«YARAT!» Müasir
İncəsənət Məkanının təşkilatçılığı
ilə «Future
Shorts» festivalı çərçivəsində
qısametrajlı filmlər nümayiş etdirilmişdir
"YARAT!" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Yaşıl Teatrın böyük ekranında "Future Shorts" festivalı çərçivəsində qısametrajlı filmlər nümayiş etdirilmişdir. AzərTAc xəbər verir ki, "Future Shorts" dünyanın 90 ölkəsində, 300 şəhərində, 6 qitəsində keçirilən və 1400 nümayişdən ibarət ən nəhəng qısametrajlı filmlər festivalıdır.
"Future Shorts" və "Secret Cinema" festivallarının yaradıcısı və interaktiv tədbirlərin təşkili ilə məşğul olan "Future Cinema" şirkəti cari il iyulun 29-da "Future Shorts" festivalının yay mövsümünü açıq elan etmişdir.
Artıq 10 ildir ki, dünyanın ən möhtəşəm məkanlarında insanları cuşa gətirən qısametrajlı filmləri və bu filmlərin rejissorlarını geniş ictimaiyyətə təqdim edən "Future Shorts" festivalı Finlandiyadan Meksikayadək, Monqolustandan Qazaxıstanadək qısametrajlı film pərəstişkarlarından ibarət dünyanın ən böyük tamaşaçı auditoriyasını özünə cəlb etməyə müvəffəq olmuşdur. Dünyanın 90 ölkəsində "pop-up" janrında keçirilən ən böyük film festivalı hər kəs üçün istədiyi məkanda festival nümayişlərini təşkil etməklə özünü qlobal incəsənət ictimaiyyətinin bir hissəsi kimi duymaq imkanı yaradır.
"YARAT!" Müasir İncəsənət Məkanının PR koordinatoru Cəmilə Orucova bildirmişdir ki, "Future Shorts" qısametrajlı film festivalı artıq iki ildir Bakıda nümayiş olunur. Nümayiş etdirilən filmlər gənclər tərəfindən böyük maraqla qarşılanır. Növbəti mövsümlərdə də bu layihə davam edəcəkdir. Ümumiyyətlə, "YARAT!"ın çox maraqlı layihələri vardır.
"Future Shorts" festivalının 2013-cü ilin yay mövsümü proqramında dünyanın müxtəlif ölkələrindən seçilmiş və tənqidçilərin rəğbətini qazanmış 6 film öz əksini tapmışdır.
Rejissor
Franses Bodomonun "Boneshaker" ("Sarsıntı",
ABŞ, 2012) filmində Amerikada azmış Afrika ailəsinin
mücadiləsi təsvir olunmuşdur. Rejissor
Viktor Kerrinin "La Huida"
("Qaçış", İspaniya,
2013) filmi müəyyən hadisənin
müxtəlif nöqteyi-nəzərdən və prizmadan təhlil olunmasından bəhs edən
bir tapmacadır. Sara Qunnarsdottirin
"The Pirate of Love" ("Məhəbbət
qulduru", İslandiya,
2013) cizgi filmində həvəskar musiqiçi
Deniel S. haqqındadır. "The Hidden
Smile" ("El somriure amagat",
"Gizli təbəssüm")
filminin rejissoru Ventura Durall uşaqların qurduğu çiçəklənən
cəmiyyətdə hökm
sürən dəyərlər
haqqında real hekayəni
nəql edir.
2013-cü ilin Sandens festivalında "Ən yaxşı qısametrajlı
cizgi filmi" kateqoriyası üzrə qalib elan olunmuş,
rejissor Toni Donohyunun
"Irish Folk Furniture" ("İrland milli mebeli", İrlandiya, 2012) sənədli
cizgi filmi ənənəvi irland mebelinin tarixçəsidir
və nəhayət, Maxaliya Belonun
"Volume" ("Səsin ucalığı", Böyük
Britaniya, 2012) filmində
Corcinanın əsrarəngiz
şəkildə qeyb
olması qonşusu Sem tərəfindən izah edilir.
Azərbaycan.-2013.-17.
sentyabr.-S.11.