Gənclər Azərbaycanın
daha uğurlu gələcəyi naminə birləşir
Avqustun 30-dan
sentyabr ayının 1-dək Bakıda Xaricdə Təhsil Alan
və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq
Forumunun (ASAİF) XI Yay Forumu keçirildi. Dünyanın
45 ölkəsindən 600 nəfərin iştirak etdiyi tədbirdə
gənc həkimlər, politoloqlar, iqtisadçılar,
psixoloqlar, hüquqşünaslar, genetiklər, mühəndislər,
riyaziyyatçılar, bioloqlar və bir çox digər
ixtisaslara malik peşəkar gənclər var idi. Bu gənclər
təhsillərini dünyanın ən qabaqcıl ali təhsil
ocaqlarında tamamlamış, bir qismi isə hal hazırda
davam etdirməkdədirlər.
Forum zamanı
onların ASAİF-in fəaliyyəti ilə bağlı fikirlərini
öyrəndik.
Bakı
forumu ASAİF-i bir addım da irəli apardı
Rüfət
ƏZİZOV,
ASAİF-in
həmtəsisçisi, M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin məzunu, kimya üzrə fəlsəfə
doktoru:
- ASAİF-in hər il
keçirilən forumlarının 11-cisi Bakıda baş
tutdu. Bu forum digər toplantılardan çox fərqləndi.
Burada müzakirə olunan mövzular,
keçirilmə formatı və iştirakçıların
sayının 600-dən çox olması ASAİF-in təşkil
etdiyi gənclər birliyinin səmərəli fəaliyyətinin
təzahürüdür. ASAİF-in məqsədi xaricdə
təhsil alan və məzunu olan azərbaycanlı
tələbələrin şəbəkəsini yaratmaq və
ölkəmizin milli maraqlarını xaricdə yüksək səviyyədə
təbliğ etməkdir. Eləcə də həmin
gənclərlə dövlət məmurları, orqanları
arasında bir körpü rolunu oynamaqdır ki, bu da
keçirdiyimiz forumlarda özünü göstərib. İstənilən tələbə istədiyi
dövlət rəsmisinə öz müraciətini
ünvanlaya və cavab ala bilir. Builki forum
çox sərbəst keçirildi. Hesab
edirəm ki, bu forum ASAİF-i bir addım da irəli aparacaq və
təşkilatın daha da genişlənməsinə, digər
gənclər təşkilatları ilə əlaqələrinin
möhkəmlənməsinə şərait yaradacaq.
ASAİF yarananda nəzərdə
tutduğu planların əksəriyyəti həyata
keçirilib. Yeniləşən
dünyada ASAİF yeni layihələr, proqramlar həyata
keçirməyə çalışır. Azərbaycan bu gün inkişaf etməkdə olan
ölkələr sırasındadır və hər gün
yeniliklər baş verir. ASAİF də
dinamik tərəqqi naminə qarşısına yeni hədəflər
qoyur və onları həyata keçirməyə
çalışır. Bu illər ərzində
ASAİF öz məqsədlərinə nail olmuşdur. Müxtəlif ölkələrdə tədbirlərin
keçirilməsi, Azərbaycanın problemlərini dünya
ictimaiyyətinə yeni formatda, onların başa düşəcəyi
dildə təqdim olunması kimi addımlar atılır.
Bu, ASAİF-in missiyasıdır və gələcəkdə
də davam etdiriləcək.
Bakı
forumu gənclərimizin ASAİF-ə inamını daha da
artırdı
Vüsal
QURBANOV,
ASAİF-in
baş katibi, Çinin Tsinghua Universitetinin beynəlxalq
hüquq fakültəsinin magistri:
- ASAİF-in Bakı Forumu xaricdə təhsil
alan gənclər üçün bir
karyera forumu olmaqla yanaşı, onların təhsil
aldıqları ölkələrdə tək
olmadıqlarını bir daha sübut etdi. Bakıya
toplaşan gənclər hiss etdilər ki, ASAİF hər zaman
onlara dəstəkdir və istənilən məsələnin
həllində yardımçı olmağa hazırdı.
Hesab edirik ki, Azərbaycanda son 10 ildə gənclərin
xaricdə təhsil almaları üçün şəraitin
yaradılması ölkənin gələcək
inkişafına verilən ən böyük töhfədir.
Bu gün azərbaycanlı gənclər zəruri
ixtisaslar üzrə xaricdə təhsil alır. Onların ölkənin inkişafına töhfə
verməsini təmin etmək məqsədilə
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" təsdiq edilib. Dövlət
proqramının reallaşdırılmasının
başlıca məqsədi neft kapitalının insan
kapitalına çevrilməsi, ölkənin yüksək
ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsini
təmin etməkdir. Hazırda uğurla həyata
keçirilən dövlət proqramı, eləcə də
yuxarıda qeyd olunan digər təhsil formaları üzrə,
demək olar ki, Avropa ölkələrinin əksəriyyətində,
ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi
Koreya və s. ölkələrdə minlərlə Azərbaycan
vətəndaşı təhsil alır. ASAİF
bu tələbələrin şəbəkələşməsi
üçün əlindən gələni əsirgəmir və
qurumun fəaliyyəti demək olar ki, müsbət qiymətləndirilir.
Bu gün xaricə gedən hər bir azərbaycanlı
gənc düşünməlidir ki, onlar Azərbaycanın gələcəyini
uğurlu inkişafa aparan gənclərdirlər. Məhz
buna görə də xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almaq
üçün tələbələrin seçilməsi,
ixtisaslarının müəyyənləşdirilməsi və
onlara təhsil almaq üçün lazımi şəraitin
yaradılması mühüm əhəmiyyətə malik məsələlərdir. Biz ASAİF-çilər
hesab edirik ki, xarici ölkələrdəki gənclərimiz təhsil
almaqla yanaşı, həm də Azərbaycan xalqının təmsilçisi,
onun qədim mədəniyyətinin, adət və ənənələrinin
təbliğatçılarıdırlar. Bu
gün xaricə gedən hər bir gənc yalnız təhsildə
deyil, Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında, Azərbaycanda baş verən
siyasi proseslərdə fəal olmalıdır. Təhsildə uğurlardan danışan zaman Azərbaycanın
da artıq xaricdən gələn tələbələr
üçün bir arzu olmasını xüsusi qeyd etmək
lazımdır. Azərbaycan Prezidenti
İlham Əliyevin qayğısı nəticəsində bu
gün Azərbaycanda yaradılmış elm və təhsil
müəssisələri dünyanın ən qabaqcıl elm mərkəzləri
ilə rəqabətə girməyi bacarır.
Azərbaycan nadir ölkələrdən
biridir ki, təhsil sisteminin, elmin inkişafı
üçün bu qədər işlər
görülür. Yalnız son dövrlərdə
yaradılmış Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondu ilə Gənclər
Fondunu xüsusi qeyd etmək lazımdır. Məhz bu fondların ayırdığı qrantlar
hesabına azərbaycanlı gənclərin təhsil
almaları, öz potensiallarını üzə
çıxarmaları üçün şərait
yaradılıb. İnanıram ki, məhz
ölkə rəhbərliyinin qayğısı nəticəsində
bizim uğurlarımız daha da artacaq. Hesab edirəm ki,
Bakı forumu gənclərimizin ASAİF-ə olan
inamını daha da artırdı
ASAİF
perspektivli gənclərin vahid platformasıdır
Elbin
Quliyev,
Ukraynanın
Xerson Dövlət Universitetinin tələbəsi, Ukrayna Azərbaycanlı
Gənclər Birliyinin Xerson nümayəndəliyinin sədri:
- ASAİF-in xaricdə təhsil alan tələbələrin
qayğıları üzərində rolu danılmazdır. Çünki bu təşkilat hazırda perspektivli və
kreativ gənclərin vahid platformasıdır. Onun hər
il keçirdiyi ənənəvi forumlar gəncləri şəbəkələşdirmək
baxımından
müsbət qarşılanır. ASAİF
minlərlə gənci əhatə edir. Görülən
işlər göz qabağındadır. Azərbaycanı
xaricdə təmsil edən bir şəxs kimi, deyə bilərəm
ki, xaricdə təhsil alan hər bir tələbə
gənc səfir missiyası daşıyır. Biz
çalışırıq ki, bu missiyanı layiqincə yerinə
yetirək, Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini
və adət-ənənələrini müsbət mənada
təbliğ edək.
Bununla bərabər, əsas
amalımızdan biri də qan yaddaşımız olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini dünya ictimaiyyətinə
çatdırmaqdır. ASAİF
çalışır ki, bu problemi, yəni Azərbaycan həqiqətlərini,
erməni terrorunu, xalqımıza qarşı törədilən
soyqırımları xaricdə təhsil alan
tələbələrimiz oxuduqları universitetlərdəki
yoldaşlarıyla paylaşmaqla yanaşı, müxtəlif təbliğat
vasitələri ilə həmin ölkədə yaya bilsinlər.
Ona görə də bu qurumun fəaliyyəti
bizi çox qane edir. Çalışırıq
ki, əlaqələrimiz daha da genişlənsin, şaxələnsin
və dünya Azərbaycanın haqq səsini eşitsin.
Bu gün Azərbaycan Prezidenti İlham
Əliyevin apardığı xarici siyasət həqiqətən
ölkəmizin dünyada tanıdılması istiqamətində
ciddi uğur hesab olunur. Bunu biz kənardan
daha aydın şəkildə görürük və fəxr
edirik.
ASAİF-in
hər forumu yeni başlanğıc, yeni həyəcan, yeni təcrübədir
Rəna
Axundlu,
Böyük
Britaniyanın "York" Universitetinin məzunu:
- Son üç ildə ASAİF-in tədbirlərinə
qatılıram. ASAİF mənə nələr verdi? İlk olaraq diaspor fəaliyyətində
mənə çox kömək göstərdi. Daha sonra ölkəmizi vətəndən kənarda,
xüsusən də Böyük Britaniya kimi bir ölkədə
təmsil etməkdə dəstək oldu. Bununla
bərabər, şəbəkələşirik, xeyli
savadlı, dünyagörüşlü dostlar
qazanırıq. Onlarla fikirlərimizi
paylaşırıq. İnanıram ki,
bunların hamısı mənim gələcək karyeramda
çox müsbət rol oynayacaq. ASAİF-in
hər forumu yeni bir başlanğıc, yeni həyəcandır
və zəngin təcrübədir. ASAİF
bizləri bir araya yığmaqla nəinki
gücümüzün birlikdə olduğuna, həmçinin
bir-birimizi tanımaqla əslində nə qədər
savadlı və kreativ gəncliyə malik olduğumuza əminlik
yaradır və bununla da qürürlandırır. XI Yay Forumu mənə çox şeylər
qazandırdı.
Bu forumda dövlət rəsmiləri, gənclər
təşkilatlarının rəhbərləri ilə
üz-üzə dayanıb söhbət etmək, onlarla fikirlərini
bölüşmək, eləcə də məsləhətlər
almaq şəxsən mənim böyük təcrübə
toplamağıma səbəb oldu. Hesab
edirəm ki, ASAİF-in hər il təşkil
etdiyi bu forumların dövlətimiz üçün
uğurlu nəticəsi olacaq və gələcəkdə məhz
bu gənclər Azərbaycanı daha da irəli aparacaqlar.
ASAİF
xaricdə təhsil alan hər bir azərbaycanlı
gəncin stimuludur
Natiq
XƏLİLOV,
Çin
Xalq Respublikasının Renim (Xalq) Dövlət Universiteninin hüquq
fakültəsinin V kurs tələbəsi:
- ASAİF-in keçirdiyi bütün
forumlarda böyük məmnuniyyətlə iştirak edirəm.
Hesab edirəm ki, ASAİF Azərbaycan gəncliyini birləşdirən
qurumdur və xaricdə təhsil alan hər
bir azərbaycanlının fəaliyyətinə stimul verən
təşkilatdır. Bu forumda iştirak edən
gənclər şahid olurlar ki, Azərbaycanın böyük
dəyərləri var. Eyni zamanda bütün tələbələr
bu forumlarda Azərbaycanın xaricdə təmsilçiliyinin
hansı formada həyata keçirilməsini öyrənirlər.
Hesab edirəm ki, bu gün Azərbaycan gəncliyi
inkişaf etməkdə olan ölkəmizi xaricdə layiqincə
təmsil edir. Bunu keçirilən tədbirlər,
forumlar da təsdiqləyir. Təhsil
aldığım Çin Xalq Respublikasında Azərbaycanın
tarixini, mədəniyyətini təbliğ etməklə məşğul
oluruq. Eyni zamanda
çalışırıq ki, Çində Azərbaycanın
yaralı yeri olan Dağlıq Qarabağ problemi ilə
bağlı həqiqətləri də tələbə həmkarlarımıza
olduğu kimi çatdıraq. Bu
missiyanı həyata keçirməklə üzərimizə
düşən öhdəliyi yerinə yetiririk. İnanıram ki, Azərbaycan gəncliyi inkişaf
etməkdə olan ölkəmizi xaricdə layiqincə təmsil
edir.
Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 5.