Naxçıvanda elm və təhsil müəssisələrində
qarşıda duran vəzifələr
müzakirə olunub
Naxçıvan
Muxtar Respublikası Ali
Məclisində elm və təhsil müəssisələrində
qarşıda duran vəzifələrlə
əlaqədar müşavirə keçirilmişdir.
Müşavirəni Ali Məclisin Sədri
Vasif Talıbov açmışdır. Qeyd olunmuşdur ki, elm və təhsilin inkişafı hər bir ölkədə prioritet
sahədir. Çünki yüksək təhsilli
və geniş dünyagörüşə
malik vətənpərvər gənclərin
yetişdirilməsi ölkənin gələcəyini təmin
edir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyi
dövründə elm və təhsilin
inkişafını, ixtisaslı kadrların
hazırlanmasını, vətənpərvər gəncliyin
formalaşdırılmasını daim
diqqət mərkəzində saxlamışdır. Bu gün də dövlətimiz
tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir.
Həyata keçirilən tədbirlər nəticəsində
hər il ali təhsil
müəssisələrinə qəbul olunan
və xaricdə təhsil almağa
göndərilən tələbələrin sayı artır,
ölkəmizdə müxtəlif elm sahələri
yaradılır, elmin iqtisadiyyata
tətbiqi genişləndirilir. Bütün
bunlar isə elm və
təhsil sahəsində həyata keçirilən tədbirlərin
əhatə dairəsinin daha da genişləndirilməsini, bu
sahədə qarşıda duran vəzifələrin
müəyyənləşdirilməsini tələb edir.
Müşavirədə
Naxçıvan Muxtar Respublikasının
təhsil naziri Piri
Nağıyev, Azərbaycan Milli Elmlər
Akademiyası Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev,
Naxçıvan Dövlət Universitetinin
rektoru Saleh Məhərrəmov,
Naxçıvan Müəllimlər İnstitutunun
rektoru Oruc Həsənli
elm və təhsil müəssisələrində
həyata keçirilən tədbirlər və qarşıda
duran vəzifələr barədə
çıxış etmişlər.
Naxçıvan
Muxtar Respublikasının iqtisadi
inkişaf naziri Famil Seyidov,
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin sədri
Asəf Məmmədov və Naxçıvan Muxtar
Respublikasının Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsinin
sədri Malik Rzayev
müzakirə olunan məsələ ilə bağlı məlumat
vermişlər.
Naxçıvan
Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov bildirmişdir ki, muxtar respublikada təhsil
sahəsində ardıcıl tədbirlər görülür.
Təhsil müəssisələrinin maddi-texniki
bazası möhkəmləndirilir. Onlar ən
müasir informasiya-kommunikasiya
texnologiyaları ilə təmin olunur. Bütün bunlar onun üçündür
ki, təhsil daha səmərəli
idarə olunsun, təhsil bazası daha da möhkəmləndirilsin,
məktəbli və gənclərin ən qabaqcıl təhsilə
yiyələnmələrinə əlverişli şərait
yaradılsın. Bunun müqabilində Naxçıvan Muxtar
Respublikasının Təhsil Nazirliyi, Səhiyyə
Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri
tədris prosesinin qanunvericiliklə müəyyən
edilmiş standartlara uyğun qurulmasını təmin etməlidirlər.
Professor-müəllim heyəti pedaqoji etika normalarına riayət etməli və
müəllim nüfuzunu yüksək
tutmalıdır. Təhsil müəssisələrinə
kompyuterlər, elektron lövhələr verilir, yeni fənn kabinetləri
yaradılır. Bir sözlə, təhsil
müəssisələri müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin
olunur. Buna baxmayaraq, şagird, tələbə
və müəllimlərin informasiya-kommunikasiya
texnologiyalarından, elektron lövhələrdən
və digər texniki vasitələrdən
sərbəst və səmərəli istifadələri tələb
olunan səviyyədə deyil.
Bu sahəyə nəzarət gücləndirilməli,
təlim prosesinin qabaqcıl texnologiyalar və yeni təlim
üsullarına uyğun qurulması təmin
olunmalıdır. Müəllimlərin ixtisas,
elmi-pedaqoji səviyyələrini və
peşə biliklərini mütəmadi olaraq
artırmaları diqqətdə saxlanılmalıdır. Bəzi
müəllimlər öz üzərlərində
çalışmırlar. Onlar müasir təlim metodlarından istifadə edə
bilmir, dərslərə xüsusi
hazırlaşmır, məlumat üçün
əlavə mənbələr axtarmırlar. Belə
halların aradan qaldırılması üçün müəllimlərlə sistemli iş
aparılmalı, onların hazırlıq səviyyəsinin
artırılması nəzarətə götürülməlidir.
Kitab mütaliəsinə
marağın artırılması məqsədilə
Naxçıvan Muxtar Respublikasında
ardıcıl tədbirlər görülür.
Naxçıvan Muxtar
Respublikası Kitabxanasında, Ali Məclisin
Naxçıvanşünaslıq Mərkəzində,
Naxçıvan Dövlət Universitetində və Azərbaycan
Milli Elmlər Akademiyasının
Naxçıvan Bölməsində elektron
kitabxanalar, eləcə də Məhdud Fiziki İmkanlılar üçün
Naxçıvan Regional İnformasiya
Mərkəzində audio və elektron kitabxana xidməti
yaradılmışdır. Buna baxmayaraq, alim və tədqiqatçılar,
müəllim, tələbə və şagirdlər
yaradılan elektron və ənənəvi
kitabxanalardan lazımi səviyyədə
istifadə etmirlər. Bu, ali
təhsil və elm müəssisələrinin
rəhbərlərini düşündürməlidir.
Mütaliə olmadan elmi-tədqiqat işlərinin
əhatə dairəsini genişləndirmək, tədqiqatçı
dünyagörüşünü
artırmaq mümkün deyil.
Ona görə də
çalışıb, ilk növbədə
təhsil müəssisələrində mütaliə mədəniyyətini
gücləndirməliyik.
Təhsil
müəssisələrində şagird
və tələbələrdə fəal vətəndaşlıq
mövqeyinin
formalaşdırılması, onların vətənpərvərlik
və azərbaycançılıq ruhunda
tərbiyə edilməsi sahəsində də fəaliyyət
artırılmalıdır. Şagird və
müəllimlərin fiziki sağlamlığının
təmin olunması məqsədilə təhsil müəssisələrində
bədən tərbiyəsi və idman dərslərinin
təşkili ciddi nəzarətə
götürülməli, bu dərslərdə
idman geyim
formalarına əməl olunmalıdır.
Gənclərin
xarici dil bilməsinin vacib olduğunu qeyd edən Ali Məclisin
Sədri təhsil müəssisələrində
xarici dillərin tədrisi səviyyəsinə
nəzarətin gücləndirilməsi, bununla
yanaşı, istedadlı şagirdlərin və tələbələrin
üzə çıxarılması məqsədilə zəruri
tədbirlər
görülməsi və onlar üçün lazımi şəraitin
yaradılmasına diqqətin artırılması barədə
də tapşırıqlar vermişdir.
Ali Məclisin
Sədri nizam-intizam olmayan
yerdə təhsilin səviyyəsindən
danışmağın mümkün
olmadığını bildirərək demişdir
ki, müəllim, şagird
və tələbələrin dərsə davamiyyətinə,
nizam-intizama əməl etmələrinə
ciddi nəzarət olunmalı, tələbkarlıq
artırılmalıdır.
Naxçıvan Muxtar
Respublikasının Təhsil Nazirliyi, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri
təhsil müəssisələrində təhsil alanların
və təhsil verənlərin müəyyən olunmuş geyim
formasından düzgün istifadəsini təmin
etməli, bu işlə şəxsən
məşğul olmalıdırlar. Muxtar respublikanın İqtisadi İnkişaf Nazirliyi təhsil müəssisələrinin geyim formalarına olan tələbatını
müəyyənləşdirməli, qəbul edilmiş
formada şagird, tələbə
və müəllimlər üçün
keyfiyyətli parçadan geyim
dəstlərinin hazırlanmasını və münasib
qiymətə satışını təmin etməlidir.
Rayon icra hakimiyyətləri
məktəbli geyim formalarının kəndlərdə
yaradılmış xidmət mərkəzlərində
satışına nail olmalıdırlar.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəbli,
tələbə və müəllim geyim
formalarının keyfiyyət göstəricilərinin müasir standartlara
uyğunlaşdırılmasına nəzarəti
artırmalıdır. Valideyn himayəsindən məhrum olmuş
uşaqların da məktəbli ləvazimatları
ilə təminatı diqqət mərkəzində
saxlanılmalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
şəhər və rayon icra hakimiyyətləri valideyn
himayəsindən məhrum olmuş
uşaqları pulsuz məktəbli geyimləri
və məktəbli ləvazimatları ilə təmin
etməlidirlər.
Yenidən qurulmuş və ya tikilərək
istifadəyə verilmiş təhsil
müəssisələrinin yeməkxanalarında xidmət üçün hər cür
şərait yaradılmışdır. Buna
baxmayaraq, yaradılan şəraitdən düzgün istifadə edilmir.
Aparılmış yoxlamalar göstərir
ki, təhsil müəssisələrində
məktəblilərin sağlamlığı üçün
zərərli olan, həmçinin uyğunluq sertifikatı olmayan
ərzaq məhsulları satılır. Bu
məhsulların sanitar tələblərə
cavab verməyən şəraitdə
saxlanılması halları da mövcuddur. Yeməkxanalarda təmizliyə əməl
edilməli, işçilər müvafiq geyim formasında olmalıdırlar.
Naxçıvan Muxtar Respublikasının
Təhsil, İqtisadi İnkişaf
və Səhiyyə nazirlikləri təhsil müəssisələrində
sağlamlıq, iaşə və məişət xidmətlərinin
təşkilinə və sanitariya-gigiyena
normalarına əməl olunmasına nəzarət etməlidirlər.
Təhsil müəssisələrindəki, eləcə də
məktəbəqədər təhsil müəssisələrindəki
yeməkxanalara alınan ərzaq məhsullarının keyfiyyətinə
və onların yerli məhsullar
olmasına nəzarəti artırmalıdırlar. Bu müəssisələrin ərzaq təminatı
İqtisadi İnkişaf
Nazirliyi tərəfindən
yoxlanılmış və müvafiq qaydada uyğunluq
sertifikatı almış yerli istehsal qurumları tərəfindən
aparılmalıdır. Təhsil müəssisələrinə
kənar yerdən ərzağın və yeməyin gətirilməsinə
yol verilməməlidir. Şəhər və
rayon icra hakimiyyətləri
məktəbəqədər təhsil müəssisələrində
uşaqların sağlam qida
ilə təminatı üçün birbaşa məsuliyyət daşıdıqlarını
unutmamalıdırlar.
"Muxtar respublikada elm sahəsində bir
sıra tədqiqat işləri aparılır. Amma nəticə
baxımından səmərəli təkliflərin sayı
azdır", - deyən Ali Məclisin Sədri
bildirmişdir ki, Azərbaycan
Milli Elmlər Akademiyasının
Naxçıvan Bölməsi və muxtar
respublikada fəaliyyət göstərən
ali təhsil müəssisələri bu sahədə dönüş yaratmalı, aparılan elmi tədqiqatların
səmərəliliyinə diqqəti artırmalı, elmin iqtisadiyyata tətbiqi
genişləndirilməli, elmi-tədqiqat institutları ali təhsil müəssisələri ilə əlaqəni
möhkəmlətməli, gənc tədqiqatçıların
hazırlanması sahəsində tədbirlər gücləndirilməlidir.
Müşavirədə
Dövlət Gömrük Komitəsinə
tapşırılmışdır ki, muxtar respublikaya gətirilən
məktəbli ləvazimat və geyimlərinin keyfiyyətinə
nəzarət etsin, məktəbli və tələbələrin,
eləcə də müəllimlərin
sağlamlığına mənfi təsir göstərən, keyfiyyət
sertifikatı olmayan məhsulları muxtar respublika ərazisinə
buraxmasın.
Sonda təhsil işçilərinə
fəaliyyətlərində uğurlar
arzulanmışdır.
Elxan
MƏMMƏDOV
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 8.