Milli Məclisin Regional
məsələlər komitəsi yaz və
növbədənkənar sessiyalar
dövründə görülən işlərin
hesabatını verdi
Sentyabrın
13-də Milli Məclisin Regional
məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirildi.
İclasın gündəliyinə çıxarılan ilk məsələ "Milli
Məclisin 2013-cü ilin yaz
və növbədənkənar sessiyalarında komitədə
görülən işlər barədə hesabat"
oldu.
Hesabat barədə komitə sədri
Arif Rəhimzadə ətraflı məlumat
verdi. O, qeyd etdi ki, Milli
Məclisin yaz və növbədənkənar
sessiyaları dövründə komitənin 6 iclası keçirilib və 14 məsələ müzakirə
olunub ki, bunların da 11-i qanun layihəsidir. Sessiya müddətində qanunvericilik
təşəbbüsü qaydasında komitəyə daxil olan qanun layihələrinin hamısı Milli Məclisdə müzakirəyə
çıxarılaraq qəbul edilib:
"Komitənin ünvanına daxil olan 200 məktub, təklif, ərizə və
şikayətə müvafiq qaydada baxılıb. Onlardan
99-u araşdırılması üçün
lazımi təşkilatlara göndərilib. Komitə üzvləri
tərəfindən isə 512 nəfər vətəndaş
qəbul edilibdir". A.Rəhimzadənin
sözlərinə görə, komitənin üzvləri
AŞ PA, ATƏT PA, MDB PA, TürkPA-nın sessiyalarında və
digər beynəlxalq tədbirlərdə fəal iştirak ediblər. Onlar bu tədbirlər çərçivəsində
ölkəmizin mövqeyinin dəstəklənməsi,
müdafiə edilməsi məqsədilə əsaslı
fikirlər irəli sürüblər. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə
çatdırılması sahəsində də xeyli iş görülübdür.
Hesabatda o da bildirilir
ki, respublikamızda yaradılmış
möhkəm hüquqi baza,
qanunlara edilən əlavə və dəyişikliklər,
həyata keçirilən islahatlar son illər ölkə bələdiyyələrinin
fəaliyyətinə öz müsbət
təsirini göstərib.
Buna baxmayaraq, bu gün dünyanın qabaqcıl bələdiyyə
institutlarının, yerli
özünüidarəetmə orqanlarının iş təcrübəsini
öyrənmək və onu Azərbaycan bələdiyyələrinə
tətbiq etmək diqqət mərkəzində saxlanılır.
Hesabat dinlənildikdən sonra müzakirə edildi və
təsdiq olundu.
İclasda 2013-cü il
payız sessiyasında komitənin görəcəyi işlərin
planı da təsdiqləndi. Qeyd edək ki, planda hazırlanması və müzakirəsi
nəzərdə tutulan 4 qanun
layihəsi və 5 tədbir nəzərdə tutulub.
İclasın
gündəliyinə çıxarılan iki
eyniadlı qanun layihəsi də
iştirakçılara təqdim edildi. "Bələdiyyələrin əraziləri və
torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş
"Azərbaycan Respublikasında bələdiyyələrin
siyahısı"nda dəyişiklik edilməsi barədə"
qanun layihələrindən biri Masallı rayonuna, digəri
isə Naxçıvan Muxtar
Respublikasının Şahbuz rayonuna şamil olunur.
Hər iki qanun layihəsinə
komitənin növbəti iclasında baxılacaqdır.
Elgün
MƏNSİMOV
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 3.