Azərbaycanda keçiriləcək prezident seçkiləri Pakistan mətbuatının diqqətindədir

 

Məqalədə oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkiləri, seçkiqabağı kampaniya, habelə təşviqat kampaniyası barədə söz açılır.

Müəllif qeyd edir ki, Azərbaycan hakimiyyəti seçkilərin tam azad, sərbəst və demokratik keçirilməsi üçün bir sıra mütərəqqi addımlar atmış, qanunvericilik aktları qəbul edilmişdir. Hökumət seçkiləri müşahidə etmək məqsədi ilə bir sıra nüfuzlu beynəlxalq təşkilatları dəvət etmişdir. Ümumilikdə səsvermə zamanı 3000-dək beynəlxalq və çoxsaylı yerli müşahidəçinin səsvermə prosesini izləyəcəyi güman olunur.

Məqalədə namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədi ilə kütləvi informasiya vasitələrində çıxış üçün imkan yaradıldığı, təşviqat kampaniyası çərçivəsində seçicilərlə toplantıların keçirilməsi məqsədi ilə 5000 yerin ayrıldığı bildirilmişdir.

Müəllif indiyədək qeydə alınan namizədlər haqda danışaraq bildirir ki, onların arasında ən əsas namizəd Yeni Azərbaycan Partiyası sədri, Prezident İlham Əliyevdir.

Vahid Hüseyn vurğulamışdır ki, son on il ərzində ölkə həyatının bütün sahələrində böyük uğurlar əldə edilmişdir. Müəllif bu uğurların  miqyasını işıqlandırmaq məqsədi ilə konkret rəqəm və faktlara istinad etmişdir.

Məqalədə Azərbaycanda aparılan neft strategiyası nəticəsində neft və təbii qaz hasilatının bir neçə dəfə artdığı, ölkəyə 78 milyard ABŞ dollar sərmayənin daxil olduğu, Azərbaycanın qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrildiyi bildirilmişdir. Azərbaycan hazırda  bir sıra ölkələrə çoxmilyardlıq sərmayələr qoymağa başlamışdır.

Neft gəlirlərinin Dövlət Neft Fondunda cəmləşdiyini qeyd edən müəllif vəsaitlərin iqtisadiyyatın şaxələndirilməsinə istiqamətləndiyini bildirmişdir. Vurğulamışdır ki, bu səylər nəticəsində 2012-ci ildə qeyri-neft sektoru 10 faiz artmış, təkcə informasiya texnologiyaları sahəsində olan gəlirlər 1,750 milyard dollar olmuş, Azərbaycan öz ilk peykini orbitə buraxmış, internet istifadəçilərinin sayı 10 dəfə artmış, Trans-Avropa informasiya dəhlizi yaradılmışdır.

Daha sonra jurnalist kənd təsərrüfatının bu dövrdə 3,3 dəfə artdığını, bir milyard dollardan çox kreditlərin bu sahədə islahatlara yönəldiyini, ölkənin ərzaq təhlükəsizliyinin təmin edildiyini vurğulamışdır.

Nəqliyyat sektorunda əldə edilmiş nailiyyətlərdən bəhs edən müəllif, bu sahəyə 14 milyard ABŞ dolları sərmayələrin qoyulduğunu, hava və dəniz nəqliyyatı vasitələrinin yeniləndiyi, yeni beynəlxalq hava limanlarının istifadəyə verildiyini bildirmişdir.

Sosial təminat və təhsil məsələlərinin, gənclərə qayğının hökumətin prioritet məsələlərindən olduğunu qeyd edən məqalənin müəllifi 10 il ərzində pensiyaların 8 dəfə artdığını, keçmiş sovet əmanətlərinin qaytarıldığını, təhsilə ayrılan xərclərin 6 dəfə çoxaldığı, gənclərin xaricdə dövlətin hesabına təhsil alması üçün şəraitin yaradıldığı, minlərlə yeni məktəblərin tikildiyibu kimi digər faktların bunun bariz göstərici olduğunu vurğulamışdır.

Məqalədə qızsa müddət ərzində Azərbaycanın turizm mərkəzinə çevrildiyi qeyd olunmuşdur.

Pakistanlı jurnalistin öz yazısında Azərbaycanın apardığı xarici siyasətə xüsusi yer ayıraraq, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyə seçilməsi də daxil olmaqla, bir sıra mötəbər beynəlxalq qurumaların üzvü və Avropanın regionda əsas tərəfdaşı olduğunu qeyd etmişdir.

Vahid Hüseyn qeyd etmişdir ki, müxtəlif sahələrdə əldə olunan uğurlar Azərbaycanın dünyada müsbət və etibarlı tərəfdaş imicinin formalaşmasına xidmət etmişbu da öz növbəsində bir sıra mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə zəmin yaratmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmadığını qeyd edən jurnalist Azərbaycanın ordu quruculuğuna böyük diqqət yönəltdiyini, müdafiə xərclərinin 2003-cü ilə nisbətən 23 dəfə artırıldığını, yeni silahlar əldə etdiyini, hazırda 700 növ müdafiə təyinatlı məhsul istehsal edən Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət göstərdiyini bildirilmişdir.

Məqalədə Azərbaycanda son illərdə insan hüquqlarının qorunmasına istiqamətlənmiş bir sıra ciddi hüquqi normativ aktların qəbul edilməsi, mətbuata dövlət dəstəyi mexanizminin yaradılması, jurnalistlərin mənzillərlə təmin edilməsinə başlanılması haqqında məlumatlar verilmişdir.

Yazının sonunda Azərbaycanda islam dəyərlərinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyi, son illərdə bir sıra məscidlərin tikildiyi və ya təmir edildiyi, dini tədris mərkəzlərinin yaradıldığı qeyd olunmuşdur.  

 

Azərbaycan.-2013.-17. sentyabr.-S.7.