Təhsil islahatları uğurlu nəticələr verir

 

Dünən Bakının Binəqədi rayonunda təhsil işçilərinin 2012/2013-cü dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilmişdir. Tədbirdə bu il 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlar rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılmışlar.

İclasda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycanın son illər təhsil sistemində əldə etdiyi uğurlarından söz açdı və təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışdı. Bu siyasətin uğurlu nəticələrinin Binəqədi rayonunun ictimai həyatında da əksini tapdığını vurğuladı: "İlbəil təhsil sahəsinə artan dövlət qayğısı, bu sahədə atılan yenilikçi addımlar bu gün təhsilimizin inkişafına əlverişli zəmin yaradır. Həm də ən önəmlisi odur ki, millətin gələcəyi olan təhsilin tərəqqisi Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət göstərdiyi sahədir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev övladlarımızın yüksək səviyyəli təhsil almasına, onların qazandığı bilik və təcrübə ilə müstəqil Azərbaycanın tərəqqisinə töhfə vermələri üçün lazımi şərait yaratmışdır".

Daha sonra  2012/2013-cü dərs ilinin yekunları ilə bağlı hesabat məruzəsi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai-siyasihumanitar məsələlər şöbəsinin müdiri Aqil Eyvazov bildirdi ki, bu il rayonun 32 orta ümumtəhsil məktəbini bitirərək ali məktəblərə sənəd verən 2.367 məzundan 1.337-si tələbə adını qazanıb. Respublikanın müxtəlif ali təhsil müəssisələrinə daxil olan məzunlardan 190 nəfər 500-700 arası bal toplayıb. 21 məzun isə 650-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib. Bu məzunlardan dünyanın müxtəlif dövlətlərinin nüfuzlu ali təhsil müəssisələrinə daxil olanlar da vardır. Keçən tədris ilində "Ən yaxşı ümumtəhsil müəssisəsi" və "Ən yaxşı müəllim" müsabiqələrində respublika üzrə qalib olan 50 məktəbdən (Bakı şəhəri üzrə 19) 1-i, 98 müəllimdən isə (Bakı şəhəri üzrə 37) 7-si Binəqədi rayonunun payına düşüb.

Konfransda çıxış edən Bakı şəhəri Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov Bilik Günü münasibətilə bu il tələbə adını qazanan məzunları və rayonun pedaqoji kollektivini təbrik etdi, yeni  tədris illində onlara uğurlar arzuladı. Natiq ötən dərs ilinin Binəqədi rayonu üçün uğurla nəticələndiyini bildirdi.

Sonra "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində müvəffəqiyyət qazanan 30 saylı tam orta məktəbin direktoru və qabaqcıl müəllimləri, "Ən yaxşı müəllim" müsabiqəsində uğur qazanan müəllimlər mükafatlandırıldı.

Qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələr rayon icra hakimiyyəti tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırıldı. Sonda rayon icra hakimiyyətinin başçısı tələbə adını qazanan gəncləri təbrik edərək onlara təhsillərində uğurlar arzuladı. Bu il  ən yüksək balla  ali məktəblərə  qəbul olunan məzunlar onlara göstərilən böyük diqqət və qayğıya görə minnətdarlıq etdilər.

 

 

R.BAXŞƏLİYEV

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 8.