ABŞ-ın nüfuzlu beyin mərkəzi Azərbaycanın

 regional rolu ilə bağlı hesabat yaymışdır

 

Vaşinqtonda fəaliyyət göstərən və dünyanın ən nüfuzlu beyin mərkəzlərindən olan Hudson İnstitutunun Hərbi-Siyasi Təhlil Mərkəzinin direktoru Riçard Veytsin Azərbaycanın regional rolu ilə bağlı hesabatı dərc olunmuşdur.

AzərTAc xəbər verir ki, beynəlxalq hərbi təhlükəsizlik üzrə məşhur olan "Müdafiənin ikinci xətti" adlı mərkəzin hesabatı həm elektron formada yayılmış, həm də kitab şəklində nəşr edilmişdir. Bu mərkəzin hesabatları əsasən ABŞ-ın və NATO ölkələrinin xarici siyasət və təhlükəsizlik üzrə rəsmi dövlət vəzifələrində çalışan və qərarvermə prosesində yaxından iştirak edən şəxsləri üçün nəzərdə tutulur.

"Müdafiənin ikinci xətti" mərkəzinin ekspertləri ABŞ və Avropanın hərbi və təhlükəsizlik sahəsində nüfuzlu şəxslərindən ibarətdir. Həmin ekspertlər ABŞ-da hərbi və təhlükəsizlik sahəsində uzun illər çalışmış və çox yüksək vəzifələr tutmuş generallar, admirallar, nüfuzlu universitetlərin və "beyin mərkəzləri"nin nümayəndələridir.

Hesabatda qeyd edilir ki, SSRİ-nin dağılmasından sonra ABŞ-ın yaxın müttəfiqi olan Azərbaycan Respublikası digər müsəlman ölkələri üçün dinietnik müxtəliflik məsələlərinə uğurlu yanaşmaları ilə nümunə rolunu oynamaqdadır. Özünün dünyəvi siyasəti, müxtəlif dinlərə və xalqlara tolerant münasibətilə Azərbaycan çox səmərəli "yumşaq güc" əldə etmiş və digər müsəlman ölkələri üçün təcrübəsindən geniş istifadə oluna biləcək cəlbedici ölkəyə çevrilmişdir.

Giriş, nəticə və üç hissədən ibarət olan hesabatın birinci hissəsində Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonrakı tarixi, artan "yumşaq güc"ü, habelə digər təsir imkanlarından bəhs edilir. Qeyd edilir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə son illərdə geniş iqtisadi, diplomatik və "yumşaq güc"ə xas təsir imkanları əldə etməkdədir. Azərbaycan dövlətinin strategiyası və ardıcıl siyasəti ona çox mürəkkəb və qeyri-sabit bölgədə postsovet "travma"sını geridə buraxmaq və müxtəlif sahələrdə geniş əməkdaşlıq üçün etibarlı tərəfdaşa çevrilə bilmək imkanı vermişdir. Müstəqillik illərində Azərbaycan uğurlu inkişafaümumi daxili məhsulunu 60 dəfədən çox artırmağa nail olmuşdur. 2011-ci ildə Azərbaycan özünün artan iqtisadi-siyasi gücü və beynəlxalq gərginliyin azalmasına verdiyi töhfələr sayəsində çox ciddi rəqib namizədlərin olduğu bir şəraitdə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilmişdir.

Hesabatın ikinci hissəsində Azərbaycanda dinin siyasətdə və cəmiyyətdə oynadığı roldan bəhs edilir. Qeyd edilir ki, Azərbaycan dünyəvi dövlət prinsiplərinə sadiq qalaraq bütün dini icmaların azad şəkildə öz məscidləri, kilsələri, sinaqoqları və digər ibadət yerləri və institutları vasitəsilə fəaliyyət göstərməsi üçün hər cür şərait yaratmışdır. Azərbaycan rəhbərliyi müxtəlif dini icmaların tarixi mirasının istər ölkə daxilində, istərsə də respublikanın hüdudlarından kənarda qorunması, yenidən qurulması və təmir edilməsi üçün böyük işlər görür. Azərbaycan ərazisində əsrlər boyu müxtəlif dinlərin və xalqların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşamışlar və onlara qarşı münasibət daim fundamental bəşəri prinsip və dəyərlərə əsaslanır.

Hesabatda həmçinin qeyd edilir ki, Azərbaycan 11 sentyabr terror aktından sonra terrorizmə qarşı mübarizədə ABŞ-a qeyd-şərtsiz yardım etmək üçün hazır olduğunu bildirən ilk ölkələrdəndir. Azərbaycan eyni zamanda Əfqanıstanda sülhyaratma əməliyyatlarında və hazırda NATO-nun silahlı qüvvələrinin bu ölkədən çıxarılması prosesində əvəzsiz rola malikdir.

Bundan əlavə, Azərbaycan qlobal miqyasda ABŞ-ın enerji strategiyasında və maraqlarında mühüm rol oynayır. ABŞ şirkətləri 1990-cı illərdən başlayaraq Azərbaycanın neft sektorunda geniş fəaliyyət göstərir. Azərbaycan isə BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi digər mexanizmlərlə də ABŞ-ın regionalqlobal maraqlarının təmin olunmasında yaxından iştirak edir.

Bildirilir ki, Azərbaycan ötən müddət ərzində neft gəlirlərindən səmərəli şəkildə istifadə edərək çox böyük iqtisadi problemləri aradan qaldırmış, yoxsulluğun səviyyəsini minimuma endirmiş, iqtisadiyyatın qeyri-neft sektorunun davamlı inkişafına nail olmuşdur. 1990-cı illərin sərmayə idxal edən ölkəsindən qonşu dövlətlərə investisiya yatıran ölkəyə çevrilməklə Azərbaycan bölgədə öz ayaqları üzərində inamla duran və iqtisadiyyatı davamlı inkişaf edən ölkəyə çevrilmişdir. Bütün bunlar isə Azərbaycana özünün "yumşaq güc"ünün yeni vasitələrini inkişaf etdirməsinə imkan vermişdir.

Hesabatda xüsusilə qeyd edilir ki, Azərbaycan bütün bunlara ilk baxışda onun müstəqil siyasət həyata keçirməyə əngəl ola biləcək çox ciddi maneələrin olduğu bir coğrafi məkanda - Rusiyanın, İranın, Yaxın Şərqin və Avropanın maraqlarının kəsişdiyi nöqtədə nail olmuşdur. Azərbaycan özünün mürəkkəb coğrafi məkanından öz xeyrinə istifadə edərək müxtəlif layihələr həyata keçirməklə Qərb ilə Şərqi, Şimal ilə Cənubu bağlayan bir məkana çevrilmişdir. Bütün bu nailiyyətlərə Azərbaycan özünün xüsusi düşünülmüşçox praqmatik siyasəti ilə müvəffəq olmuşdur.

Hesabatda Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən işğalı və təcavüzkar siyasətin fəsadlarına xüsusi diqqət ayrılmışdır.

Hesabatda ABŞ rəhbərliyinə Azərbaycanın regionda oynadığı rolu nəzərə almaq və qiymətləndirmək, ölkəmizə dəstək vermək tövsiyə edilir. Hesabatla ətraflı şəkildə bu linkdən tanış olmaq mümkündür:

 

httr://www.sldinfo.com/enhancing-the-regional-role-of-azerbaiyan-a-key-consideraton-for-the-united-states/.

 

Azərbaycan.-2013.- 18 sentyabr.- S.7.