«Nargis»
jurnalının payız buraxılışı çapdan çıxmışdır
"Nargis" jurnalının payız
buraxılışı çapdan
çıxmışdır. AzərTAc xəbər verir ki, nəfis tərtibatlı
bu jurnal ölkə və
ölkədən kənar moda və incəsənətə
tam yeni
baxışlı bələdçidir. Jurnal
oxuculara moda aləminin
ən son meyillərini, mövsümi
yenilikləri, afişa və incəsənət
xəbərlərini təqdim edir.
Zövq oxşayan dizaynı ilə oxucuların
görüşünə gələn "Nargis"
jurnalının payız buraxılışında baş redaktor Ülviyyə
Rəhmanovanın məktubu nəşrin cari
nömrəsinin əsas məqamlarını diqqətə
çatdırmaq baxımdan diqqəti cəlb edir. Məktubda bildirilmişdir ki, bu gün incəsənətin
əsas meyillərindən biri klassika və modernin sintezidir. Bunun ən parlaq nümunələrindən biri "Qara qu quşları" filminin
baş xoreoqrafı Benjamen
Milpyenin "LA dance: project" əsasında ərsəyə gəlmiş
"Reflections" müasir
baletidir. Balet
özlüyündə klassik rəqs
fiqurlarının müasir qrafika ilə sərbəst
interpretasiyasının birləşməsidir. Bu
isə indi də yeni
möcüzələrin yarandığını sübut edir.
Beləliklə
də "Nargis" jurnalının
payız buraxılışı "Klassika"
mövzusuna həsr edilmişdir.
Jurnalın üz qabığının qəhrəmanları
- Aras Bulut İynemli və Yeva Dedova - Xalq
Yazıçısı Elçinin
eyniadlı romanı əsasında çəkilmiş "Mahmud və Məryəm" filmində əsas
rolların ifaçılarıdır.
"Nargis" jurnalının yaradıcı heyəti
gənc və istedadlı aktyorlarla İstanbulda görüşmüş
və onlardan kadr
arxasında qalan ən maraqlı anlar haqqında soruşmuşlar.
Həmçinin
jurnalın yaradıcı heyətinə Xalq
Yazıçısı Anarın "Beş
mərtəbəli evin altıncı mərtəbəsi"
əsəri əsasında ekranlaşdırılmış
"Təhminə" filminin əsas qəhrəmanları
ilə görüşmək də nəsib olmuşdur. Onların sevgini
səmimi oynamalarına necə nail
olduqlarını öyrənmək maraqlı idi.
Görkəmli
rəssam Tahir Salahov öz məşhur işlərini milli xalça formasına
salmaqla onlara yeni həyat vermişdir.
Beləliklə, o, pərəstişkarlarına
və noyabr ayında keçirməyə
hazırlaşdığı yubileyinə hədiyyə etmişdir.
Nəhayət,
"İkona stilya"
rubrikasının qəhrəmanı baş
redaktorun anası - M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, tanınmış filoloq
alim, professor Nərgiz
Paşayevadır.
Jurnalda dahi Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Qara Qarayev, Fikrət
Əmirov, Cövdət Hacıyev, Tofiq Quliyev, Rauf Hacıyev, Süleyman Ələsgərovun sənətdə
qoyduqları iz, incəsənətə qiymətli
töhfələri də yer
almışdır. Payız nəşrinin "Dialoq" rubrikasının qonağı isə Xalq
Yazıçısı Elçindir.
"Nargis" jurnalının
buraxılışı oxucularını incəsənət
dünyasının mühüm tədbirləri
və anonsları ilə də tanış edir.
Azərbaycan. - 2013.- 15 sentyabr.- S. 8.