Hippokrat
andını qəlbinə yazıb...
Yaşanmış
illəri insanın sərvəti sayanlar heç də
yanılmırlar. Sərvət deyəndə təbii
ki, söhbət hər hansı maddi nemətlərdən
getmir. İnsanın yaşadıqca topladığı həyat
təcrübəsi, qazandığı dostlar, etdiyi xoş əməllər
də bir sərvətdir ki, qiyməti heç nə ilə
ölçülmür. Ətrafına işıq saçmaq
qabiliyyəti olanların, dara düşənə
kömək etməyi bacaranların, təkcə özü
üçün yaşamağı ağlına
sığışdırmayanların bu yöndə əldə
etdiyi sərvət daha böyükdür. Bu, müdriklikdir,
yaşa dolduqca daha hörmətli-izzətli olmaqdır, kamillik
və bir də ziyalılığın, alicənablığın
əlamətidir.
Əgər
söhbət həkimdən, müəllimdən gedirsə və
onun xarakterinə həmin xüsusiyyətlər xasdırsa,
deməli, qazandığı sərvət daha çoxdur. Bu,
onun həyata qaytardığı,
ağrı-acısını azaltdığı insanların
minnətdarlıq duyğuları, yetirmələrinin
uğurlarıdır. Deyilənləri cəsarətlə
ölkə ictimaiyyətinin yaxşı
tanıdığı həkim, alim, səhiyyə təşkilatçısı
Kamran Lətif oğlu Aslanova şamil etmək olar.
Kamran Aslanov Səhiyyə
Nazirliyinin baş stomatoloqu, tibb elmləri üzrə fəlsəfə
doktoru, respublika Stomatoloji Mərkəzinin direktoru, Azərbaycan
Özəl Stomatoloji Fəaliyyətlə Məşğul
Olanların Assosiasiyasının prezidentidir. O, bütün bu
vəzifələrə pillə-pillə çatıb. Və
həmin vəzifələrin hər birini şərəflə,
ləyaqətlə yerinə yetirmək səviyyəsinə
illərlə qətrə-qətrə, zəhmət və
alın təri ilə toplanmış bilik, səriştə,
təcrübə sayəsində nail olub. Daim axtarışlar
aparıb, oxuyub, öyrənib, eyni zamanda, bütün hərəkətlərində
ədalətə, obyektivliyə söykənib. Peşə vəzifəsini
yerinə yetirdikcə, vətəndaşlıq vəzifəsini
də yüksək məsuliyyətlə və ciddiyyətlə
həyata keçirib. Bir həqiqəti dərk edib ki,
dünyada xeyir işlərdən savayı, hər şey nə
vaxtsa unudulur. Nəcib davranışı, yüksək mədəniyyəti,
sadəliyi, təvazökarlığı, insanlara diqqəti,
qayğı və məhəbbəti ilə bütün xəstələrinin
və onu tanıyanların hörmətini qazanıb. Bax, əsl
həkim də elə budur. Bəzən özünü belə
unudan, ondan kömək ummağa gəlmiş xəstələrinə
yardım etməyi başlıca məqsəd sayan müqəddəs
peşə sahibi.
"Əsl
həkimliyin qayəsi inamdır" - deyə söhbətə
başlayan Kamran müəllim Hippokrat andını
xatırladı və ondan iqtibas gətirərək xüsusi
vurğuladı ki, xəstə həkiminə etibar etməlidir,
onu sağaldacağına şübhə yeri
qoymamalıdır. Əgər həkimlə xəstə
arasında birlik olarsa, xəstəlik
aciz qalar, yox, əgər xəstə həkimi yaxına
buraxmayıb xəstəliyə tabe olarsa, onda xəstəlik
qalib gələr. Odur ki, xəstə öz həkiminə
güvənməlidir. Diş isə insanın sağlam, rahat
yaşamasının əsas atributlarındandır.
İnsanın dişi onun həm siması, həm də
sağlamlığının ilkin göstəricisidir.
Stomatologiya elmi də digər sahələr kimi
özünün peşəkarına ehtiyacı olan bir sahə
kimi tanınır. Hər bir həkimin bu sahədə söz
sahibi olması isə çətin məsələdir.
K.Aslanov 46 ildir
ki, stomatologiya sahəsində uğurlu fəaliyyəti ilə
tanınır.
Ömrünü-gününü
həsr etdiyi stomatologiya sahəsindən,
başçılıq etdiyi kollektivdən, ölkəmizin səhiyyə
və tibdə qazandığı nailiyyətlərdən
ürək dolusu söhbət açan Kamran müəllim
özü haqqında danışmağı sevmir. Qısaca məlumat
verdi ki, 1943-cü ilin sentyabr ayında Bakıda dünyaya gəlib.
Valideynlərinin hər ikisi Azərbaycan Tibb
İnstitutunun müəllimi olub. 1960-cı ildə
Bakıdakı 7 nömrəli orta məktəbi, 1965-ci ildə
Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya
fakültəsini bitirib. 1966-cı ildən stomatoloq-həkim
kimi Bakıdakı 2 nömrəli stomotoloji poliklinikada əmək
fəaliyyətinə başlayıb. Həmin vaxtdan da bu
sahədə çalışıb.
Ona
tapşırılan vəzifələr dəyişsə də,
daha doğrusu, getdikcə daha böyük və məsuliyyətli
olsa da, Kamran müəllim həmişə həkimlik
andına sadiq qalıb. Bu vəzifələrin hamısına
həkim vicdanı ilə yanaşıb.
Tərcümeyi-halındakı
sətirlər bir növ bunların
"möhür"ü, təsdiqidir. Belə
ki, Kamran Aslanov əmək fəaliyyətinə
başladığı poliklinikada 10 ilə qədər həkim-
stomatoloq və şöbə müdiri işləyib.
1976-cı ildə Bakı şəhər 1 saylı stomatoloji
poliklinikanın baş həkimi əvəzi, 1979-cu ildən
baş həkimi, 1982-ci ildən 4 saylı stomatoloji
poliklinikanın baş həkimi vəzifəsində
işləyib.
1986-cı
ildə Respublika Stomatoloji Mərkəzinin direktoru təyin
olunan Kamran Aslanov bu vəzifədə indiyədək
çalışır. 1987-1993-cü
illərdə, 1996-2003-cü illərdə Səhiyyə
Nazirliyinin baş stomatoloqu olub və qısa bir fasilədən
sonra 2006-cı ildən indiyədək yenə də bu vəzifədədir.
Həkimlik Kamran Aslanov üçün nədir?
Peşə-sənət, tale-alın
yazısı, üzərinə düşən missiya-vəzifə?
Deyərdik ki, bunların hamısı. Üstəlik də, bu peşə onun
üçün bir əmanətdir. İxtisasca həkim
olan ata-anasından əxz etdiyi bir sevgidir - peşə sevgisi. O, həmin
sevgini gənc həkimlərə, yetirmələrinə,
doğma övladlarına belə dəyərli bir ərməğan
kimi verib.
"Həkim şərəfli və hər
kəsin bacarmayacağı bir peşədir, - deyir Kamran
müəllim. - Doğrudur, Tibb Universitetini bitirən hər
şəxs bu sənətin kamil sahibi olmaq məqamına
çatmasa da, bütövlükdə götürsək, bu
sahənin spesifikliyi və olduqca ciddi və tələbkar
yanaşmaya malik olması onun çətinliyini bir qədər
də artırır. Xoş o insanın
halına ki, bu məsuliyyətin öhdəsindən layiqincə
gələ bilir.
Əsl həkimin sözündə də
bir şəfqət var. O, xəstəsini təkcə dava-dərmanla
sağaltmır, ən müasir və dəqiq cihaz və tibbi
alətlərlə xilas etmir. Xəstəni şirin sözü, ümidli
baxışı, xoş davranışı ilə də
müalicə edir. Həkimə müraciət edən xəstənin
ilk növbədə rastlaşdığı mülayim rəftar
elə onun məlhəmi olur..."
Bu məlum həqiqəti Kamran həkim
öz həyat təcrübəsində, çoxillik həkimlik
fəaliyyətində bir daha yəqin edib.
Xəstələrinə bəslədiyi səmimiyyət
və mehribanlıq, alicənablıq və xeyirxahlıq, məsuliyyət
və cavabdehlik hissi əslində, onun xarakterini səciyyələndirən
xüsusiyyətlərdir. Ətrafındakı
bütün insanlara, xalqına və vətəninə bəslədiyi
eyni münasibət daha geniş çərçivə və
böyük əhəmiyyət kəsb edir.
Başqa sözlə, Kamran Aslanov xəstələrinə,
həmkarlarına, tələbələrinə,
tanıdığı və tanımadığı
bütün insanlara diqqət və qayğı göstərməyə
qabil olan böyük qəlbli bir şəxsiyyətdir.
Bütün bunlar isə xalq, vətən,
torpaq, yurd sevgisi və təəssübkeşliyindən
yaranan təzahürləridir.
Kamran müəllim deyir ki, ölkədə
stomatologiya sahəsinin inkişafına, kadrların təkmilləşdirilməsinə
diqqətin artırılması heç də təsadüfi
deyil. Çünki bu, səhiyyənin
özünəməxsus, həm də çox əhəmiyyətli
sahələrindən biridir. Məhz buna görə də
stomatoloji poliklinikaların maddi-texniki bazası daha da gücləndirilir,
təkmilləşdirilir, həkimlərin professionallığına diqqət
artırılır. Bunun da nəticəsində
səhiyyə sistemində keçirilən islahatlar çərçivəsində
əhaliyə stomatoloji xidmətin səviyyəsi yüksəlir.
Yarım əsrə az
qalır ki, K.Aslanov stomatologiya, stomatoloji xəstəliklərin
müalicəsi, profilaktikası, problemlərinin öyrənilməsi
ilə məşğuldur. Kamran müəllimin
bir üstünlüyü də ondan ibarətdir ki, o, həm
praktik həkim, həm də nəzəriyyəçi alimdir.
Buna görə də
çalışdığı sahənin bütün problemlərini
bilir və onları aradan qaldırmaq üçün dərindən
düşünür.
Stomatoloji müəssisələrin fəaliyyətində
əsaslı dönüşün yaradılması, keyfiyyət
standartlarının müasir tələblərə
uyğunlaşdırılması, pullu xidmətin tətbiqi,
ixtisasın profilaktika istiqamətində inkişafı,
implantologiya sahəsində müsbət nəticələrin
çoxalması və s. Kamran Aslanovu düşündürən
məsələlərdir. Onun alim qələmindən çıxan bir sıra
məqalələr də bunu təsdiqləyir. Hələ 1985-ci ildə Moskvada müdafiə etdiyi
"Körpüyəbənzər protezlərdən sonra əmələ
gələn fəsadlar və onların aradan
qaldırılması üsulları" mövzusunda
müdafiə etdiyi namizədlik dissertasiyası tibb elmini uzun
müddət narahat edən məsələlərdən birinə
həsr olunmuşdur.
Kamran Aslanov stomatologiyanın bugünü
və sabahı haqqında daim düşünür.
O deyir ki, profilaktik işlər
yaxşılaşdırılmalıdır. Çünki
bütün dünyada stomatoloji xəstəliklər çox
yayılıb. Əlbəttə, Azərbaycan
da istisna deyil. Ona görə də
profilaktik baxışlar aparılarkən aşkar edilən xəstəliklərin
heç də hamısı müalicə olunmur. Bunun üçün kompleks tədbirlər
görülməlidir. Sahənin elmi-texniki
bazası təkmilləşdirilməklə yanaşı,
ölkənin, əsasən də, Bakı şəhərinin
içməli su problemi tam həll edilməli, onun tərkibi
daim yoxlanılmalıdır ki, xəstəliklərin
profilaktikasına nail olunsun.
Kamran Aslanov ulu öndər Heydər
Əliyevin hakimiyyətdə olduğu istər birinci, istərsə
də ikinci dövrdə Azərbaycan səhiyyəsinin və
tibb elminin inkişafına göstərdiyi diqqət və
qayğını dərin minnətdarlıq hissləri ilə
xatırlayır. Ulu öndərlə şəxsi
görüşləri isə heç zaman yaddaşından silinmir,
qəlbində daim yaşayır. Axı,
Kamran müəllim ümummilli liderin uzun müddət
stomatoloji sağlamlığına şəxsən cavabdehlik
daşıyıb, həkim briqadasının rəhbəri
olub.
"Ulu öndərlə bağlı xatirələrimi
danışmaqla qurtaran deyil" - deyir Kamran müəllim:
"Ömür vəfa etsə, həmin mövzu barədə
ətraflı söhbət açmaq niyyətindəyəm".
Stomatologiya sahəsinin mütəxəssisləri
öz həmkarlarının bütün nailiyyətlərini
yüksək qiymətləndirirlər.
Tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Fazil
Ağayev deyir: "Stomatoloji xidmətin elmi-texniki tərəqqi
ilə bağlılığı daha sıxdır. Ona görə də bu xidmətin təşkilində
həm çoxmərhələlik, həm də hamı
üçün məqbul olmaq prinsipi üzrə stomatoloji
bölmələrin modelinin yaradılması tarixi zərurətə
çevrilmişdi. Bu zərurəti həm
həkim-stomatoloq, həm də səhiyyə təşkilatçısı
kimi dərk edən və onun təminatına imkan yaradan Kamran
Aslanov o dövr üçün xüsusi əhəmiyyət
kəsb edən nümunəvi müəssisənin modelini
qurmuşdur. Bu modelin
üstünlüyü ondadır ki, o, terapevtik stomatoloji
yardımı ölkənin bütün iri yaşayış
məntəqələrində təmin etməklə, yüksək
ixtisaslaşma tələb edən xidmətlər
üçün vahid mərkəzin yaradılmasına əsaslanırdı.
Nəticədə respublikanın baş
stomatoloqu kimi Kamran Aslanovun fəaliyyətini tənzimləmək
və istiqamətləndirmək imkanı yaranmışdı".
Beləliklə, Kamran Aslanov rəhbərlik
etdiyi mərkəzin fəaliyyətini həm təşkilati-metodik,
həm də elmi istiqamətə yönəldə
bilmişdir. Nəticədə orada ənənəvi
tədbirlərlə yanaşı, yeni profilaktik metodlar işlənib
sınaqdan keçirilir.
Dərin biliyə malik olmaq, eyni zamanda,
fikrin aydınlığı, nitqin səlisliyi ilə istədiklərini
auditoriyaya çatdırmaq bacarığı hər kəsin
qismətinə düşmür. Bunun hər ikisi Kamran Aslanova müyəssərdir.
Məhz bu səbəbdən onun istər ölkə
daxilində, istərsə də xaricdə keçirilən
elmi konfrans və simpoziumlardakı çıxış və
məruzələri də diqqəti cəlb edir. Belə çıxışlar isə tez-tez olur.
Ötən illərin birində Azərbaycanın
paytaxtında keçirilən "Stomatoloji xəstəliklərin
profilaktikası və uşaqların
sağlamlığı" elmi-praktik konfransında Kamran
müəllim öz ənənəsinə sadiq qalaraq yenə
də aktual bir mövzuya toxundu. O, "Uşaq stomatoloji
xidməti: real vəziyyət və inkişaf perspektivləri"
mövzusunda məruzə etdi. Orada uşaq
stomatologiyasının nailiyyətləri göstərilməklə
yanaşı, bütün həlli vacib məsələlər
çözüldü.
Qazanılmış nailiyyətlərlə,
əldə edilmiş biliklərlə kifayətlənməmək,
daim irəliyə getmək xüsusiyyətləri Kamran müəllimi
xarici ölkələrdəki həmkarları ilə də
sıx əməkdaşlıq əlaqələri saxlamağa
sövq edir. Eləcə də onlar Azərbaycan
mütəxəssisləri ilə fikir, təcrübə
mübadiləsi aparırlar. Rusiya
Federasiyasının stomatoloqları dəfələrlə
Kamran Aslanovun direktor olduğu mərkəzdə innovasiya
kursları keçmişlər. Bu kurslar "Terapevtik və
ortopedik stomatologiyanın seçilmiş məsələləri",
"Ağrısızlaşdırma metodları və vasitələri",
"Ambulator stomatoloji praktikada sematik xəstəliklər
fonunda təsadüf olunan təxirəsalınmaz hallarda tibbi
yardım" mövzularına həsr olunmuşdu.
Xatırladaq ki, ilk dəfə rəhbər
vəzifəyə seçiləndə Kamran Aslanov gənc bir
kadr idi. Lakin istər həkim səriştəsi,
istərsə də xarakterindəki önəmli xüsusiyyətlər
ona indiyə qədər etibar edilmiş bütün vəzifələrdə
etimadı doğrultmağa imkan verib.
Kamran Aslanov 27 ildir respublika Stomatoloji Mərkəzinin
direktorudur. Bu mərkəz uzun illərdir, Əziz
Əliyev adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunun
stomatologiya kafedrasının tədris-təcrübə
bazasıdır. Kamran müəllim hələ
mərkəzə rəhbər təyin olunduğu ilk dövrlərdə
bu müəssisədə təmir-yenidənqurma işləri
aparılmışdır. Nəticədə
terapiya, cərrahiyyə, ortopedik stomatologiya, rentgen və
fizioterapiya kabinetləri müasir avadanlıqlarla təchiz
edilmiş və yüksək ixtisaslı mütəxəssislərlə
təmin olunmuşdur.
Kamran müəllimin diqqət və
qayğısının, gərgin zəhmətinin və daim
irəliyə baxmasının nəticəsidir ki, bu gün mərkəzdə
insanlara dünya standartları səviyyəsində
tibbi-stomatoloji xidmət göstərmək üçün
maddi baza mövcuddur. Bununla
bahəm, müəssisənin yüksək peşəkarlığa
malik kadr potensialı da var. Məsələn, cərrahiyyə
şöbəsində dişin çəkilməsi ilə
yanaşı, müxtəlif ambulator, cərrahiyyə əməliyyatları
aparılır. Terapiya şöbəsində
yerli ağrısızlaşdırma metodu ilə müalicə
üsulu tətbiq edilir. Parantologiya şöbəsində, eləcə də
ən müasir üsullardan istifadə olunur.
Başqa sözlə, mərkəz öz
adını və funksiyasını doğruldaraq ölkənin
digər stomatoloji müəssisələrinə örnək,
nümunə rolunu oynayır.
Mərkəzdəki ideal səliqə-sahman
sanki burada gedən digər əsas işləri tamamlayır.
Bu, həmişə mərkəzin
qonaqlarının da diqqətini cəlb edir. Hələ sovet dönəmində Azərbaycanda olan
akademik Yevgeni Çazov respublikanın rəhbərlərinin
müşayiəti ilə mərkəzə gəlmişdi.
O, tez-tez suallar verir, hər şeylə maraqlanır və
axırda deyir: "Siz bilirsinizmi, mən sadəcə
tanış olmaq xatirinə baxmıram. Mənim ilk peşəm
diş texnikliyi olmuşdur. Mən yaxşı
stomatoloji mərkəzləri çox görmüşəm.
Amma etiraf edim ki, beləsini görməmişəm".
Bütün bunların başlıca səbəbi
mərkəzin direktorunun və digər mütəxəssislərin
çalışdıqları sahənin yeniliklərini onun
tövsiyəsi ilə izləməkləri, bilik və səriştələrini
daim təkmilləşdirmələridir.
Axı, stomatologiya, Kamran həkimin qeyd etdiyi
kimi, tibbin ən yüksək texnologiyalı sahələrindən
biridir. Üstəlik, o, həm də
sürətlə inkişaf edir. Odur ki,
stomatoloq professional hazırlıq səviyyəsinə
çatmaq və mütəmadi artan tələbləri ödəmək
üçün ən müasir müalicə və diaqnostika
üsullarını bilməli, onun bütün bunlar barədə
ardıcıl surətdə məlumatları olmalıdır.
Direktorun bütün bu tələbkarlığı
ondan irəli gəlir ki, onun özü necə deyərlər,
yerində saymayan, daim öyrənən, təkmilləşən,
axtarışlar aparan, yeni yollar tapan mütəxəssisdir.
Lakin bildiklərini ortaya qoymaq, insanlarla
ünsiyyət qurmağı bacarmaq və bununla, qabiliyyətini
onların xeyrinə yönəltmək heç də hər
mütəxəssisə nəsib olan xoşbəxtlik deyil.
Çünki bunun özü də bir vergidir,
istedaddır. Kamran müəllimin zəngin,
eyni zamanda, hər kəs üçün anlaşıqlı
nitqini dinlədikcə məhz belə düşünürsən,
onun necə ünsiyyətcil insan olduğunu əyani
görürsün.
Kamran müəllimin fikrincə, həkim
eyni zamanda yüksək intellektə malik ziyalı olmalıdır.
Ona müraciət edən pasiyentlərə, eləcə
də xəstələrlə birlikdə gələn
doğmalarına, qohumlarına alicənablıq, insanlıq
münasibəti göstərməli, ziyalılıq
nümayiş etdirməlidir. Həkim hər
yerdə ziyalı olmalıdır. Xəstələri,
həmkarları, tələbələri arasında da, cəmiyyət
içərisində də.
Kamran Aslanovu bir dəfə görənlər
də, onu yaxından tanıyanlar da bu keyfiyyətlərin onun
özündə də bariz şəkildə olduğunu
söyləyirlər. Kamran
müəllim haqqında söhbət düşəndə dəfələrlə
"çox ziyalı insandır", "əsl
ziyalı"dır sözlərini eşitmişik.
Ziyalılıq elə bir keyfiyyətdir ki,
təkcə diplomla, savadla və biliklə qazanılmır.
O, eyni zamanda, insanın öz daxilindən, mənəviyyatından
gəlir. Kamran Aslanovun ziyalılığı
onun əsil-nəcabətindən, aldığı ata-ana tərbiyəsindən,
görüb-götürmüş insan olduğundan,
özünün mənəvi dünyasının zənginliyindən
irəli gəlir. Onun
ziyalılığı hər yerdə - işində-peşəsində,
vəzifə kabinetində, böyük elmi məclislərdə,
insanlara - vətəninə, xalqına münasibətində
aydın şəkildə əks olunur.
Kamran Aslanov həmkarlarına həmişə
hörmətlə yanaşan bir həkimdir.
Özünün dərin biliyinə, zəngin təcrübəsinə
baxmayaraq, çiyin-çiyinə
çalışdığı həkimlərin peşəkarlığına
da arxalanır. Çoxşaxəli fəaliyyətlə
məşğul olan həkim, alim, təşkilatçı,
rəhbər vəzifələr sahibi olan Kamran Aslanov həm də
qayğıkeş pedaqoqdur. Ali dərəcəli həkim
olan Kamran Aslanov 1992-2000-ci illərdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə
İnstitutunun stomatologiya kafedrasının assistenti, eləcə
də ATU-nun ortopedik stomatologiya kafedrasının dosenti olub. Bildiklərini heç vaxt tələbələrindən
əsirgəməyib.
Tibb elmləri doktoru, professor, əməkdar
elm xadimi Oqtay Seyidbəyov da elə bunu vurğulayır:
"Əgər desək ki, onun ömür salnaməsinin ən
dəyərli və mənalı səhifələri tələbə
auditoriyası ilə bağlıdır, bu, heç də
mübaliğə olmaz. Kamran müəllim
öz yetirmələrinə hörmətlə, həm də
böyük tələbkarlıqla yanaşır. Nəzəriyyəçi-alim, praktik həkim kimi
onun fikirlərinin düzülüşündəki
ardıcıllıq, əsas ideyanı maraq obyektinə
çevirmək, konkretliyə güclü meyil, mürəkkəb
mətləbləri sadə və anlaşıqlı tərzdə
şərh edə bilmək bacarığı onun gözəl
pedaqoq olduğuna dəlalət edir. Tələbələrini
elmli və savadlı görmək bu şəxsiyyətin yeganə
idealıdır".
Lakin Kamran Aslanovun öz bilik və təcrübəsini
gənc həmkarları ilə paylaşmaq istəyi təkcə
auditoriya ilə məhdudlaşmayıb.
O, bunu hər gün, hər an iş
prosesində də həyata keçirir. Üstəlik,
qeyd olunduğu kimi, çoxsaylı
çıxışları, məqalələri, kitabları
da bu məqsədə xidmət edir. Uzun
illərin axtarışından sonra onun "Azərbaycanda
stomatologiyanın tarixi" və inkişaf mərhələləri"
adlı kitabı nəşr olunmuşdur. Cəsarətlə
demək olar ki, bu, stomatologiyanın ölkəmizdə
inkişafının tarixi mərhələlər üzrə
öyrənilməsində ilk sanballı tədqiqat əsəridir.
Həmin kitabda müəllifə qədim
dövrlərdən başlayaraq xalq təbabəti və
sağlamlıq elminin təşəkkül tapması,
stomatoloji xəstəliklərin yayılması,
profilaktikası və müalicəsi ilə bağlı məqamları
əks etdirmək müyəssər olmuşdur.
Azərbaycanda stomatologiyanın tarixi
keçmişi, son yüz ildə bu sahədə tədricən
əldə edilmiş müvəffəqiyyətlər,
uğurlar tanınmış alimlər, mütəxəssislər
tərəfindən layiqincə işıqlandırılsa da,
bu barədə xeyli elmi məqalə, dissertasiya işi,
kitablar, broşürlər yazılsa da, həmin materiallar
ötən əsrin müvafiq sahədəki mənzərəsini
özündə tam təcəssüm etdirmir. Xüsusən
də, 1970-ci illərdən sonrakı vaxtlarda respublikanın
stomatoloji həyatı, onun inkişafındakı qlobal elmi və
praktiki dəyişikliklər, uğurlar, dünya elminə
inteqrasiya və dəyər bu qəbildən olan məsələlər
barədə sanballı tədqiqat əsəri meydana
qoyulmayıb.
Odur ki, Kamran Aslanovun dərin elmi
araşdırmalarının nəticəsi olaraq meydana gələn
"Azərbaycanda stomatologiyanın tarixi və inkişaf mərhələləri"
kitabı qeyd olunan boşluğun aradan
qaldırılmasında mühüm bir addım idi.
Kamran Aslanov Azərbaycan
Respublikasının əməkdar həkimidir.
Təltif olunduğu "Əməkdə fədakarlığa
görə" medalı, "Səhiyyə əlaçısı"
döş nişanı da onun çoxillik zəhmətinə,
yüksək peşəkarlığına verilən qiymətdir.
İnsanın ömür yolları
heç də həmişə rəvan, hamar olmur.
Kamran müəllim də indiyədək
enişli-yoxuşlu uzun bir həyat yolu keçib. 70 ilin sevincini-kədərini,
qışını-baharını görüb.
Heç bir iş, heç bir nailiyyət
ona asan başa gəlməyib, gərgin zəhmət, daim
öyrənmənin əziyyətinə qatlaşmaq
bacarığı, sonsuz axtarışlar yol yoldaşı
olub. Bəzən taleyin zərbələrini də
görüb. Ömür-gün
yoldaşı Esmira xanımı erkən itirib. Təsəllisi isə sevimli atanın yolunu davam etdirən
üç övladı və əziz nəvələridir.
Yeri gəlmişkən qeyd edim ki, Kamran müəllimin
böyük qızı Ülviyyə Aslanova respublika
Mama-Ginekologiya İnstitutunda həkim işləyir. Lamiyə pediatriya sahəsini seçib. Fərəh isə bilavasitə ata sənətinin
davamçısı - stomatoloqdur.
Bəli, ömrünün 70-ci pilləsinə
uğurla çatan Kamran Aslanov eyni zamanda, kamilliyin,
müdrikliyin zirvəsindədir. Adətən,
bu yaşa çatanda insanlar arxaya boylanıb: "İllər,
sizdə nəyim qaldı?" - deyə bəlkə
də öz-özlərinə
bir hesabat verirlər. Kamran müəllimin ötən
illərdə qazandıqları - bunların ən
başlıcası xalq sevgisidir - elə xalqın öz
gözü qarşısındadır. Enerjisi,
yaşayıb-yaratmaq həvəsi tükənməyən həkim,
alim, müəllim, gözəl insan Kamran Aslanov bu gün həm
də sabah görəcəyi işlər,
gerçəkləşdirəcəyi planlar haqqında
düşünür.
İradə
ƏLİYEVA
Azərbaycan. - 2013.- 14 sentyabr.- S.
10.