qoymağı böyük uzaqgörənliklə göstərmişdir.

Ümumilikdə, ulu öndər Heydər Əliyevin 1993-2003-cü illəri əhatə edən hakimiyyəti dövründə Azərbaycanda müstəqillik üçün real təhdidlərin qarşısı alınmış, dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi yeni dövrün milli ideyasına çevrilmiş, eyni zamanda, bu prosesin uğurla reallaşdırılması üçün hərtərəfli əsaslar yaradılmışdır.

 

 

(Ardı var)

 

Hüseynbala MİRƏLƏMOV,

 

Milli Məclisin deputatı, yazıçı-publisist

 

Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 6.