İlin ən böyük moda gecəsi təşkil edilmişdir

 

Sentyabrın 13-də "Nargis" jurnalının və Azərbaycanın premium səviyyəli kinoteatrı "28 Cinema"nın birgə təşkilatçılığı ilə ilin ən böyük moda gecəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, möhtəşəm tədbirdə qonaqların çoxdan gözlədikləri ekran əsəri - "Berqdorf Qudman: bir əsrdən çox dəb olimpinin zirvəsində" filminümayiş olunmuşdur. Film moda aləmindən bəhs edir.

Moda gecəsində "Vorosha" brendinin və "Jan" atelyesinin geyimləri nümayiş etdirilmişdir. Geyimlər qırmızı printlər ilə ağ-qara işıq qammasında yaradılmışdır. Kolleksiyanın əsas printlərinin süjeti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən "Bakıya uçuş" ("Fly to Baku") sərgi və ekspozisiyalarında təqdim olunmuş rəsmlər əsasında yaradılmışdır. Eyni zamanda, geyimləri nümayiş etdirən modellərin üzərində "Daprima" şirkətinin zinət əşyaları olmuşdur.

Qonaqlar arasında ölkənin bir çox məşhur siması, mədəniyyət və incəsənət xadimləri, iri şirkətlərin rəhbərləri və ictimai xadimlər olmuşlar.

Moda gecəsinin platinum sponsoru "Vorosha" brendi, qızıl sponsorlar "Qarant Sığorta", "Paşa Bank" "Daprima"dır. Tədbir həmçinin "Jan" atelyesi, "28 Mall" "Armani Water"ın sponsorluğu ilə baş tutmuşdur.

"Nargis" jurnalı ölkə və ölkədən kənar moda və incəsənətə tam yeni baxışlı bələdçidir. Jurnal oxuculara moda aləminin ən son meyllərini, mövsümi yenilikləri, afişa və incəsənət xəbərlərini təqdim edir.

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 11.