Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin mətbuat xidməti
Suriyada kimyəvi silahların istifadəsinə
dair açıqlama yaymışdır
Sentyabrın 17-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti Suriyada kimyəvi silahların istifadəsinə dair açıqlama yaymışdır.
Açıqlamada
deyilir: "Azərbaycan Suriyada kimyəvi silahlardan istifadə
olunmasını və onların bütün formalarda tətbiqini
kəskin şəkildə pisləyir. Biz təhlükəsizlik və
siyasi baxımdan olduqca
çətin şəraitdəki fəaliyyətlərinə
və nümayiş etdirdikləri peşəkarlığa
görə BMT-nin Suriyada
kimyəvi silahlardan istifadə edilməsi
iddialarının araşdırılması üzrə
missiyasının üzvlərinə təşəkkürümüzü
bildiririk. Azərbaycan Rusiya ilə ABŞ arasında Suriyanın kimyəvi
silah ehtiyatının mühafizəsinin təşkili
və məhv edilməsinə dair əldə
olunmuş anlaşmanı dəstəkləyir.
Suriya böhranının siyasi
həllinə nail olunması üçün Azərbaycan BMT-də, o cümlədən BMT Təhlükəsizlik
Şurasında bütün maraqlı tərəflərlə
birgə fəaliyyətə hazırdır. Gözlənilir
ki, Kimyəvi Silahların Qadağan
Olunması Təşkilatının İcraiyyə
Şurası Suriyanın kimyəvi silahlarının tez bir zamanda
məhv edilməsi və onun üzərində
sərt yoxlama rejiminin
tətbiqi üzrə xüsusi
prosedurları nəzərdən keçirəcək və bu xüsusda müvafiq qərar qəbul
edəcəkdir. Ümumiyyətlə, Azərbaycan daim Təhlükəsizlik Şurasını
beynəlxalq sülhün və təhlükəsizliyin
bilavasitə qorunmasına məsul bir qurum kimi qəbul etmiş, onun qərar və
qətnamələrinin mütləq şəkildə yerinə
yetirilməsini zəruri hesab etmişdir".
Azərbaycan.-2013.- 18 sentyabr.- S.2.