Azərbaycanda
keçiriləcək prezident seçkiləri
Fransa mətbuatının diqqət mərkəzindədir
Oktyabrın
9-da Azərbaycanda keçiriləcək prezident
seçkiləri dünya KİV-lərinin,
o cümlədən Fransa
mətbuatının diqqət mərkəzindədir. Parisdə
gündəlik nəşr olunan nüfuzlu "Les Echos" qəzeti 12 sentyabr
tarixli nömrəsində "Azərbaycanda
prezident seçkiləri" sərlövhəli
məqalə dərc etmişdir.
Azərbaycanda
keçiriləcək prezident seçkiləri
ilə bağlı araşdırma aparan məqalə
müəllifi Corinne Deloy qeyd edir ki, bu
seçkilərdə İlham Əliyevin
qələbə qazanacağı şübhə doğurmur. Məqalədə 2008-ci il prezident seçkilərində
İlham Əliyevin inamlı qələbə
qazandığı xatırladılır.
Məqalə
müəllifi hakim Yeni
Azərbaycan Partiyası haqqında da söz açaraq oxucularına məlumat verir ki, İlham
Əliyevin prezidentliyə namizədliyi sədri olduğu bu partiya tərəfindən irəli sürülmüşdür. Yeni
Azərbaycan Partiyası 2010-cu ildə keçirilən parlament seçkilərində 125 deputat mandatından 72-ni qazanmağa
müvəffəq olmuş, bundan əvvəlki seçkilərlə
müqayisədə Milli Məclisdə 9
artıq yer ala bilmişdir.
Azərbaycanın
təbii sərvətlərlə zənginliyini diqqətə
çatdıran müəllif ölkənin son
illərdə iqtisadi-sosial cəhətdən
sürətlə inkişaf etdiyi barədə də söhbət
açır.
Amerika Birləşmiş
Ştatlarının Azərbaycanda keçiriləcək prezident seçkilərinə münasibətinə
toxunan Corinne Deloy fransız oxucuları ölkədə əsl
seçki atmosferinin
yaradılmasına, müxtəlif partiyalardan
olan namizədlərin kütləvi informasiya vasitələrində
çıxış etmələrinə imkan
verilməsinə dair ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstarın səsləndirdiyi
fikirlərlə tanış edir.
Məqalədə
prezident seçkilərinin gedişini izləmək üçün Avropa
Şurası və ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatların
Azərbaycana müşahidəçilər göndərəcəyi,
həmçinin seçicilər arasında keçirilmiş
rəy sorğularının nəticələri barədə
məlumatlar
da yer
almışdır. Bildirilir ki, Seçki Məcəlləsinə
görə hər namizəd 40 mindən az
olmayaraq seçici
imzası toplamalıdır və
yalnız bu halda onun namizədliyi qeydə alına bilər.
Müəllif
namizədliyi artıq qeydə alınan şəxslərin tam siyahısını oxucuların diqqətinə
çatdırır və məlumat verir ki, Mərkəzi Seçki
Komissiyası lazımi qədər imza toplaya bilməyən şəxslərin namizədliyini
qeydə almaqdan imtina etmişdir.
Əsgər
ƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Paris
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 6.