Bakıda «Qara dəniz - Xəzər dialoqu»
ölkələrinin kəşfiyyat xidmətlərinin Rəhbərləri
Müşavirəsinin X iclası keçirilmişdir
Sentyabrın
12-dən 13-dək Bakı şəhərində beynəlxalq
təhlükəsizliyə təhdidlərin
qarşısının alınması sahəsində xüsusi xidmət orqanları arasında əməkdaşlıq
əlaqələrinin möhkəmləndirilməsi və
genişləndirilməsi perspektivlərinin müzakirəsinə
həsr edilmiş "Qara
dəniz -
Xəzər dialoqu" ölkələrinin
kəşfiyyat xidmətlərinin Rəhbərləri
Müşavirəsinin X iclası keçirilmişdir.
Milli Təhlükəsizlik
Nazirliyinin İctimai əlaqələr
mərkəzindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik
Nazirliyinin, Bolqarıstan, Gürcüstan,
Macarıstan, Moldova, Polşa,
Rumıniya, Türkiyə, Ukrayna və Yunanıstanın
kəşfiyyat xidmətləri rəhbərlərinin
başçılıq etdikləri nümayəndə heyətləri
iştirak etmişlər.
Əvvəlcə
tədbir iştirakçıları Fəxri xiyabanda
ümummilli lider Heydər
Əliyevin xatirəsini ehtiramla yad etmiş və məzarı
önünə əklil qoymuşlar.
Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla
anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Sonra iclas iştirakçıları Şəhidlər
xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda
mübarizədə canlarından keçmiş
soydaşlarımızın məzarları üzərinə gül dəstələri düzmüş,
"Əbədi məşəl" abidəsinin önünə
əklil qoymuşlar.
Sonra tədbiri giriş
sözü ilə "Qara
dəniz - Xəzər dialoqu" ölkələrinin
kəşfiyyat xidmətləri Rəhbərlərinin
Müşavirəsi iclasının sədri, milli
təhlükəsizlik naziri Eldar Mahmudov
açmışdır.
Prezident
Administrasiyasının Hüquq-mühafizə orqanları ilə
iş şöbəsinin müdiri
Fuad Ələsgərov Azərbaycan Prezidenti İlham
Əliyevin salamlarını iclas
iştirakçılarına çatdırmış və
dövlət başçısının təbrik məktubunu
oxumuşdur (Təbrikin mətni qəzetin
bugünkü nömrəsində dərc
olunur).
X
iclasda beynəlxalq terrorçuluq,
ekstremizm, habelə bu cür hüquqazidd təzahürlərin,
ümumən forum dövlətlərinin təhlükəsizliyinə
mümkün təhdidlərin
qarşısının alınması sahəsində kəşfiyyat
xidmətlərinin əməkdaşlıq perspektivləri
müzakirə olunmuşdur. İclasın
əsas mövzusu olan enerji təhlükəsizliyi məsələsi
geniş təhlil olunmuş,
həssas məqamlar və qarşıda duran
vacib vəzifələr ətrafında fikir mübadiləsi
aparılmışdır.
Milli təhlükəsizlik
naziri Eldar Mahmudov çıxışında enerji təhlükəsizliyinin aktual
məsələ olduğunu, regional və beynəlxalq əhəmiyyət
daşıdığını diqqətə
çatdırmış, ümumən terrorçuluğun,
ekstremizm və radikallaşma
meyillərinin, bundan irəli gələn
təhdidlərin dövlətlərin sabitliyinə və milli mənafelərinə başlıca təhlükə
olduğunu bildirmişdir.
Regional və beynəlxalq təhlükəsizliyin
təmin edilməsində intensiv və səmərəli
informasiya mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur.
Milli təhlükəsizlik naziri müşavirə
iştirakçısı olan ölkələrin
xüsusi xidmət orqanları arasında son dövrlər dinamik surətdə
inkişaf edən əməkdaşlığı
yüksək qiymətləndirmişdir. E.Mahmudov həmçinin
müşavirənin X iclası çərçivəsində
aparılmış müzakirələrin əməkdaşlıq
sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyini,
yeni reallıqlar nəzərə
alınmaqla işgüzar münasibətlərin
səmərəliliyinin yüksəlməsinə xidmət
edəcəyini vurğulamışdır.
Müşavirənin
X iclasının yekunları üzrə qəbul olunmuş memorandumda kəşfiyyat
xidmətlərinin rəhbərləri "Qara
dəniz - Xəzər dialoqu" ölkələrinin
xarici təhlükəsizliyinə mümkün təhdidlərlə, habelə regional sabitlik və əmin-amanlıq
əleyhinə yönəlmiş təhlükələrlə
mübarizə
sahəsində tərəfdaşlıq
münasibətlərinin və qarşılıqlı əməkdaşlıq
imkanlarının müəyyənləşdirilməsi və
genişləndirilməsi işində qətiyyətli
olduqlarını, siyasi, iqtisadi,
enerji və informasiya
təhlükəsizliyinin təmin olunması, həmçinin
maraq doğuran digər
məsələlərin həlli üçün
səylərin artırılacağını bəyan
etmişlər.
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 3.