Salyanın sabahı daha abad olacaq

 

Son illər Salyan şəhərinin siması xeyli dəyişmişdir. Tikilən binalar, salınan parklar, xiyabanlar onun hüsnünə yeni yaraşıq gətirmişdir. Ələt-Astara magistralı ilə üzü cənuba doğru gedərkən Kür çayı üzərindəki körpüyə çatanda bu dəyişikliyi, yenilikləri aydın görmək mümkündür.

Salyan həm də ölkəmizin ən qədim yaşayış məskənlərindən biridir. Hələ 2 il əvvəl yol çəkənlər şəhərin yaxınlığındakı Babazanlı dağından torpaq götürərkən küp qəbirlər aşkar etmişlər. Azərbaycan Elmlər Akademiyası ArxeologiyaEtnoqrafiya İnstitutunun alimləri dərhal tapıntı yerinə gəlmiş və  müəyyən etmişlər ki, küp qəbirlər 2 min 800 il bundan əvvəlki dövrə aiddir. Ötən əsrlər, illər ərzində isə insan əlləri və əməlləri ilə digər yerlər kimi, bu məkan da dəyişmiş, inkişaf etmiş, hər gələn nəsil bir iz qoyub getmişdir. Lakin inamla demək olar ki, burada heç  vaxt son on ildə olduğu qədər quruculuq  işləri aparılmamışdır. Salyan şəhərinə qədəm qoyan kimi Olimpiya İdman Kompleksi, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilən beşmərtəbəli yaşayış evi, iaşə obyektləri, əsaslı təmir edilən Müəllimlər İnstitutunun Salyan filialının binası, mozaik daşlarla yol boyu çəkilən hasarlar, digər tikililər, əkilən ağaclar, müxtəlif gül kolları Muğanın bir hissəsi olan bu yerlərin  necə dəyişdiyi haqqında ilkin təəssürat yaradır. "Salyan dairəsi" istiqamətinə doğru irəlilədikcə bu təəssürat daha da zənginləşir. Son iki ay ərzində bu ərazidə yeni park salınmışdır. Parkdakı fəvvarələr, uşaq əyləncə guşəsi, gənclər üçün kafe bura gələnlərə bir rahatlıq bəxş edir. Dövlət Bayrağı meydanı da burada yerləşir. 40 metr hündürlükdə dalğalanan  bayraq hər kəsdə qürur hissi doğurur.

Salyan şəhərinin mərkəzində də tikinti-quruculuq işləri səngimək bilmir, əksinə, gündən-günə sürətlənir. Şəhərin mərkəzində  rayon icra hakimiyyəti və Heydər  Əliyev Mərkəzi üçün orijinal layihə əsasında yeni binalar tikilmişdir. "İlkin MMC" şirkətinin kollektivi tərəfindən zövqlə, böyük ustalıqla inşa edilmiş binaların qarşısında isə ümummili lider Heydər Əliyevin heykəli ucaldılır.

Məlum olduğu kimi, Prezidentin bölgələrə hər səfəri əsl hadisəyə çevrilir. Bu səfərlər, bir növ, hesabat xarekteri daşıyır, ölkə başçısı ilə xalqın, ictimaiyyət nümayəndələrinin dialoquna çevrilir. Vətəndaşlar həlli vacib olan məsələlərlə əlaqədar öz rəy və təkliflərini bildirirlər. Bu da ölkəmizin, regionlarımızın inkişafına təkan verir. Səfərlər çərçivəsində həmçinin neçə-neçə obyektin açılışı olur, yenilərinin təməli qoyulur.

Ölkə başçısının Salyana növbəti səfəri də əlamətdar oldu. Rayon sakinləri ilə görüşündə Prezident dedi: "Yenidən Salyanda olmağımdan çox şadam. Son illər ərzində mən dəfələrlə Salyan rayonunda olmuşam. Bu mənim Prezident kimi yeddinci səfərimdir. Çox şadam ki, Salyanda işlər yaxşı gedir, şəhər abadlaşır, gözəlləşir, bütün küçələrdə abadlıq işləri görülür, binalar təmir olunur, gözəl binalar tikilir".

Qeyd etmək lazımdır ki, ölkə başçısının Salyana budəfəki səfəri zamanı da rayon əhalisini narahat edən bir neçə problem öz  həllini tapdı. Bəllidir ki, Kür çayı Salyan şəhərini ikiyə bölərək axıb keçir. Çayın Şirvan tayında yerləşən Babazanan hissəsində yaşayan əhali yüz illər boyu idi ki, şəhərin mərkəzindəki idarə, müəssisə, təşkilatlara, bazar-dükana gəlmək üçün bərə və ya qayıqlardan istifadə etməli olurdular. Bu, həm təhlükəli, həm də əzab-əziyyətli idi. Yağışlı-qarlı havalarda, suyun səviyyəsi qalxanda çayı keçmək daha da çətinləşirdi. Əhalinin çoxsaylı müraciətini nəzərə alaraq Prezident burada körpü tikintisi üçün sərəncam imzaladı. İndi sakinlərin sevincinin həddi-hüdudu yoxdur.

Elman Hacıyev, Babazanan yaşayış sahəsinin sakini, əmək veteranı:  "Ağlım kəsəndən dəfələrlə eşitmişəm ki, Salyan şəhərini ikiyə bölən Kür çayı üzərindən körpü salacaqlar. Hətta müxtəlif illərdə Bakıdan mütəxəssislər gəlib ölçü-biçi işləri də aparıblar. Lakin günlər, aylar, illər ötüb keçib, körpü tikintisindən səs-soraq çıxmayıb. Necə deyərlər, vədlər  söz olaraq qalıb, camaatın ümidləri puça çıxıb. Bu günlər, yəni sentyabrın 6-da axşam televizora   baxanda Salyan haqqında digər sərəncamlarla yanaşı, Kür üzərində körpü tikilməsi haqqında xəbəri eşidərkən, doğrusu, qulaqlarıma inanmadım. Xəbəri eşidənlər telefonla zəng edib bir-birini təbrik edəndə isə şübhəm qalmadı".

Digər bir sakin - Mustafa Mustafayev isə ürək sözlərini belə ifadə etdi:   "Yaşım 40-ı keçib. Bu illər ərzində Salyan şəhərinin o biri tayına ya bərə, ya da qayıqla gedib-gəlmişəm. Bütün Babazanan əhalisi kimi, mən də çox çətinliklərlə üzləşmişəm. Küləkli, yağışlı havalarda qadınlar, uşaqlar Kürü qorxa-qorxa keçirdilər. Bununla əlaqədar camaat dəfələrlə yuxarılara müraciət etsə də, nəticəsi olmamışdı. Sağ olsun Prezident. Rayona səfəri zamanı əhalinin xahişini nəzərə  alıb sərəncam imzaladı. Bizim Prezident sözü ilə əməli bir olan adamdır. Əminik ki, bu yaxınlarda körpünün tikintisinə başlanılacaq. Biz bu əzab-əziyyətdən, qorxu-hürküdən azad olacağıq".

Salyan-Şirvan avtomobil yolunun ümumi uzunluğu 40 kilometrdir. Yol üstündə 15-dən çox qəsəbə və kənd yerləşir və həmin yaşayış məntəqələrinin 20 min nəfərdən artıq əhalisi var. Bu yol uzun illərdən bəri təmir edilmədiyindən bərbad hala düşmüşdü. Ələt-Astara yeni  avtomobil yolunun çəkilişinə cəlb olunan ağır tonlu maşın-mexanizmlər yolu daha da bərbad hala salmışdı. Artıq 3-cü il idi ki, Salyan rayonunun Çuxanlı, Xələc, Qarabağlı, Pambıqkənd, Kərimbəyli kəndlərinin, Qaraçalı qəsəbəsinin, digər yaşayış məntəqələrinin sakinləri çox əziyyət çəkirdilər. Belə olan halda Prezidentin yolun yenidən qurulması ilə bağlı imzaladığı sərəncam əhalini necə sevindirməyə bilərdi...

Hacı Musa Kazımov, Qarabağlı Kənd Ağsaqqallar  Şurasının sədri:  "Salyan-Şirvan yolunun yenidən qurulması ilə əlaqədar Prezidentin imzaladığı sərəncam bütün Qarabağlı camaatının ürəyincədir. Hamı sevinir. Yol rahat, abad olanda insanlar mənzil başına tez çatır, incimirlər. Salyan-Şirvan yolu bərbad halda olduğundan insanlar əziyyət çəkirdilər. Başqa yerlərdə çəkilən yolları görüb həsəd aparırdıq. Ancaq ümid edirdik ki, ölkə başçısı bizim yolun düzəldilməsi üçün tədbir görəcək. Nəhayət, o gün gəlib çatdı".

Mirabutalıb Əsgərov, Qaraçala qəsəbə sakini: "Yol çəkmək, körpü salmaq dədə-babadan savab , xeyir əməl sayılıb. İndi ölkənin hər yerində yeni yollar çəkilir, körpülər tikilir. Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması haqqında imzalanan sərəncam dövlətin yol infrastrukturunun yaxşılaşmasına göstərdiyi diqqətin bariz nümunəsidir".

Qeyd edək ki, Salyana səfərindən sonra ölkə başçısı bu rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2013-cü ilin dövlət büdcəsindən 2 milyon manat ayrılması haqqında daha bir sərəncam imzalamışdır. Bütün bunlar bir daha onu göstərir ki, Salyanda quruculuq işləri bundan sonra da davam edəcək, Azərbaycanın bu qədim guşəsi daha da cavanlaşacaq, müasirləşəcək.

 

 

 

Seyran CAVADOV

 

Azərbaycan. - 2013.- 15 sentyabr.- S. 7.