«Azərbaycan»çılar
qəzetin 95 illiyini qeyd
etdilər
Dünən
səhər "Azərbaycan" qəzetinin əməkdaşları
adi qayda ilə redaksiyaya gəlib özlərinin növbəti
iş günlərinə
başladılar. Əslində isə bu, onlar üçün adi bir gün
deyildi. Çünki
sentyabrın 15-də indi onların
çalışdığı, ilk
nömrəsi isə Azərbaycan Xalq
Cümhuriyyəti
dövründə çap olunmuş "Azərbaycan" qəzetinin 95 illiyi tamam olur.
Tarixi 1918-ci ildən
başlanan "Azərbaycan" dövlət
müstəqilliyinin atributu olmuş, onun simvoluna çevrilmiş bir qəzetdir.
Çalışdığımız "Azərbaycan" qəzeti
onun xələfidir və biz
bundan qürur duyur və bu günlərdə
öz sələfimizin 95 illiyini
böyük fəxarətlə qeyd edirik. Sentyabrın 14-də bütün günü iş başında olsaq da, müsəlman Şərqində ilk demokratik respublikanın
mətbu orqanı olmuş, rəsmi
dövlət statusu daşımış
qəzetini hər an fikrimizdə
dolandırırdıq. O dövrdə
çıxan "Azərbaycan"ın azad
fikrin, fikir plüralizminin, iqtidarda olan qüvvələrin süverenlik,
müstəqillik uğrunda mübarizəsini
dəstəkləyən bir orqan olduğu barədə
qəzetimizin bu günlərdə
çıxan nömrələrində də
vurğulanıb. Bir sözlə,
"Azərbaycan" qəzetinin ad günü bizim üçün ikiqat əzizdir.
Qəzetçilərin
hər günü işin
çoxluğu və operativliyi
baxımından gərgin olur. Bununla belə,
"Azərbaycan"ın əməkdaşları qəzetin
ad günündə redaksiyanın
"Heydər Əliyev və Azərbaycan Mətbuatı"
muzeyinə toplaşaraq şirin
çay süfrəsi arxasında "yubilyar" haqqında geniş
və səmimi söhbət açdılar.
"Azərbaycan"
qəzetinin baş redaktoru,
Milli Məclisin deputatı Bəxtiyar
Sadıqov "Azərbaycan"çıların
bayramını təbrik etməyə gəlmiş Mətbuat
Şurasının sədri Əflatun Amaşovu
və redaksiya əməkdaşlarını
salamladı. O, qəzetin tarixinə bir daha nəzər saldı. Bu
günlərdə cümhuriyyət dövrünün
"Azərbaycan"ı haqqında qəzetin səhifələrində
ətraflı bəhs olunduğunu bildirdi.
Mətbuat
Şurasının sədri Əflatun Amaşov
"Azərbaycan"çılara müraciətlə dedi:
- Bu gün həm "Azərbaycan"ın
kollektivinin və oxucularının, həm
də Mətbuat Şurasının bayramıdır. Son günlərdə
qəzetin səhifələrində cümhuriyyət
dövründə çap olunmuş nömrələrin
xatırlanması, qəzetin ilk
redaktorlarının və əməkdaşlarının həyatından
bəhs olunması bu mətbu orqanın
tarixinə sanki bir
işıq salır. Bu məqalələr
o dövrdə gedən mübarizəni,
Azərbaycanın bütün ərazisində
baş verən olayları, erməni-Azərbaycan
münaqişəsinə aid həqiqətləri
bir daha yada salır. "Azərbaycan" qəzeti o zaman cümhuriyyətin fəaliyyətinə
aid ən vacib xəbərləri
birinci olaraq yayıb.
Ə.Amaşov "Azərbaycan" qəzetini
"Əkinçi"dən sonra
xalqımızın tarixinə qızıl hərflərlə
yazılmağa layiq olan
bir qəzet adlandırdı. O, "Azərbaycan"
qəzetinin indi həqiqətən öz sələfinin yolunu
uğurla davam etdirdiyini vurğulayaraq dedi:
-
Bu gün də
"Azərbaycan" qəzeti Azərbaycan
jurnalistikasının şah əsəridir,
Azərbaycan ictimaiyyətinin fikir mərkəzidir.
Ölkədə gedən bütün
proseslər onun səhifələrində
öz əksini tapır və cəmiyyətdə
rəğbətlə qarşılanır. Mətbuat Şurası,
eləcə də şuranın sədri olaraq
mən şəxsən "Azərbaycan" qəzetinin fəaliyyətini
yüksək qiymətləndirirəm. Bir
oxucu kimi də qəzetin
hər nömrəsini, yazıların mütləq əksəriyyətini
oxuyuram. Jurnalist işi çətin və şərəfli bir işdir. Jurnalistlər
Vətənini sevən, iradəcə möhkəm, xalqına
fayda verən insanlardır. "Azərbaycan"da
çalışanlar da məhz belə
insanlardır. Qəzetin bu nailiyyətləri
həm onun redaktorunun,
həm də bütün əməkdaşlarının
birgə əməyinin nəticəsidir. Azərbaycanın
inkişafında, Azərbaycan jurnalistikası tarixində böyük rolu olan bir qəzetdir. Bu gün sizin
hər birinizin və bütövlükdə
Azərbaycan jurnalistikasının, Azərbaycan xalqının
bayramıdır.
"Azərbaycan"çılar
bu bayramı özünəməxsus
şəkildə, hər cür rəsmiyyətdən
uzaq, öz səmimi
fikirlərini, arzularını, yaradıcılıq təkliflərini
söyləyərək qeyd edirdilər.
Qəzetin baş redaktoru Bəxtiyar Sadıqov dedi:
- "Azərbaycan"
qəzeti haqqında hamımızın kifayət
qədər bilgilərimiz
var. Bu günlərdə qəzetin
nömrələrində indiyə
qədər adda-budda deyilmiş və haqqında geniş danışılmayan mövzuda
yazılar dərc edilib. Bu yazılardakı faktlar bir daha göstərir
ki, "Azərbaycan"
qəzetində işləmək
heç də asan olmayıb. 1918-1920-ci illərdə orada işləyənlər
repressiyalara, təqib və təzyiqlərə
məruz qalıblar.
Onların qismətinə yoxsulluq,
qəriblikdə yaşamaq
düşüb. Ümumiyyətlə, jurnalist həyatı heç vaxt asan olmur. Çünki doğru, ədalətli
söz demək, gələcəyin carçısı
olmaq, sabaha ünvanlanmış, reallaşması
nəzərdə tutulan
plan və ideyaları
təbliğ etmək
asan başa gəlmir. Buna görə də qəzet yazarları heç də asan ömür sürmürlər. Cümhuriyyət cəmi 23 ay yaşadı.
Onun 443 nömrəyə
paylanmış bir həyatı olan "Azərbaycan" qəzeti
də 1918-ci il sentyabrın 15-də doğuldu,
1920-ci il aprelin 28-də
Bakıda vida nömrəsi ilə öz ömrünü başa vurdu. 1991-ci ildə Azərbaycan
yenidən dövlət
müstəqilliyi ərəfəsində
olanda, müstəqilliyini
qazandığı məqamda
"Azərbaycan" qəzeti
"Həyat" adı
ilə yenidən nəşrə başladı.
Növbəti ilin sentyabr ayında isə qəzetin adı da özünə qaytarıldı. İndi "Azərbaycan" öz adına, öz
əqidəsinə, öz
məramına, öz
yoluna sadiq bir şəkildə buraxılmaqdadır.
Tədbirdə xatırlandı ki, bugünkü "Azərbaycan" müstəqilliyimizin
22 ilində Azərbaycan
xalqı və dövləti ilə birlikdə ağır sınaqlardan və maneələrdən keçib.
Elə anlar olub ki,
müstəqilliyimiz məhvolma
həddinə çatıb.
Azərbaycanın nəinki müstəqilliyi,
hətta özü də bu təhlükə
qarşısında olub.
Ulu öndər Heydər Əliyev xalqın təkidli çağırışı
ilə hakimiyyətə
qayıtdıqdan sonra
onu cümhuriyyət dövründəki taledən
xilas edib. Buna görə də müasir Azərbaycan dövlətinin banisi və yaradıcısı
məhz ulu öndər Heydər Əliyevdir! Əgər ulu öndərin
bu qayıdışı
olmasaydı, "Azərbaycan"
qəzetinin ömrü
də cümhuriyyət
dövründəki kimi
olardı. Bu gün biz çox şadıq ki, "Azərbaycan" qəzeti
yaşayır və sələfinə layiq fəaliyyət göstərir.
"Azərbaycan"çılar
onu da yaxşı
xatırlayırlar ki,
ulu öndər Heydər Əliyev qəzetimizə iki dəfə - onun 80 illik yubileyi və 1500-ci nömrəsinin
çıxması ilə
təbrik göndərib.
Orada ümummilli lider "Azərbaycan" qəzetinin
fəaliyyətinə yüksək
qiymət verib.
Bu, bizim üçün
çox dəyərlidir!
Bu gün "Azərbaycan" qəzetinə
öz oxucularından və əməkdaşlarından
da çoxlu təbriklər gəlmişdi.
Onlardan birini "Azərfon" telekommunikasiya şirkətinin
direktoru Kent Maknili rəhbərlik etdiyi kollektivin adından göndərib. Bu isə onu göstərir
ki, Azərbaycanda fəaliyyət göstərən
xarici şirkətlər,
işləyən əcnəbilər
də qəzetimizi oxuyur və onunla əməkdaşlıq
edirlər. Maknili öz
təbrikində qeyd edir ki, "Azərbaycan" qəzeti
bütün fəaliyyəti
dövründə geniş
oxucu auditoriyasına hesablanmış çoxsahəli
və operativ xəbərlərlə ölkə
mətbuatında öz
sözünü deyən
bir informasiya resursu kimi tanınmışdır.
Şirkətimiz "Azərbaycan" qəzeti ilə əməkdaşlıqdan çox
məmnundur. Bizim gələcəkdə
işgüzar əlaqələrimizin
daha da genişlənməyinə
böyük inamımız
var.
Təbriklər arasında "Kapital Bank"ın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
də səmimi ürək sözləri vardı.
Qəzetin şöbə müdiri İradə Əliyeva qəzetin bugünkü nüfuzundan,
onun müəllifləri
arasında Azərbaycanın
görkəmli alimləri
və ziyalılarının
üstünlük təşkil
etdiyindən danışdı.
Qeyd etdi ki, qəzetin
səhifələrində işıqlandırılan
hadisələr, faktlar
və rəqəmlər
geniş oxucu kütləsi üçün
bir istinad mənbəyinə çevrilib.
O, eləcə də həmkarlarının yüksək
peşəkarlığa nail olduqlarından, işə
böyük məsuliyyətlə
yanaşdıqlarından da
danışdı və
bu qəzetdə çalışmağın hər
jurnalist üçün
qürur olduğunu vurğuladı.
Qəzetin əməkdaşı
Rəhman Salmanlı söhbətə qatılaraq
son dövrlərdə müxtəlif
kitabxana və arxivlərdə qəzetin
tarixini vərəqlədiyini
söylədi. Cümhuriyyət dövrünün nömrələrini araşdırmaq,
onları Azərbaycan
xalqının sərvəti
etmək çətin
bir işdir. Çünki sovet dönəmində bu qəzetin nömrələri
arxiv künclərinə
atılmış, hamıdan
gizlədilmiş və
nə yaxşı ki, onun əksər
nömrələri bizədək
gəlib çatmışdır...
İndi 95 yaşlı "Azərbaycan" çoxsəhifəli,
iriformatlı qəzetdir.
Bügünkü "Azərbaycan" keyfiyyət məsələləri,
jurnalist peşəkarlığı
baxımından qəzetin
ümumi səviyyəsinin
yüksəlməsi ilə
yanaşı, həm də dövlət başçısı İlham
Əliyevin qayğısı
nəticəsində rəngli
çap olunur. Müasir "Azərbaycan"ımıza
Azərbaycanın böyük
uğurlarını təbliğ
etmək, BMT-nin Təhlükəsizlik Şurasının
üzvü olan ölkəmiz haqqında yazmaq, onun dünyaya
inteqrasiyası, beynəlxalq
təbdirlər məkanına,
dünyada söz sahibinə çevrilməsi
barədə söz açmaq, bir sözlə, dövrümüzün salnaməsini
yaratmaq xoşbəxtliyi
nəsib olub. Bu, bizim üçün fəxrdir!
Qarşımızda çox böyük vəzifələr
durur. Lakin biz həmişə nikbinik.
"Azərbaycan-2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyasının qarşıya
qoyduğu mühüm
vəzifələri, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsini uğurla
həll edəcəyimizə
əminik. Əminik ki, gələcəkdə
ərazi bütövlüyü
bərpa olunmuş, qaçqınları yurd-yuvasına
qayıtmış, daha
yüksək inkişaf
səviyyəsinə çatmış,
dünyanın iqtisadi
qurumlarının tərtib
etdiyi reytinq cədvəllərində ilk onluğa
düşən dövlətlərdən
biri olan Azərbaycanımızın nailiyyətlərindən
həvəs və yaradıcılıqla yazacağıq.
Flora
SADIQLI
Azərbaycan. - 2013.- 15 sentyabr.- S. 5.