Azərbaycan və İran
arasında ortaq dini-mənəvi dəyərlərin
qorunması istiqamətində
konstruktiv əməkdaşlığa dair razılıq əldə
edilmişdir
İran İslam Respublikasında (İİR) işgüzar səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bu ölkənin mədəniyyət və irşad naziri cənab Əli Cənnəti, İİR-in ali dini liderinin müşaviri, ayətullah Əli Təsxiri, İİR Prezidentinin müşaviri, İslam Mədəniyyəti və Beynəlxalq Əlaqələr Təşkilatının sədri M.Xorrəmşad ilə görüşlər keçirmişdir.
Komitədən AzərTAc-a bildirmişlər ki, dostluq və qarşılıqlı hörmət şəraitində keçən görüşlərdə dini, mənəvi-mədəni sahələrdə İran-Azərbaycan əlaqələrinin mövcud durumu və inkişaf perspektivləri müzakirə edilmiş, bu sahədəki mövcud problemlər və onların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılmışdır. Görüşlər zamanı ölkələrimizin qanunlarına və ortaq tariximizə hörmət, ortaq dini-mənəvi dəyərlərimizin qorunması prinsipləri çərçivəsində dövlət komitəsi ilə İranın müvafiq qurumları arasında konstruktiv əməkdaşlığa dair razılıq əldə edilmişdir.
DQİDK sədri keçirdiyi görüşlərdə Azərbaycan dövlətinin islam dəyələrinə göstərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat vermiş, müstəqillik dövründə məscidlərin sayının dəfələrlə artdığını, son 10 ildə 200-dən artıq məscidin tikildiyini və əsaslı bərpa olunduğunu, Prezident İlham Əliyevin bununla bağlı təşəbbüslərini xüsusi vurğulamışdır.
Görüşlərdə radikal dini cərəyan və hərəkatların yayılmasının qarşısının alınması sahəsində əməkdaşlığın perspektivləri nəzərdən keçirilmiş, ortaq tarixi və mənəvi-mədəni irsin birgə öyrənilməsinə, İranda dini təhsil alan azərbaycanlı tələbələrin mövcud problemlərinin həlli və bu prosesin şəffaf şəkildə aparılmasına dair fikirlər səsləndirilmişdir.
Komitə sədri həmçinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində müştərək dini dəyərlərimizə, o cümlədən islamın dini və mədəni abidələrinə qarşı vandalizm faktlarını həmsöhbətlərinin diqqətinə çatdıraraq, qardaş İranın nüfuzlu din xadimlərinin bu məsələyə islam həmrəyliyi prinsipləri baxımından münasibət bildirməsinin vacibliyini qeyd etmişdir.
Elşad İskəndərov islam mənəvi irsinin dünyaya tanıdılması istiqamətində DQİDK-nın həyata keçirməyə başladığı layihələr haqqında məlumat vermişdir. Tərəflər Şəms Təbrizi, Seyid Yəhya Bakuvi kimi mütəfəkkirlərin irsinin birgə təbliği, İranda Azərbaycan tədqiqatçılarının əsərlərindən ibarət məcmuənin nəşr edilməsi haqqında da konkret razılığa gəlmişlər.
İİR-in mədəniyyət və irşad naziri Əli Cənnəti nümayəndə heyətimiz ilə görüş zamanı onu Azərbaycan ilə bir çox xoş xatirələrin bağladığını qeyd etmiş, ümummilli lider Heydər Əliyevlə Məşhəddəki unudulmaz görüşünü xatırlamışdır. Ə.Cənnəti həmçinin İran və Azərbaycan arasında mədəni və dini sahələrdə əməkdaşlığın tarixindən danışmış, bu əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi barədə fikirlərini bildirmişdir.
Hazırda ən böyük problemlərdən birinin radikal və ifrat düşüncələrə malik dini hərəkatların olduğunu qeyd edən iranlı nazir belə cərəyanlarla mübarizədə bütün dünyanın əməkdaşlıq etməli olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycan ilə bu sahədə də müştərək fəaliyyətə hazır olduğunu diqqətə çatdırmışdır. Ə.Cənnəti həmçinin İran dövlətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyini, işğalı heç vaxt qəbul etmədiyini bildirmişdir.
Səmimi keçən görüşdə nazir İran və Azərbaycan mətbuatında dini mövzularda qarşılıqlı yazıların dərc olunması, islam mədəni irsinə dair elmi mübadilə və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunmuş, ortaq dini ənənələrin qorunub saxlanılmasının zəruriliyi haqda fikirlərini söyləmişdir.
Elşad İskəndərov iranlı həmkarına dəvətə görə təşəkkürünü bildirərək, Azərbaycan tərəfinin İran ilə digər sahələrdə olduğu kimi, dini sahədə də konstruktiv, qarşılıqlı maraq və dostluq prinsiplərinə əsaslanan əməkdaşlığa açıq olduğunu qeyd etmişdir. DQİDK sədri Azərbaycan dövlətinin islam dəyələrinə göstərdiyi sayğı haqqında ətraflı məlumat vermiş, son illərdə bilavasitə ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə bu sahədə görülən işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan hökuməti bir sıra beynəlxalq forumlarda islamofobiya ilə mübarizə, həmçinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəyliyin gücləndirilməsi sahəsində fəal rol oynayır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğunu nəzərə çatdıran DQİDK sədri ölkəmizin bu sahədəki fəallığının bütün müsəlman dünyası üçün vacibliyini xüsusi vurğulamışdır.
E.İskəndərov mətbuatın bəzən dini məsələlərlə bağlı qarşı tərəf barədə əsassız məlumatlar yaydığını nəzərə çatdıraraq, dövlət qurumları tərəfindən buna operativ reaksiya verilməsinin vacibliyini qeyd etmiş, bu məqsədlə təmsil etdikləri qurumlar arasında birbaşa, "qaynar xətt" formatında əlaqə mexanizminin yaradılması təklifini irəli sürmüşdür. İranlı nazir də öz növbəsində mətbuatın iki ölkə arasında münasibətlərə həssas yanaşmasının vacibliyin dilə gətirərək DQİDK sədrinin təklifinə dəstək vermişdir.
Dövlət komitəsi sədrinin rəsmi görüşlərində Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov, nümayəndə heyətinin üzvləri - İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərov, DQİDK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli iştirak etmişlər.
Səfər
proqramı çərçivəsində Azərbaycan
nümayəndə heyətinin Qumda nüfuzlu din xadimləri və
burada təhsil alan azərbaycanlı tələbələrlə
görüşlərinin keçirilməsi də nəzərdə
tutulur.
Azərbaycan.-2013.-17.
sentyabr.-S.7.