Azərbaycan
nümayəndə heyəti Dünya İqtisadi Forumunun
Çində keçirilən illik
iclasında iştirak etmişdir
Sentyabrın
11-13-də Çin Xalq
Respublikasının (ÇXR) Dalyan şəhərində
Dünya İqtisadi Forumunun yeddinci illik iclası keçirilmişdir.
"Yay Davosu" hesab edilən iclasda 90-dan çox ölkədən 1600-ə yaxın
nümayəndə, o cümlədən
hökumət rəsmiləri, nazirlər, regional
təşkilatların və iri şirkətlərin
rəhbərləri, vətəndaş cəmiyyətinin təmsilçiləri
iştirak etmişlər. İclas
hökumət
qurumları, özəl sektor, beynəlxalq
və regional iqtisadi qurumlar arasında müxtəlif mövzularda müzakirələrin
aparılması baxımından yaxşı imkan
hesab olunur. Forumun məqsədi dünya
iqtisadiyyatının yeni elmi-texniki
nailiyyətlərin və inkişaf modellərinin
tətbiqi əsasında inkişaf etdirilməsi
yollarının müzakirəsi olmuşdur.
"Yay Davosu", həmçinin
qərar qəbul edən şəxslər, dinamik
inkişaf edən şirkətlərin
strateqləri və liderləri arasında fikir
mübadiləsi üçün də əlverişli
imkandır.
Dalyandakı
Beynəlxalq Konfrans Mərkəzində təşkil
olunan iclasın açılış mərasimində
Çinin Dövlət
Şurasının sədri (baş nazir) Li Keçyan,
Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab çıxış etmişlər.
Son illər Azərbaycanın
Dünya İqtisadi Forumunun işində fəallığı,
xüsusən Prezident İlham
Əliyevin forumun iclaslarında şəxsən
iştirakı ölkəmizə olan
marağı xeyli
artırmışdır. Təsadüfi deyil ki, Dünya
İqtisadi Forumunun
"Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi
ilə bağlı strateji dialoq"
mövzusunda iclası bu
ilin aprelində Bakıda keçirilmişdir.
Ölkəmiz bu tədbiri təşkil
etməklə regionun iqtisadi
cəhətdən aparıcı ölkəsi olduğunu
beynəlxalq arenada bir
daha təsdiq etmişdir.
Dalyanda keçirilən
illik iclasda Azərbaycan
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, sənaye
və energetika naziri Natiq Əliyev, Dövlət Neft
Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, ölkəmizin Çindəki
səfiri Lətif Qəndilov və digər şəxslərdən
ibarət nümayəndə heyəti ilə təmsil olunmuşdur. Azərbaycan
nümayəndə heyətinin üzvləri iclasın "Dünya iqtisadi liderlərinin
qeyri-rəsmi görüşü:
növbəti sərhədlərin yaradılmasına dair inkişaf", "Rəqəmli
iqtisadiyyatın qorunması", "22-ci əsrdə İpək
Yolunun kəşfi", habelə enerji, kibermöhkəmlilik, rəqəmsal infrastrukturun çatdırılması və
digər mövzulardakı müzakirələrdə
çıxışlar etmiş, ölkəmizin
dinamik inkişafı, son
illər müxtəlif sahələrdə əldə olunan nailiyyətlər barədə
danışmışlar.
İclas
iştirakçılarına məlumat verilmişdir
ki, son illər Azərbaycan
Prezidenti İlham
Əliyevin rəhbərliyi altında iqtisadi
baxımdan dinamik inkişafa
nail olunmuşdur. Həyata
keçirilmiş islahatlar
nəticəsində əlverişli sərmayə mühiti yaradılmış, bu
da öz növbəsində
bazar iqtisadiyyatının inkişafına
yol açmışdır. Eləcə də ümumi daxili məhsulun (ÜDM) həcmi bir neçə dəfə artmış,
ölkənin valyuta ehtiyatları rekord həddə çatmış, inkişaf və rəqabətqabiliyyətlilik,
yoxsulluğun aradan
qaldırılması və adambaşına düşən ümummilli gəlirin artım göstəriciləri
üzrə ciddi irəliləyişlər
əldə edilmişdir. Bir neçə il əvvəl
borc alan ölkə olan Azərbaycan hazırda özü
borc verən dövlətdir və bir sıra ölkələrin iqtisadiyyatına
sərmayə yatırır. Bu ilin fevralında ilk milli rabitə peykini orbitə
çıxaran Azərbaycan kosmik sənayesi
olan ölkələr sırasına qoşulmuşdur.
Çıxışlarda
həmçinin qeyd olunmuşdur
ki, bu nailiyyətlər
beynəlxalq iqtisadi və maliyyə
qurumlarının hesabatlarında da əksini
tapmışdır. Belə ki,
Dünya İqtisadi Forumunun son "Qlobal rəqabətqabiliyyətlilik
2013-2014" reytinqinə əsasən, Azərbaycan dünya ölkələri sıralamasında
39-cu mövqeyə yüksəlmişdir. 2008-2009-cu illər dünya maliyyə böhranı zamanı bir çox ölkələr
ciddi iqtisadi çətinliklərlə
üzləşsələr də, Azərbaycan müsbət
iqtisadi inkişaf trendini qoruyub
saxlamış və yuxarı ortagəlirli ölkələr
sırasına qoşulmuşdur. Azərbaycanın
liderliyi ilə reallaşan
bir sıra enerji və
nəqliyyat layihələri təkcə bölgə üçün deyil, dünya iqtisadiyyatı üçün
əhəmiyyətlidir.
Forum çərçivəsində
Azərbaycan nümayəndə heyəti üzvlərinin
Yaponiyanın təhsil, mədəniyyət, idman,
elm və texnologiyalar naziri Hakubun Şimomura, Çinin sənaye
və informasiya texnologiyaları nazirinin müavini Su Bo, Vyetnamın informasiya və kommunikasiya
texnologiyaları nazirinin müavini
Nquyen Hanq, Dalyan şəhər rəhbərliyi, habelə
bir sıra iri şirkətlərin
rəhbərləri ilə ikitərəfli görüşləri
keçirilmişdir.
Görüşlərdə
tərəflər arasında
müvafiq sahələrdə
əməkdaşlıq əlaqələrinin
inkişafı və genişlənməsi, beynəlxalq
sərgilərdə qarşılıqlı
iştirakın təmin
olunması və mütəxəssislər arasında
elmi mübadilənin aparılması, xarici şirkətlərin Azərbaycan
iqtisadiyyatına sərmayə
qoyuluşunun təşviqi,
habelə Azərbaycan
şirkətlərinin beynəlxalq
bazarlara çıxışı
imkanları müzakirə
olunmuşdur.
Şahin
CƏFƏROV,
AzərTAc-ın
xüsusi müxbiri
Dalyan
Azərbaycan. - 2013.- 15 sentyabr.- S. 6.