"AZƏRBAYCAN"ın
izi ilə
Dövlət
başçısı İlham Əliyevin "Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı Dövlət Proqramı"nın icrası
çərçivəsində xələfi olduğumuz
"Azərbaycan" qəzetinin 1918-1919-1920-ci illər taleyi
ilə maraqlanmağı özümüzə mənəvi
borc bildik.
Azərbaycan dövlət müstəqilliyini
əldə edəndən sonra hər gün oxucularla
görüşə tələsən rəsmi dövlət qəzeti
"Azərbaycan"ın sabah 95
yaşı tamam olur. Ötən əsrin əvvəllərində
milli oyanışın, müasir dövləçilik
formalarının meydana gəldiyi bir zamanda - 1918-ci il sentyabr
ayının 15-də ilk nömrəsi işıq üzü
görən bu mətbu orqan ölkəmizin milli mücadilə
tarixində və imperiya qüvvələrinə qarşı
mübarizədə mühüm rol oynamışdır. Yarandığı gündən respublikanın
müstəqilliyinin bütün dünyaya
tanıdılmasında, Azərbaycan Xalq Cümhuriyyətinin qəbul
etdiyi qərarların operativ şəkildə həm Azərbaycan,
həm rus dillərində
ictimaiyyətə çatdırılmasında mühüm
işlər görmüş, faktiki olaraq hökumətlə xalq
arasında mənəvi körpü rolunu
oynamışdır. Lakin müsəlman Şərqində
ilk demokratik respublika kimi 1918-ci ildə yaradılan Azərbaycan
Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində XI sovet ordusu tərəfindən
süquta uğradılanda, bu qəzet də orqanı
olduğu dövlətin acı taleyini yaşadı: repressiyaya
məruz qaldı. 1918-ci ildən
dörd ay, 1919-cu ili bütövlüklə, 1920-ci ildə
isə dörd ay fəaliyyətdə olan dövrün
ictimai-siyasi hadisələrini, mürəkkəb və ziddiyyətli
proseslərini öz səhifələrində yaşatmaqla
tariximizin canlı salnaməsinə, işıqlı tarixinə
çevrilmişdir. Görəsən, mürəkkəb
bir tarixi şəraitdə meydana gələn, ziddiyyətlər və məşəqqətli
günlər içərisində yeni dövlət
quruculuğuna, parlamentarizm hərəkatına xidmət edən,
ən nəhayət, respublikamızın müstəqillik və
istiqlal rəmzinə çevrilən 95 yaşlı bu
salnaməçinin vəziyyəti necədir, "səhhətində"
problemlər varmı, ona neçə "qulluq" göstərilir?
Üz
tutduğumuz ilk ünvan Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi
oldu. Burada qəzetin 1918-ci ildə (müxtəlif
nömrələri istisna olmaqla) Gəncədə
çıxan ilk 1-ci nömrəsindən 4-cü nömrəsinədək,
eləcə də 4-cü sayından sonra Bakıda nəşr
edilən 5-ci nömrəsindən 75-ci nömrəsinədək,
1919-cu ildə çıxan 76-cı nömrəsindən
348-ci, habelə 1920-ci ildə çıxan 1-ci nömrəsindən
85-ci nömrəsinədək mövcuddur. Neçə illər
bundan öncə əldə edilərək bərpa
olunmuş, kvartallara bölünərək cildlənmişdir.
Elmi kitabxananın xüsusi mühafizəxanasında ayrıca
fondda yer alan bu qəzet nömrələri keyfiyyətini itirməsin
deyə, ilin qış və yay aylarında xüsusi
havalandırma şəraitində saxlanılır. Araşdırmalardan məlum oldu ki, son on
beş-iyirmi ildə "Azərbaycan"la tanış olmaq,
onun səhifələrində siyasi, iqtisadi, mədəni, beynəlxalq
məsələlər və erməni vandalizmindən bəhs
edən müxtəlif səpkili yazıları oxumaq
üçün müraciət edən politoloqların, tarixçi
və ədəbiyyatşünas tədqiqatçıların
sayı qat-qat artmışdır. Bu da öz növbəsində,
nə qədər ehtiyatlı davranılsa da, qəzeti vərəqləyərkən
müəyyən əzilmələrə, qatlanmalara, qopmalara,
cızılmalara, cırılmalara və s. keyfiyyətsizliklərə
səbəb olur. Arxivin elmi kitabxana şöbəsinin
müdiri Pərixanım Muradova dedi:
- 1918-1920-ci illərə
aid "Azərbaycan" qəzeti cari ilin əvvəlində
nömrəbənömrə baxışdan keçirilib, rast
gəlinən tək-tək nöqsanlı səhifələri
ilə yanaşı, bütün cildlərdə bərpa
işləri aparılıb. Hazırda qəzetin rus variantında son bərpa-cildləmə
prosesi başa çatmaq üzrədir. Bununla bərabər,
"Kaspi", "Açıq söz" və o dövrə
aid digər mətbu nəşrlərin bərpasına da diqqət
yetirmişik. Təcrübəli bərpaçılar
Azad Əhmədov, Ravil Osmanov və Bəsti Hüseynova
çalışırlar ki, onlara etibar olunan məsuliyyətli
işin öhdəsindən layiqincə gəlsinlər. Almaniya istehsalı olan yeni avadanlıqlar vasitəsi
ilə "Azərbaycan" qəzeti mütəxəssis
Ədalət Baloğlanov tərəfindən
elektronlaşdırılıb. Yaxın
günlərdə isə xüsusi sayt yaradılacaqdır.
Bütün bunlar sentyabr ayında keçirəcəyimiz "Azərbaycan" qəzeti
- 95" yubiley-sərgi zamanı
tamaşaçı-oxuculara əyani olaraq genişliyi ilə
çatdırılacaqdır.
Azərbaycan Respublikası Milli Arxiv
İdarəsi elmi məlumat kitabxanasında da "Azərbaycan"
qəzetinin xeyli sayı var. Kitabxananın mühafizəxanasında
xüsusi normativlərə uyğun şəraitdə
saxlanılır. Arxivdə sənədlərin
mikrofilmləşdirilməsi, bərpası və cildlənməsi
üzrə mərkəzi laboratoriyanın fəaliyyətdə
olmasına baxmayaraq, qəzetin olmayan nömrələrinin
axtarılıb tapılması, heç olmasa, qonşu arxivlərdə
və kitabxanalarda saxlanılan saylarının əldə
olunmasına cəhd göstərilməyib. Ancaq "Azərbaycan"ın
arxivdə olan bütün sayları bir-bir səliqəylə
kompyuter disklərinə köçürülüb, tam rəqəmsallaşdırılıb.
Təəssüf
ki, bu rəqəmsallaşdırma hələlik
oxucuların istifadəsinə verilməyib. Çünki
kitabxana internet şəbəkəsinə qoşulmayıb.
Bunun da başlıca səbəbi kitabxananın
elektron fondunun yaradılması prosesinin ləngiməsidir.
Belə ki, "Azərbaycan" qəzetinin
elektron versiyasının oxucuların istifadəsinə verilməsi
elmi məlumat kitabxana fondunun tam elektron variantının
yaradılması başa çatdıqdan sonra mümkün
olacaq və kitabxananın saytı açılacaqdır.
Bunun üçün aidiyyəti firma və müəssisələrlə müqavilələr
bağlanıb, amma il sona yaxınlaşsa da, nəzərdə
tutulan işlərlə bağlı elə bir irəliləyiş
nəzərə çarpmır. Qəzetlər
cəmləşən disklərin bəzisi yüksək
keyfiyyətli və üzünömürlü disklər olsa
da, ehtiyat saxlancların bir qismi keyfyyət və dəyərdən
aşağıdır. Yazılmış və bundan
sonra yazılacaq disklərin saxlanılması
üçün xüsusi saxlama şkaf-rəflər yoxdur və
s. Kitabxanada elektron sistemə keçidi sürətləndirmək
üçün heç olmasa, müvəqqəti işçi
qismində, xüsusi kampyuter-mütəxəssislərə və
operatorlara ciddi ehtiyac var.
AMEA-nın Əlyazmalar İnstitutunda da
"Azərbaycan" qəzetinin olduğu barədə məlumatlı
idik. Axı, bura elə bir məbəddir
ki, digər ünvanlara nisbətən salnaməçilərə
daha böyük etimad və ehtiram göstərilir. Amma
indiki halda "Azərbaycan"
qəzetinə olan ehtiramdan və etimaddan danışmaq istəməzdik.
Qəzetin 1-ci nömrəsindən 5-ci sayına
kimi burada yoxdur. Məsələn, "Azərbaycan"ın
1919-cu ildə çıxan 2-ci sayından 160-cı sayına
qədər, yaxud tək-tək nömrələri
çıxmaqla, 224-dən 231-ə, 233-dən 245-ə, 247-dən
253-ə, 255-dən 264-ə, 266-dan 269-dək, eləcə də
qəzetin 1920-ci ildə çıxan saylarından 1,9,10,40 və 62-ci nömrələri yoxdur. Ölkəmizin 1918-1919-1920-ci illər
acılı-şirinli taleyini və tərcümeyi-halını
özündə yaşadan bu salnaməçinin digər
saylarının tapılaraq cildlərə əlavə edilməsinə
təşəbbüs göstərilməyib.
İnstitutun biblioqrafiya və xidmət
şöbəsinin aparıcı elmi işçisi Tahirə
Həsənzadə təəssüfləndiyimizi görüb
narahatçılıqla dedi:
- İnstitut əməkdaşlarının
fəaliyyətinin əsasını qədim dövr tarixi əlyazmaların,
habelə kitabların tapılıb işlənilməsi və
bərpası təşkil edir. Odur ki,
dövri mətbuata qayğı bir az arxa
plana keçir. Bir də ki, bu işlə
dövlət kitabxanaları, dövlət arxivləri məşğul
olmalıdır.
- Elə isə bunları təhvil verin hər
hansı bir arxivə, kitabxanaya - təklifinə isə Tahirə
xanım etiraz olaraq bildirdi ki, "Bunlar bizim inventardır, verə
bilmərik".
"Azərbaycan" qəzetinin izi ilə
M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasında da olduq. Kitabxana
rəhbərliyi "Azərbaycan" qəzetinin özlərində
olmayan saylarının müəyyənləşdirilib əldə
olunması məqsədilə bir neçə il öncə
Rusiya Federasiyasının Moskva, Kazan, Sankt-Peterburq, Samara, habelə
Ukrayna Respublikasının Kiyev, Gürcüstan
Respublikasının Tbilisi dövlət arxivlərinə,
Türkiyə Cümhuriyyətinin Milli Arxivinə və digər
ünvanlara müraciət-sorğular
ünvanlayıb. Eləcə də Gülsəidə
Abdullayevanın rəhbərliyi altında əməkdaşlarından
ibarət xüsusi mütəxəssislər qrupu
yaradıblar. Bu qrup Bakıda, yuxarıda
adları qeyd olunan arxivlərdə aylarla işləyərək
qəzetin onlarda olmayan saylarını bərpa edib foto-surətini
əldə etmişlər. Danışıqlara əsasən,
Axundovçular qəzetin bütün saylarını bir yerə
cəm edəndən sonra "qonaq" olduqları arxivlərə
də bir dəst
çatdıracaqlarına söz versələr də, indiyəcən
bu vəd reallığa çevrilməyib! Üstəlik,
ikinci tərəf özünə əziyyət verib bu
şifahi "müqavilə"nin
marağında olmayıb.
Araşdırmalardan məlum oldu ki,
1918-1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, ictimai, ədəbi, iqtisadi
türk qəzeti olan "Azərbaycan"ın bütün
sayları, 20 nömrəsi (olmayan nömrələr 1918-ci ildən
N 28, 29, 30, 41, 42 və 1919-cu ildən N130, 208, 222, 239, 240, 241,
246, 252, 260, 265, 270, 282, 283, 284, 285)
istisna olmaqla, indi kitabxananın nadir kitablar və kitabxana
muzeyində saxlanılır. Tapılmayan
nömrələrin axtarışı bu gün də davam
edir. Kitabxananın elektron
resurslarının yaradılması şöbəsində qəzetin
elektron variantı mövcuddur. İkinci mərtəbədəki
oxu zalında maraqlananlar istənilən anda lokal şəbəkəyə
qoşularaq "Azərbaycan" qəzetinin lazımi sayını
kompyuter vasitəsi ilə açıb-oxuya bilirlər.
Qəzetin internetə yerləşdirilməməsinin
səbəbini isə kitabxana rəsmiləri belə
açıqladılar ki, Azərbaycan ədəbiyyatının
arxivi fondunda həmin dövr üçün elektronlaşdırma işləri
tam başa çatdıqdan sonra bu nəşrlər lokal
şəbəkə ilə yanaşı, internetdə də
yayımlanacaqdır.
Milli dövlət quruculuğu və millətin
işıqlı gələcəyi uğrunda mübarizədə
repressiyaya məruz qalan "Azərbaycan"ın xələfi
olaraq bu qəzetin qayğısını çəkənlərə
ürəkdən təşəkkür edirik.
Belə bir deyim var: hər şeyin zamana ehtiyacı var. Bu
gün onlarla tədqiqatçı, yüzlərlə oxucu
1918-1920-ci illər zamanın ehtiyacından yaranan "Azərbaycan"
qəzetilə internet vasitəsilə həmsöhbət olmaq
istəyindədir. Bu, həm də Azərbaycan Respublikası
Prezidentinin 6 oktyabr 2008-ci il tarixli sərəncamının
tələblərindən biridir.
Sonda Azərbaycan Cümhuriyyəti
dövrü "Azərbaycan"ın varisləri olaraq bir
neçə məqamı xüsusi vurğulamaq istərdik:
Ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi
sayəsində ötən əsrin sonlarında qazanılan
dövlət müstəqilliyi oxşar aqibəti
yaşamadı. Bu dəfə müstəqilliyimiz əbədiliyə
və dönməzliyə çevrildi! Artıq biz
özümüzü varis elan etmişik və bu il 95 yaşımız tamam oldu. "Azərbaycan"
da cümhuriyyət dövrü sələfinin xələfi
sayılır. Tarixdə baş verənləri dəqiq-düzgün
öyrənmək, tarixi keçmişimizi ağ
ləkələrdən təmizlənmiş şəkildə,
obyektiv yazılmasında dövrünün ensiklopediyası
sayılan "Azərbaycan"ın üzə
çıxarılıb öyrənilməsinin, geniş
ictimaiyyətin malına çevrilməsinin böyük əhəmiyyəti
vardır. Bununla bağlı yuxarıda
xatırlanan dövlət proqramında xüsusi müddəa
da yer almışdır. Lakin dövlət
proqramının icra müddəti bu il
başa çatsa da, göstərilən məsələ həllini
tapmamışdır. "Azərbaycan" nəinki oxucular
üçün əl çatan olmamış, hətta redaksiyamız belə
onun kserosurətini əldə edə bilməmişdir.
Daha bir vacib məqam isə keçmiş
"Azərbaycan"ın hamının malına çevrilməsidir. Dövlət
başçısı İlham Əliyevin xüsusi
qayğısı və sərəncamı ilə dünya ədəbiyyatı
xəzinəsinə daxil olan əsərlərin, habelə Azərbaycan
yazıçı və şairlərinin əsərlərinin
latın qrafikası ilə çap edilərək
yeni nəslin bəhrələnməsinə geniş imkan
yaradılmışdır. Məlumdur ki, "Azərbaycan"
ərəb hürufatı ilə nəşr olunmuşdur.
Qəzetdən hamının istifadə edə
bilməsi üçün onun transliterasiya edilərək
kitab şəklində çapına
("Əkinçi" qəzeti ilə bağlı bu
addım çoxdan atılmışdır) ciddi ehtiyac duyulur.
Bu həm də bizim tarix qarşısında mənəvi
borcumuzun icrası olardı. Belə bir iş
üçün tələb olunan cüzi vəsaitin
tapılması isə müasir Azərbaycanımız
üçün elə də çətinlik törətməz...
Rəhman
SALMANLI
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 7.