«Gənclərin vətənpərvərlik tərbiyəsində həmkarlar təşkilatlarının

rolu» mövzusunda konfrans keçirilmişdir

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən "Təhsil" İstirahət Mərkəzində "Gənclərin vətənpərvərlik tərbiyəsində həmkarlar təşkilatlarının rolu" mövzusunda konfrans keçirilmişdir. Bu barədə komitədən AzərTAc-a məlumat verilmişdir.

Konfransda çıxış edən komitə sədrinin müavini Şaiq Əsgərov Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışmış, həmkarlar təşkilatlarının bu sahədəki fəaliyyətini qeyd etmişdir. Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov gənclərimizin intellektual səviyyəsinin yüksəldilməsi, onların milli vətənpərvərlik ruhunda tərbiyə olunması və ölkəmizə layiqli vətəndaşlar kimi yetişmələrində görülən işlərdən bəhs etmişdir.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov demişdir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün uğurla davam etdirilir. Qeyd edilmişdir ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafına təkan verir. Bu siyasət nəticəsində gənclərin təhsil hüquqlarının, sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi onların imkanlarını daha da artırır.

Konfransda digər çıxış edənlər Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün güclü ordu ilə yanaşı, milli ruhlu, vətənpərvər gənclərə də ehtiyac olduğunu bildirmişlər. Sonra konfransda məruzələr dinlənilmişdir.

 

Azərbaycan.-2013.-17. sentyabr.-S.5.