Fransada gənc istedadlı azərbaycanlı
rəssamın fərdi sərgisinin təntənəli
açılışı olmuşdur
Fransanın Kalvodos regionunun
Aşağı Normandiya departamentində,
La Manş sahilində
yerləşən Dovil şəhəri
beynəlxalq sərgilərə və festivallara
ev sahibliyi etməsi ilə
məşhurdur. Ona görə də Amerika filmləri festivalı təşkilat
komitəsinin və Lüsyen Barryer qrupunun təşkilatçılığı
ilə gənc istedadlı azərbaycanlı rəssam Məryəm
Ələkbərlinin fərdi sərgisinin bu
şəhərdə keçirilməsi heç
də təsadüfi deyildir.
Fransanın
məşhur aktrisası Jülyet Binoşun himayədarlığı ilə Dovilin məşhur "Royal
Barryer"
və "Normandi Barryer"
hotellərində Məryəmin
73 rəsm əsərindən ibarət sərgi təşkil olunmuş və qısa bir
vaxtda sakinlərin və şəhərin
qonaqlarının böyük
marağına səbəb olmuşdur.
"Royal Barryer" hotelində
sərginin açılışı ilə bağlı təntənəli
mərasim keçirilmişdir. Mərasimi açan Lüsyen Barryer qrupunun nümayəndəsi Loran
Russən gənc azərbaycanlı rəssam Məryəmin rəsm
əsərlərindən ibarət sərginin 39-cu Amerika kino
festivalının keçirildiyi bir vaxta təsadüf etdiyini diqqətə çatdırmış,
istedadlı rəssamın əsərlərinin əsas
qayəsindən söhbət açmış,
adlı-sanlı rəssamların onun
işlərinə yüksək qiymət verdiyini
qeyd etmişdir. Bildirilmişdir ki, Məryəmin
əsərlərində ecazkar təbiətin təsviri gənc rəssamın
təbiətə vurğuluğundan xəbər
verir.
Tədbirdə
çıxış edən Azərbaycanın xalq rəssamı, Fransa və
İspaniya İncəsənət
Akademiyasının üzvü, Beynəlxalq
Rəssamlar Federasiyasının və Rusiya
Rəssamlar Akademiyasının vitse-prezidenti Tahir Salahov gənc rəssamın əsərləri
ilə çoxdan tanış olduğunu, Məryəmin özünəməxsus
təkrarolunmaz
yaradıcılığının məhsulu olan
rəsm əsərlərindən ibarət sərginin
Fransanın Dovil şəhərində təşkil
edilməsindən məmnunluq hissi keçirdiyini vurğulamışdır. T.Salahov Məryəm
Ələkbərlinin müxtəlif vaxtlarda
İtaliyada, Rusiyada və
digər ölkələrdə nümayiş
etdirilən sərgilərinin tamaşaçılarda doğurduğu böyük
maraqdan danışmışdır. O, qeyd etmişdir ki, Məryəmin əsərlərində dünyaya özünəməxsus
baxışın olduğu
açıq-aydın hiss edilir.
Bu baxışdan irəli gələn dünyagörüşü rəssamın
yaradıcılığında ifadə olunur.
Bu da onun
qəlbinin aynasıdır. Bu aynadan Məryəmin yaradıcılıq iradəsi,
istedadı və bacarığı görünür.
Gənc rəssamın əsərləri dünyanın
müxtəlif ölkələrində keçirilən sərgilərdə
nümayiş etdirilmiş
və həmişə də böyük
uğurlar qazanmışdır.
Rəssamlıq
sənətində orijinal yol
tutduğunu, dünyanın müxtəlif
rənglərini ağ kətana
köçürən istedadlı rəssamın əsərlərinin
əsas qayəsini təbiət təsvirləri, qadın
portretləri və natürmortlar təşkil
etdiyini diqqətə çatdıran T.Salahov Məryəmin əsərlərinin gələcəkdə
də müəllifinə daha böyük uğurlar
qazandıracağına əminliyini
bildirmişdir.
Məryəmin
sərgisindən söhbət açan Dovil şəhərinin meri
Filip Ojie demişdir: "Hesab edirəm
ki, Məryəm Ələkbərlinin rəsmləri
həqiqi bir üslubdur.
Bunu mənə gördüklərim deyir. Əlbəttə, hər bir
rəssamı xarakterizə edən də onun
üslubudur. Həmişə deyirlər ki, bugünkü rəssamlar
keçmişdə yaşamış rəssamların
davamçılarıdır. Gənc rəssamın əsərlərinə
bu nöqteyi-nəzərdən qiymət verir və ona
yaradıcılıq uğurları arzulayıram".
Sərginin
iştirakçısı Jak Kronje Məryəmin əsərlərindən
aldığı təəssürat barədə AzərTAc-a verdiyi müsahibəsində demişdir:
"Mən bəstəboy gənc qızın
yaratdığı rəsm əsərlərinə, sözün əsl mənasında, valeh oldum. Yaşının
az olmasına baxmayaraq,
onun bu qədər əsər
yaratması, xüsusilə, təbiət təsvirləri diqqətimi
daha çox cəlb etdi. Özünəməxsus orijinal
üslubu olan rəssamın
təbiət təsvirlərində rəng seçimi
onun peşəkarlığından xəbər
verir. Gənc rəssamın əsərlərindən
hiss olunur ki, onun öz
rəsm dünyası vardır və bu
dünyanı olduğu kimi
dərk edərək ağ kətana köçürür. Bir-birindən tamamilə
fərqli olan qadın portretləri onun bir rəssam kimi peşəkarlığından xəbər
verir. Bir sözlə,
Azərbaycanın bu istedadlı gənc rəssamına
yeni yaradıcılıq uğurları
diləyirəm".
Tədbir
iştirakçılarına Məryəmin dünyanın
tanınmış incəsənət xadimləri ilə
görüşlərindən və
yaradıcılığından bəhs edən albom paylanmış, gənc rəssamın sərgisi
barədə videoçarx nümayiş
etdirilmişdir.
Sərginin
açılışında Azərbaycanın Fransadakı səfiri
Elçin Əmirbəyov, bələdiyyə
idarəsinin rəsmiləri, tanınmış aktyorlar, şəhər ictimaiyyətinin
nümayəndələri, Məryəmin ailə üzvləri
və digər qonaqlar iştirak
etmişlər.
Sonda Azərbaycan incəsənət
ustalarının ifasında musiqi səslənmişdir.
Əsgər
ƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Paris
Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 6.