Siyasətin ali prinsipi və gələcək hədəfi: İNSAN HƏR ŞEYDƏN ÜSTÜNDÜR!

 

"Müstəqil Azərbaycanın siyasəti  insan amilinə hesablanıbdır. İnsan hər şeydən üstündür. Azərbaycan vətəndaşı, onun təhlükəsizliyi, rahat yaşaması, rifahı ön plandadır".

 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bu günlər nəinki Azərbaycan cəmiyyətində, bütövlükdə yaxın və uzaq məmləkətlərdə seçki ilinin  məntiqinə uyğun olaraq son   10 illik tarixin göz önündə canlandırılmasına səy göstərilir. Qət edilən tarixi mərhələnin yekunları o qədər möhtəşəm olmuşdur ki, onların elmi-siyasi, fəlsəfi dərki, ictimai şüurda, beynəlxalq rəydə mənimsənilməsi üçün hələ illərin keçməsi lazım gələcək.  Digər tərfədən, müstəqillik tariximizin hər bir mərhələsinin mənasını dərk etmək, dünyada öz yerini başa düşməyə çalışmaq - xalqımızın həm də ən mühüm dünyagörüş tələbatıdır.

Bu tarixin peşəkarlar tərəfindən dəyərləndirilməsi hələlik zamanla ayaqlaşa bilmir. Bunu etiraf etməliyik. Eyni zamanda, milli tarixin konseptuallaşdırılması, tarix fəlsəfəsinin yazılmasını yalnız sonraya, gələn nəsillərə həvalə edə bilmərik.

Tarixi mərhələlərin yaradıcısı kimdir, tarix necə yaranır? Məlum olduğu kimi, tarix fəlsəfəsinin cavab axtardığı sualların biri də budur. Bu suallardan ən vacibi də tarixi mərhələlərin ictimai şüurda, vətəndaşın təsəvvürlərində dəyərləndirilməsi məsələsidir. Adətən qeyd edilir ki, daha düzgün qiymət verilməsi üçün də uzun müddətin keçməsi lazım gəlir.

Bununla belə bu on ilin tarix fəlsəfəsinin ən azından ingilis tarixçisi Arnold Toynbinin "Çağırış-Cavab"  düsturu ilə müqayisə edərək ilk dəyərini vermək mümkündür.

Böyük şəxsiyyətlərin Vətən qarşısında xidmətlərini qiymətləndirərkən əsas meyar onların öz qarşısına qoyduğu başlıca məqsəd, bu məqsədə nail olmağa yönəlmiş fəaliyyətləridir. Son 20 illik tarixdə Azərbaycanda ümdə məqsəd müstəqil azərbaycanlının rifahı, meyar isə onu gerçəkləşdirməyə hesablanmış siyasi kurs olmuşdur.

Nəticə, əldə edilən çox mühüm qənaətlərdən biri isə budur: vətəndaşa, insansevərliyə, humanizmə dayaqlanan siyasət - XXI əsrdə Azərbaycanda milli dövlətçilik quruculuğunun fəlsəfəsini təşkil etmişdir! Çünki yalnız firavan insan, yetkin cəmiyyət və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər.

 

 

 

İnsan ölçülü siyasət modeli son əsrlərin hadisəsidir

 

 

 

İnsan tarixən dövlətin başlıca hərəkətverici qüvvəsi hesab olunmuşdur. Elə insanlar var ki, onlarsız bu və ya başqa xalqın, dövlətin tarixinin yaranması, sadəcə, mümkün deyil! Məşhur alim L.Paster yazırdı ki, Fransanın tarixindən 100 adamın adını çıxarın və onda Fransa tarixi olmayacaq!

 

Paradoks həm də ondadır ki, adı tarixdə həkk olunan dahi şəxsiyyətlərin fəaliyyəti də məhz onların öz xalqını, vətəndaşını düşünən siyasəti həyata keçirməsi ilə bağlı olmuşdur. Bu, sanki mistik bir vəhdət, bağlılıqdır. Şəxsiyyəti zirvəyə ucaldan öz dövlətinə, insanlara xidmət etmək missiyasıdırsa, bu, eyni zamanda həm də insanların onu əbədi yaşatmasının  sadə düsturudur.

Bunun əksi olan, insan amilinə biganə qalan siyasətin də hansı aqibəti yaşaması tarixdən yaxşı məlumdur. Siyasi məsuliyyətsizlik heç zaman cəzasız qalmır!

İnsan dünyada yaradılan bütün maddi və mənəvi dəyərlərin müəllifi, Yer üzündə ən ali dəyəridir - mütəfəkkir və dahi şəxsiyyətlərin bu qənaətinin əsrlərlə yaşı var. Antik, klassik və yeni dövrün, xüsusilə də orta əsrlərin islam fəlsəfəsinin mərkəzində insanın durduğu humanizm təlimləri olmuşdur. Humanizm bir fəlsəfə kimi İntibah dövründə yaranıb inkişaf etmişdir. İnsan, dövlət və Vətən vahid tam təşkil edən anlayışlardır.

İnsanın ali dəyər zirvəsinə ucaldılması tarix boyu heç də asan deyil, ən çətin məsələlərdən olmuşdur. Tarix fəlsəfəsindən məlumdur ki, sivilizasiyanın önündə getdiyi hesab edilən Avropada, Qərbdə yalnız orta əsrlərdən, İntibah dövründən insan, şəxsiyyət, onun dəyəri və missiyası məsələsi gündəmə gəlmişdir. Qərb fəlsəfi fikrində isə insanı yalnız XX əsrdə  kəşf ediblər.

İnsan amilinin siyasətin ali prinsipinə çevrilməsi daha çətin olmuş, bunun üçün də əsrlərin keçməsi lazım gəlmişdir. Mərkəzində "insan ali dəyərdir" prinsipinin dayandığı siyasət humanizm, insansevərlik (humanizm) siyasətidir

Başqa fəaliyyət sahələrindən fərqli olaraq, siyasətdə insansevərliyin təzahürü təkcə söz və şüarlar deyil, ilk növbədə, onun reallaşmasında ifadəsini tapan konkret nəticələrdir. Hər kəsin ləyaqətinin, rifah və firavanlığının təmin edilməsi belə siyasətin dəyərləndirlməsində ali meyar kimi çıxış edir. Bu universal, ümumplanetar bir prinsipdir. Milli və bəşəri bir dəyərləndirmədir. Burada insanların nə milli, nə sinfi, nə də dini və s. əlamətləri deyil, insan olması prinsipi qayə təşkil edir. Siyasi proseslərin dəyərləndirilməsi bütün məsələlərin fövqündə duran insana yönəlmiş siyasətin həyata keçirilməsi, onun şəxsiyyətin, dövlətin və bəşəriyyətin maraqları naminə reallaşdırılması vəzifəsinə tabe edilməsidir.

Siyasətdə dövlət və millətsevərlik liderin reallaşdırdığı siyasi kursun məqsədlərində, prioritetlərində, məzmun və mahiyyətində, vasitələrdə təcəssümünü tapır.

Tarixən sınaqlardan çıxan insan ölçülü siyasətin ən məqbul modeli insanın mərkəzdə dayandığı demokratik siyasi sistem kimi qəbul edilmişdir. Humanist simalı siyasətin meyarı insanın imkanlarının reallaşmasına, rifah və firavanlığının təmin edilməsinə, ölkədə və dünyada sosial ədalətin möhkəmlənməsinə istiqamətlənməsi olmuşdur. Siyasi tarixdə konstitusiyalar da tədricən belə yaranıb. Tarixdən bəllidir ki, dövlət siyasətini ilk olaraq konstitusiyada təsbit edir və yalnız bu halda onun təminatı labüddür. "İnsan ali dəyərdir" prinsipinə söykənən siyasət mütləq, ümumbəşəri prinsip kimi zaman-zaman hüquqi sənədlərdə təsbit edilmiş, qanunlar şəklinə salınmışdır.

İnsan ölçülü siyasət həm dövlətdaxili, həm də beynəlxalq məzmun daşıyır. Beynəlxalq miqyasda bu, özünü dövlətin suverenlik hüququna hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, faydalı əməkdaşlıq və dostluq, ədalət və qarşılıqlı hörmətə əsaslanan siyasətdə büruzə verir.

Bu gün insan ölçülü siyasətin hüquqi əsasları beynəlxalq təşkilatların fəaliyyətinin əsası kimi hüquqi sənədlərdə əksini tapmışdır. Getdikcə mürəkkəbləşən və ziddiyyətli qlobal cəmiyyətdə insana yönəlmiş siyasətə tələbat artmış və onun miqyasları daha da genişlənmişdir. O, bir vaxtlar ayrı-ayrı insanların məşğul olduqları fəaliyyətdən ümumdövlət və ümumbəşəri mövcudluğun tələbatına çevrilir. Ona alternativ yoxdur! Əks təqdirdə, bütün bəşəriyyət fəlakətə sürüklənə bilər!

 

 

 

Azərbaycan insanı, onun firavanlığı ümummilli liderin siyasətinin qayəsidir

 

 Müstəqil dövlətin vətəndaşı olmaq böyük hüquq və nemətdir! Tarixdən məlumdur ki, Vətəni, məmləkəti "dövlət" zirvəsinə ucalda bilmək də insansevər liderlərin missiyasıdır. Adı dünyanın siyasi tarixinə yazıla bilən müstəqil dövlətin vətəndaşları olmaq, bu missiyanın nəticəsi olub, hər kəsə nəsib olmayan qismətdir.

Ən böyük azərbaycanlı - ulu öndərin həyatı insanpərvərlik örnəyi idi və bu gün bu dəyər həyatımızın, dövlət siyasətimizin ayrılmaz hissəsidir. Məgər Heydər Əliyevi xalqın təkidli istəyi ilə yenidən Vətənə qayıtmağa vadar edən Azərbaycan insanını, onun müstəqilliyini hər şeydən uca tutmaq kimi ali prinsip deyildimi? Həyatına qarşı sui-qəsdləri, dövlət çevrilişlərini göz altına almamaq cəsarəti buradan qaynaqlanmırdımı? Azərbaycan vətəndaşına qarşı törədilən 20 Yanvar qırğını haqda dünyaya car çəkmək insanlarımıza olan ürək yanğısından güc almırdımı?

İnsansevərlik siyasəti Heydər Əliyevin həyatının başlıca missiyası idi! Müstəqil, azad vətəndaş Heydər Əliyevin qurduğu dövlətin əsas mahiyyətini təşkil edirdi.

Heydər Əliyevin aforizmə çevrilmiş bu sözləri onun yürütdüyü siyasətin ideya kökləri haqqında dolğun məlumat verir: "Mənim həyatımın məqsədi müstəqil Azərbaycandır, firavan Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam".

Xalqımız yaxşı xatırlayır ki, ötən əsrin 90-cı illərində müstəqillik yalnız "kağız üzərində" mövcud idi. Hər şeyin - dövlətçiliyin, milli iqtisadiyyatın, beynəlxalq əlaqələrin, milli ordunun və s. əsaslarını sıfırdan başlayaraq qurmaq lazım idi.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıdışı sayəsində Azərbaycanın müstəqilliyi təmin edildi. Məhz buna görədir ki, həmin vaxtdan etibarən tariximizin ən ağır sınaqlarından azərbaycanlılar milli birliyi hər şeydən üstün tutmaqla, siyasi liderimizin ətrafında sıx birləşməklə çıxdı, müstəqil yaşamağa qadir xalq olduğumuzu dünyaya və birliyimizə qəsd etmək fikrində olanlara bu yolla bəyan etdi.

Ulu öndər ən böyük xidmətini - azərbaycanlıları müstəqil və azad görmək missiyasını yerinə yetirdi! Tanrının bizə bəxş etdiyi, əcdadlarımızın qoruyub saxladığı məmləkəti isə suveren dövlətə çevirdi. Taleyin möcüzəsi kimi ulu öndərin memarı olduğu müstəqil dövlətçiliyimiz quruldu və tarixdə ilk dəfə özünü "müstəqil Azərbaycanın ali dəyəri olan vətəndaş" - yeni nəsil yarandı.

Müstəqilliyə gələn yolun başlanğıcında Azərbaycan tamamilə başqa bir ölkə idi və bu prinsipin gerçəkləşməsi üçün çox qurbanlar verilib. İlk növbədə, təçavüzkar Ermənistan tərəfindən torpaqlarımızın işğalı baş vermiş, suverenliyimizə qəsd edilmişdi. Vətəndaş qarşıdurmasından, ölkənin parçalanmasından, daxili hərc-mərclik və dövlət çevrilişlərindən keçmişdi. Xalqımızın qeyd-şərtsiz dəstəklədiyi dahi öndər Heydər Əliyevin fədakar xidmətləri sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik təmin edilmişdir, müstəqilliyin həyati vacib təməlləri qurulmuşdur.  Müstəqilliyin bərqərar olması baş tutmuşdur.

Bu illərdə hələ çox güclü olan keçmişin yeni yaranan kövrək gələcəklə savaşı gedirdi. İlk vaxtlar kommunist ideologiyasının təsirindən xilas olub demokratik dövlət quruculuğu yoluna çıxmış cəmiyyətdə yeni düşüncə tərzinin formalaşmasına və ona təsir edən zəruri şəraitin yaradılmasına müəyyən zaman tələb olunurdu. Ölkəni qərq edən xaos nəticəsində bütün səylər siyasi sabitliyin qorunub saxlanması müstəvisinə keçmiş, milli quruculuğun reallaşan prioritetlərindən birinə çevrilə bilməmişdi. Cəmiyyətin şüuru çox ağır şərtlərin mövcudluğu ilə sosial-iqtisadi problemlərlə və siyasi sabitlik məsələləri ilə məşğul idi. Bu illərdə insanlara verilən demokratiya vədləri yalnız ideolojiləşmiş siyasi ritorikanın bir hissəsi olaraq qalmaqda idi.

Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu, bir milyondan artıq qaçqın və məcburi köçkünün çadırlarda ağır vəziyyətdə yaşamağa məcbur edildiyi bir vaxtda ölkəni separatçılıq meyilləri də bürümüş, hakimiyyət böhranı vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Bir milyon qaçqın olan ölkədə hələ ki, onların ən fundamental hüquqlarının təmin edilməsi lazım idi. Dahi liderin qeyd etdiyi kimi: "Müstəqilliyi elan etmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır".

Heydər Əliyev mövcud çətinliklərə rəğmən Azərbaycan insanını bütün siyasətin ali məqsədi bəyan edən ilk müstəqil Konstitusiyanı yaratdı. Məlum - "Dövlət xalq üçündür" aforizmini bəyan etdi. Beləliklə, ulu öndərin qəbul etdiyi Konstitusiya, onun "insan ali dəyərdir" prinsipi bütün sahələrdə rəhbər tutmalı olduğumuz, məzmununa daim yaxınlaşmalı olduğumuz bir insansevərlik idealının təcəssümü oldu. Bu prinsip Konstitusiyanın hər bir bəndində duyulmaqdadır! Mərkəzində Azərbaycan insanının dayandığı Konstitusiya ilə dahi lider bu gün qalibiyyətlə davam edən siyasətin hüquqi əsaslarını müəyyən etdi.

Konstitusiyanın ideologiyası "insan-dövlət" maraqlarının qarşıdurmasına dair tarixdən məlum olan fikirləri aradan qaldırdı. Öz hüquqlarının qarantı olan müstəqil dövlətdə yaşayan  Azərbaycan insanının fundamental-sabit ölkədə yaşamaq və yaratmaq hüququnu təmin etdi: "Maddə 12. Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.", "Maddə 74. Vətənə sədaqət müqəddəsdir. II. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər". 

Beləliklə, ümummilli liderin sayəsində müstəqilliyin ilk on ilində demokratiya yolu ilə cəsarətlə irəliləyən, insan hüquqlarının və qanunun aliliyinin həyat normasına çevrildiyi cəmiyyət qurmaq istəyən Azərbaycan Respublikası, onun xalqı bu sahədə də təqdirəlayiq nailiyyətlər qazandı. Qabaqcıl demokratik dövlətlərin yüzilliklər boyu addım-addım qəbul etdiyi prinsipləri, qanunları və normaları ölkəmiz bir neçə il ərzində tətbiq edə bildi. Şərqdə ilk dəfə ölüm hökmünün ləğvi, on minlərlə insanı əhatə edən amnistiyalar, siyasi plüralizmə, söz və əqidə azadlığına geniş imkan yaradılması kimi böyük nailiyyətlərə imza atdı.

 

 

 

On il əvvəl dünyanın etiraf etdiyi Azərbaycan modelinin sirri –

 insan ali dəyərdir prinsipinin gerçəkləşməsidir

 

 

Son 10 ildə Azərbaycanda dövlətçilik fəlsəfəsi Konstitusiyada qəbul edilmiş "insan ən ali dəyərdir" kimi keyfiyyət səviyyəsinə qalxmış, ulu öndərin nəzəri, siyasi-hüquqi dövlətçilik irsinin təcrübədə gerçəkləşməsi, inkişafı və təbliği işinə həssas qayğı yönündə misilsiz işlər görülmüşdür. Bu, həqiqi mənada dövlətçilik tariximizdə iqtisadiyyat, siyasət, mədəniyyət, ədəbiyyat, qanunçuluq, elm və təhsil, nəhayət, mənəviyyat tariximizin qələbələri ilə yazılan möhtəşəm on il oldu!

Reallaşan böyük qələbələr həm də bir təcrübə kimi, insan ölçülü siyasətin Azərbaycan modeli kimi vacib əhəmiyyətə malikdir. Bu illərdə Azərbaycan ulu öndərin konstitusionalizm ideallarına yaxınlaşmaqda davam etmişdir. Azərbaycan çoxmilli və çoxkonfessiyalı postsovet mərhələsinin,  keçid dövrünün zəfərlə qət edilməsinə ən parlaq nümunə hesab edilə bilər. Görülən bütün işlər sonda cəmləşərək Azərbaycan insanının rifahına yönəlmiş yeni dövlətçiliyin portretini - Azərbaycan modelini, ulu öndərin Konstitusiyada bəyan etdiyi idealların gerçəkləşməsini təmin etdi. Qarşıdakı dövrdə bu missiyanın tam şəkildə yerinə yetirilməsi təmin ediləcək.

2003-cü ildə Azərbaycan xalqı "İnsan hər şeydən üstündür" prinsipini başlıca strateji prioritet bəyan edən lideri seçdi. "Güclü dövlət yalnız güclü vətəndaşlarla yaranır və buna görə də insan hər şeydən üstündür!"

Bu illərdə formalaşan və dünyada etiraf edilən Azərbaycan modelinin sirri nədədir - sualına cavablar isə ilk baxışdan göz önündədir: İnsan hər şeydən üstündür! Azərbaycan dövlətinin səfərbər etdiyi strateji resursların ən önəmlisi insan kapitalıdır!

İnsan ölçülü siyasətin ictimai-siyasi ideala çevrildiyi hazırkı qlobal cəmiyyətdə Azərbaycanda həyata keçirilən siyasi rəhbərlik modeli xüsusi önəm təşkil edir. Vətəndaşın ahəngdar inkişafı üçün onun bütün - mənəvi, intellektual, fiziki potensial və keyfiyyətərinin vəhdətdə reallaşmasına şərait yaratmaq, dövlətin həyata keçirdiyi siyasətin məqsədini təşkil edir. Əsas məqsəd hər bir vətəndaşın güclü dövlətin fəal qurucusuna çevrilməsidir.

Bəyan edilən dövlət siyasətinin ali prinsipinin son illərdə reallaşmasını təmin edən strategiyanın, ümummilli layihələrin, 50-yə yaxın dövlət proqramlarının qəbul edilməsi, onların icrasına sərt nəzarətlə müşayiət olunan islahatlar dalğasında günbəgün, aybaay, ilbəil Azərbaycan insanının rifah göstəriciləri artdı. Qısa ifadə edilsə, "firavanlıq və rifah layihələri" adlana biləcək bu tədbirlər, ilk növbədə, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin olunmasına, insan hüquq və azadlıqlarının təminatına, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsinə, bir sözlə, davamlı və sabit inkişafa xidmət etmişdir.

Bu prinsipin aliliyi dövlət başçısının fasiləsiz olaraq görülən işləri, qərarlarının icrasını dəyərləndirərkən səsləndirdiyi, artıq dilimizdə aforizmlərə çevrilmiş, vətəndaşa xidmətin rəhbər prinsiplərini təşkil etmişdir. Bunlar dövlət idarəçiliyində: "Hər bir məmur xalqının xidmətçisi olmalıdır", elm və təhsildə: "neft kapitalının insan kapitalına çevrilməsi" devizində, "gənclər gələcəyimizin qurucusudur", "hər kəsə məşğulluq", "regionlar, bölgə və paytaxt arasında fərq olmamalıdır", "sosialyönümlü bazar iqtisadiyyatı", çoxmilli dövlətin "müxtəliflikdən güc alan vəhdəti" kimi reallığa çevrilmişdir. İnsan potensialına qoyulan investisiyalar isə bütöv bir gənc istedadlar nəslinin formalaşmasını şərtləndirmişdir.

Bu gün xalqın öz iradəsi və müdrikliyi ilə seçdiyi liderin siyasəti sayəsində Azərbaycan tamamilə başqa bir ölkədir! Öz dövləti, müstəqil siyasəti, siması, dünyada və bölgədə mövqeyi olan uğurla inkişaf edən bir ölkədir. Dünyada özünə əmin və müstəqil siyasət yürüdən dövlət səviyyəsinə çatmışdır. Beynəlxalq birlikdə nüfuza malik məsuliyyətli və etibarlı tərəfdaşdır.

Dövlət başçısının, milli inkişaf strategiyası sayəsində ölkəmiz iqtisadiyyatda keçid dövrünü başa vurdu, Azərbaycan növbəti tarixi dəyişikliklər dövrünə qədəm qoydu. Bu illər ərzində müstəqil dövlət quruculuğunun, inkişafın Azərbaycan modeli yarandı və özünü təsdiq etdi. Eyni zamanda, həmin möhtəşəm uğurları təmin edən siyasət də kamilləşdi. Ölkənin siyasi liderinin yaxın gələcək üçün müəyyən etdiyi prioritetlər sırasında  müasir Azərbaycan insanının inkişafı, ardıcıl olaraq yetkinləşməsi ön cərgədə yer alır. Tarixən keyfiyyət dəyişikliklərinin baş verdiyi bütün dövrlərdə olduğu kimi, böyük məqsədlərə çatmağın yolu kimi "milli birlik, dövlət və xalqın vəhdəti" imperativi yenidən gündəmə gəlir.

Dövlət başçısının son sərəncamlarında açıq hökumət, yeni texnokratik idarəçilik modelinin yaranmasını təmin edən islahatlara başlanılması ilə yeni siyasi idarəçilik modelində vətəndaş fəallığı, iştirakı və nəzarəti dövlət qərarlarının formalaşmasının bütün mərhələlərində ayrılmaz proses kimi iştirak edir. Buna görədir ki, Azərbaycanın milli inkişaf strategiyasında humanitar potensial, insan kapitalı və innovasiya amilinə bütün cəmiyyətin diqqətini cəlb etmək, adekvat sosial-mədəni mühitin yaradılması yönündə tədbirlərin görülməsi bəhrəsini verməkdədir.

 

 

Gələcək siyasətin hədəfi də firavan insandır

 

 

"Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının qəbul edilməsi ilə ölkəmiz milli inkişafın yeni keyfiyyət fazasına qədəm qoymuşdur. Azərbaycan insanı və onun gələcəyinə hesablanmış siyasətin həyata keçirilməsi də son illərin  keyfiyyət göstəricilərindəndir.

Milli elitaların, siyasi liderlərin fəaliyyətinin nəticələrini qlobal miqyasda dəyərləndirən makrososial reytinqlər mövcuddur. 1990-cı ildən BMT ayrı-ayrı millətlərin inkişaf proqramını izləmək üçün "İnsan inkişafı İndeksi" (İİİ) müəyyən etmişdir. (Human Development Index - HDI). Bu, ilk baxışda sadə və kompleks, eyni zamanda, dərin göstərici olaraq imkan verir ki, alimlər, politoloqlar, ilk növbədə isə hər biq xalqın ictimaiyyəti öz dövlətinin nəinki iqtisadi uğurlarını, eləcə də ayrı-ayrılıqda hər bir vətəndaşın rifah və firavanlığının inkişafını izləyə -dəyərləndirə bilsin. 2010-cu ildən başlayaraq BMT-nin İİİ-si ( HDI) hər il hesablanır və 3 əsas aspekt üzərində dayanır: Vətəndaşın həyat müddəti əhalinin sağlamlıq indeksi kimi; xalqın təhsil, savad və təlim-tərbiyə səviyyəsi; uşaqların təminatı da nəzərə alınmaqla həyat və rifah səviyyəsi. Bu o deməkdir ki, Azərbaycan xalqı öz lideri sayəsində dünya xalqları arasında layiqli səviyyəni tuta bilmişdir.

Əgər mərkəzində vətəndaşın, insanın qoyulduğu siyasət olmasaydı, qlobal reytinqlərdəki bu göstəricilərə nail olmaq olardımı?

On il ərzində Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 48 milyard, dövlət büdcəsinin gəlirlərinin həcmi isə 25 milyard ABŞ dolları həddini ötmüşdür. Ötən on il ərzində ölkə iqtisadiyyatına 137 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuş, dövlət büdcəsinin həcmi 19 dəfə artmışdır. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün yönəldilən vəsaitin 49%-ni dövlət, 51%-ni isə qeyri-dövlət investisiyaları təşkil etmişdir. Qeyri-neft sektorunun inkişafına yönəldilmiş vəsaitin ümumi həcmi 11,1 dəfə artaraq təqribən 60 milyard dollar təşkil etmişdir.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı "Doing Business-2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmişdir. Hazırda iqtisadi fəal əhalinin sayı 7,2%, məşğul əhalinin sayı isə 11,9% yüksəlmiş, işsizliyin səviyyəsi 5%-ə enmişdir. Bundan başqa, ölkədə 1,2 milyon yeni iş yeri açılmışdır. Əhalinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 9 dəfə çoxalmışdır. Əhalinin gəlirləri ötən dövrlərlə müqayisədə 6,9 dəfə, əməkhaqqı 6,3 dəfə, pensiyaların həcmi isə 8,6 dəfə yüksəlmiş, ölkədə yoxsulluğun səviyyəsi 49%-dən 6%-ə enmişdir.  Qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları 7 çadır şəhərciyi və 12 müvəqqəti qəsəbə ləğv edilmiş, 80-dən çox müasir qəsəbə və məhəllə salınmışdır.

Bu il Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki Yer orbitinə çıxarılmışdır.  Beynəlxalq Telekommunikasiya İttifaqının "İnformasiya cəmiyyətinin ölçülməsi-2012" hesabatında Azərbaycan "İKT-nin inkişafı" indeksi üzrə əvvəlki göstəricilərini xeyli yaxşılaşdıraraq 155 ölkə arasında 68-ci yeri tutmuş, dünyanın on "Ən dinamik inkişaf edən ölkələr" qrupunda mövqeyini möhkəmlətmişdir. Mədəniyyətlərarası dialoqu yeni inkişaf mərhələlərinə qaldırmaq, xalqlar, dövlətlər, dinlər arasında qarşılıqlı anlaşmanı və birgəyaşayış prinsiplərini tanıtmaq bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasətin mühüm tərkib hissəsidir. Azərbaycanda tarixən bərqərar olmuş tolerantlıq, xalqların, din və mədəniyyətlərin birgəyaşayış modeli bu gün başqalarına da nümunə olaraq göstərilməkdədir. Bu modelin dünyaya tanıdılması məqsədilə 2011-ci ildən etibarən ölkəmizdə müntəzəm Ümumdünya mədəniyyətlərarası dialoq forumları təşkil edilir. Cəmiyyətdə ictimai-siyasi sabitliyi bərqərar edən güclü sosial siyasətin həyata keçirilməsi nəticəsində sosial, etnik-dini və mədəni qruplar arasında barış və sülh şəraiti formalaşmışdır. Ölkəmiz milli istisadiyyatın yüksəliş templəri ilə beynəlxalq əmək bölgüsündə özünəməxsus olan mövqeyini tutmuşdur. Azərbaycan bu gün dünyada tanınan, beynəlxalq birlik tərəfindən ehtiram bəslənilən regional lider, beynəlxalq nüfuza malik bərabərhüquqlu tərəfdaşdır.

Strateji prioritetlər, onlara nail olmağın resurs və texnologiyaları, sosial institutlar, mənəvi mühit və mədəniyyətimiz də keyfiyyətcə yeniləşir. İnsan resursları, kreativlik potensialı, innovasiya mədəniyyəti həyatımıza daxil olur.

Ölkənin milli inkişaf strategiyasını humanitar potensial, insan kapitalı və innovasiya amilinə bütün cəmiyyətin diqqətinin cəlb edilməsi, adekvat sosial-mədəni mühitin yaradılması yönündə tədbirlərin görülməsi, gələcəyin milli elitası və innovasiya təfəkkürünə malik kadrlar korpusunun formalaşması, Azərbaycanın XXI əsrin kreativ millətləri sırasında yer alması, yeni nəsil elitanın formalaşması, mədəni-intellektual statusunun yüksəldilməsi kimi amillər müəyyən edir.

İnsana həssas dövlət siyasəti həm də ilk növbədə, gənc insana qayğı deməkdir. Məhz buna görə də qarşıdakı illər üçün insan kapitalının inkişafı prioritet vəzifə kimi müəyyən edilmişdir. Vətəndaşa sərmayə qoyulması, onun fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni menecerlər sinfinin yaradılması, intellektin perspektivdə sürətli inkişafın prioritet amili kimi müəyyən edilməsi bu ideyanın əsas tərkib hissələridir. Bunun mahiyyəti ondan ibarətdir ki, yaradıcı zəka sahibləri, intellektual, kreativ kadrlar, gənc və qabiliyyətli insanlar dövlətin və cəmiyyətin lazımi diqqətindən kənarda qalmasınlar.

Gənc nəslin təhsil səviyyəsinin artırılması millətin özünü qoruyub saxlamasının və inkişafının mühüm elementidir. Gənc, kreativ və intellektual insanların istedadından hərtərəfli istifadə edilməsi dövlətin innovasiyalı inkişafını, həyata keçirilən siyasətin varisliyini təmin etməyə qadir olan əsas amildir. Ona görə də milli təhsil sistemi müasir dövrün tələblərini və standartlarını, yeni nəslin yetişdirilməsi və tərbiyə olunması sahəsində bilikləri və texnologiyaları, dünyada cərəyan edən ümumi meyillərə müvafiq olan metodları əhatə etməsi diqqət mərkəzindədir.

Müasir dünyada  dövlətin rəqabətə dayanıqlı, keyfiyyətə əsaslanan inkişafını insan amili, insan kapitalı, xalqın kreativ potensialı  təşkil edir. Modernləşmənin yeni subyektinin, yeni azərbaycanlılar nəslinin formalaşdırılması da yeni aydın təsəvvürlərdən başlayır. Bu təsəvvürlərin formalaşmasında insan hər şeydən üstündür - siyasi fəlsəfəsi həlledici rol oynayır.

 

(Ardı var)

 

 

Rəbiyyət ASLANOVA,

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, professor

Azərbaycan.-2013.-17. sentyabr.-S.6.