Neft Daşlarında polad avtoqraf
Azərbaycanın
görkəmli neftçilərinin bir
pleyadası da var ki, onsuz "Möcüzələr
adası" adını almış Neft
Daşlarının tarixindən söhbət açmaq
mümkün deyil. Bunlar geoloq Ağaqurban
Əliyev, neft təşkilatçısı
Sabit Orucov, mühəndis
Yusif Səfərov, qazma
ustaları Mixail Koveroçkin,
Qurban Abbasov və
başqalarıdır. Bu dəstəyə
Xanoğlan Bayramov da daxildir.
İnşaatçı Xanoğlan Bayramov.
66 illik ömründə bir çox fəxri adlara və
mükafatlara layiq görülüb yüksək vəzifə və
titullar qazansa da, onu elə
inşaatçı Xanoğlan kimi tanıyırdılar. Maraqlıdır ki, bu günün
özündə də onun haqqında
söhbət düşəndə çoxsaylı fəxri
adlarına ehtiyac duymadan
sadəcə olaraq "Neft
Daşlarını tikən Xanoğlan"
deyirlər.
Bəli, hər kəs həyatda bir ad qoyub gedir... Xanoğlan Bayramov da bu
adla yaddaşlarda qalıb. Daha dəqiq desək,
Azərbaycanın tarixinə
"Neft Daşlarını
tikən Xanoğlan"
kimi daxil olub.
1949-cu il noyabrın
7-də Xəzərin qoynunda,
"Qara daşlar"
adlanan ərazidə
ilk neft quyusu fontan vurdu. Bu,
dünyanın səkkizinci
mözücəsi sayılan,
dənizin ortasında
polad dirəklər üstündə salınan
bir şəhərin
- Neft Daşlarının
ad günü və dünyada dəniz neftinin erasının başlandığı tarix
idi.
O zaman Xanoğlanın
16 yaşı vardı,
fabrik-zavod məktəbinə
(texniki peşə məktəbi) təzəcə
qəbul olunmuşdu. Eşitdikləri ona möcüzə
təsiri bağışlayırdı.
Bir il
sonra məktəbi bitirib elektrik qaynaqçısı kimi
"Orconikidzeneft"in (sonralar
"Suraxanıneft" NQÇİ oldu) tikinti-quraşdırma
idarəsində işə
düzəldi. Amma heç
ağlına belə gətirməzdi ki, bir neçə ildən sonra həyat yolları onu məhz möcüzə
saydığı şəhərə
aparacaq.
1953-cü ildə Xanoğlan Bayramovu köçürmə yolu
ilə "Azərdənizneftinşaat"
trestinin Neft Daşlarında fəaliyyət
göstərən 6 nömrəli
tikinti-quraşdırma idarəsinə
işə göndərirlər.
Xanoğlan Bakıda böyüsə
də, kökü- soyu Lerikin Niməkeş
kəndindən idi.
Daxilində dağlar oğlunun
dözümü-dəyanəti qərar tutmuşdu. Yoxsa o da bəziləri
kimi Xəzərin dəli dalğalarından
vahiməyə düşər,
elə birinci qasırğanı görəndən
sonra dənizi həmişəlik tərk
edərdi...
"Möcüzələr
adası" Xanoğlan
üçün həyatın
bir sınağımı
idi? Yoxsa daxilindəki
qurub-yaratmaq eşqini,
qəhrəmanlıq ruhunu
realizə etmək üçün verilmiş
bir şans?
Xanoğlan o vaxt bütün
bunlar barədə düşünmürdü və
heç romantik duyğulara qapılıb baş verənlərə
məna da axtarmırdı. Çətinə düşəndə öz-özünə "qeyrət
yeridir, geriyə dönmək olmaz" deyirdi. Canla-başla işləyirdi. İş isə adi iş deyildi.
Onlar fırtınalar qoynunda şəhər salırdılar,
estakadalar inşa edir, meydançalar tikirdilər. Hamısı
da dənizin ortasında, polad dirəklərin üstündə...
İllər keçdikcə estakadalar 10 kilometrlərlə
dənizin qoynuna addımlayırdı. 1957-ci ildə 24 yaşlı
elektrik qaynaqçısının
əlini sıxıb ona respublika Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanını verdilər.
Bir il
sonra isə eşitdiyinə az qala inanmadı. Bütün qəzetlər, radio, televiziya
Xanoğlan Vəli oğlu Bayramova Sosialist Əməyi Qəhrəmanı adı
verilməsi barədə
xəbər yaydılar.
25 yaşında əmək cəbhəsində
bu yüksək adı alanlar bütün sovet məkanında tək-tək
olurdu.
"Qızıl Ulduz"lu, Lenin ordenli (bunlar o dövrün ən yüksək mükafatları
idi) gənc isə başını aşağı salıb yenə də öz işi-gücü, sadə peşəsi ilə məşğul idi. Məsuliyyətini, səriştəsini, işə
yenilikçi münasibətini
nəzərə alıb
onu usta, sonra iş icraçısı
təyin etdilər. 1967-ci ildə Bolqarıstana
bir mütəxəssis
ezam etmək lazım gələndə
dərhal Xanoğlan Bayramov yada düşdü.
Beləliklə, Xanoğlan dəst-xətti
Qara dənizdə də göründü.
O, Qara dənizin Bolqarıstan şelfində
hidrotexniki qurğuların
ilk quraşdırıcısı oldu.
Vətənə qayıdandan sonra Xanoğlan Bayramov 6 nömrəli tikinti-quraşdırma idarəsinin
rəisi təyin edilir. Daha sonra
isə "Xəzərdəniznefttəmirtikinti"
trestinin müdiri vəzifəsinə irəli
çəkilir. Bu trest ləğv olunandan sonra X.Bayramov "Azərdənizneftinşaat"
trestində rəis müavini vəzifəsində
çalışır. Lakin Xəzər öz fatehini yenidən dalğalar qoynuna çəkdiyindən o, sözügedən
trestin 1 nömrəli
ixtisaslaşdırılmış təmir-tikinti idarəsinin
rəisi vəzifəsinə
keçərək dənizə
qayıdır.
Xanoğlan Bayramov sözün əsl mənasında, zəhmətkeş
bir insan idi. O, istehsalatda işləyə-işləyə neft texnikumunu bitirmiş, onlarla səmərəli təkliflər
irəli sürmüşdü.
Estakadaların "ömrünü" uzatmaq, onları korroziyadan qorumaq üçün alimlərlə
birlikdə xüsusi metod işləyib hazırlamışdılar. Bütün bunlara görə Azərbaycanda aldığı
mükafat və fəxri fərmanlardan əlavə, müxtəlif
illərdə Moskvada fəaliyyət göstərən
Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisinin medallarına
layiq görülmüşdü.
Ev quran, yol
çəkən, körpü
salan babalarımız
"tikdim ki, izim qala" deyiblər. Xanoğlanın izi isə Xəzərin qoynunda qalıb. Bunlar kilometrlərlə uzanan polad estakadalar,
kompressor stansiyaları,
gəmilər üçün
yanalma körpüləri,
neft və qaz daşıyan sualtı kəmərlər,
"Günəşli" yatağındakı dərin
özüllər və
daha neçə-neçə
dəniz obyektləridir.
25 il
Neft Daşlarında çalışmış neftçi-şair
Zaməddin Ziyadoğlu
bunları "Xanoğlanın
polad avtoqrafı" adlandırır. O deyir:
- Dəniz neftçilərinin dostluğu
çox möhkəm
olur. Biz onunla
həm çiyin-çiyinə
işləmiş, həm
də ürək və çörək dostu olmuşuq. Xanoğlan Bayramov ciddi və məsuliyyətli bir insan idi,
rəhbər vəzifədə
çalışdığı zaman tabeliyində olan işçilərə
böyük tələbkarlıqla
yanaşırdı. Bununla bərabər,
dostluqda da əvəzi yox idi. Bu dostluq
sanki indi də davam edir.
Əziz dostum və ustadım Xanoğlan müəllim artıq 14 ildir həyatda olmasa belə... Bu yaxınlarda
Lerik dağlarına da elə qəlbimdəki
Xanoğlan sevgisi ilə getmişdim. Orada yaşı 90-nı, hətta
100-ü ötmüş ağsaqqal
və ağbirçəklərlə
söhbət etdim.
Çox
təəssüf ki, Xanoğlana dağlar diyarının insanlarına
xas olan bu uzunömürlük qismət olmadı. Elə orada da yadıma düşdü ki, əgər yaşasaydı,
Xanoğlanın indi cəmi 80 yaşı vardı...
Xanoğlan Bayramov 1999-cu il
sentyabr ayının
20-də dünyasını dəyişib. Bu da
bir təsadüf.
Axı, ölkəmizdə
hər il
sentyabrın 20-si Azərbaycanın
yeni neft erasının başlanğıcının
- "Əsrin müqaviləsi"nin
imzalanmasının növbəti
il dönümü, neftçilərin peşə
bayramı kimi qeyd olunur. Amma "hər
təsadüf zərurətdən
doğur" deyiblər.
Xanoğlanın dünyaya
gəlişi də, yaşadığı şərəfli
ömür də, son
nəfəsinədək Azərbaycanın
neft həyatı ilə bağlılığı
da bir zərurət
idi...
Flora SADIQLI
Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 10.