BTC yeni layihələrə
yol açdı
Bu kəmərin təməlinin qoyulduğu gündən 11 il
keçir
2002-ci il sentyabrın 18-də Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalında üçüncü minilliyin nəhəng mühəndis qurğusunun - Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin təməlqoyma mərasimi keçirilirdi. Həmin tarixi hadisəni əyani görmək, ümummilli lider Heydər Əliyevin tədbirdəki parlaq və yaddaqalan nitqini dinləmək xoşbəxtliyi bu qeydlərin müəllifinə də nəsib olub.
Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları, ABŞ-ın energetika naziri, BTC layihəsinin tərəfdaşları olan tanınmış xarici şirkətlərin səlahiyyətli nümayəndələri, neçə-neçə ölkənin jurnalistləri burada idilər. Ulu öndər onların qarşısında tarixi bir nitqlə çıxış etdi və bu çıxışda səslənən hər fikir, hər müddəa, BTC-nin gələcəyi, onun tərəfdaşları, inşaatçıları, yeni neft-qaz layihələri barədə deyilən sözlər həmişəlik yaddaşımızda qalıb.
Ümummilli lider Heydər Əliyev 2002-ci ilin o günəşli payız günündə BTC-nin həmin ana qədər keçdiyi yoldan bəhs edərək onun artıq reallaşmaqda olduğunu qeyd etdi: "Bu yaxın vaxtlarda İstanbulda "Üç dənizin əfsanəsi" adlı konfrans keçirildi. Orada əfsanə haqqında söhbət gedirdi. Mən orada nitq söylədim, dedim ki, siz burada əfsanədən danışırsınız. Amma mən sizə demək istəyirəm ki, bu, xəyal deyil, əfsanə deyil, üç dəniz - Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi birləşəcəkdir. Bunu birləşdirən də Türkiyə, Gürcüstan, Azərbaycan, onların həyata keçirdikləri bu layihə və Amerika Birləşmiş Ştatlarının bu məsələyə daimi dəstəyi olmuşdur. Ona görə də indi xəyaldan gerçəkliyə gəlib çatmışıq".
Lakin bu nailiyyət BTC-nin əleyhdarlarını çox narahat edirdi. Hələ bir sıra qeyri-hökumət təşkilatları guya BTC-nin Gürcüstanın "Borjomi" mineral su mənbəyinə ekoloji zərbə vuracağı fikrini ortaya atacaqdı. Layihənin ƏMSSTQ (Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi) sənədlərinin imzalanmasını gecikdirmək cəhdləri olacaqdı. Hələ BTC-nin bədxahlarından dəstək alan qruplar layihəni maliyyələşdirəcək beynəlxalq maliyyə qurumlarının binaları qarşısına toplaşacaq və kəmərin irəliləməsinə əngəllər törətməyə səy göstərəcəkdilər...
Ümummilli lider Heydər Əliyev kəmərin maliyyələşdirilməsi istiqamətində beynəlxalq maliyyə qurumları ilə danışıqlar apardı və məsələ müsbət həll olundu. Ulu öndər BTC-nin bütün maneələrdən keçəcəyinə və özünün dünyamiqyaslı əsərinin uğurla tamamlanacağına əmin idi. Buna görə də elə orada, təməlyoqma mərasiminin keçirildiyi Səngəçal terminalında - özülü çox möhkəm olan kəmərin başlanğıc nöqtəsində böyük inam və qətiyyətlə demişdir: "Bakı-Tbilisi-Ceyhan irəliyə gedəcək, gedəcək, gedəcəkdir!"
Belə də oldu. BTC irəlilədi. Çünki düzgün düşünülmüş, real bir layihə idi. Ulu öndər təməlqoyma mərasimində kəmərin istifadəyə veriləcəyi vaxtı da əvvəlcədən dəqiqliklə söylədi: "2005-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri tamamilə hazır olacaq və biz hamımız birlikdə buradan Türkiyənin Ceyhan limanına gedəcək və orada Azərbaycan neftinin, Xəzər neftinin Ceyhan limanından yola salınmasının şahidi olacağıq".
Bu proqnoz da doğruldu. 2005-ci ilin fevral ayında "Azəri" yatağından neft alındı və may ayında Səngəçal terminalından BTC-yə vuruldu. Mayın 25-də Bakıda və Səngəçalda BTC-nin Azərbaycan hissəsinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimlər keçirildi.
Bir il bundan
sonra - 2006-ci il mayın 28-də Azərbaycan
nefti Ceyhana çatdı. İyulun 13-də BTC-nin tam bir sistem kimi
işə düşməsi
Türkiyədə təntənəli
surətdə qeyd edildi.
Bakı-Tbilisi-Ceyhan kəməri ulu öndər Heydər Əliyevin adını şərəflə
daşıyır. O, Xəzərin
Azərbaycan sektorundakı
"Azəri-Çıraq-Günəşli"
yataqlarından çıxarılan
nefti və "Şahdəniz" yatağından
hasil olunan kondensatı ahəngdar və təhlükəsiz
şəkildə nəql
edir. Kəmərə qismən Türkmənistan
nefti də vurulur.
Layihənin əməliyyatçısı olan BP şirkətinin məlumatına görə,
2006-ci il iyunun 4-dən, yəni Ceyhandan Azərbaycan nefti ilə yüklənmiş ilk tankerin
yola salındığı
gündən bu ilin birinci yarısının
sonunadək dünya bazarlarına göndərilmiş
tankerlərin sayı
2227-ə çatıb. Təkcə cari
ilin birinci yarısında Ceyhanda 166
tanker yüklənib.
Bu günlərdə ARDNŞ-dən
aldığımız məlumatda
bildirilir ki, keçən ay BTC vasitəsilə
2 milyon 480 min 50 ton Azərbaycan
nefti nəql olunub. Cari ilin yanvar-avqust
aylarında bu kəmərlə 20 milyon
220 min 5 ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər
istifadəyə verilən
gündən 2013-cü il sentyabrın 1-nə
qədər BTC-yə
225 milyon 671 min 819 ton neft
vurulub. Bundan başqa, keçən
ay BTC ilə 201 min 401 ton Türkmənistan
nefti də nəql edilib.
Hələ BTC-nin təməli qoyularkən ulu öndər demişdir ki, bu kəmər
yeni-yeni layihələrə
yol açacaq. Azərbaycanın və Gürcüstanın
ərazisində BTC ilə
eyni dəhliz boyu uzanan Cənubi
Qafqaz Boru Kəməri bu arzunu da gerçəkləşdirdi.
Bu, "Şahdəniz" qazını Türkiyə
sərhədinədək daşıyan
Bakı-Tbilisi-Ərzurum
kəmərinin əsas
hissəsi olan bir xətdir.
İndi Azərbaycanın karbohidrogen
ehtiyatlarının ixracının
diversifikasiyası üçün
geniş imkanlar açılıb. 2018-ci ildə
"Şahdəniz" yatağının
işlənməsinin ikinci
mərhələsi çərçivəsində
çıxarılan qaz
Avropaya nəql olunmağa başlayacaq.
Azərbaycan qazının dünyaya
gedən yolu Türkiyədən keçəcək.
Bunun üçün həmin ölkənin ərazisində
uzunluğu 2000 kilometrdən
çox olan TANAP -
Trans Anadolu Qaz Boru Kəməri inşa ediləcək.
TANAP xətti TAP-a (Trans Adriatik
Qaz Boru Kəməri) qovuşaraq
"Şahdəniz" qazını
Yunanıstana, İtaliyaya,
Bolqarıstana və digər ölkələrə
çatdıracaq.
11 il əvvəl
Səngəçalda BTC-nin
təməli qoyularkən
ulu öndər Heydər Əliyev Azərbaycanda yeni-yeni nəhəng layihələrin
reallaşacağına inamını
ifadə etmişdi. BTC dünyanın
gözü qarşısında
bu inamı doğrultdu. Azərbaycanda yenə də
böyük layihələr
reallaşır və
ölkəmizin karbohidrogen
ehtiyatlarını dünya
bazarlarına aparan yollar getdikcə şaxələnir.
Flora SADIQLI,
Azərbaycan.-2013.- 18 sentyabr.- S.2.