İqtisadi uğurların təntənəsi
Ölkə
başçısı son aylarda
respublikanın 19 rayonuna səfəri
zamanı 67 sosial obyektin
açılışında iştirak edib və 7 obyektdə aparılan böyük abadlıq-quruculuq işləri ilə
tanış olub
Azərbaycanı
nəinki Cənubi Qafqaz regionunda,
ümumilikdə Avratlantika geosiyasi
arealında öz sözü
və mövqeyi olan,
səmərəli iqtisadi təşəbbüslərin
müəllifi kimi tanınan dövlətə
çevrilib. Zəngin təbii
sərvətlərdən səmərəli istifadə
olunması, respublikanın investisiya cəlbediciliyinin
yüksəldilməsi və digər konseptual
əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son illərdə
ölkə iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni
keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Müxtəlif
beynəlxalq qurumlar respublikamızın
davamlı iqtisadi yüksəlişi
timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, "İnkişafın Azərbaycan
modeli"nin mahiyyətini
öyrənməyə çalışırlar.
İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə
xidmət edən islahatların dərinləşdirilməsi,
Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi, hər
bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən
başlıcası, ölkənin ərazi bütövlüyünün
və suverenliyinin bərpası keyfiyyətcə yeni mərhələdə milli
ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir. Prezident İlham
Əliyev ulu öndərin böyük
müdrikliklə irəli sürdüyü
inkişaf strategiyasını ötən
10 ildə inamla davam
etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla
demokratikləşmə proseslərinin paralel
şəkildə aparılmasına, birinin
digərini tamamlamasına çalışmışdır.
Dünya İqtisadi
Forumunun 2013-2014-cü il
üzrə "Dünya Rəqabətlilik
Hesabatı" rəsmi olaraq beynəlxalq
ictimaiyyətə təqdim edilib. Azərbaycan
qlobal rəqabətqabiliyyətlilik indeksinə
görə 7 pillə irəliləyib. "Dünya Rəqabətlilik Hesabatı
2013-2014" nəşrinə əsasən, Azərbaycan rəqabətlilik
reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə
qərarlaşmışdır. 2012-2013-cü illər
hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı,
2011-2012-ci illər hesabatında isə 142 ölkə
arasında 55-ci yeri tutmuşdur.
Qlobal
iqtisadiyyatın böhran dövrünü
yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın
7 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli
iqtisadiyyatı sırasına daxil
olması ölkədə aparılan məqsədyönlü
sosial-iqtisadi inkişaf
siyasətinin əyani göstəricisi və ölkəmizin
beynəlxalq nüfuzunun artmasının
nümunəsi kimi qiymətləndirilə
bilər.
Azərbaycan makroiqtisadi mühit
göstəricisinə görə 8-ci, əmək
bazarının səmərəliliyi
göstəricisinə görə 30-cu, texnoloji
hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar
tutub.
Bölgələr
davamlı inkişaf edir
Ölkə
başçısının 14 aprel
2009-cu il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın başlıca məqsədi də respublikada qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin
həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Sahibkarlığın
inkişafı da ölkə
iqtisadiyyatının şaxələndirilməsi
baxımından həyata keçirilən dövlət siyasətinin
aparıcı istiqamətlərindən birini
təşkil edir. Dövlət
proqramında davamlı iqtisadi inkişafın
təmin edilməsi baxımından kiçik
və orta sahibkarlığın (KOS) dünya iqtisadiyyatına inteqrasiyasının
sürətləndirilməsi, ixrac
potensialının artırılmasında və cəmiyyətin
sosial problemlərinin həllində KOS-un rolunun gücləndirilməsi;
sahibkarlıq fəaliyyətinin sahə, regional və texnoloji
baxımdan strukturunun
optimallaşdırılması; kiçik,
orta və iri müəssisələr
arasında qarşılıqlı səmərəli əməkdaşlığın,
o cümlədən istehsal-kooperasiya
əlaqələrinin genişləndirilməsi; sahibkarlığın dəstəklənməsinin müasir təşkilati modellərinin
yaradılması, o cümlədən sahibkarlar üçün
məsləhət xidməti, informasiya təminatı,
marketinq xidməti və sair
strukturların yaradılmasının davam
etdirilməsi; ticarət yarmarkalarının yaradılması;
yerli iqtisadiyyatın yönümünü
nəzərə almaqla rayonlarda
işsizlər üçün
kadrların peşə hazırlığının təkmilləşdirilməsi
mərkəzlərinin yaradılması; sahibkarlıq fəaliyyətinə
müdaxilələrin qarşısının alınması mühüm vəzifələr kimi qarşıya qoyulmuşdur.
Ümumiyyətlə,
dövlət başçısının son
10 ildə imzaladığı 50-yə yaxın dövlət
proqramı ölkə həyatının ən müxtəlif
sahələrində kompleks islahatların
əsasını qoymuşdur. İnkişaf prosesində ahəngdarlıq,
yüksək dinamizm təmin edilmiş, ölkənin mövcud
resursları keçid dövrü üçün
səciyyəvi problemlərin tez bir zamanda aradan
qaldırılmasına yönəldilmişdir. İnkişaf, sosial təminat
və struktur yönümlü
bu layihələr ilk
növbədə hər bir vətəndaşın
layiqli həyat tərzinin təmin
olunmasına, insan hüquq
və azadlıqlarının
təminatına, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında
həyata keçirilməsinə, bir
sözlə, davamlı və sabit inkişafa xidmət etmişdir.
Vətəndaşa
layiqli xidmət məramı
Dövlət
başçısının praqmatizmə və real əməli işə söykənən
siyasətinin əsasında məhz insan və
şəxsiyyət amili dayanır. "Hər bir məmur xalqının
xidmətçisi olmalıdır", - deyə hakimiyyəti xalqa layiqli xidmət məramı
kimi dəyərləndirən dövlət
başçısı eyni zamanda Nazirlər Kabinetinin
müntəzəm olaraq xalq
qarşısında hesabat verməsini,
görülən işlər barədə ictimaiyyətin
hərtərəfli məlumatlandırılmasını demokratik idarəetmənin zəruri tələbi
kimi önə çəkmişdir. Dövlət başçısı ötən 10
ildə ayrı-ayrı məmurlara etimad
meyarını məhz onların fəaliyyətinə nəzərən
müəyyənləşdirmiş, ictimaiyyətin görülmüş işlər,
qarşıda duran məqsədlər və
həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır.
Ölkə başçısının qətiyyəti və
prinsipiallığı hökumətin daha
çevik və məsuliyyətli fəaliyyətini
şərtləndirməklə yanaşı, həyata
keçirilən islahatların səmərəli nəticələr
verməsini də təmin etmişdir. "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın icrasının dördüncü
ilinin yekunları bir daha bütün
regionların davamlı inkişaf etdiyini və qarşıya qoyulan
vəzifələrin uğurla gerçəkləşdiyini
sübuta yetirdi. İnfrastrukturun yeniləşdirilməsi
insanların firavan və rahat yaşayışı,
sahibkarlığın dinamik
inkişafı məsələləri ilə yanaşı, bu gün həm də
ölkənin milli təhlükəsizliyi
ilə bağlı məsələdir. Həyata keçirilən
şaxələndirmə tədbirləri,
sahibkarlığın inkişafı, investisiya
mühitinin daha da yaxşılaşdırılması nəticəsində
qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir. Bölgələrin
tarazlı və davamlı inkişafının təmini, yeni iş yerlərinin
açılması, infrastrukturun yeniləşdirilməsi,
mövcud problemlərin aradan
qaldırılması məqsədilə imzaladığı
dövlət proqramlarının, fərman və sərəncamların
icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla
birbaşa ünsiyyət quraraq
mövcud çətinliklər barədə
informasiyaları ilkin mənbədən almaq üçün
vaxtaşırı Azərbaycanın müxtəlif
rayonlarına təşkil edilən səfərlər də cənab
İlham Əliyevin son
10 il ərzində prezidentlik
dövrünün əsas istiqamətlərindən
biri kimi diqqəti
çəkir.
Verilən
vəd və real nəticə
Prezident İlham Əliyevin ölkəmizin şimal və şimal-qərb bölgəsinə
4 günlük səfəri zamanı 24 sosial obyektin
açılışında iştirakı və 4 obyektdə
aparılan tikinti-yenidənqurma işləri ilə
tanış olması deyilənlərə əyani
misaldır. Ölkə başçısının
İsmayıllı, Qəbələ, Şəki, Oğuz,
Qax, Balakən,
Zaqatala rayonlarına səfərləri
adıçəkilən rayonlarda iri avtomobil
yollarının, mədəniyyət mərkəzlərinin, olimpiya idman komplekslərinin,
yeni məktəb və uşaq
bağçalarının, elektrik
stansiyalarının, mühüm turizm obyektlərinin açılışı
ilə əlamətdar olmuşdur.
Ölkə
başçısı Balakəndə Mədəniyyət Mərkəzinin
açılışında bildirib:
"Hər bir bölgənin uğurlu inkişafı nəticədə
ölkəmizin inkişafını təmin edir.
O ki qaldı iqtisadi məsələlərə,
iqtisadi islahatlar
aparılır və bu ilin
7 ayının göstəriciləri də çox
müsbətdir. İqtisadiyyat artır, qeyri-neft sektoru təxminən
11 faiz artmışdır. Bu
da dünyada rekord göstəricidir. Bütün
maliyyə, iqtisadi böhranlar
Azərbaycandan yan keçir.
Ona görə yox ki, Azərbaycanı əhatə edə bilmir. Ona görə ki, Azərbaycanda, bəzi başqa
ölkələrdən fərqli olaraq, düşünülmüş siyasət
aparılır və heç vaxt lazımsız borclanma
siyasəti aparılmır. Biz öz hesabımıza yaşayırıq,
müstəqil yaşayırıq. Ölkəmiz gündən-günə
güclənir və iqtisadi müstəqilliyi
nəticəsində siyasi müstəqilliyini
təmin edir.
Bu gün
Azərbaycan, sözün əsl mənasında,
müstəqil dövlətdir. O dövlətdir ki, uğurla, inamla irəliyə gedir. Bizim üçün bütün hədəflər müəyyən
edilibdir. Biz inkişaf etmiş ölkəyə
çevrilməliyik və çevriləcəyik. Buna nail olmaq
üçün, əlbəttə ki, hər bir vətəndaşın
töhfəsi çox vacibdir.
Balakənlilər həmişə olduğu
kimi, vətənə, dövlətə,
dövlətçiliyə sadiqdirlər, öz
işləri ilə bizim ümumi
işimizə də təkan verirlər. Belə gözəl
binaların yaradılması, əlbəttə ki, dediyim sözlərin sübutudur".
Bütün
bölgələrdə Heydər Əliyev mərkəzləri
yaradılır
Prezident İlham
Əliyevin Salyan, Biləsuvar, Cəlilabad,
Yardımlı, Masallı, Lənkəran və Astara rayonlarına səfəri bir daha göstərdi ki, regionların inkişafı davamlı və
dinamikdir. Bu səfər regionların sosial
obyektlərinin və yol-nəqliyyat infrastrukturunun
müasir standartlara uyğun yenidən qurulmasının,
abadlıq və quruculuq işlərinin
yüksək səviyyədə həyata keçirilməsinin,
insanların sosial
qayğılarının, mədəni istirahətlərinin, o cümlədən gənc nəsli
düşündürən məsələlərin dövlətin
diqqət mərkəzində olduğunu
göstərdi.
Ölkə
başçısının Biləsuvar, Yardımlı
rayonlarına və Lənkəran şəhərinə səfərləri
çərçivəsində yeni
içməli su xətlərinin istifadəyə
verilməsi göstərdi ki, dövlətin
sosial siyasətinin mərkəzində məhz
vətəndaş dayanır. Bu məqsədlə keçirilən mərasimlərdə
qeyd olunduğu kimi, bu proses
davamlıdır və hər bir şəhərin,
kəndin, qəsəbənin təmiz içməli su təchizatının yüksək səviyyədə
təmini daim diqqət mərkəzində
olacaq.
Prezident İlham
Əliyevin regionlara səfəri yeni idman oybektlərinin
istifadəyə verilməsi baxımından da
əlamətdardır. Masallıda Taekvondo
və Boks mərkəzləri, Astarada Boks Mərkəzi
istifadəyə verildi. Bu
idman komplekslərinin hər birində
yarışların və məşqlərin keçirilməsi
üçün yüksək səviyyədə
şərait yaradılıb. Binaların texniki
təchizatı ən müasir standartlara cavab verir. Burada gənclərin
idmanın digər növləri ilə məşğul
olmaları üçün də imkanlar yaradılıb.
Azərbaycanın
bütün bölgələrində müasir standartlara cavab verən diaqnostika mərkəzlərinin,
xəstəxanaların, poliklinikaların tikilməsi, köhnə,
yararsız vəziyyətdə olanların təmir edilməsi
məqsədilə dövlət büdcəsindən vəsaitlərin
ayrılması ölkəmizin məqsədyönlü sosial
siyasətindən xəbər verir.
2013-cü ildə də bu istiqamətdə
işlər uğurla davam
etdirilib. Prezident İlham Əliyevin respublikanın bölgələrinə
hər səfərində yeni səhiyyə
obyektləri istifadəyə verilib. Bu il Cəlilabadda rayon mərkəzi xəstəxanasının
inşası, Astarada və Lənkəranda
isə mərkəzi xəstəxanaların yenidən
qurulması başa çatdırılıb.
Bu rayonlara səfər
zamanı Prezident İlham
Əliyev Cəlilabadda xəstəxananın
açılışında iştirak edib, Astarada və Lənkəranda
aparılan yenidənqurma işləri ilə tanış olub. Bu səhiyyə
ocaqlarında xəstələrə yüksək səviyyədə
tibbi xidmət göstərilməsi üçün hər cür
şərait yaradılıb. Müasir tibbi avadanlıqlarla təchiz olunmuş
bu tibb ocaqları ilk növbədə bir məqsədə
- Azərbaycan əhalisinin sağlamlığının
qorunması kimi mühüm
missiyanın yerinə yetirilməsinə xidmət edir.
Yol-nəqliyyat
infrastrukturunun inkişaf
etdirilməsi də günümüzün
aktual məsələlərindən biridir. Son illərdə
Bakıda və ölkənin hər yerində insanların
rahatlığını təmin etmək, tıxacların
qarşısını almaq üçün yol infrastrukturu tamamilə yenidən qurulub, mövcud yollar genişləndirilib və ya yeniləri çəkilib. Hazırda diqqət
yetirilən əsas məsələlərdən biri regional əhəmiyyətli,
o cümlədən kəndarası
yolların yenidən qurulmasıdır. Prezident
İlham Əliyevin
səfəri zamanı Cəlilabadda Qarazəncir-Qarakazımlı-Bayxanlı,
Astarada
Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə,
Lənkəranda Lənkəran-Vilvan-Osaküçə-Türkəncil
avtomobil yolunun,
Yardımlıda isə Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin istifadəyə verilməsi
də bunu təsdiq edir. Bu yollar 150 mindən artıq insanın
yaşadığı 85 yaşayış məntəqəsini
əhatə edir.
Gənclik hər
bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən,
cəmiyyətin ictimai-siyasi həyatında
yaxından iştirak edən
aparıcı təbəqədir. Təsadüfi deyil ki, Azərbaycan
dövlətinin qarşıya qoyduğu əsas
vəzifələrdən biri
hazırkı sürətli inkişaf
proseslərinə gəncləri də cəlb etmək,
onların bilik və
bacarığından yararlanmaqdır. Bu
reallığı nəzərə alan Azərbaycan
dövləti gənclərə malik
olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş
meydan verməyin tərəfdarı kimi çıxış edir.
Hazırda regionlarda inşa
olunan gənclər mərkəzləri də
bu məqsədə xidmət edir.
Qeyd edək ki,
bu il ərzində
dövlət başçısının səfər etdiyi rayonların bəzilərində gənclər
mərkəzləri inşa olunub və istifadəyə verilib.
Bu dəfə isə Lənkəran şəhərində
Gənclər Mərkəzi istifadəyə verilib.
Mərkəzin açılışında iştirak
edən Prezident İlham
Əliyev burada cənub bölgəsinin ali məktəblərə builki
qəbul imtahanlarında yüksək bal
toplamış gəncləri ilə görüşüb.
Mərkəzdə gənclərin müxtəlif tədbirlər
keçirməsi, istirahəti, həmçinin əyləncəsi
üçün imkanlar
yaradılıb.
Prezident İlham
Əliyev səfəri zamanı Salyan, Biləsuvar
və Yardımlıda Heydər Əliyev Mərkəzinin
açılışında, Masallıda isə Heydər
Əliyev Mərkəzinin yenidənqurmadan sonrakı
açılışında iştirak edib. Ulu öndər Heydər Əliyevin zəngin irsinin təbliğində və gələcək
nəsillərə çatdırılmasında böyük rol oynayan bu mərkəzlər
həm də yeniyetmə və gənclərin asudə
vaxtlarının mənalı təşkili, müasir
texnoloji yeniliklərlə yaxından
tanış olmaları, biliklərinin
artırılmasına və bacarıqlarının inkişaf etdirilməsinə yönələn
kursların təşkili baxımından mühüm
əhəmiyyət kəsb edir.
Səfər
zamanı cənab Prezidentin iştirakı
ilə Biləsuvar, Yardımlı və Masallıda Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının, həmçinin
Salyan və Biləsuvar rayon
icra hakimiyyətlərinin yeni
inzibati binalarının
açılışı oldu. Yeni Azərbaycan
Partiyasının rayon təşkilatları
üçün müasir
binaların tikilməsi ölkənin bu
aparıcı siyasi təşkilatının
regionlarda fəaliyyətinin daha da güclənməsinə,
rayon icra hakimiyyətlərinin
yeni inzibati
binalarındakı ən müasir iş şəraiti isə onların işinin çevikliyinə, operativliyinə və
yüksək idarəetmə mexanizmləri çərçivəsində
qurulmasına xidmət edir.
Ümumilikdə
Prezident İlham
Əliyev 2 gün ərzində 7 rayona səfəri zamanı 27 sosial,
iqtisadi, mədəni və inzibati infrastrukturun - 4 avtomobil yolunun, 3 xəstəxananın,
3 su xəttinin, 4 Heydər Əliyev Mərkəzinin,
3 idman mərkəzinin, YAP-ın 3 rayon təşkilatının və iki rayonun icra
hakimiyyətinin
yeni inzibati
binalarının, həmçinin hərbçilər üçün yaşayış kompleksinin, Bayraq
meydanının, körpələr evinin,
gənclər və mədəniyyət mərkəzlərinin
açılışında iştirak edib.
Heydər Əliyev siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilib
Prezident İlham Əliyev bu günlərdə Yevlax, Bərdə rayonlarına, Naftalan şəhərinə, eləcə
də Şəmkir və Gədəbəy rayonlarına iki günlük səfəri
zamanı 16
sosial obyektin açılışında iştirak
etmiş və 3 obyektdə isə aparılan abadlıq-quruculuq
işləri ilə tanış olmuşdur. Ölkə başçısının
adları çəkilən
rayonlara səfəri Heydər Əliyev Mərkəzinin, avtomobil yollarının, məcburi
köçkün ailələri
üçün yeni salınmış məhəllənin,
yeni xəstəxananın,
məktəb binalarının,
mehmanxana komplekslərinin,
körpülərin, içməsi
suyun verilməsi mərasimi, Bayraq Meydanı Mərkəzinin
açılışı ilə əlamətdar olmuşdur.
Ölkə
başçısı Şəmkir şəhərinə
içməli suyun verilməsi mərasimində
iştirakı zamanı bildirib: "Regional inkişaf
proqramı hər il yüz
milyonlarla manat vəsaitin
qoyuluşu deməkdir. Son
10 il ərzində isə
bütövlükdə ölkə iqtisadiyyatına 150 milyard dollar vəsait qoyulmuşdur. Yəni əgər illərə
bölsək, hər il orta
hesabla 15 milyard dollar, yəni Azərbaycan kimi
ölkə üçün bu, çox böyük rəqəmdir. Bütün
bu vəsaiti biz düşünülmüş siyasət və
ardıcıl, məqsədyönlü fəaliyyət nəticəsində
əldə etmişik. Azərbaycan
xalqının zəhməti, istedadı hesabına və düzgün siyasət hesabına biz buna nail
ola bilmişik. Bu gün Azərbaycanda olan dinamik inkişaf
heç bir yerdə yoxdur. Mən bunu tam əminliklə və qətiyyətlə
deyirəm. Ona görə yox
ki, biz burada
özümüzü tərifləyirik. Amma bu, reallıqdır. Heç bir ölkə son 10 il ərzində Azərbaycan
qədər inkişaf etməyib və inkişaf etmir. Bu il də dinamik
inkişaf təmin edilib.
Altı ayın yekunları da onu göstərir. Qeyri-neft
sektoru sürətlə inkişaf
edir, iş yerləri
açılır, yoxsulluq azalır və
abadlaşan şəhərlərimiz dediyim sözlərin ən gözəl təsdiqidir.
Bir daha demək istəyirəm
ki, bu reallıq özünü Şəmkir rayonunun
timsalında da çox
gözəl şəkildə göstərir".
Əldə olunan nəticələr bu
qənaətə gəlməyə əsas verir
ki, ulu öndər
Heydər Əliyev siyasi kursunun
davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir.
Bu kursu layiqincə davam etdirən
dövlət başçısı cənab İlham
Əliyev hər addımında milli maraq və mənafeləri uca
tutur, ölkə vətəndaşlarının
arzu və istəyini gerçəkləşdirmək
üçün böyük
əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi
xalqa və dövlətə sədaqətli
xidmət prinsipi üzərində qurulmuşdur.
Elnur
HACALIYEV
Azərbaycan. - 2013.- 15 sentyabr.- S. 2.