Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində seçicilərin sərbəst və şəffaf şəraitdə səs vermələri üçün hər cür şərait yaradılmışdır

 

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində seçicilərin sərbəst və şəffaf şəraitdə səs vermələri üçün hər cür şərait yaradılmışdır.

Bu sözləri Mərkəzi Seçki Komissiyası katibliyinin müdiri Rövzət Qasımov sentyabrın 13-də jurnalistlərə müsahibəsində demişdir.

R.Qasımov MSK-nın xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə seçki məntəqələrinin yaradılması işində Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır.

Azərbaycanın xarici ölkələrdəki səfirliklərində 38 məntəqənin yaradıldığını diqqətə çatdıran MSK katibliyinin müdiri bu məntəqələrdəki seçici sıyahılarında  12 mindən artıq  seçicinin olduğunu vurğulamışdır. R.Qasımov demişdir ki, ölkə daxilində seçicilərin azad və şəffaf səs vermələri üçün yaradılan şərait xarici dövlətlərdəki vətəndaşlarımız üçün də təmin olunacaqdır. Artıq xarici dövlətlərdə seçki məntəqələrinin yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir.

R.Qasımov seçki günündə xidməti ezamiyyətdə olan Azərbaycan Respublikası vətəndaşının qeydiyyatdan çıxma vəsiqəsini alaraq olduğu dövlətdəki seçki məntəqəsinə təqdim etməklə səsvermə hüququndan istifadə edə biləcəyini bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.-15 sentyabr.- S. 6.