Daxili işlər orqanlarının əməkdaşları
prezident seçkiləri ilə
bağlı üzərilərinə
düşən bütün vəzifələrin
öhdəsindən layiqincə gəlməyə tam
hazırdır
Sentyabrın 16-da respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə keçiriləcək prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndiricisi, bu qurumun Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazəni və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Mariani ilə görüşmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir qonaqlara ATƏT ilə rəhbərlik etdiyi orqan arasındakı əlaqələrə böyük önəm verdiyini, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha səmərəli aparılması məqsədilə həmin qurumun Bakı ofisi ilə sıx əməkdaşlıq əlaqələri yarandığını məmnunluqla xatırlatmışdır. Bildirilmişdir ki, məhz belə faydalı və səmərəli işbirliyinin nəticəsi olaraq polisin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox əhəmiyyətli tədbirlər və layihələr, o cümlədən "Cəmiyyət dəstəkli polis" layihəsi həyata keçirilmişdir. Ümumiyyətlə, son illər ATƏT-in təşkilatçılığı ilə keçirilən müxtəlif tədbirlərdə nazirliyin iki mindən çox əməkdaşı iştirak etmişdir.
R.Usubov qeyd etmişdir ki, əldə edilmiş təcrübənin praktiki fəaliyyətdə tətbiq olunması istiqamətində də işlər uğurla davam etdirilir.
Sonra daxili işlər naziri kriminogen durumla bağlı qısa məlumat vermiş, polisin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bir sıra mötəbər beynəlxalq təşkilatların, o cümlədən ATƏT ekspertlərinin rəyləri nəzərə alınmaqla hazırlanmış zəruri normativ-hüquqi bazadan, həyata keçirilmiş islahatlardan danışmışdır. Qəbul edilmiş yeni qanunların, həmçinin ATƏT-in dəstəyi ilə keçirilən çoxsaylı seminar və treninqlərin şəxsi heyətin peşəkarlığının, dünyagörüşünün artırılmasında, xidməti fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılmasında böyük rolu olduğunu qeyd edən nazir buna görə mötəbər beynəlxalq qurumun və onun Bakı ofisinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində olduğu, belə hallara qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının əhəmiyyəti vurğulanmışdır.
Ölkəmizdə keçiriləcək prezident seçkilərindən danışan nazir R.Usubov bu ümumdövlət əhəmiyyətli tədbirə hazırlıq dövründə və seçki zamanı ictimai asayişin qorunması, baş verə biləcək qanun pozuntularının qarşısının alınması, polisin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin təmin olunması məqsədilə nazirlik tərəfindən xüsusi tədbirlər planı hazırlandığını və həmin sənədin artıq icraya yönəldiyini diqqətə çatdırmışdır.
Nazir əmin etmişdir ki, daxili işlər orqanlarının əməkdaşları oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı üzərilərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə tam hazırdır.
M.Vuazəni səmimi görüşə və ətraflı məlumata görə təşəkkürünü bildirmiş, ölkəmizdə keçirilmiş seçkiləri müşahidə etmək məqsədilə artıq dördüncü dəfə respublikamıza səfər etməsindən, burada gördüyü inkişafdan məmnunluğunu ifadə etmişdir.
Görüşdə
tərəfləri maraqlandıran bir sıra digər məsələlər
ətrafında da fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2013.-17. sentyabr.-S.7.