Gənclər təşkilatlarının birinci milli konqresi gənclər siyasəti ilə bağlı işgüzar müzakirələrlə yadda qalmışdır

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə sentyabrın 14-də Bakıdakı "Fours seasons" mehmanxanasında ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının birinci milli konqresi keçirilmişdir.

AzərTAc xəbər verir ki, konqresdə hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və üzvləri, Milli Məclisin deputatları, BMT-nin və beynəlxalq qurumların ölkəmizdəki nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən ARGTMŞ-nin sədri Şahin Seyidzadə demişdir ki, konqresin əsas məqsədi gənclər təşkilatlarını bir araya gətirərək onların əlaqələrini möhkəmləndirmək və ölkəmizdə həyata keçirilən gənclər siyasəti ilə bağlı müzakirələr aparmaqdır. Eyni zamanda, gənclər təşkilatlarının potensialının gücləndirilməsi və idarəetmənin səmərəli mexanizmlərinin yaradılması da konqresin əsas hədəflərindəndir.

Ş.Seyidzadə məlumat vermişdir ki, ARGTMŞ ölkədə fəaliyyət göstərən 104 gənclər təşkilatını birləşdirən konfederativ qurumdur. Təşkilat Avropa Gənclər Forumunun Azərbaycandan yeganə və tamhüquqlu üzvüdür. Eyni zamanda, BMT-nin ECOSOC qurumunda xüsusi məşvərətçi statusa malik olan ARGTMŞ-nin əsas məqsəd və vəzifələri sırasına vətəndaş cəmiyyətinin formalaşmasında Azərbaycan gənclərinin və gənclər təşkilatlarının rolunun artırılması da daxildir və ən vacib istiqamətlərdən biridir.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında ilk dəfə keçirilən bu konqresi yüksək dəyərləndirərək demişdir ki, Azərbaycanda son on ildə gənclər təşkilatlarının sayı artaraq 250-yə çatmışdır. Bu təşkilatlar çoxlu sayda layihələr həyata keçirirlər. Odur ki, belə bir konqresin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Nazir diqqətə çatdırmışdır ki,  gənclərlə bağlı ümumilikdə 90-dan artıq tədbir həyata keçirilmişdir. Bunlardan 18-i beynəlxalq əhəmiyyətli, 30-dan çoxu isə respublika miqyaslı olmuşdur.

Son 10 ildə dövlət tərəfindən gənclər siyasətinin həyata keçirilməsinə yönəldilən büdcə vəsaiti 100 dəfə artırılmış,  ilk dəfə olaraq gənc nəslə sosial xidmət göstərən "Gənclər evləri"nin yaradılmasına başlanılmışdır.

Qeyd olunmuşdur ki,  son 10 il ərzində gənclərin  təşəbbüslərini və ictimai fəallığını stimullaşdırmaq məqsədilə onların layihələrinə ayrılmış maliyyə vəsaitləri 38 dəfəyədək artırılmışdır. Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi üçün 2013-cü ildə 71 gənclər təşkilatına  1 milyon 500 min manat məbləğində qrant ayrılmışdır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Brok isə çıxışında ölkəmizdə uğurla  həyata keçirilən dövlət gənclər siyasətinin davam etdirilməsinin vacibliyini vurğulayaraq bildirmişdir ki, bu ilin oktyabrında Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə birlikdə "BMT Təhlükəsizlik Şurasının nümunəvi iclası" keçiriləcəkdir. Həmin tədbirdə BMT Təhlükəsizlik Şurasının daimiqeyri-daimi üzvü olan ölkələrdən gələn gənclərin də iştirak edəcəyi barədə məlumat verən Antonius Brok  demişdir: "Azərbaycan BMT Təhlükəsizlik Şurasında ikiillik təmsilçilik hüququ əldə etmişdir. Bunu nəzərə alaraq BMT bu tədbirin Azərbaycanda keçirilməsinə qərar vermişdir. Tədbir kiber təhlükəsizliyə həsr olunacaqdır".

Azərbaycanda gənclərin ictimai-siyasi proseslərdə, sosial layihələrdə iştirakına dövlət tərəfindən yaradılan şəraiti yüksək qiymətləndirən rezident əlaqələndiricisi daha sonra qeyd etmişdir ki, gənclər ölkənin gələcəyi və ən böyük qüvvədir. Azərbaycanda da əhalinin üçdəbirini  gənclər təşkil edironlar  dövlət qulluğunda və özəl sektorda təmsil olunurlar. O, Azərbaycanda gənclər siyasəti ilə bağlı artıq iki dövlət proqramının həyata keçirildiyini, təmsil etdiyi qurumun Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini də diqqətə çatdırmışdır.

Konqresdə daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təqdimatı keçirilmişdir. Fondun icraçı direktoru Fərhad Hacıyev Prezident İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli fərmanı ilə təsis edilmiş Gənclər Fondunun reallaşdırdığı layihələr və qrant müsabiqələri haqqında məlumat vermişdir. Qeyd edilmişdir ki, fond tərəfindən gənclərin 630 layihəsi maliyyələşdirilmişdir. Fondun gələcək fəaliyyət istiqamətlərindən danışan F.Hacıyev demişdir ki, dövlətin xüsusi diqqət ayırdığı əlillər, xaricdə təhsil alan tələbələr və tədqiqat işləri ilə bağlı layihələrə üstünlük veriləcək, bu layihələrə daha çox vəsait ayrılacaqdır.

Tədbirdə həmçinin ARGTMŞ-nin rəsmi saytının (www.najora.az) təqdimatı olmuşdur. Belə ki, Milli Şuraya üzv olan gənclər təşkilatları öz xəbər və reklamlarını bu saytda yerləşdirə bilərlər.

Bakı şəhərindən və ölkənin 11 regionundan 200-dən artıq gənclər təşkilatının təmsil olunduğu konqres  işini panellərdə davam etdirmişdir.

Gənclər təşkilatlarının birinci milli konqresi gənclər siyasəti ilə bağlı işgüzar müzakirələrlə yadda qalmışdır.

Konqresin sonunda iştirakçılar adından bəyanat qəbul olunması nəzərdə tutulur.

 

Azərbaycan. - 2013.- 15 sentyabr.- S. 6.