Müstəqil Azərbaycanın
"AZƏRBAYCAN"ı
Məlum
olduğu kimi, Azərbaycan
milli mətbuatının möhkəm təməlini
təşkil edən böyük maarifçi Həsən bəy Zərdabinin məşhur
"Əkinçi" qəzetinin yaranması ilə ölkəmizdə
sivil və demokratik cəmiyyətə
doğru böyük dönüş başlanmışdı. Milli
mətbuat cəmiyyət həyatının bütün
qatlarına işıq salmış, milli-mənəvi
oyanışa təkan vermiş, cəhalətə
qarşı mübarizə aparmağı gündəmə gətirmişdir.
Azərbaycanın görkəmli
ziyalılarını öz ətrafında
birləşdirərək mübarizə cəbhəsində vahid mövqedən çıxış etmələrinin
təmin olunması ilə Həsən bəy Zərdabi maarifçiliyi ideyadan hərəkat
səviyyəsinə istiqamətləndirmək vəzifəsini
həyata keçirmişdir.
XX əsrin ilk Azərbaycan qəzeti olan
"Şərqi-Rus" (1903-1905) milli
oyanış sahəsində başlanan prosesi dərinləşdirmişdir. Baş redaktor, görkəmli
Azərbaycan ziyalısı Məhəmmədağa
Şahtaxtlı Avropa təhsili və təcrübəsi
"Şərqi-Rus"un Qərb standartları səviyyəsində
çıxan Azərbaycan qəzetinə çevrilməsində
mühüm rol
oynamışdır. Böyük demokrat ədib Cəlil Məmmədquluzadə
məşhur "Molla Nəsrəddin"
məcmuəsini nəşr etməklə realist-satirik
və rəngli-karikaturalı jurnalın mükəmməl
nümunəsini yaratmış, ideya
mübarizəsini daha da
qüvvətləndirmişdir. Əlibəy Hüseynzadənin
Bakıda nəşrinə nail olduğu "Füyuzat"
jurnalı milli mətbuatın
inkişafında romantik təmayüllü
yeni hadisə idi. "Molla Nəsrəddin" və
"Füyuzat" jurnalları ilə Azərbaycanda
ilk dəfə olaraq mətbuat
orqanı ətrafında ədəbi məktəblər
formalaşmışdır. Əsasən ədəbi şəxsiyyətlər
əsasında qurulan Nizami,
Füzuli, Mirzə Fətəli Axundzadə
məktəbləri ilə yanaşı, mətbuat
orqanlarının meydana
çıxardığı "Molla Nəsrəddin"
və "Füyuzat" ədəbi məktəblərinin
yaranması ilə ədəbiyyatın və mətbuatın
müştərək iştirak etdiyi yeni tipli
cərəyanlar parlamağa
başlamışdır.
XX
əsrin əvvəllərində ölkədə "Molla Nəsrəddin", "Füyuzat",
"Şərqi-Rus" kimi müstəqil
mətbuat orqanları ilə yanaşı, "Hümmət",
"Bakinskiy raboçi",
"Dəvət-Qoç", "Təkamül", "Yoldaş" və sair bolşevik qəzetləri, "Dəbistan",
"Rəhbər", "Məktəb" kimi
uşaq mətbuatı, "Həyat",
"İrşad", "Təzə
həyat", "Açıq söz"
səviyyəsində milli ruhlu
mətbuat nümunələri, "Zənbur", "Kəlniyyət",
"Babayi-Əmir" tipli satirik nəşrlər meydana
çıxmış, habelə Bakıda rusdilli
mətbuatın çap edilməsi ilə
dövrün ictimai-siyasi
və ədəbi-mətbu fikrinin genişliyini və zənginliyini nümayiş etdirmişdir.
Ancaq etiraf etmək lazımdır ki,
milli istiqlal kitabı olan "Molla Nəsrəddin"
jurnalı və cəmi bir neçə mətbuat
orqanı istisna olmaqla
XX əsrin əvvəlləri Azərbaycan mətbuat orqanlarının
əksəriyyətinin arxasında məşhur Bakı sərmayədarları,
yaxud da müəyyən
ictimai qurumlar və partiyalar dayanırdı. Buna baxmayaraq, həmin mətbuat orqanları yeni əsrin ab-havasına uyğun
olaraq ümumi ictimai fikri, milli düşüncəni ifadə etməyə
çalışmış, sərbəst mövqe
nümayiş etdirə bilmişdir.
Bütün bunlar
bütövlükdə cəmiyyət həyatında demokratik proseslərin mətbuatda əks
etdirilməsinə və milli ideyaların
ön cəbhəyə çəkilməsinə
öz töhfəsini vermişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan məşhur "Azərbaycan" qəzeti
ölkəmizdə birinci rəsmi dövlət
qəzeti kimi milli mətbuatımızın
tarixində şərəfli yer tutur.
Fikrimizcə,
1918-ci il 15 sentyabrda nəşrə
başlayan "Azərbaycan" qəzetinin
meydana çıxması tədricən
XIX əsrin ikinci yarısından etibarən
başlanan və XX yüzilliyin
əvvəllərində genişlənib milli
hərəkata çevrilmək proseslərini yaşayan
azərbaycançılıq dalğasının məntiqi nəticəsi idi.
Hələ xanlıqlar dövründə parçalanmanın
törətdiyi fəlakətləri dərk edən Azərbaycan
xanlarından bir çoxunun
nicat yolunun ittifaqda, birlikdə olduğu
qənaətinə gəlmələri azərbaycançılığın
ilkin tumurcuqlarını doğurmuşdur.
Bundan sonra çar Rusiyasının işğalına
qarşı əks reaksiyaların nəzərə
çarpması azərbaycançılıq
düşüncəsinin formalaşmasında mühüm
addıma çevrilmişdi. Böyük Mirzə
Fətəli Axundzadənin təmiz, sadə ana
dilində yazılmış və mövzusu,
süjeti və obrazları ölkə həyatının
reallıqlarından alınmış əsərləri,
genişlənməkdə davam edən teatr hərəkatı və milli
mətbuatın gündəmə gəlməsi ilə azərbaycançılıq
məfkurəyə çevrilməyə başlamışdı.
Nəhayət,
1891-ci il 16 noyabrda
"Kəşkül" qəzetində "Azərbaycanlı"
imzası ilə çap olunmuş
bir məqalədə "Siz
nə millətdənsiniz" sualının qoyulması və
cavabında xarici bir vətəndaşın
dili ilə "Sizin
millət Azərbaycandır" cavabının verilməsi ilə
Azərbaycançılıq konkret bir
qavrayış olaraq gündəmə gətirilmişdi.
Bunun
ardınca görkəmli publisist və ictimai xadim Məhəmmədağa
Şahtaxtlının 1891-ci ildə "Kaspi"
qəzetində çıxmış bir
məqaləsində "Zaqafqaziya müsəlmanlarını
azərbaycanlılar, onun dilini
isə Azərbaycan dili"
adlandırması ilə məsələyə elmi cavab verilmişdi.
Böyük demokrat Cəlil Məmmədquluzadə
də məşhur "Azərbaycan" məqaləsində
(1917) sadə bir dillə "Mənim anam kimdir",
"Haradır Azərbaycan" suallarına aydınlıq gətirməklə
azərbaycanlılığı anlayışdan milli ideya səviyyəsinə
çatdırmışdır. Bu qəbildən olan bir sıra digər
addımların atılmasına baxmayaraq,
azərbaycançılıq məfkurəsini açıq,
ardıcıl və sistemli şəkildə
inkişaf etdirmək vəzifəsi hələ
də özünün tam
həllini gözləyirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması azərbaycançılıq
uğrunda aparılan çoxillik
mübahisələrin, millət davasının, milli dövlət idealının
özünütəsdiqi idi!
Şərqin ilk demokratik dövlətinin
rəsmi mətbu orqanının "Azərbaycan"
adlandırılması təkcə bir qəzetin
deyil, bütövlükdə bir ölkənin azərbaycançılığın
baş qərargahı statusunun
qazanmasının rəmzi ifadəsidir!
"Azərbaycan"
qəzeti - qalib gəlmiş bir ölkənin, Azərbaycan Xalq
Cümhuriyyəti adlanan müstəqil bir dövlətin mətbu sözçüsü
idi!
"Azərbaycan"
qəzeti - müstəqillik əldə etmiş
bir xalqın ölkəsi və milləti
adından dil açıb
danışması imkanının reallaşması demək idi!
"Azərbaycan"
qəzeti - azərbaycançılığın milli ideyadan dövlət
ideologiyası səviyyəsində təbliğ etməyin
başlanğıcıdır!
Eyni zamanda, "Azərbaycan" qəzeti ondan əvvəl təxminən yarım əsrə
yaxın bir müddət ərzində milli ziyalıların ölkənin
adını daşıyan mətbuat orqanı yaratmaq,
qəzet çıxarmaq təşəbbüslərinin də
davamı, məntiqi nəticəsi idi. Belə ki, hələ 1891-ci ildə
tanınmış Azərbaycan ziyalısı Cəlal
Ünsizadənin baş redaktoru
olduğu "Kəşkül" qəzeti
bağlandıqdan sonra "Azərbaycan"
adlı qəzet çıxarmaq üçün
rəsmi olaraq Tiflisdə Baş
Mətbuat İşləri İdarəsinə müraciət
etmək arzusu da baş tutmamışdı. Təbrizdə Məşrutə
hərəkatı dövründə nəşr edilən
"Azərbaycan" qəzetinin də ömrü
uzun sürə bilməmişdi. Bununla belə,
XX əsrin əvvəllərinin milli mətbuatında
necə adlandırılmasından asılı olmayaraq,
azərbaycançı düşüncə üstün
mövqeyə çıxmışdı. Nəhayət ki, XX əsrin əvvəllərində "Azərbaycan"
adlanacaq mətbuat orqanını da zəmanə artıq
hazırlamışdı.
Azərbaycan
Xalq Cümhuriyyətinin yaranması ilə
"Azərbaycan" adlı qəzetin nəşrə
başlamasının reallaşması milli
mətbuatımızın tarixində təkcə ərazi olaraq ölkənin deyil, milli dövlətin adını ifadə edən
mətbuat orqanının fəaliyyətə başlaması
ilə əlamətdardır.
Bu mənada, "Azərbaycan"
qəzetinin rəsmi dövlət qəzeti kimi
meydana çıxması Azərbaycan tarixinin mühüm hadisəsidir.
"Azərbaycan"
qəzetinin Azərbaycan Xalq Cümhuriyyətinin
mətbu orqanı olaraq çap
edilməsi yeni yaranmış müstəqil
dövlətin demokratik statusa
malik olduğunu bəyan
edən mühüm faktordur.
Qəzetə
baş redaktorluq etmiş Üzeyir Hacıbəylinin
"Azərbaycan" qəzeti haqqında yazdığı
aşağıdakı fikirlər bu qəzetin
hər hansı partiyanın deyil,
bütövlükdə müstəqil dövlətin rəsmi
mətbuat orqanı, Vətənin və xalqın azad söz tribunası olduğunu təsdiq edir: "Danışırlar
ki, "Azərbaycan" qəzeti guya "Müsavat"
partiyasına məxsus firqəvi bir qəzet
imiş. Bu fəqərə
barəsində bunu bəyan etməyi
lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir.
"Azərbaycan" qəzetinin məsləki Vətən
istiqlalı yolunda çalışmaqdan
ibarətdir". Bu sətirlərdən
aydın şəkildə görünür
ki, "Azərbaycan"çılar, sözün böyük mənasında,
çətin və mürəkkəb şəraitdə
müstəqil Azərbaycan idealına bütün
varlıqları ilə xidmət etmişlər.
"Azərbaycan"
qəzeti 1918-ci il 15 sentyabr
tarixdə Gəncə şəhərində nəşrə
başlamış, altıncı saydan
etibarən qəzetin nəşri Bakıda davam
etdirilmişdir. İki
dildə çıxan "Azərbaycan" qəzetinin Azərbaycan
dilində 443, rus dilində isə 438
sayı çap olunmuşdur.
İlk sayları "Heyəti-idarə",
"Heyəti-təhririyyə" kimi
"Redaksiya heyəti"
mənasını ifadə edən məsul şəxslər qrupu tərəfindən çap
edilən "Azərbaycan" qəzetinə müxtəlif vaxtlarda Üzeyir Hacıbəyli,
Ceyhun Hacıbəyli, Xəlil İbrahim, qəzetin rus
variantına isə Səfi bəy Rüstəmbəyli baş redaktorluq etmişlər.
"Azərbaycan"
qəzetinin redaktorları arasında onlardan
hər birinin xidmətini yüksək qiymətləndirməklə
yanaşı, Üzeyir Hacıbəylinin
fəaliyyətini xüsusi qeyd etməyi lazım bilirik.
Əvvəla, Üzeyir Hacıbəylinin
"Azərbaycan" qəzetinə redaktorluq
etdiyi vaxt digərləri
ilə müqasiyədə daha çoxdur.
Bundan başqa, mətbuat sahəsində daha böyük təcrübəyə
malik olan Üzeyir Hacıbəylinin "Azərbaycan"
qəzetinin ideya-siyasi səviyyəsinin
yüksəldilməsindəki və qəzetdə milli düşüncəni, istiqlal
ruhunu qüvvətləndirən xəttin
genişləndirilməsindəki xidmətləri yüksək
qiymətə layiqdir. Azərbaycan
Xalq Cümhuriyyətinin Milli
Məclisinin açılması münasibətilə Üzeyir Hacıbəylinin "Azərbaycan"
qəzetinin 1918-ci il 7 dekabr
tarixli 58-ci sayında çap
edilmiş "Tarixi günümüz" məqaləsi təkcə
"Azərbaycan" qəzetinin, yaxud da "Azərbaycan"çıların deyil, bütövlükdə AXC hökumətinin
və xalqın ictimai-siyasi
baxışları ilə milli
varlığının, vətənpərvərlik ruhunun vəhdətini özündə üzvü surətdə birləşdirir.
"Bu o gündür ki, Azərbaycan
türklərinin Milli Məclisi, Milli Şurası açılıb. Azərbaycan
təkmil bir hökumət şəklinə
girir. Yüz-yüz əlli sənə bundan əvvəl
müxtəlif xanlıqlardan ibarət olan
Azərbaycan torpağının rus
istilasından qazandığı bir mənfəət
o oldu ki,
bu torpaq üzərində
qurulmuş olan saxta və əməli hüquqları silinib-süpürülmüş müttəhid
və vəsi bir ərazi şəklinə
girdi və bu gün xilas olub da iki
milyon mütəcavüz nüfus
ilə Azərbaycan Cümhuriyyəti namını
daşımağa kəsbi-ləyaqət etdi.
Bəs bu gün haman bu Azərbaycan
Cümhuriyyətinin milli parlamanı, Milli Məclisi açılmaqla təşkilat
və tərtibati-siyasiyyəsi artıq itmama
yetir. ...Belə olan
surətdə, deməli, qəlbimizdə bəslədiyimiz ümid - parlamanımızdır. Və
ümidvarıq ki, cavan
parlamanımız bu ümidimizin
hüsuli yolunda var qüvvəsilə çalışacaq və
Vətənimizin istiqlal və
azadlığına birinci səbəb
olacaqdır".
"Azərbaycan"
qəzetinin rus dilində nəşrinin baş redaktoru, Azərbaycan
Xalq Cümhuriyyəti Milli
Məclisinin deputatı Səfi bəy Rüstəmbəylinin tam bir isriqlalçı ruhu var idi.
Onun sonralar 1933-cü ildə İstanbulda
qələmə aldığı və hazırda Salman Mümtaz adına
Ədəbiyyat və İncəsənət Arxivində
saxlanılan "27 aprel 1920-ci il xatirələri" adlı yazısı
AXC hökumətinin süqutunun səbəbini
gerçək surətdə əks etdirən qiymətli mənbədir.
Səfi bəy Rüstəmbəylinin xatirələrində deyilir: "Nəhayət, 27 aprel
gecəsi saat 12-də Bakıda bütün idarə, məhəllə
bolşeviklərin əlinə keçdi.
Bununla
aşağı-yuxarı ikiillik Milli Azərbaycan istiqlal tarixi qapandı. Fəqət, milli
azəri türkünün istiqlal ruhunu əlindən
ala bilmədilər. İşğal
zəfərləri yarımçıq qaldı. Məmləkətin
həqiqi övladlarının istiqlal
uğrundakı qan ilə boyanmış və
müttəhid bir kütlə halındakı gənc övladlarının
hürriyyət və istiqlaliyyət ruhu
ilə istiqlal hələ yürüyür.
İmanın qüvvəsi, istiqlalın təbcili bizdə
Bakı və Azərbaycan yaşadıqca yaşayacaq
və bütün türk
ellərini istiqlal ilə sevindirəcəkdir".
Dövrün görkəmli
ziyalıları rəsmi dövlət orqanının ətrafında
birləşərək "Azərbaycan"çıların
möhkəm cəbhəsini yaratmışlar.
Bu vaxta qədər məşhur "Molla Nəsrəddin" juranalının ətrafında
qüdrətli mollanəsrəddinçilər ədəbi cəbhəsi
yarandığı kimi, "Azərbaycan"çılar
da cümhuriyyətçilər olaraq milli istiqlal
ideyası ətrafında möhkəm sıralarda birləşmişdilər.
Azərbaycançılıq,
cümhuriyyətçilik və istiqlalçılıq
onları birləşdirən əsas ideal
idi!
Bütövlükdə
"Azərbaycan" qəzetinin ideya əsasını
azərbaycançılığın milli
dövlətçiliklə və istiqlalçılıqla vəhdəti
təşkil edirdi.
Milli mətbuatımızın
tarixinə "Azərbaycan" qəzeti rəsmi dövlət
qəzeti, yəni milli istiqlal
əsasında yaranmış müstəqil dövlətin
ideologiyasının baş qərargahı,
hərəkətverici qüvvəsi vəzifələrini ləyaqətlə
həyata keçirən mətbuat orqanı kimi həkk olunmuşdur.
"Azərbaycan"
qəzetinin səhifələrindəki Məhəmməd
Əmin Rəsulzadə, Üzeyir bəy
Hacıbəyli, Ceyhun Hacıbəyli, Səfi
bəy Rüstəmbəyli, Xəlil İbrahim,
Məhəmmədağa Şahtaxtlı, Behbud
ağa Şahtaxtinski,
Həmid bəy Şahtaxtinski, Mirzə bala Məmmədzadə, Məhəmməd Hadi, Fərhad Ağazadə, Əhməd Cavad, Hacı İbrahim
Qasımov, Əlabbas Müznib, Seyid Hüseyn, Ömər
Faiq Nemanzadə, Ummugülsüm,
Şəfiqə xanım Əfəndizadə və
başqalarının məqalələri, şeirləri, elmi publisistik
yazıları ilə "Azərbaycan" qəzeti Azərbaycan
istiqlalının milli konsepsiyasını
hazırlamışdır. Bu mənada,
"Azərbaycan" qəzeti azərbaycançılıq məfkurəsini
dərin mahiyyəti ilə açan,
ardıcıl və sistemli şəkildə
təqdim edən mətbuat tribunası olmuşdur.
"Azərbaycan"çıların fikrinə görə,
"Azərbaycan" məfhumu coğrafi
bir mənadan ziyadə fikir
və əməl şəklində təcəssüm edir. İstiqlal xaricində
onun üçün bir Azərbaycan yoxdur".
Beləliklə, "Azərbaycan" qəzeti azərbaycançı
fikirlərin və əməllərin, istiqlal
idealının qəzeti idi.
Haqlı olaraq qeyd edildiyi
kimi, "Azərbaycan" qəzeti Azərbaycan
Xalq Cümhuriyyətinin fəaliyyətinin
mətbu salnaməsidir. "Azərbaycan" qəzetinin Gəncə
və Bakı nəşrlərində Xalq
Cümhuriyyəti hökumətinin həyatında baş vermiş bütün hadisələr və proseslər özünün layiqli əksini
tapmışdır. Azərbaycan Xalq
Cümhuriyyətinin istiqlal bəyannaməsi,
AXC Milli Məclisinin işə
başlaması və fəaliyyəti, Bakının Qafqaz İslam Ordusu tərəfindən azad
olunması, Bakı Dövlət Universitetinin
yaradılması, dövlət müstəqilliyinin ildönümünün qeyd
edilməsi, hətta hakimiyyətin bolşeviklərə
təhvil verilməsi zərurəti və s.
kimi tarixi hadisələri
bütün təfərrüatı ilə
öyrənmək üşün "Azərbaycan"
qəzeti mötəbər mənbədir. "Azərbaycan"çılar
mövzusundan asılı olmayaraq,
haqqında söz açılan məsələlərə
müstəqil dövlətin formalaşdırılması və
möhkəmləndirilməsi mövqeyindən yanaşır,
yeni qurulmuş milli hökumətin ideyalarını və əməli
addımlarını xalqa
çatdırırdılar.
Görkəmli
publisist Məhəmmədağa
Şahtaxtlının "Azərbaycanda darülfünun"
məqaləsində ölkədə universitet
açılması hadisəsi müstəqil dövləti
qurmağın, inkişaf etdirməyin və
qorumağın mühüm vasitələrindən
biri olaraq dəyərləndirilmişdir. Məhəmmədağa
Şahtaxtlıya görə, "Darülfünun
olmazsa... ümumi maarifə
aid orta məktəblərimizdə
dərs verəcək müəllimlərimiz olmaz.
Naxoşlarımızı müalicə edəcək təbiblər
yetişməz. Hüquqşünas alimlər
bulamayız ki, mal və
mülk üçün
münaqişə edən vətəndaşlarımızı...
mühakimə etsin... Mədəni həyatın
şəraitinə və amillərinə təhdid nəzərilə
baxıldıqda o dəqiqə görünür ki, bu həyatın mənbəyi, sərçeşməsi
mabədəl qəvalül-darülfünundur. Darülfünundan əl çəkmək mədəni
həyatdan rugərdan olmaqdır".
Bütövlükdə
"Azərbaycan" qəzeti Azərbaycan milli
mətbuatının böyük bir dövrünü
yekunlaşdıran və müstəqil dövlətçilik
idealının gələcəyinə işıq salan mətbuat orqanı kimi
böyük və şərəfli yol keçmişdir. Bu yolun dərslərinin və ənənələrinin
öyrənilməsi, yeni jurnalistikada
yaradıcı şəkildə müasirlik
mövqeyindən tətbiqi müstəqillik dövrü
Azərbaycan mətbuatının inkişaf
etdirilməsi üçün mühüm əhəmiyyətə malikdir.
Artıq
yeni tarixi epoxada 20 ildən çoxdur
ki, Azərbaycan Milli Məclisinin
orqanı kimi nəşr edilən "Azərbaycan"
qəzeti müstəqillik dövrünün
rəsmi mətbuatının funksiyasını şərəflə
və məsuliyyətlə həyata keçirir.
1992-ci ildən etibarən "Azərbaycan" qəzeti böyük sələfi olan
eyniadlı qəzetin davamlı ənənələrini
yaşadır və yaradıcı surətdə inkişaf etdirir, yeni ideyalarla zənginləşdirir.
Müasir mərhələdə
"Azərbaycan" qəzeti mətbu sözün
bütün imkanlarından bacarıqla və
yaradıcılıqla istifadə edərək müstəqil
Azərbaycan Respublikasının daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinə şərəflə
və məsuliyyətlə xidmət edir.
İndiki "Azərbaycan" qəzeti
XXI əsrin yeni Azərbaycanının güzgüsüdür!
Rəsmi
dövlət qəzeti funksiyasını yüksək səviyyədə
yerinə yetirmək üçün yeni tarixi epoxada
"Azərbaycan" qəzetinin seçdiyi
yol, müəyyən etdiyi
xətt və istiqamət milli dövlətçilik
ideologiyasını rəsmi materialları operativ
surətdə geniş oxucu
auditoriyasına vaxtında çatdırmaqla yanaşı, həm də analitik təhlillərə, yaradıcı
şərhlərə və müqayisələrə əsaslanan
üslubda dövrün,
zamanın sözünü deməkdən
ibarətdir.
Müstəqil
Azərbaycan Respublikasının həyatında baş verən dəyişikliklər, yeni dövrün inkişaf ritmləri "Azərbaycan" qəzetində
bütün təbiiliyi ilə əks-səda
tapır.
"AZƏRBAYCAN"
QƏZETİNDƏ MÜSTƏQİL AZƏRBAYCANIN
NƏBZİ DÖYÜNÜR!
"Azərbaycan"
qəzeti - müstəqillik dövrü
Azərbaycan oxucusunun müdrik
müəllimi və etibarlı bələdçisidir!
"Azərbaycan"
qəzeti - yeni Azərbaycanı müxtəlif
janrlarda və fərqli üslublarda
yazılmış cəlbedici, düşündürücü
məqalələrlə təqdim etməyi bacaran
yüksək səviyyəli mətbuat orqanıdır!
Bu mənada
"AZƏRBAYCAN" QƏZETİ ÖZÜNÜN
PUBLİSİSTİKA MƏKTƏBİNİ FORMALAŞDIRA
BİLMİŞDİR!
Rəsmi
dövlət qəzetinin ideya mövqeyini möhkəm surətdə qorumaqla cəlbedici janr və
üslub etibarilə fərqli bir qəzet səviyyəsində çap etmək "Azərbaycan" qəzetinin
publisistika baxımından mühüm
nailiyyətidir.
Ölkəmizdə
normal, hüquqi, demokratik dövlətin qurulması işində
kütləvi informasiya vasitələrinin
fəaliyyətinə xüsusi diqqət
yetirən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin milli
mətbuatın inkişafına göstərdiyi qayğı bütün mətbuat orqanları, kütləvi
informasiya vasitələri ilə bir
sırada "Azərbaycan" qəzetini də əhatə edir.
Bu gün "Azərbaycan" qəzeti Prezident İlham
Əliyevin rəhbərliyi ilə iri
addımlarla, böyük sürətlə
inkişaf edən Azərbaycanı olduğu kimi, obyektiv şəkildə təqdim etmək
yollarında bütün səylərini səfərbər
edir.
Müstəqil
dövlətçilik idealı mənasında "Azərbaycan"
qəzeti vahid, konkret
və aydın mövqeyə malik olan qəzetdir.
Azərbaycançılıq,
müstəqillik, milli dövlətçiliyin
möhkəmləndirilməsi, vətənpərvərlik
"Azərbaycan" qəzeti üçün
əqidə işidir.
Ümummilli lider Heydər Əliyevin "Azərbaycan"
qəzetinin kollektivinə 1994-cü il 6 dekabr tarixdə
və 1998-ci il 15 sentyabrda
təbrik məktubu ünvanlaması yeni dövr milli mətbuat tariximizin böyük hadisələridir.
Böyük öndərin "Azərbaycan" qəzetini yaşayan ənənələri və müasir inkişaf səviyyəsi
ilə birlikdə dəyərləndirməsi
bütövlükdə ölkəmizdə baş
verən ictimai-siyasi proseslərdə, tarixin çətin sınaq məqamlarında,
irəliyə doğru inkişafda
dövlət mətbuatının vəzifələrini,
rolunu və əhəmiyyətini müəyyən
edən mühüm tarixi
əhəmiyyətə malik olan konsepsiyadır.
Görkəmli
dövlət xadimi Heydər Əliyevin
"Azərbaycan" qəzetinin 80 illiyi
münasibətilə ifadə etdiyi
aşağıdakı fikirlər bu gün də milli mətbuatın
inkişafı baxımından çox aktual səslənir: "1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyətinin rəsmi orqanı
kimi fəaliyyətə başlamış
"Azərbaycan" qəzeti yarandığı gündən
milli-azadlıq mübarizəsinin ön
sırasında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin
ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideallarının
formalaşması işinə önəmli töhfə vermişdir. 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz
fəaliyyətini bərpa etmiş,
azadlıq və suverenlik
ideyalarının həyata keçirilməsində fəal
surətdə iştirak etmişdir.
Ölkəmizin mütərəqqi mətbuat ənənələrini
ləyaqətlə davam etdirən "Azərbaycan"
qəzeti bu gün
demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin
edilməsində müstəsna rol
oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri,
ölkəmizdə hüquqi dövlət
və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi,
sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi
və milli birliyin
yaradılması sahəsində aparılan məqsədyönlü
işlər və ictimai-siyasi proseslər
qərəzsiz işıqlandırılır.
Dövlət
müstəqilliyimizin möhkəmləndirilməsi və azad, demokratik cəmiyyət
qurulması işində ölkəmizin digər mətbuat
orqanları kimi "Azərbaycan" qəzetinin
də üzərinə böyük vəzifələr
düşür. İnanıram ki, fəaliyyət göstərdiyi bütün dövrlərdə öz
yüksək amallarına dönməz sədaqət
göstərmiş "Azərbaycan" qəzetinin kollektivi bundan sonra da respublikamızda baş verən həqiqətlərin geniş ictimaiyyətə
çatdırılmasında, dünyaya
yayılmasında yüksək professionallıq, obyektivlik, prinsipiallıq, əsl dövlətçilik
və vətəndaş mövqeyi nümayiş etdirərək
xalqımızın mütərəqqi mətbuat ənənələrini
layiqincə davam etdirə biləcəkdir".
Ölkəmizdə
rəsmi dövlət mətbuatının müdrik
ağsaqqalı olan "Azərbaycan"
qəzetinin kollektivini 95 illik
şərəfli, məsuliyyətli və əhəmiyyətli
inkişaf yolunun
tamamlanması münasibətilə təbrik edir,
yaradıcı kollektivə daha böyük uğurlar
arzulayıram.
İsa
HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik
Azərbaycan. - 2013.- 15 sentyabr.- S. 4.