Təhsil sistemi milli dəyərlərə
və peşəkar kompetensiyalara malik Azərbaycan vətəndaşı
yetişdirməlidir
Təhsil
naziri Mikayıl CABBAROV: "Azərbaycanın
təhsil sisteminin və təhsil infrastrukturunun inkişaf səviyyəsinin
dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə
çatdırılması əsas məqsədlərdəndir"
Yeni dərs
ili ərəfəsində
təhsil prosesi, onun keyfiyyət göstəriciləri, həllini
gözləyən problemlər
və qarşıda duran hədəflər ictimaiyyətin aktual müzakirə predmetinə
çevrilmişdir. 5 ay
öncə dövlət başçısı tərəfindən
bu sahədə ciddi dəyişikliklərə rəvac
verilməsinin və aparılan kadr əvəzlənməsinin məntiqi nəticəsindən
danışmaq zaman baxımından hələ
tez olsa da, təhsil sektorunda ciddi islahatların başlanması və bu sahədə ilkin
uğurların əldə olunması danılmaz faktdır. Öz sabahımızdan - gələcək
nəslin təhsilindən ciddi
narahatlıq keçirən vətəndaşlara indi tam aydındır ki, təhsil sahəsində vəziyyət, sadə
dillə desək, artıq əvvəlki kimi
olmayacaq. Bu istiqamətdə ciddi dönüşün yaranmasını şərtləndirən
əsas məsələ odur ki, valideynlərin, həmçinin şagird və tələbələrin uzun illərdir problem və
nöqsan kimi səciyyələndirdiyi
məqamlar indi yeni təhsil
nazirinin öz dilindən
də səslənir, daha gizlədilmir, təkzib
olunmur və
onların aradan qaldırılması fəaliyyət
prioriteti kimi elan edilib.
Elə təhsil
naziri Mikayıl Cabbarovla
söhbətimizdə də məhz bu
problemlərə nəzər saldıq. Yazılı
mediaya ilk geniş müsahibəsində Mikayıl Cabbarov təhsil naziri kimi fəaliyyət göstərdiyi müddət
ərzində görülmüş
işlərdən, qarşıda duran
problemlərdən və onların həlli ilə
bağlı həyata keçirilən tədbirlərdən
danışdı.
Hər
bir məzun üçün
bərabər imkanların yaradılması ilə
bağlı qərar özünü doğrultdu
-
Mikayıl müəllim, yeni dərs ili Sizin bir
nazir kimi rəhbərliyiniz
altında ölkənin təhsil ictimaiyyətinin qeyd edəcəyi ilk tədris
ilidir. Ölkənin çoxminli
təhsil işçiləri və təhsilalanları üçün nazirin bu münasibətlə bağlı fikirləri
olduqca maraqlıdır...
- Bilirsiniz ki, dərs ilinin ilk günü
- Bilik Günü
ölkədə ən geniş qeyd olunan, demək olar ki, bütün
ölkə əhalisinin bayram kimi qəbul etdiyi günlərdəndir.
Bu münasibətlə bütün
xalqımızı, təhsil ictimaiyyətini, müəllim və
şagirdləri, tələbələri, xüsusilə də
məktəbə ilk dəfə qədəm
qoyan uşaqları təbrik edirəm. Təhsilverənlərə
və təhsilalanlara, ümumilikdə ölkənin bütün pedaqoji
ictimaiyyətinə yeni - 2013/2014-cü dərs
ilində uğurlar arzulayıram.
Onu da qeyd edim ki,
ümumtəhsil məktəblərində ilk
dərs saatı vətənpərvərlik mövzusuna
həsr ediləcək. Azərbaycanın
müstəqilliyinin, dövlətçiliyinin günbəgün
möhkəmlənməsi üçün
savadlı, vətənpərvər gənclərin
yetişdirilməsində hamı fəallıq göstərməli,
həm ailədə, həm də məktəbdə uşaqlara vətənə məhəbbət
hissi aşılanmalıdır.
Ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən
biri gənc nəslin vətənpərvərlik
ruhunda yetişdirilməsi, onlarda
təhsilə, elmə marağın daha da artırılması və geniş
dünyagörüşün
formalaşdırılmasıdır.
- Yeri gəlmişkən, bir
zəruri məqama da aydınlıq gətirək.
Təhsildə keyfiyyət göstəricilərindən biri də məhz təhsil infrastrukturunun
yeniləşdirilməsi, maddi-texniki
bazasının möhkəmləndirilməsidir. Bu istiqamətdə son
dövrlərdə daha genişmiqyaslı
tədbirlər həyata keçirilib. Yeni dərs ilini bu sahədə hansı yeniliklərlə
qarşılayırıq?
- Öncə qeyd edim ki,
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi
ilə son illər ölkədə
çoxsaylı uğurlara imza atılmışdır. Hazırda ölkəmiz
sürətlə inkişaf edir, müasirləşir. Dövlətimizin
və xalqımızın qədimliyi ilə müasirliyinin
gözəl bir sintezi
əmələ gəlib. İstər Azərbaycanın iqtisadi sahədə olan
uğurları, istər regionlarımızın inkişafı
baxımından əldə edilən nailiyyətlər, istər
beynəlxalq səviyyədə dövlətimizin nüfuzunun artması, təbii olaraq,
bizim üçün
də çox yüksək bir standart müəyyənləşdirir.
Azərbaycan Respublikasının təhsil
sisteminin və təhsil infrastrukturunun
inkişaf səviyyəsinin
dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə
çatdırılması əsas məqsədlərdən biridir.
Ölkədə
son illər ərzində minlərlə tədris
ocağı yenidən tikilib və yaxud əsaslı şəkildə təmir
edilərək bərpa olunub. Bütün məktəblərdə kompyuterləşdirmə
proqramı, informasiya
texnologiyalarının tətbiqi məsələləri fəal
şəkildə yerinə yetirilib. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycanın
bir çox bölgələrində,
regionlarında, ucqar kəndlərində,
hətta Bakının özündə əsaslı təmirə
ehtiyacı olan təhsil ocaqlarımız hələ
də mövcuddur. Demək olar ki, bu
məsələnin böyük bir hissəsi həll olunub.
Bu il də həmin
istiqamətdə xeyli iş
görülüb.
Cari ildə
Bakı şəhəri və respublikanın regionlarında
144 yeni məktəb binası və 13 mövcud məktəbdə əlavə tədris
korpusları tikilib, 115 məktəbdə əsaslı
təmir işləri həyata keçirilib.
2011-2013-cü illəri əhatə edən "Bakı şəhəri
və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramında tikintisi və əsaslı təmiri nəzərdə
tutulmayan, lakin təmir
işlərinin aparılmasına ehtiyacı olan
164 ümumtəhsil müəssisəsində Təhsil Nazirliyi tərəfindən yay
aylarında cari təmir işləri
aparılıb.
Amma maddi-texniki
baza dedikdə, biz bu məsələni təkcə binalarla, tikililərlə məhdudlaşdıra
bilmərik. Məncə, bu məsələyə
bir az geniş
baxılmalıdır. Təhsil müəssisələri müasir və yüksək keyfiyyətli tədris
avadanlıqları ilə təmin edilməli, eyni
zamanda, informasiya
texnologiyalarının imkanlarından istifadə daha geniş
yayılmalıdır.
- Cənab nazir, bu il
orta məktəbləri bitirən
şagirdlərin hamısına attestat
verilməsi ilə bağlı qəbul olunmuş
qərar ictimaiyyətdə rəğbətlə
qarşılandı. Bu addım hansı zərurətdən
irəli gəldi?
- İlk növbədə bu,
bir daha nümayiş etdirdi ki, cənab İlham
Əliyev hər bir Azərbaycan vətəndaşının
Prezidentidir, hər bir
məzun üçün bərabər imkanlar yaradılmasının tərəfdarıdır.
Bu qərar nəticəsində məzunların
böyük əksəriyyəti üçün ölkənin ali
və orta ixtisas təhsili
müəssisələrinə qəbul imtahanlarında iştirak etmək və sosial
həyata aktiv şəkildə qoşulmaq imkanları yaranmış oldu.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 23 may 2013-cü il tarixli qərarı ilə təhsil haqqında
attestat və digər sənədlərin
verilməsi ilə bağlı münasibətləri tənzimləyən
qanunvericilik aktlarına müvafiq
dəyişikliklər edildi. Qəbul edilmiş qərar əsasında illik qiymətlərdən asılı olmayaraq bütün 9-cu sinif şagirdləri buraxılış
imtahanlarına buraxıldılar. Onlar həmçinin
buraxılış imtahanında alınan qiymətlərdən
asılı olmayaraq, yekun
attestasiyanın nəticələrini özündə əks
etdirən şəhadətnamə almaq hüququna malik oldular.
11-ci sinif məzunları bütün
fənlər üzrə müsbət illik
qiymətlər (3 və daha yuxarı) almaq şərti ilə buraxılış
imtahanlarına buraxıldılar. Bu kateqoriya məzunların attestat
qiyməti 10-cu və 11-ci siniflər üzrə illik qiymətlər və imtahan
nəticəsində alınmış qiymətlərin yuvarlaq orta qiymətidir.
2012/2013-cü
tədris ilinin yekunlarına görə,
ölkə üzrə ümumtəhsil məktəblərinin
XI siniflərini 84769 şagird bitirmişdir. Onların 84121 nəfəri
buraxılış imtahanlarına buraxılmış və attestat almışlar. Bu,
məzunların ümumi sayının
99,3 faizini təşkil edir.
Bu il
buraxılış imtahanlarında 2 qiyməti almış 128
məzun qəbul imtahanlarında uğurlu
nəticələr göstərərək ali
məktəblərə qəbul olunub.
Onların arasında I ixtisas qrupu üzrə 350, II ixtisas
qrupu üzrə 301, III ixtisas
qrupu üzrə 559, IV ixtisas
qrupu üzrə 330 bal
toplamış abituriyentlər də vardır.
Təhsilin keyfiyyəti müəllimlərin peşəkarlıq
səviyyəsindən bilavasitə
asılıdır
- Göründüyü kimi,
orta məktəb buraxılışı
ilə bağlı ilkin
islahatlarınızın artıq real
uğurları var. Orta məktəbə qəbul
prosesində tələb olunan yaş məsələsinə də nəzər
salmağınız oxucularımız üçün
maraqlı olardı. Dünya təcrübəsinə nəzər
saldıqda görürük ki, bəzən uşaqlar
hətta 5 yaşında da məktəbə
gedirlər. Məlum olduğu kimi, Avropa ölkələrində
məktəbəqədər təhsil yüksək inkişaf etmişdir. Həmin
ölkələrdə uşaqlar əsasən
3-4 yaşında ibtidai təhsilə
hazırlıq proqramlarına cəlb olunurlar.
Azərbaycanda bu proses
necə tənzimlənəcək?
- Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I
sinfə qəbulu ilə əlaqədar Təhsil Nazirliyinin 17 iyul 2013-cü
il tarixli əmri ilə
qaydalar təsdiq edilib.
Həmin qaydalara görə, vaxtından əvvəl
I sinfə qəbul hər il 16 sentyabr - 31 dekabr müddətində
6 yaşı tamam olan
uşaqlara şamil olunur.
Burada söhbət yalnız
uşağın I sinif üzrə proqram materiallarını mənimsəməsindən
getmir. Başlıca məsələ
uşağın idraki inkişafında, sabit fiziki duruma,
çevik təfəkkürə, psixoloji dayanıqlığa, məntiqi
mühakimə qabiliyyətinə malik
olmasındadır. Proqram materialını
mənimsəyən hər uşağa xüsusi istedadlı uşaq
demək mümkün deyil.
Ola bilər ki, hər
hansı bir uşaq 5
yaşında məktəb təliminə hazır olsun. Belə faktlar, əlbəttə,
vardır. Lakin bu
keyfiyyət, ümumilikdə, az faiz uşaqlara nəsib olur. Bu, bir çox
hallarda məktəbəqədər təhsil
şəbəkəsinin əhatə dairəsindən və
keyfiyyətindən asılı məsələdir. 3-4
yaşından uşağın ibtidai təhsilə
hazırlıq proqramlarına cəlb olunması məsələsinə
gəlincə, bunun üçün
xüsusi tədris proqramları hazırlanmalıdır.
Bəzi
mütəxəssislər hesab edirlər ki, uşağın qayğısız
uşaqlıq həyatını, sərbəstliyini əlindən
almaq olmaz. Ətraf aləmlə,
təbiətlə, həmyaşıdları ilə ünsiyyət
uşağın inkişafında, dünyagörüşünün
formalaşmasında mühüm əhəmiyyətə malikdir.
Bütün bunları nəzərə
alaraq valideynlərə məsləhətim
budur ki, bəzi zahiri əlamətlərinə görə
uşaqlarını ehtiyac olmadan
parta arxasında oturtmağa
cəhd göstərməsinlər.
- Bu gün təhsilin keyfiyyətinin
artırılması prioritet məsələlərdən
biridir. Bu baxımdan
neçə vaxtdır ki, müzakirə olunan məsələ - müəllimlərin
attestasiyasının keçirilməsi gözlənilirmi?
Müəllimlərin nüfuzunun yüksəldilməsi
ilə bağlı digər tədbirlərin görülməsi
də nəzərdə tutulurmu?
- Əslində
sizin bu sualınız
cəmiyyətdə daha səriştəli
müəllimlərə ehtiyacın artdığını
göstərir. Bu gün
ölkə üzrə 4515 ümumtəhsil məktəbində
150 mindən artıq pedaqoji işçi çalışır.
Təhsilin
keyfiyyəti müəllimlərin peşəkarlıq səviyyəsindən
bilavasitə asılıdır. Bu mənada
müəllimlərin attestasiyası məsələsi cəmiyyətdə
xeyli müddətdir davam
edən müzakirə mövzusudur. Beynəlxalq
təcrübədə müəllimlərin karyera
inkişafı və maddi həvəsləndirmə
məqsədilə onların fəaliyyətinin
attestasiyası həyata keçirilir. Bu məsələ "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyasında nəzərdə tutulub və
müvafiq normativ-hüquqi
baza yarandıqdan sonra
tətbiq ediləcək.
Müəllimlərin
əksəriyyəti xüsusi bir missiya
daşıyıcısıdır. Biz düşünmürük ki,
müəllimlərin müəllim olmaq
istəyinin yeganə səbəbi məhz maddi
təminatla, məvaciblə bağlıdır. Eyni zamanda mən bunu da vurğulamaq
istəyirəm ki, müəllimlərin məvacibi,
həyat səviyyəsi, rifahı məsələsi bu gün bizi
qane edən səviyyədə deyil. Amma çox
mühüm və əhəmiyyətli məsələ
odur ki, bu necə həyata keçirilməlidir. Bunun düzgün mexanizmi nədir,
bu gün bütün müəllimlərin əməkhaqqının,
məvaciblərinin, sosial təminatlarının
avtomatik şəkildə
artırılması kimi yanaşma
bizim təhsilimizin keyfiyyətinə,
müəllimlərin və müəllim olmaq
istəyən insanların stimullaşdırılmasına düzgün bir yanaşmadırmı? Yoxsa
biz burada daha kreativ, dünya
təcrübəsinə daha uyğun bir yanaşma seçməliyik? Bu
gün bütün bu məsələlər səmərəli formada müzakirə olunur.
Təbii olaraq müvafiq
qərarların qəbul olunması üçün
məsələni hərtərəfli
araşdırmalıyıq.
Valideynlərin məktəbin həyatında iştirakı
prosesində tam şəffaflığın
tərəfdarıyıq
- Məktəb-valideyn
münasibətlərinin daha səmərəli
təşkili istiqamətində müvafiq
addımların atılması haqqında müəyyən
fikirlər bildirmisiniz. Bu
istiqamətdə hansı tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulub?
- İlk növbədə qeyd
edim ki, hər bir şəxsin formalaşmasında ailə və
valideynlər mühüm rol
oynayır. Bəzi valideynlər bir
çox hallarda
övladlarının təhsil almasını yalnız məktəbin
problemi, dövlətin vəzifəsi kimi görür. Əslində
bu məsələdə valideynlər də
üzərlərinə düşən vəzifələri düzgün dəyərləndirməlidirlər.
Bu gün
məktəblərimizdə valideyn komitələri,
valideyn assosiasiyaları adlı qurumlar var. Həmin
qurumlar, yaxud valideynlər
bu və ya digər məqsədlər
üçün dövlət büdcəsində
nəzərdə tutulmayan, misal üçün, mədəni
tədbirlərin qrup şəklində
keçirilməsi, şagirdlərin asudə vaxtlarının
təşkili və digər bu kimi tədbirlər keçirə bilərlər.
Məlumdur ki, bu gün məktəblərin mühafizəsi üçün maliyyə vəsaiti
ayrılmır. Valideyn komitələri həmçinin
bu istiqamətdə də fəaliyyət
göstərə bilərlər, - təbii ki,
könüllü şəkildə həyata
keçirilən təşəbbüslər olarsa.
Vətəndaş
cəmiyyətinin və valideynlərin məktəbin həyatında
iştirakı prosesini biz
məhdudlaşdırmaq niyyətində deyilik.
Amma bu yanaşmadan
heç bir şəkildə
sui-istifadə etmək yolverilməzdir. Yəni biz
bu məsələlərdə də tam şəffaflığın tərəfdarıyıq.
Valideynlərin
məktəb həyatında, təhsil ocaqlarının idarəolunması
prosesində iştirakı artmalıdır. Valideyn
komitələri təhsil müəssisələri ilə
valideynlər arasında əsas körpüyə çevrilməlidir.
Bir
neçə müstəqil valideyn komitəsinin
fəaliyyət göstərdiyi məktəblərin direktoru ilə görüşlərimiz
zamanı məlum oldu ki,
həmin məktəblərdə müstəqil valideyn komitələrinin işi
daha şəffaf və səmərəli
şəkildə təşkil olunmuşdur.
Valideyn komitələrinin gördüyü işlərin şəffaf
hesabatları hazırlanmalı və məktəblərdə
xüsusi guşədə
asılmalıdır. Məktəb direktorları və müəllimlər
valideyn komitələrinin maliyyə məsələlərinə
müdaxilə edə bilməzlər. Valideyn
komitələrini valideynlər özləri müstəqil
şəkildə idarə etməlidirlər.
Qeyd etdiyimiz
kimi, valideyn komitələrinin
fəaliyyətindən heç bir halda sui-istifadə
halları olmamalıdır. Valideynlər biləndə ki onların məktəbə könüllü
yardımı övladı üçün
daha yaxşı tədris şəraitinin
yaradılmasına sərf edilir, o zaman məktəblə daha yaxın təmasda olmağa
səy göstərirlər.
Xaricdə
təhsil proqramı dünyada mövcud olan nadir layihələrdəndir
- Cənab nazir, xaricdə təhsil üzrə Dövlət
Proqramı Azərbaycan gənclərinin dünyanın nüfuzlu universitetlərində ali təhsil alması baxımından çox böyük əhəmiyyətə
malikdir. Bu il dövlət proqramına qəbul prosesinə
nə kimi yeniliklər tətbiq olundu?
-
Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" ölkəmizin
peşəkar mütəxəssis potensialının gücləndirilməsi
istiqamətində ən önəmli təşəbbüslərdən
biridir. Proqram gənc
kadrların xaricdə təhsilinə böyük
məbləğdə vəsait yatırılması
yönündə dünyada mövcud olan nadir layihələrdəndir.
Ümummilli lider
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində
ötən əsrin 70-80-ci illərindən azərbaycanlı
gənclərin SSRİ-nin nüfuzlu
ali məktəblərində oxumağa göndərilməsi ilə
yaxşı bir ənənənin əsası
qoyulub. Ulu öndər
ölkəmizin müstəqillik illərində də xaricdə
ali təhsil alan gənclərə
xüsusi diqqət göstərirdi. Bu siyasət hazırda ölkə Prezidenti cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Neft
kapitalının insan kapitalına
çevrilməsi strategiyası Azərbaycanda dövlət
siyasətinin prioritet istiqamətlərindən
biridir. Gəncliyin müasir
tələblər səviyyəsində yetişməsinə
ayrılan vəsait ölkənin, xalqın firavan
gələcəyinin daha etibarlı təminatına
zəmin yaradır.
Xaricdə təhsil
üzrə Dövlət Proqramı ilə istər bir nazir kimi,
istərsə də vətəndaş kimi
fəxr edirəm. Düşünürəm ki,
bu proqram cənab Prezidentin hər bir azərbaycanlı
üçün bərabər təhsil
imkanları yaratmasının daha bir təzahürüdür. Təyinatımın
ilk günündən söz
vermişəm və bu gün
də bunu vurğulayıram ki, xaricdə təhsil alan
hər bir azərbaycanlı tələbənin
qayğıları, ehtiyacları bizim diqqət
mərkəzimizdə olacaqdır. Həmkarlarımızla birlikdə
bunun üçün
əlimizdən gələni edəcəyik.
Dövlət
proqramı çərçivəsində 2007-2012-ci illərdə
ümumilikdə 1825 nəfər azərbaycanlı tələbə
xarici ölkələrin nüfuzlu
ali məktəblərində oxumağa göndərilmişdir.
Bu günə
qədər Azərbaycan Respublikasının Prezidenti
yanında Təhsil üzrə Komissiya tərəfindən
2013/2014-cü tədris ilində xarici
ölkələrin ali təhsil müəssisələrində
dövlət proqramı çərçivəsində təhsil
almaq üçün
sənəd vermiş namizədlərdən
315 nəfər
barədə müsbət qərar qəbul olunmuşdur.
Hazırda bu proses davam etməkdədir.
Ötən illərdən
fərqli olaraq, dövlət proqramına
sənəd vermiş namizədlərin ilkin seçimi üçün Təhsil Nazirliyində təşkil
edilən müsahibəni aparacaq komissiya fəaliyyət göstərir. Komissiyanın tərkibində Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı,
Səhiyyə Nazirliyi (tibb
ixtisası istiqaməti üzrə müraciət edənlərlə),
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan
Diplomatik Akademiyası, Azərbaycan Dillər
Universiteti və Xaricdə Təhsil Alan və Məzun Olmuş
Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) (xaricdə təhsil təcrübəsi
baxımından) nümayəndələri də təmsil olunur. Bu amil seçimlərin şəffaf
aparılmasına və daha layiqli namizədlərin seçilməsinə
əlverişli zəmin yaradır. Əminik ki,
xaricdə təhsil alan tələbələr
Azərbaycanı layiqincə təmsil edəcək və təhsillərini
uğurla başa vurub Vətənə qayıtdıqdan sonra yüksək səviyyəli mütəxəssis
kimi respublikamızın inkişaf
prosesinə layiqli töhfə verəcəklər.
- Cənab nazir, ümumtəhsil və ilk
peşə-ixtisas təhsili müəssisələrinə
müəllimlərin işə qəbulu prosesi
artıq başa çatıb. Bu prosesin yekunu
ilə bağlı nə deyə bilərsiniz?
Əvvəlcə
bildirim ki, bu il vakant
yerlərin sayı 3286, müraciətlərin sayı isə
18782 olmuşdur. Müəllimlərin
işə qəbulu üzrə müsabiqənin yekun nəticələrinə görə
ümumilikdə 1474 nəfər işə qəbul olunub.
Əvvəlki
illərdən fərqli olaraq, cari ildə müəllimlərin işə qəbulu
üzrə vakant yerlərin sayı artsa da, keçid
balı aşağı salınmamışdır. İşə
qəbul olunacaq müəllimlərin
peşəkar kompetensiyalarının daha
yüksək olması müsabiqənin əsas meyarı kimi qəbul olunmuşdur.
Təhsil
müəssisələrində boş qalan vakant yerlərə aid dərs yükünün
digər müvafiq fənn müəllimləri
arasında bölünməsi və ya əvəzçilik
qaydasında uyğun ixtisas
müəllimlərinə verilməsi nəzərdə tutulub.
Orta təhsilin məqsədi tam şəkildə
müstəqil həyata
hazır olan Azərbaycan vətəndaşını
formalaşdırmaqdır
- Kurikulumun tətbiqi, dərsliklərin
hazırlanması və
yerlərə çatdırılması
ilə bağlı vəziyyət necədir?
- Ümumiyyətlə,
hər hansı bir köklü
dəyişikliklərin tətbiqindən öncə bu məsələ ciddi
araşdırılmalıdır. Biz bu məsələni araşdırırıq
və bu məsələ ətrafındakı
müzakirələrdə fikir müxtəlifliyi
var. Qəbul olunacaq qərar
daha çox şagirdin maraqlarına cavab
verəcək. Müasir dövrdə biz müəyyən səviyyə və biliklərə
malik şagird
hazırlamalıyıq.
Əhəmiyyətli
məqam ondan ibarətdir ki,
orta təhsilə və məktəbə
ali təhsil üçün
hazırlıq funksiyasını yerinə yetirən bir qurum kimi
baxmamalıyıq. Hesab edirik
ki, orta təhsilin məqsədi
tam şəkildə müstəqil həyata
hazır olan Azərbaycan
Respublikasının vətəndaşını
formalaşdırmaqdır.
Dərsliklərin
hazırlanmasına gəldikdə, qeyd etməliyəm
ki, Təhsil Nazirliyində dərsliklərin
çapı və yerlərə çatdırılması məsələsi
ilə əlaqədar yaradılmış işçi
qrupu üzərinə düşən vəzifələrin
öhdəsindən layiqincə gəlib. Belə ki,
2013/2014-cü dərs ili üçün
II, IV, VI,
VIII, IX və
XI siniflər üçün 139 adda 4011000 nüsxə dərslik və müəllim
üçün metodik
vəsait hazırlanmış, çap edilmiş və yerlərə
çatdırılmışdır.
VI sinif dərslikləri ilk dəfə
olaraq kurikulum əsasında
hazırlanıb. IX sinfin "Alman dili" dərsliyi də
yeni dərslikdir. Digər dərsliklər
isə əvvəlki nəşrlər üzərində
redaktə işi aparılmaqla çap olunub.
TQDK tərəfindən
monitorinqi aparılmış II, IV və
VII sinif dərsliklərində redaktə
və korrektə işləri aparılıb. Dərsliklər
növbəti illərdə tam tirajla çap olunarkən
monitorinqin nəticələri nəzərə
alınacaq.
Yeni dərs
ilində orta ixtisas təhsili
müəssisələri üçün
13 adda 17800 nüsxə dərslik, dərs
vəsaiti və metodik vəsait (elektron versiyaları ilə birgə) ilk dəfə hazırlanıb nəşr edilib və orta ixtisas təhsili müəssisələrinə
paylanıb.
- Təhsildə
son illərdə mövcud
olan problemlərdən danışarkən
peşə-ixtisas yönümü sahəsindəki
vəziyyət diqqəti daha çox cəlb edir. Burada hansı dəyişikliklər nəzərdə
tutulur? İlk peşə-ixtisas
təhsilinin ölkə iqtisadiyyatının tələbatına
uyğunlaşdırılması istiqamətində nə kimi tədbirlər həyata keçiriləcək?
-
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində ilk peşə-ixtisas təhsilinin statusunun artırılması istiqamətində
son illər bir
sıra mühüm qərarlar qəbul edilib. Ölkə iqtisadiyyatının sürətli
inkişafı prosesinin uğurla
davam etdirilməsi ixtisaslı kadrlara
olan tələbatı daha
da artırıb.
Peşə təhsili
sisteminin əhatə dairəsinin
genişləndirilməsi və kadr
hazırlığı prosesinin keyfiyyətinin
yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi Müasir Azərbaycan
Peşəkarları Layihəsinin icrasına başlayıb. Bu layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin
yaradılması nəzərdə tutulub.
Bu il ilk
peşə-ixtisas təhsili müəssisələrinin inkişaf prioritetlərinə uyğun
olaraq 5 pilot layihə
reallaşdırılacaq, ölkəmizin peşə təhsili
sistemində ilk dəfə məzunlara
beynəlxalq ixtisas dərəcəsi veriləcək.
Növbəti
tədris ilindən etibarən ilk peşə-ixtisas
təhsili müəssisələrində çalışan
müəllimlərin attestasiyasına başlamağı nəzərdə
tutmuşuq. Həmçinin regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramına uyğun olaraq
ehtiyac duyulan bir sıra yeni ixtisasların
açılmasını planlaşdırırıq.
İlk peşə-ixtisas təhsili
müəssisələri rəqabətə hazır olmalı
və mövcud qanunvericilik
çərçivəsində maddi-texniki
bazalarının gücləndirilməsi işinə əlavə
təkan verməlidirlər. Bu baxımdan kommersiya fəaliyyəti ilə məşğul
olmaqla əlavə qazanc
əldə etmək daha səmərəli
üsullardandır.
Ümumiyyətlə,
bu istiqamətdə aparılan
islahatların əsas məqsədi peşə məktəblərinin
müasir tələblər səviyyəsində
inkişafına nail olmaqdan
ibarətdir. Həyata keçirilən pilot
layihələrin nəticələrinin digər peşə məktəblərində
bir model kimi tətbiq olunması nəzərdə tutulub.
-
Mikayıl müəllim, sonda Sizin fəaliyyət prioritetinizi
də bilmək maraqlı olardı: bu gün yeni inkişaf
mərhələsinə qədəm qoyan,
mütərəqqi islahatlar dövrünün astanasında olan təhsil sistemimizin
qarşısında duran əsas məqsəd
və vəzifələr nədən ibarətdir?
- Təhsil sistemi müstəqil Azərbaycanın milli dəyərlərini mənimsəmiş
Azərbaycan vətəndaşı formalaşdırmalı, qloballaşan və müasir
dünyada rəqabətədavamlı,
peşəkar kompetensiyalara və biliklərə
malik olan bir insan yetişdirməlidir.
Təhsilimiz bir tərəfdən
milli olmalı, yəni
xalqımızın adət-ənənələrinə sadiq vətəndaşın
formalaşdırılmasına xidmət etməli, digər tərəfdən
müasir dünyanın olduqca
sərt tələblərinə cavab verən
yüksək səviyyəli mütəxəssis
yetişdirməyə qadir
olmalıdır. Əminəm ki, birgə
səylə bu məqsədə
çatacağıq.
Azərbaycan. - 2013.- 15 sentyabr.- S. 3.