Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə Birləşmiş
Ərəb Əmirliklərinin Dubay Məhkəmələri
arasında əməkdaşlıq haqqında İşçi
Proqramı imzalanmışdır
Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələrinin baş direktoru Əhməd Səid bin Həzimin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində sentyabrın 17-də Azərbaycan Respublikasının Ali Məhkəməsində olmuşdur.
AzərTAc
xəbər verir ki, qonaqlar Ali Məhkəmənin inzibati
binasını gəzmiş, hakimlərin iş şəraiti
ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə
baxmışlar.
Dubay Məhkəmələrinin baş direktoru muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Sonra Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələrinin baş direktoru Əhməd Səid bin Həzimin başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev arasında görüş olmuşdur.
Görüşdə Ali Məhkəmənin sədri R.Rzayev qonaqlara ənənə və dəyərlərlə bir-birinə yaxın olan Azərbaycan və ərəb xalqları arasında həmrəyliklə bağlı çoxsaylı nümunələrin mövcudluğunu qeyd etmişdir. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı səfərlərin, iki ölkə arasında bağlanmış iqtisadi müqavilələrin, humanitar sazişlərin əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün böyük imkanlar açdığını diqqətə çatdırmışdır.
Ali Məhkəmənin sədri Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu münasibətlərin uğurla inkişaf edərək beynəlxalq təşkilatlar çərçivəsində də genişlənəcəyini vurğulamışdır. Bildirilmişdir ki, respublikamızda məhkəmə-hüquq sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyi Ali Məhkəmənin yeni strukturunda və fəaliyyətində də öz əksini tapmışdır.
Ramiz Rzayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələrinin baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimizin məhkəmə orqanları arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
Əhməd Səid bin Həzim isə Dubayda məhkəmələrin fəaliyyət dairəsi barədə məlumat vermiş, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir.
Görüşdə məhkəmə-hüquq təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Sonda
Azərbaycan Respublikası Ali Məhkəməsi və Birləşmiş
Ərəb Əmirliklərinin Dubay Məhkəmələri
arasında əməkdaşlıq haqqında
İşçi Proqramı imzalanmışdır.
Azərbaycan.-2013.- 18 sentyabr.- S.2.