Cari ilin 8 ayı üzrə makroiqtisadi göstəricilər daha uğurludur

 

Qeyri-neft sektorunda məhsul istehsalı 10,3 faiz artmışdır

 

 

Dövlət Statistika Komitəsi bu ilin yanvar-avqust ayları üzrə ölkənin sosial-iqtsiadi inkişafını əks etdirən makroiqtisadi göstəriciləri açıqlayıb. Hesabatda bildirilir ki, cari ilin 8 ayında ölkədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz (yaxud müqayisəli qiymətlərlə 1,9 milyard manatlıq) çox əlavə dəyər istehsal olunmuşduronun ümumi həcmi 37,4 milyard manata çatmışdır.

Ümumi daxili məhsulun (ÜDM) 63,8 faizi məhsul istehsalında, o cümlədən 42,7 faizi sənaye müəssisələrində, 11 faizi inşaat kompleksində, 5,6 faizi aqrar bölmədə istehsal olunmuşdur. Xidmət sahələrində yaradılan əlavə dəyərin 5,7 faizi nəqliyyatın, 9,4 faizi ticarət, pullu xidmət və ictimai iaşənin, 1,7 faizi rabitənin, 12,8 faizi digər sahələrin payına düşmüşdür. Məhsula və idxala tətbiq olunan vergilər ÜDM-in 6,6 faizi təşkil etmişdir. Ötən 8 ayda ölkə üzrə hər nəfərə 4035,7 manatlıq (5143,6 dollarlıq) ÜDM istehsal edilmişdir. Yanvar-avqust aylarının ən önəmli faktlarından biriqeyri-neft sektorunda məhsul istehsalının 10,3 faiz artması olmuşdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ilin əvvəlindən ötən müddətdə Azərbaycanda 22,5 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir. Bu sahə üzrə istehsal mədənçıxarmada 0,4, elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 0,3 faiz azalsa da, emal sektorunda 6, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində 9,4 faiz artım qeydə alınmışdır. Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 29,1 milyon ton, əmtəəlik qaz hasilatı 11,7 milyard kubmetr olmuşdur.

Keçən 8 ay ərzində ölkə üzrə emal sektorunda qida məhsulları istehsalı 3,3, içki istehsalı 5,4, dəri və dəri məmulatları istehsalı 32, neft məhsulları istehsalı 7,2, kimya sənayesi məhsulları istehsalı 15,4, əczaçılıq məhsulları istehsalı 19,2, tikinti materialları istehsalı 21,6, metallurgiya sənayesi məhsulları istehsalı 3,6, kompyuter və digər elektron avadanlıqları istehsalı 14,6, elektrik avadanlıqları istehsalı 12, avtomobilqoşqu istehsalı 49,5, mebel istehsalı 2,3, zərgərlik, musiqi, idmantibb avadanlıqları istehsalı 1,3 faiz artmışdır. Ən başlıcası isə sənayenin qeyri-neft sektorunda 2,2 faiz artım müşahidə olunmuşdur.

Ötən dövrlərdə olduğu kimi, bu aylarda da ölkədə inşaat işlərinin sürəti zəifləməmişdir. Bunu inşaat işlərinin aparılması üçün 8 ay ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 10,4 milyard manat məbləğində vəsaitin yöənldilməsi bir daha təsdiqləyir. Təqdirəlayiq haldır ki, həmin vəsaitin 6,9 milyard manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Digər diqqətçəkən fakt isə istifadə edilən kapital qoyuluşunun 74,8 faizini daxili investisiyaların təşkil etməsi olmuşdur. Ümumiyyətlə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 8 ayında əsas kapitala vəsait qoyuluşu 22,7, tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi 35,4 faiz artmışdır.

Bu vəsaitlər hesabına ölkədə müxtəlif təyinatlı sənaye müəssisələri, sosial obyektlər tikilərək istifadəyə verilmiş, yeni infrastrukturlar yaradılmış, yaxud əsaslı təmin edilmişdir. Ümumi sahəsi 1 milyon 300 min kvadratmetrdən çox yaşayış sahələri, 6 min şagirdliyə yaxın ümumtəhsil məktəb binaları, 205 çarpayılıq xəstəxana, 800 nəfərliyə yaxın məktəbəqədər təhsil müəssisələri, eləcə də Bakı Gəmi Təmiri və Gəmiqayırma İstehsalat Birliyi, Beynəlxalq Loqistika Mərkəzi, qaz turbinli İstilik Elektrik Stansiyası, möhtəşəm "Alov qullələri" kompleksindəki yeni hotel, Sumqayıtda "Gilan" Tekstil Parkı, Şirvanda "Cənub" ES və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda "Milla" süd məhsulları və dondurma istehsalı müəssisələri, Qazaxda sement, Qəbələdə üzum emalı, Hacıqabulda seramik plitələr zavodları, İsmayıllıda tikiş fabriki, Ağcabədidə "Aqat-Aqro" heyvandarlıq kompleksi, Mərkəzi rayon xəstəxanası və digər çoxsaylı müxtəlif təyinatlı müəssisələr, həmçinin bir çox istiqamətdə salınan magistral yollar, inşa olunan körpülər, yolayrıcıları ilin əvvəlindən istifadəyə verilən obyektlərin yalnız kiçik bir siyahısıdır.

Ölkənin iqtisadi cəhətdən inkişafı əhalinin sosial durumunun yaxşılaşmasına da təsirsiz ötüşmür. Artıq neçə illərdir əməkhaqlarının və əhalinin pul gəlirlərinin artımındakı dinamika keçən 8 ayda da davam etmişdir. Belə ki, yanvar-avqust aylarında əhalinin hər nəfərinə düşən gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 6 faiz artaraq 2376,2 manata çatmışdır. Yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq əməkhaqqı isə 412,7 manat olmuşdur ki, bu da 6,9 faiz artım deməkdir. Sənaye müəssisələrində, inşaatda, nəqliyyatda, rabitədə, xüsusən neft sektorunda çalışanların orta aylıq maaşları isə daha yüksəkdir.

Bu artım xüsusən o vaxt effektli olur ki, ölkədə inflyasiyanın səviyyəsi onu üstələmir. Azərbaycanda isə nəinki belə vəziyyyət hökm sürür, hətta inflyasiyanın səviyyəsi ilə əməkhaqlarının və pul gəlirlərinin artımı arasında əhalinin xeyrinə xeyli fərq yaranmışdır. Təsadüfi deyil ki, Azərbaycan bu il  dünyada inflyasiyanın ən aşağı səviyyədə olduğu ölkələr sırasındadır. Rəqəmlərə gəldikdə, bildirək ki, ötən ay istehlak mallarının qiymətləri və xidmət tarifləri iyul ayı ilə müqayisədə 0,3, o cüməldən ərzaq mallarının qiymətləri 0,8 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri dəyişməmiş, xidmət tarifləri cəmi 0,1 faiz bahalaşmışdır. İlin əvvəlindən isə keçən ilin müvafiq dövrünə nisbətən istehlak malları və xidmət tarifləri 2,2 faiz bahalaşmışdır ki, bu da əhalinin gəlirlərinin artması fonunda elə də böyük rəqəm deyil.

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 11.