Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına
Akademiyasına yeni qəbul olunmuş kursantlar Vətənə
sədaqət andı içmişlər
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına
Akademiyasına yeni qəbul olunmuş kursantlar Vətənə
sədaqət andı içmişlər.
Nazirliyin İctimai Əlaqələr Mərkəzindən
AzərTAc-a bildirmişlər ki,
akademiyanın şəxsi heyətinin, kursantların valideynlərinin
iştirakı ilə keçirilən təntənəli mərasimdə
hərbi marşın sədaları altında sıra
meydanına döyüş Bayrağı
gətirilmiş və Dövlət himni səsləndirilmişdir.
Akademiya rəisinin müavini, general-mayor
İsgəndər Allahverdiyev
kursantları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edərək
bu andın xalqa,
müstəqil Azərbaycana sədaqət andı olduğunu bildirmişdir.
Hərbi qulluqçu sona
qədər andına sadiq qalmalı, Vətən
torpağının hər qarışını göz bəbəyi kimi
qorumalıdır. Qeyd edilmişdir ki,
gənc kursantlar bu
çətin və olduqca şərəfli
peşənin sirlərinə yiyələnərək əsl zabit kimi yetişməli, milli maraqlarımızın etibarlı təmin
olunması sahəsində qarşıya qoyulmuş
vəzifələri layiqincə yerinə yetirməlidirlər.
Bunun üçün
isə təhsildə və xidmətdə yüksək nəticələr
göstərmək, nizam-intizamlı olmaq
lazımdır.
İ.Allahverdiyev Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə həyata keçirilən fəal
hüquq-mühafizə siyasətində daim
ön sırada olan Milli Təhlükəsizlik Nazirliyinin
uğurlu fəaliyyətinə ölkə
rəhbərliyi və ictimaiyyəti tərəfindən daim yüksək qiymət verildiyini
qeyd etmişdir.
General-mayor İ.Allahverdiyev daha sonra ordu quruculuğu
sahəsində həyata keçirilən tədbirlərdən
danışmış, təhlükəsizlik xidməti
orqanlarının inkişafında və milliləşməsində,
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına
Akademiyasının yaradılmasında və
formalaşmasında ümummilli lider Heydər
Əliyevin misilsiz xidmətlərini qeyd etmişdir. Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən milli təhlükəsizlik orqanlarına
göstərilən diqqət və qayğını xüsusi vurğulamışdır.
Akademiya rəisinin müavini milli təhlükəsizlik
naziri Eldar Mahmudovun tədrisə, gələcək zabitlərin
hərtərəfli inkişafına, həmçinin döyüş və fiziki
hazırlığına gündəlik nəzarətini və
bu məsələlərin yüksək səviyyədə
təşkili ilə
əlaqədar tələbkarlığını diqqətə
çatdırmışdır. Belə ki,
bu gün akademiyada kursantların istifadəsinə verilmiş tədris korpusları, yataqxanalar, yeməkxanalar, idman
və sağlamlıq kompleksləri, klublar
və istirahət guşələri ən yüksək standartlara cavab verir.
Tədbirdə
çıxış edən gənc kursantlar
və valideynlər ümummilli liderin adını daşıyan xüsusi təyinatlı bu
ali təhsil müəssisəsində təlim-tədris
və hərbi-fiziki hazırlıq üçün
yaradılmış yüksək şəraitdən razılıqlarını
bildirmişlər.
Tədbirin sonunda gənc kursantlar hərbi
orkestrin müşayiəti altında
sıra addımları ilə tribuna
önündən keçmişlər.
Təntənəli
mərasim çərçivəsində təhsil müəssisəsinin
akt zalında akademiyanın rəhbərliyi
valideynlərlə görüşmüş,
kursantlar üçün
yaradılmış tədris, xidmət və məişət
şəraitindən, həmçinin təhsillə
bağlı qarşıda duran vəzifələrdən
danışmış, sualları cavablandırmışlar.
Azərbaycan. - 2013.- 15 sentyabr.- S. 6.