TÜRKSOY-un təşkilatçılığı ilə «Arşın mal alan»

operettası Astanada səhnəyə qoyulmuşdur

 

Astanada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının 100 illiyiTÜRKSOY-un yaradılmasının 20 illiyi münasibətilə bu ölməz əsərin premyerası olmuşdur.

TÜRKSOY-un təşkilatçılığı ilə təqdimatı keçirilən tamaşanın quruluşçu rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi, professor Alik Usubov, dirijorları Azərbaycanın xalq artisti, professor Ağaverdi Paşayev və beynəlxalq müsabiqələr laureatı Erlan Baktıqereydir.

Tamaşada Gülçöhrə rolunu əməkdar artist İnarə Babayeva, Süleyman rolunu Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti Tural Ağasıyev, Soltan bəyi Azərbaycan Dövlət Musiqili Teatrının solisti Nadir Xasıyev, Cahan xala rolunu isə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti Əsmət Həşimova ifa etmişlər. Digər rolları isə Türkiyə, Qazaxıstan və Qırğızıstan aktyorları oynamışlar.  Tamaşanı Qazaxıstanın Qaraqanda Akademik Xalq Çalğı Alətləri Orkestri müşayiət etmişdir.

Mərasimdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov "Arşın mal alan" operettasının şöhrətindən danışmışdır. Bildirilmişdir ki, ilk dəfə 1913-cü il oktyabrın 25-də Bakıda tamaşaçılara təqdim olunan bu ölməz əsər indiyədək dünyanın 136 ölkəsində göstərilmiş, 86 dilə tərcümə edilmişdir.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirmişdir ki, UNESCO 2011-ci ildə "Arşın mal alan" operettasının beynəlxalq səviyyədə qeyd olunmasını qərara almış, dünya şöhrətli bu əsərin 100 illiyini yubileylər siyahısına daxil etmişdir. O qeyd etmişdir ki, bu tamaşa TÜRKSOY-un təşkilatçılığı ilə sentyabrın 17-də Parisdə, 19-da isə Strasburqda tamaşaçılara təqdim olunacaqdır.

Sonda TÜRKSOY-un 20 illiyinə həsr edilmiş konsert proqramı təqdim edilmişdir.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAcn xüsusi müxbiri

Astana

Azərbaycan.-2013.-17. sentyabr.-S.11.