Siyasətin ali prinsipi və gələcək
hədəfi: İNSAN HƏR ŞEYDƏN ÜSTÜNDÜR!
ON İLİN
BAŞLICA MƏNƏVİ-İDEOLOJİ YEKUNU -
DÖVLƏTİ ÜÇÜN MİLLİ QÜRUR
HİSSİ YAŞAYAN
VƏTƏNDAŞIN FORMALAŞMASI
İqtisadi inkişaf və mənəvi tərəqqi arasında bilavasitə qarşılıqlı bağlılığın olması ümumən qəbul edilmiş qənaətdir. Hər bir millət, xalq ona mənsub olan insanların davamlı daxili münasibətləri və ünsiyyəti sayəsində mövcud olur, möhkəmlənir. Bu əlaqələr xalqın inkişaf mərhələləri prosesində formalaşır, təkmilləşir, davranış normaları və ənənələrlə tənzimlənir. Xalqın, dövlətin mənəvi inkişaf və ünsiyyətinin obyektiv əsası kimi siyasi və mədəni inkişaf kimi, iqtisadi inkişaf da həlledici rol oynayır.
Ümumən qəbul edilmiş qənaət, həm də ənənə mövcuddur: iqtisadiyyat və mədəniyyətdə uğur və nailiyyətlər nə qədər çoxdursa, vətəndaşlar arasında milli birlik, ictimai-siyasi və qrupdaxili ünsiyyət əlaqələri, daxili inteqrasiya o qədər intensiv inkişaf edir. Adətən milli-mənəvi keyfiyyətlərdən danışanda onun formalaşması və inkişafının maddi amillərlə bağlı olmadığını düşünürük. Halbuki dövlətin və millətin formalaşmasında sosial-iqtisadi faktorlar nə qədər əhəmiyyətə malikdirsə, onun mənəvi potensialının artmasında da həmin rolu oylayır.
Təsadüfi deyildi ki, ilk millətlərin yaranmasında bu amillər həlledici rol oynamışdır. İlk millətlər feodalizmin dağılması və kapitalzmin yaranması ərəfəsində meydana gəlmişdir. Millətlərin yaranmasının iqtisadi əsasları - kapitalist istehsal münasibətləri, xüsusi mülkiyyətə əsaslanan iqtisad inkişaf və əlaqələrin möhkəmlənməsi olmuşdur.
Millət (tayfa, qəbilə, etnos, etnik qrupdan sonra) kapitalist münasibətlərin inkişafı və ümumdünya iqtisadi əlaqələrinin intensivləşməsi ilə formalaşmağa başlamışdır. Təsadüfi deyil ki, millətin tərifində ümumi ərazi, ümumi dil, mədəniyyət, tarixi yaddaş və s. ilə yanaşı, sıx və intensiv iqtisadi əlaqələrin inkişafı da xüsusi yer tutur. Təbii ki, millətin formalaşmasını tamamilə tarixi-iqtisadi amillərlə bağlayan nəzəriyyələri də, eyni zamanda millətə dair sırf "psixoloji" yanaşmaları da mütləqləşdirmək olmaz. Bu amillərin hamısının öz yeri var.
İqtisadi rifah, maddi bolluq, zənginlik hər bir xalq üçün nə qədər zəruri olsa da, ən əsası mənəvi zənginlikdir. Hər bir dövlət onun qüdrətli binasını inşa edən mərhələlərdən, kərpiclərdən ibarət olur. Bu mərhələlərdə dövlətin atributu olan dil, bayraq, müstəqil milli şüura malik vətəndaşın yetişməsi fövqəladə dərəcədə taleyüklü faktorlardır.
Hər bir dövlətn ən böyük neməti öz qüvvə və potensialını gerçəkləşdirməklə həm də ümumi mənafeyə xidmət edən, dövlətinin tarixi keçmişi irsinə dəyər verən, indiki uğurları ilə fəxr edən, gələcəyini əzmlə quran vətəndaşlarıdır. Onların fəaliyyəti isə milli ozünüdəyərləndirmə adlanan süzgəcdən keçir. Bu isə özünün dövətinin və xalqının nailiyyətləri, dünyada yeri haqda təsəvvürləri də əhatə edir.
Hər bir xalq öz mənəvi inkişaf səviyyəsini müəyyən edən milli şüurun daşıyıcısıdır. Uzunmüddətli tarixi inkişaf nəticəsində formalaşan milli şüurun özəyini daimi yeniləşən və zənginləşən milli özünüdərk hissi təşkil edir.
Bu illərdə milli şüurun bu tərkib hissələri nə dərəcədə genişlənib deməyə ehtiyac varmı? Milli özünüdərk hissi xalqın özünəməxsusluğunun, onu başqa xalqlardan fərqləndirən nadir xüsusiyyətlərinin, identikliyinin, milli maraq və dəyərlərinin, bugünə və gələcəyə dair, dövlət daxilində, dövlətlərarası və beynəlxalq münasibətlərdə yerinə dair təsəvvürlərinin məcmusudur.
Milli maraqların təməlində milli dəyərlər - xalqın tarixi inkişaf və mədəniyyətindən süzülüb gələn mənəvi idealları dayanır. Milli mədəniyyət və dil bu sırada ən ümdə yerdə durur.
XX əsrin əvvəllərində, sovet dövründə milli hisslərə malik vətəndaşdan danışmaq özü çox yasaq mövzu idi.
Azərbaycan dövlətinin müstəqillik tarixinin formalaşması prosesində iki onillikdən ibarət mərhələ aşkar özünü göstərir. Vətəndaşın yetişməsinin danılmaz şərti onun doğulub-yaşadığı müstəqil dövlətinin olmasıdır. Eyni zamanda müstəqilliyin ilk illərində bu vətəndaş tam yetişə buməzdi. Onun hələ 10 yaşı vardı.
Hər bir dövlətin vətəndaşında milli qürur hissi, onun mənsub olduğu ölkənin uğurları, dünyada imici, yaxın və uzaq ölkələr arasında nüfuz və siyasi çəkisi də çox mühüm rol oynayır. Milli ləyaqət və qürur əldə edilən uğurlarda ifadə edilən konkret nümunə və faktlarla tərbiyə edilir. Bu baxımdan yanaşdıqda son 10 ilin tarixində qürurlu vətəndaş formalaşdıran cahanşümul hadisələr nə qədərdir! Azərbaycan insanı, vətəndaşı onu ən böyük dəyər kimi bəyan edən liderin olduğu ölkədə yaşamaqdan qürur duyur!
2003-cü ildən sonraki on ilin mənəvi-mədəni-ideoloji yekunlarını dəyərləndirmək son dərəcə vacibdir! Onların hamısının məcmu yekunu vətəndaş, gənc, tələbə, yeni nəsildir! Belə qəbildən olan insanlar əgər mənəvi cəhətdən özünü yetkin hiss edirsə, psixoloji müqaviməti nə qədər güclüdürsə, xalq da o qədər rəqabətədavamlı olur.
Milli qürur və ləyaqət hissi hər bir canlının mənəvi müqavimət sisteminə analoji fenomendir. Əgər bu hisslər zəifləyərsə, hətta ən kiçik zərərli təsirlər belə öz məqsədinə nail ola bilər. Yaxud əksinə, milli qürur hissi yaşayan vətəndaş üçün dövləti onun ləyaqət simvoludur!
Bu on ilin ən möhtəşəm, ilk baxışda sezilməyən və hələlik dərin tədqiq edilməyən yekunu var; bu, azərbaycanlıların özünə dəyər verməsi, arxasında real işlərin və danılmaz faktların dayandığı on ilin bəhrəsi olan milli özünüdəyərləndirmə faktorudur!
Maraq doğuran məqamlardan biri də budur ki, cəmiyyətdə insanların özünü dəyərləndirməsi milli ləyaqət hissi ilə düz mütənasib şəkildədir. Öz şəxsiyyətinə dəyər verən vətəndaş xalqla birliyini daha dərindən dərk edir, ləyaqət və nüfuzunu yüksək tutur, aşağılanmasına heç zaman yol vermir! Yüksək adekvat dəyərləndirmə əksər xalqlara xas olan təbii və normal vəziyyət olub milli ləyaqət hissini gücləndirir.
Milli ləyaqət hissi - mənsub olduğu xalqa və vətənə vətənpərvərlik hissi, ümumi maraq, mədəniyyət, dil və dinə malik bir millətə mənsubluğuna görə xalqın dünya birliyində özünəməxsusluğunu, əhəmiyyət və dəyərini daxilən yaşamasıdır. Dövlətinin, əcdadlarının, mənəvi irsi və sərvəti ilə qürur duymaq, doğulduğu vətənə məhəbbət, adətənənələrinə hörmət və s. milli ləyaqətin tərkib hissələridir. Vətənpərvərlik və s. kimi milli xüsusiyyətlərin əsasını məhz burada axtarmaq olar.
Bu gün hər bir azərbaycanlı vətəndaş hiss edir ki, onun hüquqlarını qoruyan Prezidenti, ona dayaq olan dövləti var! Bu milli qürur və məğrurluq hissi üçün nə qədər çətin mərhələlər dəf edilib? Bu hisslər qarşıda qazanılması vacib olan qələbələr üçün də olduqca dəyərli bir kapitaldır.
Milli qürur hissi, xalqın, millətin, dövlətin mənəvi missiyasında, nəsillərin mənəvi estafetinin davam etməsində iştirak etmək tarixi yaddaşın mühüm göstəricisi, şərtidir.
Milli özünüdəyərləndirmə - çox mühüm xüsusiyyətdir. Məlum olduğu kimi, onun müxtəlif səviyyələri mövcuddur. Əgər vətəndaş özünün və xalqının imkan və potensialını, ali xüsusiyyətlərini dərk etmək iqtidarında deyilsə, özünüdəyərləndirmənin ən aşağı səviyyəsində yerləşir. Bu halda başqa xalqların qarşısında təzimçilik, natamamlıq kompleksi və s. cəhətlər üstünlük təşkil edir.
Vətəndaşın mənsub olduğu xalqın dəyərinə, unikallığına və bənzərsizliyinə, yaşanılan məqamın düzgün, obyektiv qiymətləndirilməsinə və perspektivlərinə inamı böyükdürsə, xalqın ağır və xoşbəxt günlərində onun taleyini öz taleyi kimi görürsə, o zaman özünüdəyərləndirmə nisbi adekvat səviyyəyə uyğun gəlir.
Yaxud əgər vətəndaş dövlətinin və özünün ali dəyərini, dünya tarixinə və mədəniyyətinə əvəzsiz töhfəsini dərk edə, xalqının dahi şəxsiyyətləri ilə qürur duya, milli ləyaqət hissi, xalqına ehtiram duyğuları yaşayırsa, onları ideal seçərək həyatını həmin yolla getməyə qərar verirsə - o zaman bu, özünüdəyərləndirmənin yüksək adekvat səviyyəsidir.
Sübut etməyə ehtiyac yoxdur ki, müstəqil, milli və güclü dövlət məhz belə vətəndaşların səyləri ilə qurulur.
XX əsrdə aparılan xüsusi tədqiqatlar gedişində elmi şəkildə aşkar edildi ki, insan adətən mənsub olduğu qrupa, xalqa müsbət pozitiv münasibət bəsləyir. Bu fenomen qrupdaxili favoritizm adlandırılır (yeri gəlmişkən, görün Azərbaycanda vətəninin və özünün yerini, qiymətini dəyərləndirə bilməyənlər nə qədərdir?!).
Vətəndaşın özünüdəyərləndirməsində hər iki ifrat hal arzuolunmazdır. Özünüdəyərləndirmənin ifrat səviyyədə olması xalqın (məsələn, ermənilərin) qərəzli və qeyri-obyektiv olaraq özünün "müstəsnalıq" təsəvvürünü yaradır. Bu cür düşünənlərə üz tutaraq məşhur psixoloq D.Karnegi qeyd edirdi ki, "bəziləri özlərini hamıdan yüksəkdə görür və o qədər tərifləyirlər ki, sanki özlərini satlığa çıxarıblar!"
Milli qürur vətəndaşın öz dövlətinin qüdrətinin, maddi və mənəvi mədəniyyətinin hərtərəfli inkişafına töhfə vermək səylərini, vətənin müstəqillik və suverenliyinə qəsd edənləri dəf etmək əzmini ifadə edir. Bu, vətənpərvərlik anlayışı ilə eyni mənaya malikdir. Milli qürur və vətənpərvərlik üst-üstə düşür. Hər bir xalqın tarixində elə səhifələr var ki, fəxarət hissi ilə xatırlanır, elələri də var ki, dərin kədərlə, elələri də var ki, xatırlanmasını çoxları istəmir!
Psixologiyadan məlumdur ki, baş verən parlaq hadisələr stereotipləri dəyişməyə qadirdir.
Milli psixologiyamız
yeniləşir, dəyişir, zənginləşir. Onun statik və
dinamik strukturunda ikincinin payı artır.
İctimai stereotiplərin ən vacibi olan
milli stereotiplər dəyişir. Tədqiqatçılara
görə, hər bir insanda stereotiplərin dəyişməsinə
bir sıra amillər təsir edir: burada ən başlıca
yeri insanın sosiallaşmasının şərtləri və
xüsusiyyətləri tutur. Sonunculara isə həyat tərzinin,
əhatəsindəki ictimai mühitin, rifahın, təhsil və
intellektual inkişafın, siyasətin, mədəniyyətin,
mənəviyyatın dəyişməsi, fəaliyyət və
həyatın müsbət dinamikası təsir edir.
İctimai stereotiplər neqativ və pozitiv olub
insanların davranış və fəaliyyətinə təsir
göstərir və yeni təcrübənin möhkəmlənməsini
təmin edir; formalaşan yeni ənənələrin və təsəvvürlərin
mühafizə olunmasına, tarixi təcrübənin cəmlənməsinə
xidmət edirlər. Milli
stereotiplər milli ənənəyə əsaslanaraq şəxsiyyətin
əhatəsində baş verənlərə mənsub
olduğu xalqın dəyərlər şkalasından qiymətləndirilməsinə
imkan verir. Bəzən qeyri-ixtiyari olaraq
stereotiplərin diktəsi ilə dəyər verirlər.
Mənfi məzmunlu stereotiplərin formalaşmasının psixoloji əsasını düşüncəyə dayanmayan
mənfi emosional fon, rasionallıqdan uzaq, gerçəkliyi təhrif
edən, hətta xurafata əsaslanan qeyri-adekvat təsəvvürlər təşkil
edir.
Bu gün
xalqımızın mənəvi - psixoloji müqaviməti və
milli qürur hissi görünməmiş səviyyədədir! Bu o deməkdir ki, bizə
qarşı olan stereotiplər də dəyişir.
Ölkəmizə münasibətdə xaricdə formalaşan
stereotiplər kimi! Şərqdə dinamik
inkişafın, ən vacibi isə sabit və demokratik
inkişaf mərhələsini yaşayan dövlətçiliyin
mümkün olmamasına dair təsəvvürlər dəyişir.
Narıncı inqilablar, tvitter və feysbuk inqilabların
baş verəcəyinə dair mif-proqnozlar sabun
köpüyü kimi havada
partlayır. Beynəlxalq ictimai
rəydə erməni lobbisinin qərəzli səyləri ilə
formalaşan stereotiplər dəyişir. Onlar da
ardıcıl olaraq dağılır, iflasa uğrayır.
Son on ildə əldə edilən nailiyyətlərlə
müstəqillik tariximizin ictimai şüurda dərki məsələsində
müəyyən mənada yenidənqiymətləndirilmə
baş vermişdir. Bu on il milli dövlətçiliyimizə,
Azərbaycan xalqının siyasi liderlərinə real obyektiv
münasibət yaranmasına bir
təkan vermişdir.
Müasir
dünyada böyük dövlətlər özlərinin
geosiyasi maraq zonalarında "çoxsaylı standartlar"
siyasəti yeritdikləri bir şəraitdə, milli tarixin son
on ilinin məzmunu və mərhələləri barədə
düşünəndə insanlarımızda sağlam nikbinlik, layiqli gələcəyimizə
böyük inam oyanır.
Bu vaxta qədər həmişə tariximizi bizim əvəzimizə
yazıblar, saxtalaşdırıblar. XXI əsrdə isə buna nail olmayacaqlar! XXI əsrin siyasi tarixə Azərbaycan
əsri kimi yazılmasının başlanğıcı
qoyulur!
Bu
baxımdan akademik Ramiz Mehdiyevin "Müasir milli ideyanı zənginləşdirən
odur ki, vətəndaş özünü dövlətin bir
hissəsi hesab edir" fikri olduqca səciyyəvidir:
"Azərbaycan elə bir mühitdir ki, orada bütün
sosial və etnik qruplar dinc yanaşı yaşayır, özlərini
ölkənin siyasi və iqtisadi inkişafında,
bütün millətlərin nümayəndələrinin birgəyaşayış
atmosferinin mütəmadi mənəvi-psixoloji yeniləşməsində
dərin marağı olan bərabərhüquqlu vətəndaşları
kimi hiss edirlər. Beləliklə, müasir
dövrdə milli ideyanın vətəndaş cəmiyyətinin
maraqları xaricində reallaşdırılmasının
perspektivi yoxdur. Müasir milli ideyanı zənginləşdirən
odur ki, vətəndaş özünü dövlətin bir
hissəsi hiss edir, özündə dəyişikliklər
üçün qüvvə görür, güclü
dövlətin və güclü, iradəli liderin
varlığına ehtiyac duyur. Prezident
İlham Əliyev elə siyasət həyata keçirir ki,
orada milli ideya özündə həm siyasi məkanın
demokratikləşməsini, mütərəqqi və hərtərəfli
iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm
də milli ruhu və özünəməxsusluğu qoruyub
saxlamağı ehtiva edir".
XXI
ƏSR İKİLİ STANDARTLARIN İFŞASI
ƏSRİDİR
Gündən-günə
yaşanan reallıq o dərəcədə qabarıq
görünür ki, artıq XXI əsrdə
insanyönümlü siyasətin dəyərləndirilməsində
ikili standartların, manipulyasiyanın davam etməsi mümkünsüz
görünür. Soyuq müharibə
dövründən qalma "demokratiya dərsləri",
inkişaf üçün "yol göstərmək
iddiaları" artıq öz dövrünü keçir.
Ortada rifahın və inkişafın danılmaz
göstəriciləri, qlobal reytinqlərin müqayisəsi
olduqda bütün bunlar tədricən qərəzli mövqelər
kimi tarixdə qalacaq.
Qət
edilən on ildə əldə etdiklərimizin dəyəri böhrana qərq olan qabaqcıl dövlətlərdə
vəziyyətə nəzər saldıqda daha aşkar
görünür. Sadəcə
bir neçə faktı yada salmaq yerinə düşər:
2013-cü
il avqustun 1-nə olan məlumata görə,
ABŞ-da artıq 12 şəhər özünü
bankrot-müflis şəhər elan edib. Bu o deməkdir
ki, artıq onlar vətəndaşlara bəyan etdikləri
sosial öhdəliklərini yerinə yetirə bilməyəcəklər.
Bu hələ son deyil! Belə ki, sırada daha 346 şəhər və 113 bələdiyyə
(!) var ki, iflasqabağı vəziyyətdədirlər. Deytroyt şəhəri
ilə bağlı dünya mətbuatında gedən məlumatlar
hamının yadındadır. Şəhərin
iflas olması rəsmi şəkildə bəyan edildi.
Kaliforniya
ştatında 2007-2010-cu illər arasında yoxsulların sayı 30 faiz artıb. Ölkənin
Uşaq yoxsulluğu üzrə mərkəzinin
yazdığına görə, Filadelfiyada onların sayı
36,4 faiz, Atlantada 40,1 faiz, Deytroytdda 53,6
faizdir. Dünyanın tanınmış beyin mərkəzi
olan Brukinqs İnstitutunun təhlilinə görə isə,
Amerikada 2000-ci ildən 2010-cu ilə qədər yoxsulluğun
səviyyəsi 15 faiz artmışdır
(http://expert.ru2013086proschaj-amerikanskaya-mechtai?).
İflasa uğraması rəsmən bəyan edilən
Deytroyt şəhərinin qorxunc statistikasına nəzər salaq. Əhalinin
siyahıyaalınmasının nəticələrinə
görə, şəhərdə yaşayan 20-64 yaş arası bütün
kişilərin 48,5 faizi
işzisdir. Burada evin
orta qiyməti 6000 dollardır. Orta məktəbi
oxuyan şagirdlərin yalnız 25 faizi təhsilini başa
vurur. Şəhərdə sabitlik və asayişin yox
olması, cinayətkarlığın tüğyan etməsi nəticəsində
bu yaxınlarda 100 sürücü avtobusu şəhər
kənarına sürməkdən
imtina etmişdir.
Ümumdünya
Səhiyyə Təşkilatının məlumatına
görə, bu inkişaf etmiş ölkədə hər il
çirkli su səbəbindən 1,8 milyon əhali
tələf olur. Təşkilat yenidən ABŞ-ın vərəm
xəstəliyinə görə yerini dünyada 6-cı yerə qədər
aşağı salmalı olub. SPID-in
(QİÇS) yayılması üzrə isə Afrikadan da
öndədir.
Digər
- Stokton şəhəri keçən il mənzil bazarında böhrana
görə müflis olduğunu
bəyan edib. Son illər şəhər büdcəsinin kəsiri
90 milyona çatıb və polis şöbəsinin büdcədən
maliyyələşməsi azaldığı üçün qətl və cinayətlər
kəskin artıb.
Yaxın
3 ildə ABŞ-da böyük şəhərlərin "domino effektli" iflas
dalğasının davam edəcəyi bildirilir. Dünya Bankının eksperti Erik Şvaytsern
müsahibəsində qeyd edir ki, ABŞ-da son illər bir
çox sosial öhdəliklər federal səviyyədən
ştatlar səviyyəsinə, oradan da bələdiyyə səviyyəsinə
ötürülüb. 2008-ci ilin "Antiböhran
paktı"nda əksini tapan 22 sosial proqramdan yalnız 3-ü
federal mərkəzlərdə, 7-si isə ştat
büdcələrində icra edilir. Bunu ona görə edirlər
ki, ölkənin
məcmu büdcəsindəki böyük kəsiri
gizlədə bilsinlər. Bütün hallarda isə
nəhəng büdcə kəsirini artıq gizlətmək
mümkün deyil.
Sosial öhdəlikləri azaltmaq üçün sənaye
müəssisələrini ölkə xaricinə
çıxarmaq ənənəsinə də son qoyulmasına
cəhd edilir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının
məlumatına görə, son 20 ildə ABŞ-dan Asiyaya 34 min
şirkət və ya sənaye potensialının 76 faizi
köçürülmüşdür. Ekspertlər
hesab edirlər ki, "Böyük Amerika arzusu"ndan məhrum
olmaq təhlükəsi gerçəkləşə bilər.
Bütün bu yaşananlar fonunda Azərbaycanın son on
ildəki sosial quruculuq təcrübəsinin dəyəri daha
dərin dərk edilir.
ON İL
SONRA...
Hər bir millət, xalq üçün tarixində hədər
gedən illər böyük faciədir. On il
sonra nə olacağını görə bilmək
üçün 20 il əvvələ baxmaq, iyirmi il əvvəl
harada olduğumuzu xatırlamaq lazımdır.
Tarixi
zamanın sürətlənməsi müasir dünyada XXI əsrin
10 başlıca qlobal
çağırışından biri kimi bəyan
edilmişdir (digərləri bunlardır: qlobal demoqrafik
disbalans, qlobal ərzaq qıtlığının yaranması
təhlükəsi, kəskin su qıtlığı, qlobal enerji
təhlükəsizliyi, təbii ehtiyatların tükənməsi,
informasiya İKT inqilabı,
dünyada getdikcə artan, dərinləşən sosial
təbəqələşmə, qeyri-bərabərlik,
sivilizasiyanın dəyər böhranı yaşaması,
süni qlobal gərginlik ocaqlarının yaranması təhdidləri).
Sutkada 24
saat var və bu
qanunu heç kim dəyişə və zaman itkisini də
heç kim qaytara bilməz. Necə ki, 90-cı illərin
xalqımız üçün hədər gedən
zamanını qaytarmaq mümkün deyil artıq!
Son on il hər birimiz
üçün, Azərbaycan tarixində ən itkisiz
yaşanan, yalnız qələbələrin yazıldığı illər kimi tarixdə qalacaq!
Bu gün yeni fazanın başlanğıcındayıq. Biz artıq tamamilə
başqa ölkədə, başqa əsrdə və başqa
dünyada
yaşayırıq. Xalqımız on il əvvəlkindən
daha yaxşı dövlətdə yaşayır, deməli, 10
il sonra bundan
qat-qat yaxşı ölkədə yaşayacaq. Bu gün vətəndaşlarımızın tarixi
şansı məhz həmin qüdrətli Azərbaycan
dövlətini yaratmaq və qürurla sonrakı nəslə
çatdırmaq missiyasıdır.
Azərbaycan
XXI əsrdə müstəqilliyinin növbəti mərhələsinin,
xalqla yazılacaq növbəti böyük qələbələr tarixinin astanasındadır. Bu 20 ildə müstəqil
dövlətçiliklə yaşıd olan, düşüncəsi tamamilə fərqli, milli yiyəlik
hissinə sahib azərbaycanlılar nəsli dünyaya gəlib,
yetişib, formalaşıb!
Heydər
Əliyev dövlətçilik məktəbinin inkarolunmaz həqiqəti,
bu məktəbin öyrətdiyi ən başlıca dərs
insanın ali prinsip
kimi bəyan edildiyi dövlətçilik dərsidir!
Məhz bu məktəbdə dövlət quruculuğu,
dövlət intizamı, dövlətin və millətin taleyi
ilə bağlı məsuliyyətlilik, səriştəlilik,
peşəkarlıq, vətənpərvərlik,
böhranların yaşandığı dünyada proseslərdən
itkisiz çıxmaq hünəri, tolerantlıq, strateji hədəflərə
çatmağın ən optimal yollarını tapmaq, ölkənin
milli maraqlarını ən çətin situasiyalarda da qorumaq
və bu maraqları dünya siyasətində əsas
götürülən prinsiplərlə uzlaşdırmaq
istedadı təmin edilir. Bu mənada Heydər
Əliyev siyasətinin davamı Azərbaycanın gələcəyini
də təmin edib. Dövlət başçısı
bununla bağlı qeyd edir: "Mən Heydər Əliyevdən
öyrənirəm. Hesab edirəm ki, dünyada öyrənməkdən
yaxşı heç bir şey yoxdur... Mən də
öyrənməyə çalışıram. Mənim xoşbəxtliyim bundadır ki, Heydər
Əliyev kimi dahi şəxsiyyətin yanında öyrənmək
imkanlarım başqalarından daha çox olmuşdur".
Məhz
bu məktəbin davamıdır ki, son on ildə tariximizdə "ilk dəfə" sözünü, fenomenini əminliklə
işlədə biləcəyimiz o qədər uğur var ki,
onları burada sadəcə sadalamaq belə mümkün deyil!
DEMOKRATİYA
- ƏN YAXŞI LİDERİ SEÇMƏK
QABİLİYYƏTİDİR
Amerikalı
alim Riçard Paypsın siyasi liderə dair fikirlərini yada
salmaq yerinə düşər: "Nə böyük ərazi,
nə də "böyüklük
iddiaları" reallıqda
heç bir ölkəni böyük edə bilməz. Dünyanın ən firavan, qabaqcıl ölkələrinə
baxın, onlar hamızı balaca ölkələrdir. Böyük dövlət odur ki, onun siyasi lideri,
elitası bütün resursları və imkanları xalqın
rifahının yüksəlməsi üçün istifadə
edə bilir".
"Azərbaycan-2020:
gələcəyə baxış" İnkişaf Konsepsiyasında siyasətində əsas
tutulan prinsip belədir: insan amilinin,
kapitalının inkişafı ölkənin
inkişafının yeni mərhələsində prioritet
olaraq qalacaq. Azərbaycanın növbəti illər
üçün inkişaf konsepsiyasında ötən 10 ildə
olduğu kimi,
sosialyönümlü siyasət üstünlük
təşkil edəcək. Konsepsiyada əhalinin
sosial müdafiəsinin bundan sonra da gücləndirilməsini
və ölkədə etibarlı sosial müdafiə sisteminin
formalaşdırılmasını nəzərdə tutan
ayrıca proqram yer alır.
Bu qələbələr milyonlarla azərbaycanlının
həyatını daha da firavanlaşdıracaq. Vəzifələr
miqyasına görə nəhəng olduğu kimi, onun yerinə
yetirilməsində bütün təfərrüatlar da önəmlidir.
Digər tərəfdən, Azərbaycan elitası üçün
müstəqillik illərində məhz təsəvvürəgəlməz
vəzifələrin gerçəkləşdirilməsi
artıq bir tarixi missiyaya çevrilmişdir.
Güclü
dövlət, firavan vətəndaş, kreativ intellektual azərbaycanlı
formalaşdırmaq strategiyası - bu yeni hədəflər həm
də inkişafımızın bütün istiqamətlərində köklü dəyişiklikləri,
deməli, milli elitanın öz vəzifələrinə yenidən
baxmasını tələb edir. Buna nail olan iqtidar isə
növbəti seçimlərdə yenidən xalqın qeyd-şərtsiz etimadını qazanır.
Müstəqil Azərbaycanda 1993-cü ildən prezidenti
xalq seçir.
1993-cü ildən xalq ortaya dəmir iradə qoyaraq
dövlətçiliyin gələcəyi üçün ləyaqətli
seçim etməyə qadir olduğunu göstərir.
Müdrik və uzaqgörən xalq ağı qaradan seçməyi
çox yaxşı bilir və xalqın gözü tərəzidir.
Əvvəlki on ildə müstəqilliyin təməllərinin
qurulması fəlsəfəsindən dinamik inkişaf fəlsəfəsinə
keçid almaq heç də hamıya nəsib olmayıb. Dinamik
inkişaf fəlsəfəsi dövlətçiliyin
bütün sahələrində yalnız maliyyə məsələlərini
deyil, ilk növbədə strateji prioritetlərin hədəfə
alınmasını tələb edir.
Bu on ildə "İnsan hər şeydən üstündür!" bəyanatı ilə Prezidentin dövləti, milləti və vətəndaşı düşünərək siyasi zəkası ilə verdiyi qərarlar ümummilli proqramlara, sərəncamlara, qanunlara, normativ sənədlərə çevrildi. Onların icrasına sərt nəzarət və siyasi məsuliyyət sayəsində sonda həmin siyasət real faktlarla, nəticələrlə yekunlaşdı.
İyirmi ildən çoxdir ki, biz yeni Azərbaycan dövlətçiliyinin, cəmiyyətinin yaranması və inkişafının şahidləri və hərənin öz təsəvvürünə görə həm də iştirakçılarıyıq. Bu gün yeni prioritetlər seçimini müəyyən etmişik. Dövlət quruculuğu bugünün kəşfi deyil. Çoxəsrlik tarix göstərir ki, hakimiyyətdə müstəqil, vətənsevər lider olmasa, nə güclü dövlət olar, nə də orada insanlar özlərini firavan hesab edə bilərlər.
On ilin dolğun sosial, intellektual, mədəni mənəvi, hüquqi, qlobal, beynəlxalq portretinin verilməsi, göz önündə canlandırılması əldə edilən möhtəşəm uğurların bolluğuna rəğmən çox çətindir. Amma bir cümlə ilə ifadə etmək mümkündür: Hər şey vətən üçün, Azərbaycan insanı naminə edilir!
Rəbiyyət
ASLANOVA,
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor
Azərbaycan.-2013.- 18 sentyabr.- S.4.