Bakı şəhəri
üzrə 700 bal toplayan
yeganə tələbə mükafatlandırıldı
Nərimanov
rayonu ötən tədris ilini
yüksək nailiyyətlərlə başa
vurdu
Dünən Nərimanov Rayon İcra Hakimiyyətində yüksək
nəticələr əldə
edərək ali təhsil müəssisələrinə qəbul
olunmuş tələbələrlə
görüş keçirildi,
rayonun təhsil müəssisələrinin 2012/2013-cü tədris ilində qazandığı
uğurlar qeyd olundu.
Tədbirdə
çıxış edən Nərimanov Rayon
İcra Hakimiyyətinin
başçısı Abdin Fərzəliyev
bütün təhsil işçilərini
qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edərək
bildirdi ki, müasir dünyada hər
bir ölkənin gələcəyi təhsilin
səviyyəsi
ilə ölçülür. Ölkəmizdə
son illərdə təhsilin
inkişafı ilə bağlı həyata keçirilən tədbirlər
onu deməyə əsas verir
ki, Azərbaycan öz
gələcəyini daha etibarlı və
inamlı görmək əzmindədir. Dövlət
başçısı cənab İlham
Əliyevin təhsilin inkişafına və təhsil müəssisələrinə
göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu məsələ son dövrlərdə dövlət siyasətinin
mühüm istiqamətidir.
Azərbaycan
təhsilinin beynəlxalq standartlara
uyğunlaşdırılması üçün
son dövrlər ölkədə xeyli iş görüldüyünü
qeyd edən A.Fərzəliyev dedi ki, Prezident
İlham Əliyevin diqqət və
qayğısı sayəsində Azərbaycanda "qara qızıl"ın insan
kapitalına çevrilməsi çağırışı
uğurla həyata keçirilməkdədir.
Bu sahədə
Heydər Əliyev Fondunun fəaliyyətindən
söz açan icra başçısı fondun
prezidenti, UNESCO və ISESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən proqram və layihələrin
ölkəmizdə təhsilin inkişafına böyük töhfələr verdiyini
qeyd etdi. Bildirdi ki, "2011-2013-cü illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində,
demək olar ki, rayonun bütün təhsil
müəssisələrində əsaslı təmir və
yenidənqurma işləri həyata keçirilmişdir.
Son 10 ildə rayonda fəaliyyət
göstərən 22 tam orta
məktəbdən 11.892 şagird yerlik 15 məktəb əsaslı təmir olunmuş, 6 məktəb üçün
97 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir.
Onlardan 14 məktəb dövlət
proqramına müvafiq olaraq əsaslı təmir olunmuş, 5 məktəbdə əlavə tədris korpusları inşa edilmişdir.
Qazanılan
uğurların ali məktəblərə
qəbulun dinamikasında, yüksək bal
toplayan tələbələrin
sayının artmasında özünü
göstərdiyini vurğulayan Abdin Fərzəliyev dedi ki, 2012/2013-cü tədris ilində məktəbi
bitirmiş 1.722 məzundan 1.487 nəfər
ali məktəblərə
sənədlərini vermiş, bunlardan 993 nəfər, yəni 66,7 faizi müxtəlif
ali təhsil müəssisələrinə
qəbul olunmuşdur. Nərimanov
rayonu üzrə orta bal göstəricisinə görə ən
yüksək nəticəni - 93,88 faizi 291 nömrəli Ekologiya
liseyi qazanmışdır. 207 nömrəli tam orta məktəbdə bu
göstərici 74 faiz, 43 nömrəli Məktəb-Lisey
Kompleksində isə 67 faizdir. Rayonun tam orta məktəblərini
bitirmiş məzunlardan 57 nəfər 600-dən,
18 nəfər isə 650-dən artıq bal,
258 nömrəli tam orta
məktəbin məzunu Məhəmməd İsmayılov isə
ən yüksək - 700 bal
toplamışdır. Qeyd etmək lazımdır ki, ali məktəblərə qəbul
imtahanlarında respublika üzrə 4 nəfər
700 bal toplamışdır, onlardan da yalnız bir nəfəri Bakı şəhəri məktəblisi
olmuşdur ki, o da Nərimanov rayonunun şagirdi Məhəmməd İsmayılovdur.
Görüşdə
Milli Məclisin deputatı Adil
Əliyev bildirdi ki, müasir dünya bilik və informasiya dövrüdür. Hazırkı dövrdə
o dövlətlər irəli gedir ki, insanlara
yaxşı bilik verirlər. Bu baxımdan ölkəmizdə həyata
keçirilən təhsil siyasətini yüksək qiymətləndirməli,
hər kəs yaradılan şəraitdən istifadə etməlidir.
Daha sonra çıxış edən 258 nömrəli
tam orta məktəbin
məzunu, ən yüksək nəticəni göstərərək
Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasına daxil olan Məhəmməd
İsmayılov minlərlə abituriyentin arzusu olan 700 bal zirvəsinə qalxmağı bacardığına görə
fəxr etdiyini dedi:
"Bu da mənim ən
böyük uğurum,
sonsuz sevincim oldu. Qazandığım bu
uğurda valideyn və
müəllimlərim böyük paya sahibdirlər. Qarşıda çox məsuliyyətli tələbəlik
illəri dayanır. Orta məktəbdə
mənə dərs demiş müəllimlərimin
hamısı əmin ola bilər ki, ali məktəbdə də öz
yüksək biliyim, nümunəvi
davranışımla onların başını uca edəcəyəm".
Sonda rayon icra hakimiyyəti
adından yüksək adlara layiq görülmüş
müəllimlərə, təhsilin və tədrisin yüksək
səviyyəsinə görə fərqlənmiş təhsil
müəssisələrinin rəhbərlərinə, habelə təhsildə fərqlənmiş,
qəbul imtahanlarında yüksək nəticələr əldə edərək
ali məktəblərə qəbul olunmuş məzunlara diplom
və hədiyyələr təqdim edildi.
Elçin
CƏFƏROV
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 8.