Təhsilə
dövlət qayğısı bəhrələrini verir
Müasir qloballaşma
əsrində Azərbaycanda milli tərəqqinin
yeganə yolu elm və
təhsilin, yeni biliklərin, intellektual əməyin inkişafından, habelə
kompyuter və informasiya
texnologiyalarının bütün idarəetmə
səviyyələrində geniş tətbiqindən
keçir. Bu
reallıq nəzərə alınaraq dövlətin uğurlu elm və təhsil
siyasəti, bu sahədə özünü göstərən bir sıra problemlərin həlli mühüm əhəmiyyət kəsb edir. Bir faktı da qeyd edək ki, ölkədə təhsilə xüsusi diqqət yetirilməsi
respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması,
geniş maliyyə imkanları qazanması
ilə şərtlənir. Ona görə də təhsilin bütün
istiqamətlər üzrə proporsional
inkişafı ciddi investisiya
tələb edən məsələ olduğundan
dövlətin son illərdəki maliyyə
imkanları bu sahədə qlobal layihələrə başlamağa
münbit şərait
yaratmışdır.
Dövlət büdcəsində
təhsilə ayrılan xərclərin ildən-ilə
artırılması da bu
sahənin keyfiyyətcə yeniləşməsi üçün ardıcıl və sistemli fəaliyyət göstərildiyini təsdiqləyir.
Belə ki, 2004-cü ildən
2011-ci ilə qədər dövlətin təhsilə
ayırdığı büdcə vəsaiti 6 dəfə
artmışdır. 2013-cü ildə isə təhsil xərcləri
üçün 1milyard 530 milyon manatdan çox, yəni 2012-ci illə müqayisədə
1,2 faiz artıq vəsait
ayrılmışdır.
2012-2013-cü
tədris ilində ölkədə 4515 (onlardan
4495-i dövlət, 20-si qeyri-dövlət) ümumtəhsil
müəssisəsi fəaliyyət göstərmişdir. Həmin
müəssisələrdə 1287599 şagird
təhsil almış, 150998 müəllim
çalışmışdır. Bakı şəhəri
üzrə Təhsil İdarəsinin tabeliyində isə 331 tam orta, 3 ümumi
orta, 7 xüsusi, axşam (qiyabi), 4
sağlamlıq imkanları məhdud uşaqlar
üçün təhsil ocağı mövcuddur. Həmin məktəblərdə
29949 müəllim 318750 şagirdin təlim-tərbiyəsi
ilə məşğul olur. Azərbaycanda
108 ilk peşə-ixtisas təhsili müəssisəsi
var. Həmin müəssisələrdə
28587 şagird oxuyur,
4062 nəfər rəhbər və mühəndis-pedaqoji işçi, 1453 nəfər istehsalat
təlimi ustası fəaliyyət göstərir. Bu il ölkənin
ümumtəhsil və ilk peşə ixtisas məktəblərinə 1474 nəfər
müəllim işə qəbul olunub.
2012/2013-cü dərs ilinin yekunlarına görə ümumi
təhsili xüsusi nailiyyətlərlə
başa vuran 248 şagird qızıl və gümüş
medalla təltif olunub.
Qeyd edək ki, Təhsil
Nazirliyi ötən dərs ilində
qızıl və gümüş medal alan şəxslərin
qəbul imtahanlarında göstərdiyi nəticələrinin
təhlilini aparmışdır. Belə ki, 248 medalçıdan 3 nəfəri (1 faiz) 700 bal, 145 nəfəri
(58 faiz) 600-699 bal, 49 nəfəri
(20 faiz) 500-599 bal, 22 nəfəri
(9 faiz) 400-499 bal, 12 nəfəri
(5 faiz) 200-399 bal, 1 nəfəri
140 bal toplamışdır.
16 nəfər
(6,5 faiz) isə xarici
ölkələrin - ABŞ, Türkiyə və Niderlandın
nüfuzlu ali məktəblərinin
tələbəsi adına layiq görülmüşdür.
Məlum
olduğu kimi, ötən
tədris ilində ilk dəfə olaraq orta məktəblərin
bütün 11-ci sinif
şagirdlərinə buraxılış imtahanının qiymətindən
asılı olmayaraq yekun
dövlət attestasiyasının nəticələrinə
görə attestat verilməsi qərara
alınmışdır.
Təhsil Nazirliyi
2012/2013-cü dərs ilinin və təhsilalanların
yekun dövlət attestasiyasının nəticələrini
də araşdıraraq müəyyən etmişdir
ki, bu il
buraxılış imtahanlarında 2 qiymət almış 128
məzun qəbul imtahanlarında yaxşı bal
toplayıb ali məktəblərə qəbul
olunmuşdur. Onların arasında I ixtisas qrupu üzrə 350,
II ixtisas qrupu üzrə
301, III ixtisas qrupu
üzrə 559, IV ixtisas qrupu
üzrə 330 bal toplamış abituriyentlər
də var.
Bu bir daha nümayiş
etdirir ki, ölkə
rəhbərliyinin təşəbbüsü ilə qəbul olunmuş müvafiq qərar
hər bir məzun üçün
ali məktəblərə qəbul
prosesində bərabər imkanların yaradılması
baxımından düzgün qərar olmuşdur.
Ali məktəblərlə
yanaşı, həmin şəxslərin orta
ixtisas və ilk
peşə-ixtisas təhsili müəssisələrinə qəbul
olunmaq şanslarının olduğunu da nəzərə
alsaq, bununla da həmin gənclərin sosial
həyata aktiv şəkildə qoşulmaq imkanları xeyli
artmış olur.
Növbəti
illərdə məktəb proqramı ilə qəbul
imtahanlarının məzmun və metodologiyalarının
uyğunlaşdırılması istiqamətində də ciddi işlər aparıldığı bildirilir. Bu da təhsilalanların biliklərinin qiymətləndirilməsi
prosesində keyfiyyətin yüksək səviyyəyə
çatdırılmasına səbəb olacaq.
Təhsil Nazirliyi bu sahədə Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası ilə sıx əməkdaşlıq
edir. Ümumiyyətlə, bu
il ölkənin ali təhsil
müəssisələrinə və tam orta təhsil bazasından orta
ixtisas məktəblərinə qəbul
imtahanlarında iştirak üçün
100 min 675 abituriyent ərizə vermişdir. 2013/2014-cü tədris ili üçün
respublikanın ali təhsil müəssisələrinə
ayrılmış 36 min 537 plan yerinə 33 min 745 gənc
qəbul olunmuşdur. İmtahanlarda
üçüncü ixtisas
qrupu üzrə 4 nəfər, dördüncü ixtisas qrupu üzrə isə iki
nəfər maksimal nəticə -700 bal toplamışdır.
Bir faktı da
qeyd edək ki,
hazırda respublikada "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı"nın
icrasına xüsusi diqqət yetirilir. Artıq Azərbaycan
Respublikası Prezidenti yanında Təhsil
üzrə Komissiya tərəfindən
2013/2014-cü tədris ilində xarici
ölkələrin ali məktəblərində
təhsil almaq üçün
sənəd vermiş namizədlərdən
231-i barəsində müsbət qərar qəbul olunmuşdur. Dövlət proqamında əsas
məqsəd azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar
üzrə təhsil almasını və onun
inkişafında yaxından iştirakını təmin etməkdir.
Bu günlərdə
Bakı şəhəri təhsil işçilərinin ənənəvi
konfransı keçirilmişdir. Burada təhsil
müəssisələrinin işinin daha səmərəli təşkili üçün qarşıda duran
vəzifələrdən geniş
danışılmışdır. Ümumtəhsil məktəbi
müəllimlərinin dərs yükü
normasının yuxarı həddinin 24 saatdan
36 saata qaldırılması, məktəb
direktorlarının maaşının müvafiq meyarlar üzrə
artırılması, ingilis dilinin tədrisinin gücləndirilməsi,
müəllimlərin peşəkarlıq səviyyəsinin
yüksəldilməsi, məktəblərin dayanıqlı
internetlə təmin olunması istiqamətində nəzərdə
tutulumuş dəyişikliklər və
digər zəruri məsələlər haqqında məlumat
verilmişdir. Bundan başqa,
məktəb idarəçiliyinin müasir
tələblərə uyğunlaşdırılması, orta ümumtəhsil müəssisələrində
günüuzadılmış qruplar, formativ qiymətləndirmə
jurnallarının dəyişdirilməsi, müəllim əməyinin
stimullaşdırılması ilə bağlı islahatlar keçirilməsi barədə geniş müzakirə
aparılmışdır.
Yeni tədris ilində ilk dərslər vətənpərvərlik mövzusuna həsr olunacaqdır. Bu il ölkənin
ümumtəhsil məktəblərinin birinci
siniflərinə 141166 şagirdin gedəcəyi
gözlənilir. Onlardan 74998 nəfəri
oğlan, 66168 nəfəri isə
qızdır. Xatırladaq ki,
2012/2013-cü dərs ilində ümumtəhsil məktəblərində
birinci sinif şagirdlərinin
sayı 135541 nəfər olmuşdur. Bu il Bakı şəhəri
üzrə xüsusi istedada
malik 2400-ə yaxın uşaq
birinci sinfə qəbul olunmuşdur.
Son 8 ildə
İKT sahəsində icra olunmuş
"Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya
texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci
illər)" və "2008-2012-ci illərdə Azərbacan
Respublikasında təhsil sisteminiin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində
respublikanın ümumtəhsil məktəblərinin 83 faizi,
ilk peşə ixtisas
təhsili müəssisələrinin 84 faizi,
dövlət orta ixtisas
təhsili müəssisələrinin və ali
məktəblərin hamısı kompyuter
avadanlığı ilə təmin olunmuşdur.
Belə ki, hazırda respublikanın
ümumtəhsil məktəblərində V-XI siniflər
üzrə 16 şagirdə, dövlət ali
məktəblərində isə hər 28 tələbəyə
bir kompyuter düşür.
Təhsil
müəssisələrinin informasiya-kommunikasiya
üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi,
kompyuter avadanlığı və digər
zəruri rəqəmsal avadanlıqla təminatı işinin yaxşılaşdırılması
məqsədilə Məlumat və Resurs
Mərkəzi yaradılmış, 1700 təhsil müəssisəsi
Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və
İnternetə qoşulmuşdur.
Hər il olduğu kimi, bu il
də ənənəvi olaraq 4 milyondan artıq yeni dərslik
çap olunmuşdur.
VI sinif dərslikləri ilk
dəfə olaraq kurikulum
əsasında hazırlanmışdır. Artıq dərsliklərin
respublikanın təhsil müəssisələrinə
paylanması işi başa
çatmışdır.
Dövlətin
xüsusi qayğısı sayəsində
təhsil sahəsində ən diqqətçəkən nəticələr
ölkədə məktəb tikintisinin geniş vüsət alması ilə
bağlıdır. Bu problemin
həlli - məktəblərdə əsaslı təmir-tikinti
işlərinin aparılması, müasir
tipli yeni təhsil
ocaqlarının inşası regionların sosial-iqtisadi
inkişafı dövlət proqramlarında, ölkə
başçısının fərman və sərəncamlarında
öz əksini tapmışdır. Qeyd edək ki, son illərdə təkcə təhsil sahəsində
16 inkişafyönümlü xüsusi proqramın icrası təmin edilmişdir. Yeni dərs ilinə hazırlıq işləri çərçivəsində
Bakı şəhəri və respublikanın regionlarında
144 yeni məktəb binası və 13 mövcud məktəbdə əlavə tədris
korpuslarının tikintisi, 115 təhsil ocağında
isə əsaslı təmir və yenidənqurma işləri
həyata keçirilmişdir.
Bakı
Şəhər İcra Hakimiyyəti tərəfindən
"2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı"na əsasən 157 ümumtəhsil
orta məktəbdə, körpələr
evi və uşaq
bağçalarında, uşaq-gənclər yaradıcılıq mərkəzlərində,
peşə liseylərində, uşaq-gənclər idman məktəblərində, şahmat məktəblərində, texniki yaradıcılıq, məktəbdənkənar
tərbiyə işi mərkəzlərində
əsaslı təmir və ehtiyacı olan
tədris müəssisələrində yeni
sinif otaqlarının tikintisi,
idman və akt
zallarının, bəzi məktəblərdə isə yeni korpusların inşası
aparılmışdır. Artıq Nardaran, Ramana,
Pirşağı, Sabunçu, Zabrat, Bakıxanov, Keşlə, Balaxanı,
Suraxanı və s. qəsəbələrdə
onlarla təhsil ocağı, körpələr
evi-uşaq bağçaları müasir standartlara uyğun inşa olunub və yaxud əsaslı
təmir edilərək istifadəyə verilib.
Bu
günlərdə Buzovna qəsəbəsindəki
26 nömrəli orta məktəbin yeni tədris korpusunun
açılışı olmuşdur. 40 sinif otağından ibarət yeni
korpusda tikinti işləri
qısa vaxt ərzində yüksək
keyfiyyətlə həyata keçirilmişdir.
Əsaslı təmir və yenidənqurma işlərindən
sonra 2340 şagird yerlik məktəbdə dərslər əsasən
birnövbəli olacaq.
2011-2013-cü
illəri əhatə edən Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramında tikintisi və təmiri nəzərdə
tutulmayan, lakin bu işlərin aparılmasına ehtiyacı olan 164 ümumtəhsil müəssisəsində
də təmir və yenidənqurma işləri həyata keçirilmişdir. Ötən dərs ilində
Bakı şəhərində 880 və 640 yerlik
4 yeni məktəb binası inşa edilmiş, 76 təhsil
ocağında təmir işləri aparılmış, şagird sıxlığının aradan qaldırılması məqsədilə
20 məktəbdə əlavə tədris korpusu
tikilib istifadəyə verilmişdir. Həmçinin 5 məktəbin
idman və akt
zalları yenilənmişdir. Regionlarda da tikinti-quruculuq işləri
sahəsində ciddi işlər
aparılmışdır. Sabirabad rayonunda 1200 şagird yerlik M.Ə.Sabir adına 1 nömrəli orta məktəbin,
Zaqatalada Bəhmətli kənd tam orta məktəbinin, Qaxda Güllük kənd orta məktəbinin, Şəkidə 1
nömrəli peşə məktəbinin, Bakı Oksford məktəbinin Şəmkir filialı üçün 80 yerlik Uşaq Akademiyasının, Oğuzda
2 nömrəli körpələr evi-uşaq bağçasının, Siyəzəndə,
Qobustanda Gənclər Mərkəzinin, Qazaxda Uşaq Əyləncə
Mərkəzinin, Şirvanda Olimpiya İdman Mərkəzinin
və s. yeni üslubda tikilən binaları artıq öz sakinlərini gözləyir. Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramının icrasının üçüncü
ilinin yekunlarına həsr olunmuş
konfransda xüsusi
vurğulanmışdır ki, birinci proqram qəbul olunandan sonra ölkəmizdə
2300-dən çox yeni
məktəb binası tikilmişdir. Bu iş hazırda uğurla davam etdirilir.
Azərbaycanda
təhsilin inkişafı və xalqımızın gələcəyi
üçün sağlam
vətəndaşların yetişdirilməsi ümummilli
məsələyə çevrilmişdir.
Bu, ilk növbədə
dövlətin müəyyənləşdirdiyi təhsil
strategiyasının tələbidir. Hansı sahədə
fəaliyyət göstərməyimizdən asılı olmayaraq hər birimiz bu ali məqsədin
reallaşmasında yaxından iştirak
etməliyik. Çünki
xalqımızın gələcəyi və sivilizasiyalı dünyaya inteqrasiyasının yeganə yolu məhz təhsilin inkişafından
asılıdır.
İradə
ƏLİYEVA
Azərbaycan. - 2013.- 15 sentyabr.- S. 7.