Azərbaycan mədəniyyətinin şərəfli
salnaməsi
18 sentyabr -
Üzeyir musiqi günüdür
Maestro Niyazinin təşəbbüsü ilə XX əsrdə hər il sentyabrın 18-i - böyük bəstəkarımız Üzeyir bəy Hacıbəylinin anadan olduğu gün respublikamızda xüsusi təntənə və mərasimlərlə qeyd edilirdi. Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyamızın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda hər şeyin bir-birinə dəydiyi vaxtlarda bu ənənə bir müddət unuduldu. Böyük bəstəkarın özfəaliyyət səviyyəsində xatırlanması həqiqətən narahatlıq doğururdu. Mədəniyyətimizin böyük hamisi, ümummilli lider Heydər Əliyev məhz bu günü də unutmadı. Unudulmaz Niyazinin təşəbbüsü ilə keçirilən Üzeyir Musiqi Günü 1995-ci ildə dövlət statusu aldı. Ulu öndərin sərəncamı ilə hər il 18 sentyabr - Üzeyir Musiqi Günü kimi qeyd olunmağa başlandı. Bu nəcib qərar bütün insanların, xüsusilə də musiqisevərlərin ürəyincə oldu.
Azərbaycan
mədəniyyətinin ilk xadimləri acınacaqlı və məşəqqətli
bir yol keçmişlər. Amansız zülmün,
cəhalətin hökm sürdüyü
bir şəraitdə Azərbaycanda Milli Musiqili Teatrın
yaradılması nadanlığa, cəhalətə meydan oxumaq demək idi. Məhz belə ağır vəziyyətə,
əzablara baxmayaraq, hədsiz çətinliklərə,
təqib və təzyiqlərə məhəl qoymadan bu şərəfli
işin öhdəsindən bacarıqla gələrək
opera yazmaq işini cəsarətlə başlayan
və inamla davam etdirən
Üzeyir Hacıbəyli XX əsr Azərbaycan
musiqisinin inkişafında böyük
xidmətlər göstərdi. Üzeyir
Hacıbəylinin kimliyi barəsində düşünərkən,
ilk növbədə, bu
dahi insanın öz
sözləri yada düşür:
"Bəşəriyyət tarixində elə şəxslər
var ki, onlar
özləri üçün anadan olmayıblar, bəlkə bütün
xalqa və hətta ümuminsaniyyətə
xeyir gətirmək və tərəqqisinə
səbəb olmaq üçün
yaranıblar. Bu cür
adamlar nəinki sağlığında, bəlkə
öləndən sonra da
camaata mənfəət verirlər". Bu müdrik fikrin ahəngindəki məna çox
düşündürücüdür. Həqiqətən də elə şəxsiyyətlər
var ki,
sağlığında olduğu kimi, əbədiyyətə qovuşduqdan
sonra da ölümsüzlük qazanaraq
müqəddəs əməlləri,
yaradıcılığı ilə nəinki xalqına, bütün bəşəriyyətə xidmət
edirlər. Üzeyir Hacıbəyli
yaradıcılığa başladığı ilk gündən sübut etdi ki, o,
nəinki bir ailənin, bir
mahalın, bir xalqın, eləcə də
bütün türk
dünyasının böyük oğludur. Qarabağdan pərvazlanan
bu parlaq sima millətinə və ölkəsinə elə
bir əbədi şöhrət gətirdi
ki, ziyası Günəş kimi əbədi işıq
saçmaqdadır.
65 ildir ki, Üzeyir Hacıbəyli haqq dünyasına qovuşub. Amma bu uzun illər ərzində onun unudulduğu, yaddan çıxdığı an belə olmayıb. Təkcə Azərbaycanda deyil, dünyanın çox yerində Üzeyir bəyin musiqisi səslənir, sevilir, insanlar tərəfindən məhəbbətlə qarşılanır. Ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi bəstəkar da məhz Üzeyir bəy idi.
Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan dahi Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, həm də Şərqdə ilk operanın banisi kimi məşhurdur. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəylinin 105 il bundan öncə tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olmuş, Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış etmişlər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda H.Z.Tağıyevin teatrında olmuşdur.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yaranmış "Leyli və Məcnun" yalnız ilk Azərbaycan operası deyil, həm də Şərqin ilk operasıdır. Bu gün biz fəxr edirik ki, qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. Bu şərəfli salnamədə ilk ad 22 yaşlı bəstəkar Üzeyir Hacıbəylinin ölməz ismidir.
İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) kimi milli operalar yazdı.
Üzeyir Hacıbəyli yaradıcılığının kulminasiya mərhələsi "Koroğlu" operası ilə başladı. "Koroğlu" təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən birinə çevrildi. Beş pərdədən ibarət olan bu operanın liberetto müəllifləri H.İsmayılov və Ordubadidir. Burada bir məsələni də qeyd edək ki, Üzeyir Hacıbəyli yalnız bu operanın liberettosunu özü yazmamışdır.
"Koroğlu"nun ilk tamaşası
1937-ci il aprelin 30-da olmuşdur. Bu, elə bir
dövr idi ki, Azərbaycanda repressiyalar qara caynağını hər
tərəfə uzadaraq
millətin ziyasını
qapatmaqla məşğul
idi. Məşhur şairlər, yazıçılar,
ictimai-siyasi xadimlər,
bir sözlə, millətin xoş sabahları üçün
fəaliyyət göstərən
insanlar həbs edilərək ya uzaq Sibirə göndərilir, ya da Xəzərdə balıqlara yem olurdu. Belə bir zamanda xalq qəhrəmanı haqqında opera yazmağın
nə demək olduğu aydındır.
Zülm və işgəncələr
içində boy göstərmək,
cəsarətli addım
atmaq, millətə və torpağa, Vətənə xidmət
etmək Üzeyir Hacıbəylinin qanında
idi. O, ilk qələm
təcrübəsindən başlayaraq
nadanlığın, işgəncənin,
ölümün içindən
gələcəyə, ümidli
sabahlara boylanırdı.
Onu bu yoldan heç
nə sapdıra bilmirdi. Bəzən də bu cəsarəti onu həqiqətən qara tufanların torundan xilas edirdi. "Koroğlu" operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş
bu nəhəng əsər keçmiş
sovet respublikalarının
opera və balet teatrlarında dəfələrlə
göstərilmişdir. Bir təzada fikir verin: Üzeyir
Hacıbəyli Stalin rejiminin
ən ağır zamanında - 1941-ci ildə
onun adını daşıyan mükafata layiq görülüb.
Üzeyir Hacıbəylinin "Füruzə"
adlı yarımçıq
qalmış bir operası da olub. Xalq rəvayətləri
əsasında hazırlanan
bu operanın musiqi parçaları arasında "Füruzə"nin ariyası xüsusilə diqqətəlayiqdir.
Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun
illər müğənnilər
tərəfindən məharətlə
ifa edilib.
Şərqdə ilk operetta janrının yaranması
da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın
ilk musiqili komediyası
üç pərdədən
ibarət "Ər və arvad" əsəridir. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə
olmuşdur. Rollarda H.Sarabski
(Mərcan bəy), Ə.Ağdamski (Minnət
xanım) və başqaları çıxış
etmişlər.
Müəllifin ikinci musiqili komediyası "O olmasın,
bu olsun"dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olmuşdur. Sonralar musiqili komediya
müxtəlif dillərə
tərcümə olunaraq
Qafqazyanı ölkələrdə,
eləcə də Türkiyədə, Bolqarıstanda,
Yəməndə və
digər məmləkətlərdə
tamaşaya qoyulmuşdur.
Dahi bəstəkarın üçüncü
və sonuncu musiqili komediyası "Arşın mal alan"dır.
Sankt-Peterburq Konservatoriyasında
təhsil aldığı
ildə (1913) Üzeyir
Hacıbəyovun yazdığı
bu operetta 75-ə yaxın
xarici dilə tərcümə edilmiş,
100-dən çox teatrın
səhnəsində oynanılmışdır.
"Arşın mal alan" beş dəfə ekranlaşdırılmış,
dəfələrlə qrammafon
valına yazılmışdır.
Bu musiqili komediya əsasında ilk bədii
film 1916-cı ildə çəkilmişdi.
Bu, səssiz film olub.
İkinci
dəfə 1917-ci ildə
Sankt-Peterburqdan gəlmiş
Q.Beyyatov "Arşın
mal alan"ı yenidən ekranlaşdırmışdı.
Lakin o bu işi görərkən
nə müəllifdən
icazə almış,
nə də onunla məsləhətləşmişdi.
Bu səbəbdən də cəmi iki gün nümayiş
etdirilən film ekrana buraxılmamışdır.
Üçüncü dəfə isə 1937-ci ildə
ABŞ-da yaşayan rejissor R.Mamulyan adlı birisi "Arşın mal alan"ı
Üzeyir Hacıbəylidən
icazə almadan, ekranlaşdırmış və
hətta filmdə Azərbaycan bəstəkarının
adını belə göstərməmişdir (ermənilər
görün nə vaxtdan milli və
mədəni sərvətlərimizə
göz dikiblər -
F.X.) .
Dördüncü dəfə "Arşın
mal alan" 1945-ci ildə Bakı kinostudiyasında ekranlaşdırılmış
və bu musiqili film də dünyada geniş şöhrət qazanmışdır.
Baş rolda Rəşid Behbudov çəkilib.
1965-ci ildə isə "Arşın mal alan"
musiqili komediyası Bakıda yenidən ekranlaşdırıldı. Bu rəngli, musiqili filmin rejissoru Tofiq Tağızadə, musiqi redaktoru Fikrət Əmirov idi. Bu film uğurlu
alınmışdı. Baş rolun ifaçısı Həsən Məmmədov
olub.
"Arşın mal alan"ın
taleyi həqiqətən
uğurlu olub, bu gün də
həmin musiqili komediyaya böyük maraq duyulmaqdadır. Bu səbəbdən də teatrların repertuarından
düşməyən "Arşın mal alan"
həmişəki kimi
tamaşaçıları valeh etməkdədir. Fərəh və qürurla deyək ki, "Arşın mal alan"ın sədası indi Avropadan gəlir. Yad məmləkətlərin aktyorları
həvəs və coşqu ilə bu əsərin personajlarını yaradaraq
dilimizdə səsləndirdikləri
ariyalarda xalqımıza,
millətimizə öz
məhəbbət və
ehtiramlarını da ifadə edirlər.
Üzeyir Hacıbəylinin ədəbi
irsi çox zəngin və qiymətlidir. Bütün ömrü boyu
Azərbaycan mədəniyyətinə,
musiqisinə xidmət
edən bu unudulmaz şəxsiyyət
300-dən çox xalq
mahnısını nota salmış,
marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazmışdır. Maraqlıdır ki, həm Azərbaycan
Xalq Cümhuriyyətinin,
həm də sovet Azərbaycanının
himnləri dahi sənətkara məxsus olmuşdur. Sevinirik ki, müstəqilliyimizi
qazandıqdan sonra millətimizə azadlıq
şərafəti çatdıran
o ilk himni biz bu gün də məhəbbətlə səsləndiririk.
Üzeyir Hacıbəyli təkcə
musiqi bəstələmirdi,
həm də xalq musiqisinin nəzəri əsaslarını
gələcək nəslə
çatdırmaq üçün
müxtəlif vəsaitlər
hazırlayırdı. Onun 1945-ci ildə
nəşr edilmiş
"Azərbaycan xalq musiqisinin əsasları"
adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim
kimi mükəmməl
fəaliyyətinin yadigarı
olaraq bu gün də musiqi dərsliyi kimi istifadə edilir.
Üzeyir Hacıbəyli 1948-ci ilin noyabrında 63 yaşında dünyasını dəyişib. O hüznlü günlərin şahidləri öz xatirələrində yazırlar ki, Bakıda o vaxta qədər elə dəfn mərasimi olmamışdı. Bütün Azərbaycan böyükdən-uşağa kimi göz yaşları içərisində millətin böyük oğlunu son mənzilə yola salırdı. Sanki o gün millətin hamısı paytaxta yığışmışdı. İndi dahi sənətkarın vəfatından 65 il keçsə də, o, həmişə qəlbimizdə yaşamaqdadır.
18 sentyabr həm də Azərbaycan Musiqili Teatrının təşəkkül və inkişafında özünəməxsus xidmət göstərmiş Müslüm Maqomayevin ad günüdür. Üzeyir Hacıbəylinin ən yaxın silahdaşı olan Müslüm Maqomayev dostunun məsləhəti ilə Azərbaycana gəlmiş, bir müddət Lənkəranda müəllimlik etmiş, sonra Bakıya köçərək 1912-ci ildən ömrünün sonuna qədər opera tamaşalarına dirijorluq etmişdir. Dostu Üzeyir bəydən nümunə götürərək o da öz istedadını opera sahəsində sınağa çəkmişdir. "Şah İsmayıl" və "Nərgiz" operaları Müslüm Maqomayevin Azərbaycan mədəniyyətinə bəxş etdiyi abidədir. Müəllifin bir sıra simfonik pyesləri, fantaziyaları, mahnıları, marşları var. Bunula bərabər, Müslüm Maqomayev 300-dən artıq Azərbaycan xalq mahnı və rəqslərini nota salmışdır ki, böyük sənətkarın səmimi dostluğu sonralar qohumluğa çevrilmişdir. Hər ikisi Terequlova bacıları ilə evlənərək bacanaq olmuşlar. Onların musiqi dünyasında qoşa addımlaması bu gün adlarını çəkməyə bizi vadar edir. Çünki Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayev qoşa qanad kimi Azərbaycan mədəniyyətinin inkişafında bənzərsiz xidmət göstəriblər.
Flora XƏLİLOVA,
Azərbaycan.-2013.- 18 sentyabr.- S.7.