Qax və Zaqatala
rayonlarının zəlzələdən zərər çəkmiş
kəndlərində yeni məktəb binaları
istifadəyə verilmişdir
2012-ci ilin mayında ölkənin şimal-qərb
bölgəsində baş vermiş zəlzələnin nəticələrinin
aradan qaldırılması istiqamətində
Fövqəladə Hallar Nazirliyi
(FHN) və aidiyyəti dövlət qurumları tərəfindən
kompleks tədbirlər davam
etdirilir. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq zəlzələ
bölgəsində tikintisinə başlanılan fərdi evlərin,
məktəb binalarının böyük
hissəsi artıq əhaliyə, məktəb kollektivlərinə
təhvil verilmişdir. Bölgə əhalisi
həyata keçirilən bütün bu tədbirləri çox
yüksək qiymətləndirir.
AzərTAc
xəbər verir ki,
sentyabrın 13-də Qax rayonunun
Güllük, Zaqatala rayonunun Yeni Suvagil və Çobankol kəndlərində
zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş məktəblər üçün inşa olunmuş yeni binaların
açılış mərasimləri olmuşdur.
Mərasimlərdə
fövqəladə hallar naziri
general-polkovnik Kəmaləddin Heydərov,
rayonların icra hakimiyyətlərinin
başçıları, FHN-in məsul
nümayəndələri, məktəb kollektivləri və
ictimaiyyətin nümayəndələri iştirak
etmişlər.
Qax rayonunun Güllük kəndində
tam orta məktəb üçün inşa edilmiş 300 şagird yerlik yeni məktəb
binasının açılış mərasimində rayon icra hakimiyyətinin
başçısı Musa Şəkiliyev,
rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyev
çıxış edərək zəlzələ bölgəsində həyata keçirilən
tədbirlərin Prezident İlham
Əliyevin daim diqqət mərkəzində
olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, dövlət
başçısının göstərişinə əsasən
qısa müddət ərzində zəlzələ bölgəsində
minlərlə, o cümlədən Qax rayonunun zəlzələdən
zərər çəkmiş ərazilərində yüzlərlə
fərdi ev tikilib sakinlərə
təhvil verilmişdir. Qax rayonunda tikintisinə başlanan 10 məktəb binasından 9-u
artıq istifadəyə verilmişdir. Bu gün sonuncu
məktəb binası da öz
qapılarını şagirdlərin üzünə
açır. Bildirilmişdir ki, zəlzələ bölgəsində
həyata keçirilən bütün bu tədbirlər dövlət
başçısının ölkə vətəndaşlarına
göstərdiyi yüksək diqqət və
qayğının bariz nümunəsi olmaqla bərabər, həm də ölkəmizin
artan iqtisadi
qüdrətindən xəbər verir.
Məktəbin
direktoru Firəngiz İsayeva,
11-ci sinif şagirdi Günel Əhmədova, valideyn
Sevinc Məmmədova
çıxış edərək məktəb
binasının yeni tədris ilinin başlanğıcında istifadəyə
verilməsini məktəb kollektivi üçün çox
dəyərli hədiyyə olduğunu bildirmiş, bu
qayğıya görə
dövlət başçısına minnətdarlıqlarını
ifadə etmişlər.
Mərasimdə
fövqəladə hallar naziri
Kəmaləddin Heydərov çıxış edərək
son illər ölkəmizdə iki böyük təbii fəlakətin
- 2010-cu ildə aran bölgəsində sel və daşqınların, 2012-ci ilin mayında isə bu
bölgədə güclü zəlzələnin
baş verdiyini xatırlatmışdır. Bildirmişdir ki, hər iki bölgədə təbii fəlakət baş verəndən dərhal sonra
Prezident İlham
Əliyev fəlakət bölgəsinə getmiş,
vəziyyətlə yerində tanış olmuş,
aidiyyəti qurumlara müvafiq
tapşırıqlarını vermişdir.
Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün
Azərbaycan Prezidenti xüsusi
sərəncamlar imzalamış, dövlət büdcəsindən
müvafiq vəsait
ayrılmışdır.
Nazir bildirmişdir ki,
dünyanın heç bir
ölkəsində təbii fəlakətlər, yaxud texnogen qəzalar baş verərkən dövlət əhəmiyyətli
müəssisələr istisna olmaqla, digər tikililərin bərpası üçün dövlət büdcəsindən
vəsait ayrılmır.
Bu, Azərbaycan Prezidentinin
öz xalqına, ölkə vətəndaşlarına
olan məhəbbətinin,
qayğısının təcəssümüdür. Bildirilmişdir ki, aran bölgəsində sel
və daşqınların yaratdığı fəsadlarla
bağlı görülən işlər artıq tamamlanmaq üzrədir. Balakən, Zaqatala, Qax və Şəki
rayonlarında isə zəlzələnin nəticələrinin
aradan qaldırılması istiqamətində
tədbirlər davam etdirilir.
Dövlət başçısının
tapşırığına əsasən, indiyədək bu rayonlarda onlarla
məktəb binası, minlərlə fərdi ev
tikilib təhvil verilmişdir.
Nazir demişdir ki, hər dəfə
bu rayonlara gələndə,
insanların, uşaqların çöhrələrindəki sevinci görəndə biz
də sevinirik, fərəhlənirik.
Əminik ki, bu cür işıqlı, gözəl, ən müasir avadanlıqla təchiz olunmuş məktəblərdə təhsil alan şagirdlər daha
yaxşı oxuyacaq, bu
məktəblərdə təhsilin keyfiyyəti daha da
yaxşılaşacaqdır.
Məktəbin
açılışını bildirən rəmzi lent kəsildikdən sonra yeni məktəb binasına baxış keçirilmişdir. Müasir
standartlara uyğun inşa edilmiş
üçmərtəbəli binada tədris
prosesi üçün
hər cür şərait
yaradılmış, məktəb yeni inventar və avadanlıqla təchiz edilmiş, binada nəzarət
kameraları, müasir istilik
sistemi quraşdırılmış, həyət
abadlaşdırılmışdır.
Daha sonra
fövqəladə hallar naziri
Zaqatala rayonunun Yeni Suvagil kəndinə gəlmişdir.
Kəmaləddin Heydərov kənddəki 1 nömrəli tam orta məktəbin 500 şagird yerlik yeni binasının
açılışında iştirak etmişdir.
Mərasimi rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov açdıqdan sonra
şagirdlərin ifasında Azərbaycanın dövlət himni səslənmişdir.
Məktəbin
direktoru Abdurahman Soltanov Azərbaycanın 20 illik
müstəqillik dövründə çox
böyük nailiyyətlər əldə
etdiyini, ölkə iqtisadiyyatının
gücləndiyini, dünya dövlətləri
arasında söz, nüfuz
sahibi olduğunu bildirmişdir. Vurğulanmışdır
ki, bu iqtisadi
qüdrətin bariz nümunəsidir ki, Azərbaycan dövləti 2012-ci il mayın 7-də baş vermiş zəlzələ nəticəsində
bölgədə dağılmış minlərlə evin, onlarla məktəb
binasının, uşaq
bağçasının, digər obyektlərin bərpasına
heç bir dövlətdən
kömək, yardım almadan çox qısa müddətdə nail olur. Diqqətə
çatdırılmışdır ki, bu, Suvagil kəndində
FHN tərəfindən tikilib istifadəyə
verilən sayca ikinci məktəb
binasıdır. Bu binada
şagirdlərin təhsil alması üçün
hər cür şərait
yaradılmışdır.
Rayon icra
hakimiyyətinin başçısı Mübariz
Əhmədzadə ötən müddət ərzində zəlzələnin
nəticələrinin aradan
qaldırılması istiqamətində görülən
işlər barədə məlumat vermişdir.
Bildirmişdir ki, indiyədək
rayonda 4 minə yaxın fərdi evin tikintisi
aparılmışdır. Tikintisinə başlanan
23 məktəb binasından 14-ü artıq təhvil verilmişdir. Altı məktəb binasında
bərpa-gücləndirmə işləri
aparılmışdır. Bilik günündə daha 4 məktəb
binasının istifadəyə verilməsi nəzərdə tutulur. İcra hakimiyyətinin
başçısı həyata keçirilən bütün bu tədbirlərə
görə zaqatalalılar adından Prezident
İlham Əliyevə minnətdarlığını
bildirmişdir.
Nazir Kəmaləddin
Heydərov baş vermiş
zəlzələdən iki gün sonra Prezident İlham
Əliyevin fəlakət bölgəsinə səfər etdiyini, zərər çəkmiş evlərə,
sosial obyektlərə baxış keçirdiyini, yerindəcə müvafiq
tapşırıqlarını verdiyini
diqqətə çatdırmışdır. Bildirmişdir
ki, zəlzələnin fəsadlarının
aradan qaldırılması üçün dövlət büdcəsindən
külli miqdarda vəsait
ayrılmış, qısa müddətdə çox
böyük işlər görülmüşdür.
Artıq bu işlər yekunlaşmaq
üzrədir. Evlərin və məktəblərin əksəriyyəti
təhvil verilmişdir.
Nazir
vurğulamışdır ki, zəlzələ
bölgəsində istifadəyə verilən bu
məktəb binaları Prezident İlham Əliyevin yeni tədris
ilində şagirdlərə, müəllimlərə ən böyük hədiyyəsidir. Bir
neçə gündən sonra yeni tədris ili
başlayır. Hamımız əminik ki,
bu gözəl məktəblərdə təhsilin
keyfiyyəti daha yaxşı olacaqdır.
Şagirdlər çox gözəl şəraitdə,
laboratoriyalarda, kompyuter
otaqlarında təhsil alacaq, biliklərini
daha da artıracaqlar. Onlar işıqlı idman
zallarında öz
sağlamlıqlarını daha da möhkəmləndirəcəklər. Birinci sinfə qədəm qoyanları
xüsusilə təbrik edirik. Onlar ilk təhsillərini
məhz belə gözəl binalarda alacaqlar. Onların dünyaya
baxışı daha da
fərqli, zəngin olacaq, Vətən sevgisi daha da
yüksələcəkdir.
Sonra mərasim
iştirakçıları yeni məktəb
binasında yaradılmış şəraitlə yaxından
tanış olmuşlar.
Daha sonra
fövqəladə hallar naziri
Kəmaləddin Heydərov, nazirliyin
nümayəndələri və rayon rəhbərliyi
Çobankol kənd tam
orta məktəbinin 240 şagird
yerlik yeni binasının
açılış mərasimində iştirak
etmişlər.
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 6.