Muxtar respublikada bütün sahələrdəki inkişafın məqsədi

 insanların yaşayış şəraitinin yaxşılaşdırılmasından ibarətdir

 

Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq işləri çərçivəsində yeni kənd mərkəzlərinin tikintisinə xüsusi diqqət yetirilir. Son 10 ildə muxtar respublikada 82 kənd mərkəzi istifadəyə verilmişdir.

AzərTAc xəbər verir ki, sentyabrın 16-da Şərur rayonunun Dəmirçi kəndində yeni kənd mərkəzinin açılışı olmuşdur. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İbrahim Hənifəzadə bildirmişdir ki, aparılan quruculuq işləri nəticəsində kəndin yolları abadlaşmış, yeni məktəb binası, kənd və xidmət mərkəzləri tikilərək istifadəyə verilmişdir. Yaradılan şərait sakinlərin rahatlığının təmin olunmasına imkan verir. İnsanların yaşayış səviyyəsi yüksəlir. Bu gün Dəmirçidə kənd təsərrüfatının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Təkcə bu il kənddəki torpaq mülkiyyətçilərinə və sahibkarlara 20 min manata yaxın güzəştli kredit verilmişdir. Bütün bunlar Dəmirçinin sosial-iqtisadi inkişafına, sakinlərin rifah halının yaxşılaşmasına mühüm töhfədir. İbrahim Hənifəzadə göstərilən dövlət qayğısına görə kənd sakinləri adından minnətdarlıq etmişdir.

Ali Məclisin Sədri Vasif Talıbov Dəmirçidə kompleks tikinti-quruculuq işlərinin aparıldığını, kəndin muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olduğunu bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: "Dəmirçi muxtar respublikanın böyük kənd yaşayış məntəqələrindən biridir. 6 mindən artıq əhalinin yaşadığı kənddə dövlət qurumlarının fəaliyyəti təmin edilmişdir. Bu gün isə dövlət qurumlarının fəaliyyətinin təşkili üçün daha müasir şərait yaradılmışdır. İstifadəyə verilən kənd mərkəzində idarəetmə strukturlarının fəaliyyəti gücləndirilmişdir. Eyni zamanda, yaradılan şərait sakinlərin müraciətlərinin də vaxtında həll olunmasına imkan verəcəkdir".

Ali Məclisin Sədri demişdir: "Muxtar respublikanın digər kənd yaşayış məntəqələri kimi, Dəmirçi kəndinə də hərtərəfli dövlət qayğısı göstərilir. Bu gün istifadəyə verilən kənd mərkəzi idarəetmənin vahid mərkəzdən təşkilində mühüm rol oynayacaqdır.

Kənd sakinlərinin 914 nəfəri dövlətdən təqaüd, əməkhaqqı və müavinət formasında vəsait alır. Həmçinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı məqsədilə sakinlərə dövlət tərəfindən güzəştli kreditlər verilir. Bütün bunlar isə sakinlərin məskunlaşmasına, onların rifah halının yüksəldilməsinə və məşğulluğun təmin edilməsinə şərait yaradır".

Ali Məclisin Sədri daha sonra demişdir: "Bu gün ölkəmizdə həyata keçirilən siyasi xətt bütün sahələrdə uğurlu inkişafa səbəb olmuşdur. Göstərilən dövlət qayğısı nəticəsində hər bir Azərbaycan vətəndaşının yaşayışı yüksək səviyyədə təmin edilmişdir. Bütün bunlar ölkəmizdə mövcud olan dövlət-xalq birliyinin nəticəsidir.

Dəmirçi kənd sakinləri də qurulanları və yaradılanları qorumalı, bundan sonra da kəndin abadlaşmasında, kənd təsərrüfatının inkişafında, yaşıllıqların artırılmasında fəal iştirak etməlidirlər".

Ali Məclisin Sədri bu işlərin uğurla həyata keçiriləcəyinə əminliyini söyləmiş, açılışı bildirən lenti kəsmişdir.

İki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, rabitə evi, polis və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, kənd mədəniyyət evi və 70 yerlik zal yerləşir. Mərkəzdəki otaqları zəruri mebel dəstləri və avadanlıqla təchiz olunmuşdur.

Kənd mərkəzindəki rabitə evində 320 abonentə xidmət göstərən 512 nömrəlik yeni ATS quraşdırılmış, poçt bölməsi yaradılmışdır. 8 min 329 kitab fonduna malik olan kitabxana da ən müasir tələblər səviyyəsindədir.

Mərkəzlə tanışlıq zamanı qeyd olunmuşdur ki, kənd kitabxanalarının fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməli, oxucular kitabxanalara cəlb edilməli, onların mütaliə maraqları artırılmalı, kitabxana-oxucu əlaqələri səmərəli qurulmalıdır.

 

* * *

 

Naxçıvan Muxtar Respublikasında tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır. Son 10 ildə muxtar respublikada 134 səhiyyə obyekti tikilmiş, 41 tibb müəssisəsi yenidən qurulmuşya əsaslı təmir olunmuşdur. Şərur rayonunun   Dəmirçi kənd həkim ambulatoriyası üçün yeni binanın tikilməsi də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

AzərTAc xəbər verir ki, sentyabrın 16-da Dəmirçi kənd həkim ambulatoriyasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyanın müasir tələblər səviyyəsində qurulduğunu bildirərək demişdir: "Həkim ambulatoriyasının əsas fəaliyyət istiqaməti kənddə insanların sağlamlığının təmin olunmasından və ilkin tibbi yardımın təşkilindən ibarətdir. Yaşayış məntəqələrində tibbi xidmətin təşkili, ilk növbədə, gigiyenik qaydalara əməl olunması ilə həyata keçirilməlidir. Çünki insan sağlamlığında gigiyenik qaydaların gözlənilməsi vacib şərtdir. Son illər muxtar respublikada həyata keçirilən tədbirlər nəticəsində bir sıra xəstəliklərin qarşısı alınmışdır. Artıq muxtar respublikanın yaşayış məntəqələrində insanları narahat edəcək ciddi xəstəliklər qeydə alınmır".

Ali Məclisin Sədri demişdir: "Yerlərdə səhiyyə işi düzgün təşkil olunmalıdır. Dəmirçi kənd həkim ambulatoriyasında yaradılan şərait bu işlərin həyata keçirilməsinə imkan verəcəkdir. Əhalinin sayına uyğun olaraq yaradılan ambulatoriyada müvafiq ştatlar da ayrılmışdır. Bu da sakinlərə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə imkan verəcəkdir".

Ali Məclisin Sədri kollektivə uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, kəndlərdə aparılan kompleks quruculuq işləri zamanı yeni tibb ocaqlarının tikilməsi və müasir avadanlıqla təminat, ilk növbədə, bir məqsədə - kənd sakinlərinin sağlamlığının qorunmasına xidmət edir. Dövlətimizin insanların sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, həkim ambulatoriyasında yüksək şərait yaradılmışdır. İkimərtəbəli binada palata, doğuş, peyvənd, aptek, ginekoloq stomatoloqmanipulyasiya otaqları yerləşir.

Həkim ambulatoriyası lazımi tibbi avadanlıq və dərman vasitələri ilə təmin olunmuşdur. Ambulatoriyada 15 tibb işçisi sakinlərə xidmət göstərir. Binada istilik sistemi quraşdırılmış, həyətdə abadlıq işləri aparılmışdır.

 

* * *

 

Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dəmirçi kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir.

AzərTAc xəbər verir ki, Ali Məclisin Sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsmişdir. Bildirilmişdir ki, Dəmirçi kənd xidmət mərkəzində 2 bərbərxana, 2 gözəllik salonu, dərzi sexi, ət satışı yeri, 3 mağaza fəaliyyət göstərir. Mərkəzdə 9 nəfər işlə təmin olunmuşdur. Xidmət mərkəzində muxtar respublikada istehsal olunan məhsulların satışına üstünlük verilir. Bu da insanların keyfiyyətli sənaye və ərzaq məhsulları ilə təminatında mühüm rol oynayır. Ali Məclisin Sədri xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüşmüşdür.

Kənd sakini Rəşid Əsədov qeyd etmişdir ki, bu gün muxtar respublikada bütün sahələrdəki inkişafın məqsədi insanların yaşayış şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Son illərdə ölkəmizdə, eləcə də muxtar respublikada həyata keçirilən tədbirlər ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqətin nəticəsidir. Dəmirçi kəndində aparılan kompleks quruculuq işləri kənd sakinlərini daha da ruhlandırır.

Ali Məclisin Sədri ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatların regionların inkişafına, insanların rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini bildirərək demişdir ki, Azərbaycanın iqtisadi qüdrəti getdikcə artırır. Bu gün Dəmirçi kəndində istifadəyə verilən yeni sosial obyektlər də bu inkişafın əyani təsdiqidir. Çünki inkişaf kəndlərdən başlanır. Muxtar respublikamızda kəndlərin kompleks inkişafı, insanların rahatlığının təmin edilməsi diqqət mərkəzindədir.

Ali Məclisin Sədri bu sahədə həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmiş, sakinlərə xoş günlər və firavan həyat arzulamışdır. Sonda xatirə şəkli çəkdirilmişdir.

 

* * *

 

Bu il Dəmirçi kəndində yeni sosial obyektlərin tikintisi ilə yanaşı, bir sıra abadlıq işləri də aparılmış, Kərimbəyli kəndinədək olan üç kilometrlik yol təmir olunmuş, kənddaxili yollara asfalt örtük salınmışdır. Kənddə 2 min 100 metr yeraltı, 15 min metrdən artıq isə yerüstü kabellər çəkilmiş, 3 min metrlik elektrik xətti yenilənmişdir. Aparılan abadlıq işləri zamanı suvarma və içməli su təminatı da diqqət mərkəzində saxlanılmış, 800 metr içməli su xətti təmir edilmiş və kəhrizdən kəndə 815 metr uzunluğunda su xətti çəkilmiş, bulaq-abidə kompleksi yaradılmışdır.

 

Azərbaycan.-2013.- 18 sentyabr.- S.3.