Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilmişdir

 

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Qurbanov Vələd Qüdrət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci, 311.3.2-ci, 331.2-ci, 331.3-cü, 341.1-ci maddələri ilə məhkum olunmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 2012-ci il 13 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu üzrə hakim İ.Nəcəfovun məruzəsini, ərizəçinin vəkilinin və cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 2012-ci il 13 sentyabr tarixli qərarının V.Qurbanovun mayor hərbi rütbəsindən məhrum edilməsi hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və 125-ci maddələrinə uyğun hesab edilsin.

Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin olunması məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin təkmilləşdirilməsi zamanı, həmçinin xüsusiya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə cəzasının tətbiq etmə qaydasını tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarının nəzərə alınması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və 125-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 2004-cü il 23 iyul tarixli Qərarında və bu qərarda əks olunan hüquqi mövqeyinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə müvafiq dəyişikliklər edənədək əlavə cəza kimi xüsusiya hərbi rütbədən məhrum etmə məhkəmələr tərəfindən həyata keçirilsin.

Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqanya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 3.