«YARAT!» Müasir İncəsənət Məkanı hollandiyalı

 rəssamın «Rezin ördək» layihəsini təqdim etmişdir

 

"YARAT!" Müasir İncəsənət Məkanı "PARTICIPATE" Baku Public Art" festivalı çərçivəsində Dənizkənarı Milli Parkda hollandiyalı rəssam Florentijn Hofmanın "Rezin ördək" layihəsini təqdim etmişdir. AzərTAc xəbər verir ki, beşmərtəbəli bina boyda olan sevimli ördəyi artıq bütün dünyada tanıyırlar. Bu gözəl ev quşu dünyanın Nyu YorkTokio, OsakaSan-Paulo kimi ən böyük şəhərlərinin körfəzlərində üzmüş, səs-küy yaratmış və əsl art-sensasiyaya səbəb olmuşdur.

Bəs necə oldu ki, bu qeyri-adi cazibəyə malik müxtəlif qitələrdən və ölkələrdən olan insanların sevgisini qazandı? Gəlin rezin ördəyin möhtəşəm dünya səyahətinin sirrini tapmağa çalışaq.

İdeya 2007-ci ildə rəssamın doğma şəhəri Rotterdamda yaranmışdır. Florentijn Hofman adi əşyalarda gözəl tərəfləri görməyi bacaran bir rəssamdır. O, ilhamlanmaq üçün muzalara və qədim filosoflara deyil, müasirlərinin təcrübəsinə müraciət edir.

Bir çox həmkarlarının dediklərinin əksinə olaraq, rəssamı tamaşaçının fikri çox narahat edir və maraqlandırır. Florentijn Hofman tamaşaçının çıxardığı nəticəyə biganə qala bilmir. Rəssam insanları əhatə edən məişətə və onların ətrafında olan mühitə xüsusi diqqətlə yanaşır. Bu isə rəssamın işlərinin universal dilə və əsərlərinin məxsusi istiliyə malik olmasını şərtləndirir.

Onun yaradıcılığı "muzey" formatına məxsus incəsənət ab-havasına qarşı yüngül istehzası ilə fərqlənir. Öz işləri ilə - gülməli və düşündürən, köpdürülmüş nəhəng oyuncaqlarla sanki rəssam bizə demək istəyir: "Bəli, mən saqqallı uşağamsizi güldürə bilərəm!". Florentijn Hofman həqiqətən də buna nail ola bilir.

Rəssamın ən tanınmış işi olan "Rezin ördək" layihəsinin Yaponiyada, ABŞ-daAvropada eyni dərəcədə məşhur olması artıq heç kimdə təəccüb doğurmur... Müəllif uğurunu belə şərh edir: "Ördək hər kəsin ürəyində xoşnostalji hisslər yaradır. O, nə sərhəd tanıyır, nə də irqi ayrı-seçkilik edir... Bu ördək hamıya qarşı mehribandır və siyasətdən uzaqdır. O, yaşından və aldığı tərbiyədən asılı olmayaraq hər kəsi barışığa çağırır.  "Rezin ördək"  bir-birinə yad insanları qısa müddətə də olsa ayaq saxlamağa və ünsiyyət qurmağa məcbur edir. Axı pablik-art obyektləri üçün səciyyəvi xüsusiyyət ünsiyyətin yaranmasıdır".

Bəlkə də məsələ ondadır ki, Florentijn Hofmanın instalyasiyası bizə uşaqlıq illərimizi xatırladır. O illərdə belə bir rezin ördək bizim dostumuz olmuş və dünyamızın balaca hissəsinə çevrilmişdir. Uşaqların keçirdikləri həyəcanın rəssam tərəfindən xeyirxah yumor və sadəliklə bizə çatdırılması insanda xoş hisslər yaradır.

Ən məşhur işinin uğurundan ilhamlanan rəssam sonrakı illərdə də bir sıra maraqlı əsərlər yaratmışdır. 2010-cu ildə Braziliyanın San-Paulo şəhərinin mərkəzi parkında quraşdırdığı 15 metrlik instalyasiya camaat içində "Kök meymun" adını almışdır. Daha diqqətlə baxsaq görərik ki, instalyasiya 10000 cüt şistdən (Braziliyada ənənəvi ayaqqabı) yığılmışdır.

2011-ci ildə İsveçin Orebro şəhərciyi üçün "Nəhəng sarı dovşan" yaratmışdır. Əsər İsveçdə dam örtüyü üçün istifadə olunan kirəmitdən tərtib olunmuşdur.

Son illər ərzində Florentijn Hofman pablik-art sahəsində bir neçə irihəcmli layihə həyata keçirmişdir. 2004-2006-cı illərdə Byukelsbou şəhərindəki məhəllələrin birində bütün binaları başdan-ayağa açıq mavi rəngə boyayaraq hər kəsin diqqətini sökülməli olan bu məhəlləyə cəlb etmişdir.

2008-ci ildə yeni avtomagistral yolun açılması münasibətilə rəssam 470 nəfər könüllü toplamış və hamı ilə birgə dünyanın ən böyük hava şarında uçuş həyata keçirmişdir. Onun məqsədi sakinlərə öz rayonlarının və qonşu ərazilərin quş uçuşu hündürlüyündən necə göründüyünü göstərmək və hər şeyə yeni rakursdan baxılması idi.

İndi isə ən pozitiv və cazibəli "Rezin ördək" Bakıya gəlmişdir. Dənizkənarı Milli Parkda suya buraxılmış "Rezin ördək" paytaxtımızın sakinlərinə və qonaqlarına xoş ovqat bəxş etmiş, onu görən hər kəsi qısa müddətlik də olsa, fikrən uşaqlıq illərinə aparmışdır.

 

Azərbaycan.-2013.-17. sentyabr.-S.11.