Azərbaycanlı gənclərin Türkiyədə tibb təhsili almaları iki qardaş ölkə arasında yüksək əlaqələrin göstəricisidir

 

Türkiyədə tələbələrimiz olmuş  azərbaycanlı gənc həkimlərin Bakıdakı nüfuzlu xəstəxana və klinikalarda çalışmaları bizim üçün çox xoşdur. Bu, iki ölkə arasında əlaqələrin, xüsusilə səhiyyə sahəsində yüksək əlaqələrin göstəricisidir.

AzərTAc xəbər verir ki, bunu Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin Azərbaycan Tibb Universitetində keçirilən XIII beynəlxalq konqresinin iştirakçısı Türkiyənin Ankara Universitetinin professoru Abdulkadir Dökmeci bildirmişdir.

Türkiyəli professor qeyd etmişdir ki, Bakıda keçirilən bu mühüm beynəlxalq tədbir təcrübə mübadiləsi baxımından çox əhəmiyyətlidir.

Konqresin Azərbaycanda tibbi kadrların hazırlanmasına böyük töhfə verəcəyinə əminliyini vurğulayan Abdulkadir Dökmeci azərbaycanlı həmkarlarını da öz ölkəsində görmək istəyini dilə gətirərək demişdir: "2015-ci ildə Asiya Sakit okean Qaraciyər  Cəmiyyətinin baş konqresi Türkiyənin İstanbul şəhərində keçiriləcəkdir. Konqresin sədri kimi bütün azərbaycanlı həmkarlarımı bu tədbirə dəvət edirəm".

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 11.